“Qarabağla bağlı istənilən problemin çözülməsi Azərbaycan dövlətinin və xalqının iradəsi nəyi tələb edirsə, elə olmalıdır...”
“Azərbaycan özünün taleyüklü məsələlərini həll edərkən hansısa dövlətin, təşkilatın maraqlarını nəzərə ala bilməz. Qarabağla bağlı istənilən problemin çözülməsi Azərbaycan dövlətinin və xalqının iradəsi nəyi tələb edirsə, elə olmalıdır. Qərb və Amerika bütün dövrlərdə ermənilərin yanında olub və bu günlərdə gərginliyin artırılması da Azərbaycana nəyisə qəbul etdirmək üçün edilən cəhdlərdir.”
Bunu Moderator.az-a açıqlamasında ermənişünas alim Qafar Çaxmaqlı söyləyib.
“Azərbaycan sülh təkliflərini 44 günlük müharibədən dərhal sonra vermiş, sonra bu təkliflər yenilənmişdir. Sülh prosesini uzatmağa cəhd edən və hansısa siyasi dividentlər almaq üçün məqam gözləyən Ermənistan olub. Elə indinin özündə də sülh danışıqlarında konstruktiv mövqe sərgiləyən Azərbaycandır. Amma Sülh prosesinin aparılması üçün ilkin şərtlər var. Ermənistan onları yerinə yetirmir, danışıqların aparılmasında özünə uyğun ortam, ölkə axtarır. Sülh prosesinə aparacaq bir çox məsələrə aydınlıq gətirilməyib, Azərbaycanın 8 kəndi hələ də işğal altındadır, sərhədlərin müəyyənləşməsi ilə bağlı yaradılmış komissiya hələ işini sona çatdırmayıb. Bu səbəblərdən danışıqlar uzanır, inanmıram ki, ilin sonuna qədər sülhə nail olmaq mümkün olsun”, - deyə davamında professor bildirib.
“Azərbaycanın Ermənistanla vasitəçisiz danışıq aparması mümkündürmü?” sualını isə Qafar Çaxmaqlı belə cavablandırıb:
“Azərbaycan və Ermənistan arasında sülhə mane olan cəhətlərdən biri də onun kimin vasitəsilə əldə edilməsidir. Bu sahədə əməlli-başlı mövqe mübarizəsi gedir. Rusiyanın himayəsi altında, yoxsa Qərbin vasitəçiliyi ilə sülhə nail olunacaq? Bu maraqlar savaşında hərənin öz planı var. Ermənistanın siyasi iradəsi çatmır ki, desin ki, biz Azərbaycanla vasitəçi olmadan sülhə gedə bilərik. Çünki bu dövlət hər zaman kiminsə barmağının işarəsi ilə addım atıb, alışqanlığını tərkitmək istəmir. Vasitəçisiz danışıqlar aparmaq seçimi hələ də qalır. Əslində hər iki ölkə üçün bu variant daha məqbul ola bilər”, - deyə vurğulayıb.