“20 yanvar hadisələri evimin qarşısında olub, Xamis qışqırırdı ki, mənə kamera verin”

“20 yanvar hər bir azərbaycanlının qəlbində bir yaradır. O dəhşətli, faciəli gün heç vaxt yadımızdan çıxmaz. Elə bir ailə olmadı ki, ona ziyan, zərər toxunmasın. İstər maddi, istər mənəvi, istərsə də itkiləri ilə. 20 yanvar Azərbaycanın azadlığı üçün atdığı ilk addım idi. Düzdür, hamımız günahsız, silahsız idik. Vətənimizin övladları o vəhşilərin qarşısına ona görə çıxmışdı ki, onları başa salsınlar ki, əhali silahsızdır, körpələr yatıblar. Bütün bunlara baxmayaraq həmin vəhşilər o insanlara atəş açdılar, onları qətlə yetirdilər. Binaları, küçələri güllələdilər. Demək olar ki, nə qədər insan itkin düşdü. Birinin qolu, birinin qıçı tapıldı”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı bildirib. O daha sonra əlavə edib.

“Bu hadisələr mənim evimin qarşısında olub. O dəhşətli gecə ölənə qədər yadımdan çıxmaz. İnsanların qışqırıq səsləri, tankların ətrafa səpələdikləri güllələr hafizəmdə dərin iz buraxıb. O illərdə Xamis hələ kinostudiyanın operatoru idi. Baş verənləri lentə almaq istəyirdi. Qışqırdı ki, “mənə kamera verin, çox xahiş edirəm”. Nazim İmanovun qardaşı Rasim İmanov artıq kamera tapmışdı, hər şeyi lentə alırdı. Bu vəhşiliyi bəşər tarixi yaddan çıxara bilməz. Nə 20 yanvar, nə də Xocalı qətliamı yaddan çıxa bilmərik. Bütün bunlarla bərabər biz o çətinliyə sinə gərdik, dözdük. İlk dəfə Şəhidlər Xiyabanı gördük. İlk dəfə Şəhidlər Xiyabanının nə olduğunu gördük. Heç bunu arzulamazdıq. İndi o xiyaban bizim üçün fəxrdir. Azadlıq, qəhrəmanlıq rəmzidir. Sonra isə Qarabağ şəhidləri. Azərbaycan verdiyi şəhidlərin, tökülən qanların naminə daha da bərkidi, mükəmməl oldu. Bu azadlığı, onların bizim üçün qoyub getdikləri torpaqların həmişə qədrini bilməyə çalışmalıyıq. Biləcəyik də. Allah bütün şəhidlərimizə rəhmət etsin” deyə xalq artisti Afaq Bəşirqızı bildirib.

Share on Facebook