Yanvarın 19-da axşam saat 22:05 radələrində Azərbaycanda zəlzələ baş verib. Zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 bala qədər hiss olunub.
Zəlzələ dağıntı və itkilərə səbəb olmasa da, Kürdəmir və Şirvanda yerləşən evlərin divarında çatlar yaranmasına səbəb olub.
Ertəsi gün Şirvan ərazisində yenidən zəlzələ qeydə alınıb. Bu dəfə maqnituda kiçik olsa da, sosial şəbəkələrdə yenidən təkanların ola biləcəyi barədə müzakirələr başlayıb.
Həqiqətən, yeni təkanlar daha böyük ola bilərmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev deyir ki, il ərzində hiss olunan zəlzələlərin olması qaçılmazdır:
"Zəlzələ geniş ərazini əhatə etdi və hiss olundu. Bakıda da bir neçə insan zəlzələni hiss etmişdi. 2023-cü ildə baş verən sonuncu zəlzələdən sonra dediyim kimi, 2024-cü il ərzində hiss olunan zəlzələlər baş verəcək. Nəinki Azərbaycanda, digər dünya ölkələrində də zəlzələlər olacaq. 2023-cü ilin sonlarında bu sözü demişdim. Məhz 2024-cü ilin ilk günlərində Yaponiyada zəlzələ baş verdi. Arxasınca isə sunami hadisəsi meydana gəldi və bir sıra dağıntılara səbəb oldu. Bu il ərzində aktivlik davam edəcək. Hətta mən 2024-cü ili superaktiv adandırıram. Bu, 2023-cü illə müqayisədə belədir. Aktivlik dövri xarakter daşıyır. Bu dövrilikdə yaşayırıq, dövrilik adətən 10,15,20 il ərzində müşahidə olunur. 2025-ci ildə vəziyyətin necə olacağını isə bizə 2024-cü il göstərəcək. Dünyada və Azərbaycanda maqmatik və palçıq vulkanlarının püskürməsi də istisna deyil. Azərbaycanda palçıq vulkanları mövcuddur. Abşeron yarımadasının özündə, həm də dənizdə palçıq vulkanlarının püskürməsi ehtimal olunur. Buna səbəb isə yenə deyirəm ki, bu ilin tektonik, superaktiv kimi qeyd olunmasıdır. İnsanlar özlərini necə aparmaqla bağlı mütəmadi olaraq maarifləndirilməlidirlər. İlk növbədə panikaya və təşvişə düşməməlidirlər və titrəyişlərin gücləndiyini hiss etdikdə kandar qapısını açıq qoymalıdırlar ki, kilitlənməsin".
Q.Babayev zəlzələ nəticəsində Şirvanda bəzi evlərdə çatların yaranmasının səbəblərindən də danışıb:
"Binalara gəlincə bununla bağlı şərh verə bilmərəm. Çünki məsələyə xüsusi dövlət qurumları və təşkilatları cavabdehdir. Çat verən evlər yəqin ki, köhnə konstruksiyalı evlərdir. Seysmoloq kimi, deyə bilərəm ki, çatların səbəbi müxtəlif ola bilər. İlk növbədə evlərin yararlılıq müddəti bitib. Bəlkə də, yeni konstruksiyalar orada ev sahibləri tərəfindən əlavə olunub. Ola bilər ki, bina hansısa qurumun ərazisinin üzərində tikilib və seysmik parametrlər vaxatilə nəzərə alınmayıb. Dəqiq səbəbi bilmək üçün məsələ tədqiq və təftiş olunmalıdır. Versiyalardan bir-ikisi əsas səbəblər kimi göstərilə bilər".