Vaqif Xaçatryanın apellyasiya şikayəti üzrə qərar elan olunub

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vaqif Xaçatryan 15 il müddətinə azadlıqdan məhrum olunub. Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Bu yollar buz bağlayıb - SİYAHI

Hava şəraiti ilə əlaqədar avtomobil yollarının vəziyyəti açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bəzi yollarda hərəkət təhlükəli olduğundan şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə tövsiyə edilir: - “Zəfər yolu”: Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Toğanalı - Kəlbəcər - İstisu: Zəif qar yağır. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 12-14 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. - Qubadlı - Laçın: Yağıntı yoxdur, 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Füzuli - Hadrut: Yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Bakı - Quba: Yağıntı yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Giləzi - Xızı: Yağıntı yoxdur. 8 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Bakı-Qobustan: Hava çiskinlidir, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Qobustan - Şamaxı - Muğanlı: Hava çiskinlidir, şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Muğanlı - Ağsu - Yevlax: Qar yağmır. Yolun 143 kilometrliyindən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Muğanlı ərazisində 7-8 dərəcə şaxta var. - Muğanlı - İsmayıllı: Yağıntı yoxdur, 9-14 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. - İsmayıllı - Qəbələ - Oğuz - Şəki: Yağıntı yoxdur. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 9-12 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. - Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur. 5-6 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Şəmkir - Gədəbəy: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunur. - Gəncə - Daşkəsən: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. - Ələt - Astara: Yolda şaxta yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Masallı - Yardımlı: Masallı rayonu ərazisində yağıntı yoxdur. 2-3 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. - Lənkəran - Lerik: Lənkəran rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Lerik rayonu ərazisində yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. - Bakı - Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax: Hava çiskinlidir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. - Hacıqabul - Bəhramtəpə - Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Məktəblərdə beşgünlük tətil başlayır

Yanvarın 27-dən ümumtəhsil məktəblərində birinci yarımilin bitməsi ilə əlaqədar beşgünlük tətil başlayır. Sozcu.az xəbər verir ki, 2023-2024-cü tədris ilində birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil 1 fevral - 14 iyunu əhatə edir. Bu səbəbdən də, ümumtəhsil məktəblərində yanvarın 26-sı, 27-si, 28-i, 29-u, 30-u və 31-i beşgünlük qış tətilidir.

Təcili: Bakıda güclü yanğın başladı

11:55 7-ci mikrorayon ərazisində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə olub. Partlayışın ardınca ərazidən qatı tüstü qalxıb. *** Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. *** Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür. *** Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub. TƏBİB-dən bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

Biri vardı, biri yox...

Deyirlər ki, ən güclü futbolçular məhlə komandlarında yetişirlər. Amma heç bir komanda bu işi görə bilmir. Yəni heç bir komanda, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəldə bilmir. Gərək KİŞİ doğulasan. Bəli, hər ömrün əvvəli olduğu kimi bir sonu da var. Hər kəs nə vaxtsa qazandıqlaqını, lap elə sonuncu arzu və istəklərini də bu dünyada qoyub gedir. Özüylə apara biləcəyi yalnız çiyinlərində gəzdirdiyi əməllərin siyahısı olur. Xeyir əməllərin siyahısını sağ, bəd əməllərin isə sol çiynində. Onun çiyinlərində nə apardığını Allahdan başqa kimsə bilə bilməz. Bu dünyada qoyub getdiklərindən isə hamının məlumatı var. Azərbaycan kino, teatr tarixində yaratdığı obrazlar, bir də insan kimi ifadə etdiyi fikirlər, əməlləri həmişə yaddaşlarda qalacaq… Bu dünyada parlaq istedadlı aktyorlar az olmayıb. Amma mükəmməl şəxsiyyət kimi yadda qalanları çox deyil. Bəli, Fuad Poladov şəxsiyyət kimi ürəklərdə yuva qurmağı bacaran sənətkarlardan oldu. Onun adı hələ uzun müddət ehtiramla yad ediləcək, ruhuna rəhmətlər dilənəcək. Axı insan onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndən sonra ölür... Yüz il bundan sonra, onu şəxsən tanıyacaq kimsə həyatda olmayanda da ifa etdiyi rollar, yaddaşa köçürülən verilişlərdəki çıxışları dil açıb danışacaq. Gələcək nəsillərə onun barəsində məlumat ötürəcək. Təkcə necə aktyor olduğu barədə yox, həm də onun şəxsiyyəti, insanlığı haqqında fikir formalaşdıracaq. Azərbaycan kişisinə xas olan keyfiyyətləri özündə ehtiva etdiyinə, bu yükün altında ləyaqətlə dayana bildiyinə görə… Ruhun şad olsun, Fuad! Elman Eldaroğlu

“Zəngəzur dəhlizi” ifadəsini tapana pul mükafatı vəd edirəm" - Paşinyan

Əslində, üçtərəfli bəyannamənin iki tərəfi - Azərbaycan və Rusiya imzalanan andan 2023-cü ilin sentyabrına qədər sənədin artıq onlar üçün mövcud olmadığını göstərdilər. Sozcu.az xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Yeni Bəyaziddə (Qavar) Vətəndaş Müqaviləsi Partiyasının təşəbbüs qrupunun iclasında çıxışı zamanı deyib. “Rusiya Federasiyası və Azərbaycanın iştirakı ilə Qarabağda baş vermiş aksiyalar göstərdi ki, bu sənəd artıq onlar üçün mövcud deyil. Bu sənədin üçtərəfli sazişin iki tərəfi üçün artıq mövcud olmaması ola bilməz. Bu bəyannamə üçüncü tərəf üçün mövcud olmağa davam edəcək”, - baş nazir qeyd edib. Paşinyanın iddiasına görə, Azərbaycan tərəfdən deyirlər ki, noyabrın 9/10-da imzalanan üçtərəfli bəyannamədə “Zəngəzur dəhlizi” müəyyən edilib və Rusiya Federasiyası bu yolların təhlükəsizliyini təmin etməlidir: “9/10 noyabr bəyanatında bu, ümumiyyətlə yoxdur, heç yerdə yazılmayıb ki, Rusiya Ermənistanın hər hansı ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməlidir, əksinə, yazılıb ki, Ermənistan Respublikası öz ərazisində təhlükəsizliyə zəmanət verir. Və bu da ağlabatandır, başqa kim təmin etməlidir ki?” Paşinyan iddia edib ki, Azərbaycan 3 ildir 9/10 noyabr bəyanatına istinad edərək, Zəngəzur dəhlizi ilə bağlı danışıqları inkişaf etdirir: “9/10 noyabr tarixli üçtərəfli bəyanatda “Zəngəzur dəhlizi” ifadəsini tapana pul mükafatı vəd edirəm. Təəssüf ki, heç kim bu mükafatı ala bilməz, çünki üçtərəfli bəyanatda belə bir ifadə yoxdur”. Qeyd edək ki, Paşinyan ənənəvi olaraq “Zəngəzur dəhlizi” ifadəsinin bəyanatda yazılmamasından sui-istifadə edir. Halbuki 9/10 noyabr 2020-ci il bəyanatıbıb 9-cu bəndində göstərilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.(axar)

Sumqayıtın Təcili Tibbi Yardımı telefon zənglərini rədd edir - ŞİKAYƏT

"Həyat yoldaşımın halı pisləşib, həm qızdırması var, həm də təzyiqi aşağı düşüb, çox narahatıq. Amma Təcili Tibbi Yardıma zəng vururuq, telefonu götürüb rədd etdilər, sonra da nə qədər zəng vurduqsa, məşğul göstərdi". Sozcu.az xəbər verir ki, bu barədə Musavat.com-a Sumqayıt şəhər sakini Mətanət Əliyeva bildirib. Onun sözlərinə görə, bir saata yaxın zəng vursalar da, cavab verilməyib: "Yaşlı, xəstə adamdır, titrəyir, çölə çıxara bilmirik, həm də təhlükəli ola bilər. Oğlum məcbur qalıb, özü Təcili Yardıma getdi, oradan da əliboş qayıtdı, bildiriblər ki, xəstə çoxdur, həkim azdır. Deməli, bir adamın halı pisləşsə, ölüb qalacaq, köməyinə çatan olmayacaq. Şəhərə azca qar yağan kimi belə olur". Qeyd edək ki, məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynalovla əlaqə saxladıq. O, Musavat.com-a açıqlamasında bildirdi ki,  məsələ ilə bağlı ailə ilə əlaqə saxlanılacaq: "Ola bilsin sorğular çox olduğuna görə problem yaranıb. Biz araşdıracağıq".

Tanınmış jurnalist avtomobil qəzasına düşdü - Foto

Tanınmış jurnalist Elvin Basqallı Kürdəmirdə avtomobil qəzasına düşüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü Nicat Tarverdiyev "Hunday Santafe" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı Elvin Tarverdiyev və ailə üzvləri avtomobildə olublar. Qəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Hazırda fakt araşdırılır. Qeyd edək ki, tanınmış jurnalist Elvin Tarverdiyev (Basqallı) hazırda “Azəristiliktəchizat” ASC-nin mətbuat katibidir.

Qarlı hava ilə bağlı valideynlərə müraciət edildi – Diqqət

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib. BDYPİ-dən Sozcu.az-a  verilən xəbərə görə, müraciətdə deyilir: “Əziz valideynlər: – övladlarınızı yollarda nəzarətsiz qoymayın; – uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin; – uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin. Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir”.

Yağıntılar bu tarixdə kəsiləcək

Yanvarın 15-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. “Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağıb. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 14-də, 15-də və 16-da gecə və səhər saatlarında bəzi magistral yolların buz bağlama ehtimalı var, xüsusən də dağlıq və dağətəyi rayonlarda. Yağıntıların ayın 15-i səhər saatlarına doğru tədricən kəsiləcəyi, yanvarın 15-də gündüz Bakıda və Abşeron yarımadasında, habelə bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir”, – o vurğulayıb.

Qarda yeriyərkən nələrə diqqət etməli?

Yıxılma, burxulma və sürüşmə anında necə hərəkət lazım olduğunu, sınıq və çatlar zamanı ilkin müdaxiləni necə edəcəyinizi bilmək istəyirsinizə bu yazı sizin axtardığınızdır. Ortopediya və Travmotologiya mütəxəssisi prof. Can Hürel qarda yeriyərkən etməniz lazım olanlardan danışıb. Sozcu.az Qadinklubu.com-a istinadən həmin mələhətləri təqdim edir. Qarda necə hərəkət etməli? Əvvəlcə əlləri cibə qoymamağa çalışın. Çünki bu cür hardansa tuta bilməz və tarazlığı saxlaya bilməzsiniz. Hava nə qədər soyuq olursan, olsu əlləri cibə qoymamaq lazımdır. Həmçinin, əlinizdə çanta, torba daşımamağınız məsləhətdir. Bu, həm tarazlığı saxlamaq, həm də yıxılarkən əllərinizlə özünüzü saxlamaq üçün lazımdır. İstifadə etdiyiniz ayaqqabıların altı da sürüşkən olmamalıdır. Qarda, buzda yerimək üçün mismarlı rezinlərdən də itifadə edilə bilər. Qarlı havada yoxuşda yeriməməyə çalışın. Yaşlı insanların isə tək gəzməməsi lazımdır. Çünki sürüşüb yııxlma ehtimalı çoxdur. Yoxuşlara, nərdivanlara diqqət etmək lazımdır. Mütləq hamı qarşısına baxaraq, buzlu, sürüşkən yerlərdə diqqətli olmalıdır. Yıxıldıqda necə hərəkət etməli? Yıxıldığınız zaman dəyən, əzilən hissəni gücə salmayın. Yeriyə bilmirsinizsə təcili tibbi yardım, yəni 103 zəng edin və ya ətrafdakı insanlardan kömək istəyin. Əzilən, dəyən hissəni hümdürdə saxlayıb şişməməsinin qarşısını alın. Mümkündürə, soyuq nəsə qoyub şişməməsini təmin edin və tez xəstəxanaya getməyə çalışın. Qırıq varsa mütləq həkimə gedin. Müvəqqəti olaraq isə karton, pol ağacı ilə qırıq olan hissəylə paralel qoymaq ağrını azaldacaq. Qırıq və ya çat olduğunu necə bilməli? Qırıq və ya çat oldğunu bilmək çox çətindir. Ancaq rentgendən keçməklə dəqiq bilmək olar. Üstünə basıb gəzə bilirsinizsə,  “çox ağrı yoxdursa, burada vacib bir şey yoxdur” fikri yanlışdır. Çünki ağrılar hər insanda fərqli ola bilər. Xüsusilə, yaşlılarda yaranan çatlar ilk rentgendə görünməyə bilər. On gün onra çəkilən rentgendə qırıqlar aydın görünür. Belə olduqda diaqnoz tam qoyula bilər. Təmkili olmaqda fayda var.

Qarlı və yağışlı havada avtomobili necə idarə etməli?

Leysan yağışlar və ya qarlı havalarda, xüsusilə, qışda uzun bir yol qət etmək çətin ola bilər. Uzun yollarda qışda nələrə diqqət yetirmək lazımdır və qarlı havada səyahət edəcəyiksə nələr etməliyik, bu yazıda bəzi məlumat və məsləhətləri topladıq.  Uzun müddət yağışlı havalarda və ya qarlı havalarda gedərkən bilməli olduğunuz şey budur: asfaltdakı ilk yağış damlaları yolu sürüşkən hala gətirir. Toz və asfalt yağı yağışla birlikdə asfaltı təkərlərin yapışmasını azaldacaq çox sürüşkən bir səth halına gətirir. İlk öncə avtomobilin sürətini azaltmaq lazımdır. Yola çıxdığınız zaman yağış başlasa, sürətinizi xeyli azalda və yağış biraz yağdıqdan və asfalt yaxşıca islandıqdan sonra sürəti tədricən artıra bilərsiniz. Lakin yenə də diqqətli olmaq lazımdır Qarşıdakı avtomobillə məsafə qorunmalıdır. Yağışlı günlərdə belə qorunmalı olan təqib məsafəsi qaydasına əməl edin; yağışlı və qarlı havalarda bir az daha həssaslıq göstərilməli və təqib məsafəsi artırılmalıdır. Qarşıdakı avtomobilin qəflətən dayanması və ya sürüşməsi təhlükəli vəziyyətə səbəb ola bilər. Ani əyləcdən çəkinin. Bu ən vacib detallardan biridir, çünki yağışlı yollar sürüşkən olarsa və anidən əyləc avtomobilin sürüşməsinə səbəb ola bilər. Bu, əlbəttə ki, qarlı havalar üçün də bu şəkildə edilməlidir. Sakit və etibarlı idarəetməyə sahib olmalısınız. Anidən dönmə, ötmə əməliyyatı kimi hallardan da çəkinməniz və daha diqqətli şəkildə həyata keçirməyiniz tövsiyə edilir. Yan güzgülər və pəncərələr qorunmalıdır. Yağışlı və soyuq havalarda, suyun yığılması güzgülərin tutulmasına və ətrafı görə bilməyinizə problem yarada bilər. Yağışlı və qarlı bir havada yola çıxmazdan əvvəl şüşə və güzgülər silinməlidir və keyfiyyətli məhsullardan istifadə etmək lazımdır. Arabir pəncərələri açmaq da faydalıdır. Silmək üçün bir vasitə götürə bilərsiniz. Yağışlı və qarlı havalarda, digər maşınların sizi görməsi üçün kiçik faraları aktiv saxlamaq faydalıdır. Xüsusilə, hava qaranlıq olduqda yol xətlərini aydın görmək üçün yola çıxmazdan əvvəl faraları yoxlayın. Yollarda yolları ayıran xətlərin üstündən keçməməyə diqqət yetirmək lazımdır. Nəqliyyat vasitələrinə texniki xidmət. Nəqliyyat vasitələrinə daimi texniki xidmət qışda uzun yollara atılmazdan əvvəl aparılmalıdır: şin, əyləc və amortizatorlarda heç bir problemin olmadığından əmin olmalı, nəqliyyat vasitəsinə baxış keçirilməlidir. Avtomobilin yanacaq çənini doldurmaq lazımdır. Antifriz istifadə edilməlidir.

Rusiyanın itkiləri 370 mini ÖTDÜ

Ukrayna müharibənin 690-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 370 000 hərbçi, 6 075 ədəd tank, 11 302 ədəd zirehli döyüş maşını, 8 747 ədəd artilleriya sistemi, 957 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 648 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 667 ədəd avtomobil texnikası, 6 861 ədəd PUA, 1 814 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 353 xüsusi avadanlıq itirib.

Bakıda qar yollarda tıxaca səbəb olub

Paytaxtda hava şəraiti ilə əlaqədar bir neçə küçə və prospektdə yollarda sıxlıq müşahidə edilir. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. "Avtomobillərin və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən tədbirlər görülməsi üçün çevik məlumatlandırma təmin edilir", - məlumatda deyilir. Hal-hazırda yollardakı vəziyyət: 1.Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "Xırdalan dairəsi" istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. İnşaatçılar prospekti, hər iki istiqamətdə; 6. Tbilisi prospekti, hər iki istiqamətdə; 7. Ak. Həsən Əliyev küçəsi, Səməd Vurğun küçəsi istiqamətində; 8. Ak. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində; 9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 10. Nəriman Nərimanov prospekti, hər iki istiqamətdə; 11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 12. Əbdülvahab Salamzadə küçəsi, hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Paşinyandan Azərbaycana yeni TƏKLİF

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla prioritet silahlara qarşılıqlı nəzarət haqqında saziş imzalamağa hazır olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu barədə o, partiyasının iclasında danışıb. O, Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmi yaratmağı təklif edib. “Bu, yeni təklifdir, lakin biz səmimi şəkildə sülhə nail olmaq istəyiriksə, bütün bu məsələlər müzakirə oluna bilər. Amma təəssüf ki, Ermənistan və Azərbaycan hələ də fərqli diplomatik dillərdə danışırlar. Bundan başqa, Ermənistanda, Azərbaycanda və ölkələrdən kənarda sülhdə maraqlı olmayan qüvvələr var”, - Paşinyan əlavə edib.

“Sülhdə maraqlı olmayan qüvvələr var”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı silahlara nəzarət sazişi imzalamağa dəvət edib. Sozcu.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, “Mülki Müqavilə” partiyasının üzvləri ilə görüşündə deyib. Baş nazir bildirib ki, bu halda Ermənistan və Azərbaycan silahlarla bağlı konkret razılaşmalar əldə edəcək və bu razılaşmaların həyata keçirilməsi üçün bir-birlərinə nəzarət etmək imkanı əldə edəcəklər. Eyni zamanda o qeyd edib ki, Ermənistan və Azərbaycan hələ də müxtəlif diplomatik dillərdə danışırlar. Bu kontekstdə Paşinyan bəyan edib ki, həm Ermənistanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə sülhdə maraqlı olmayan qüvvələr var.

Bakıda küləyin sürəti güclənəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara və bəzi ərazilərdə qara keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Bildirilib ki, 14-ü gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-28 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir. Qeyd edilib ki, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və səhər 4°-yə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun 5-8°aşağı enərək,13-də axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. 14-15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq. Güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görünüşün məhdudlaşacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında yanvarın 14-15-də gecə və səhər saatlarında bəzi ərzilərdə yolların buz bağlama ehtimalı var.

Bu dəfə terrorçular Türkiyəyə keçmək istədi: Məhv edildilər!

Türkiyə ordusu Suriyanın şimalında terrorçuların daha bir təxribatının qarşısını ala bilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Komandolarımız tərəfindən “Sülh çeşməsi” əməliyyatı bölgəsində Türkiyə ərazisinə sızmaq istəyən terrorçulardan ibarət 12 nəfərlik dəstəyə lazım olan cavab verilib. Silahlı qarşıdurma nəticəsində 9 terrorçu zərərsizləşdirilib”, - məlumatda vurğulanıb. Qeyd edək ki, ötən gün “Pəncə-Kilid” əməliyyat bölgəsində PKK terrorçuları Türkiyə ordusunun mövqelərinə hücum edib. Nəticədə 9 türk əsgəri şəhid olub. Bölgədə aparılan qisas əməliyyatları nəticəsində 23 terrorçu da məhv edilib. Hazırda sözügedən ərazilərdə əməliyyat davam etdirilir.

ABŞ SEPAH və husilərə qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ SEPAH və husilərlə əlaqəli olan Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərində yerləşən iki gəmiçilik şirkətinə və onlara məxsus dörd gəmiyə qarşı sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu şirkətlər SEPAH-ın Qüds Qüvvələri adından İran məhsulları daşıyıb və gəlirlər husiləri maliyyələşdirmək üçün istifadə olunub. “Xammal satışından əldə olunan gəlirlər husiləri və onların Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq gəmiçiliyə hücumlarına sərf olunub",- Maliyyə Nazirliyinin məlumatında bildirilib. ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson məsələ ilə bağlı verdiyi açıqlamada ABŞ-ın İranın husiləri maliyyələşdirən və onların hücumlarını asanlaşdıran qeyri-qanuni maliyyə şəbəkələrinə qarşı fəaliyyətini davam etdirəcəyini deyib.

İsrail Qəzzada onlarla hədəfə zərbələr endirdi

İsrail hərbçiləri Qəzza zolağında onlarla istifadəyə hazır raket qurğusunu vurub. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. “İsrail ordusu Qəzza zolağında mübarizəni davam etdirir. Hərbçilər istifadəyə hazır onlarla raket buraxılış qurğusunu aşkar edərək məhv ediblər”, - məlumatda qeyd edilib.

Qubadlıda pulemyot və avtomat aşkarlandı

Qubadlı rayonunda pulemyot və avtomat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, rayonun Mahmudlu kəndi ərazisində həmçinin müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb. Faktla bağlı araşdırma aparılır.

Türkiyə terrorçulardan qisas alır - 29 hədəf vuruldu

İraq və Suriyanın şimalında yerləşən Metina, Hakurk, Qara və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı hava əməliyyatları həyata keçirilib.  Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.  Bildirilib ki, əməliyyatda terror təşkilatlarının istifadə etdiyi bunker, mağara, sığınacaq və neft obyektlərindən ibarət 29 hədəf içində yüksək vəzifəli terrorçular olmaqla vurulub.  Qeyd edək ki, bundan bir gün öncə İraqda Türk bazasına hücum edilib. Nəticədə 9 hərbçi şəhid olub. 

Bakıda dəm qazı daha bir can aldı

Bakıda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. 1991-ci il təvəllüdlü Turanə Quliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Türkiyədə şəhidlərin sayı 9-a çatdı

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb, 5 əsgər yaralanıb. Sozcu.az Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında məlumat yayıb. İlkin məlumata görə, qarşıdurmada 15 terrorçu zərərsizləşdirilib.  “12 yanvar 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində baza ərazimizə sızmağa çalışan terrorçularla qarşıdurmada yaralanan daha bir döyüş yoldaşımız bütün müdaxilələrə baxmayaraq şəhid oldu və şəhid olan qəhrəman əsgərlərimizin sayı 9-a yüksəldi”, - nazirliyin açıqlamasında bildirilib. Bölgədə əməliyyatlar davam edir.