Məktəbli qızı maşınına dəvət edən 43 yaşlı kişi TUTULDU

Bakıda məktəbli qıza qarşı xuliqanlıq etmiş 43 yaşlı kişi inzibati qaydada məsuliyyətə cəlb edilib.

Sozcu.az xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

Polisə müraciət edən vətəndaş məktəbli qızının məşğələyə getdiyi vaxt naməlum şəxsin onu narahat etdiyini və xuliqanlıq hərəkətlərinə yol verdiyini bildirib.

Bununla bağlı Sabunçu RPİ-nin 13-cü PŞ tərəfindən araşdırma aparılıb və həmin şəxsin 1981-ci il təvəllüdlü, Qubadlı rayon sakini Fuad Babayev (şərti) olması müəyyənləşib.

Polis tərəfindən saxlanılan şəxs barəsində İXM-nin 510-cu, yəni xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib. Saxlanılan şəxs daha sonra Sabunçu rayon Məhkəməsinə göndərilib.

O, ifadəsində bildirib ki, yaxınlaşdığı qıza qarşı pis niyyəti olmayıb:

“Bakıxanov qəsəbəsi, Ərəblinski küçəsi ünvanında kafe işlədirəm. Yol ilə gedən qızın əvvəllər kafemdə işləmiş qadın işçisinin qızı olduğunu düşündüm və ona anasını yenidən işə dəvət etməkdən ötrü nömrəmi vermək məqsədilə yaxınlaşdım. Başqa bir niyyətim olmayıb. Bir daha sözügedən ünvanda olmamışam və heç kimi narahat etməmişəm”.

Qızın atası isə Fuadın onun övladını təqib etdiyini və avtomobilinə əyləşdirmək istədiyini deyib:

“Qızım axşam saat 19:16 radələrində fənn məşğələsindən çıxaraq yaşadığımız Ərəblinski küçəsindəki evə qayıdan zaman möhkəm qorxub. Bunun səbəbi isə, 40-45 yaşlarında tanımadığı bir kişinin onu təqib etməsi və idarə etdiyi avtomaşına minməyi təklif etməsi olub. Hesab edirəm ki, həmin şəxsin dedikləri həqiqəti əks etdirmir və o, pis niyyətlə qızıma yaxınlaşıb. Qızım hal-hazırda Naxçıvan MR-da – nənəsinin yanındadır. Həmin şəxsə qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edirəm”.

Sabunçu rayon Məhkəməsinin qərarı ilə Fuad Babayev 100 manat cərimə edilərək sərbəst buraxılıb.//Publika.az

Share on Facebook