Qəzzada ölənlərin son sayı AÇIQLANDI

Qəzza sektorunda dağıntılar altından daha 25 nəfərin meyiti çıxarılıb. Sozcu.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Bununla da Qəzzada ölənlərin sayı 48 264 nəfərə çatıb. Son 48 saatda xəstəxanalara 12 yaralı gətirilib. Bununla da Qəzzada yaralananların sayı 111 688 nəfərə çatıb. Qeyd edilib ki, hələ də dağıntılar altında və yollarda çoxlu sayda zərərçəkmişlər var.Xatırladaq ki, İsraillə HAMAS arasında əsir və girov mübadiləsini nəzərdə tutan razılaşma çərçivəsində yanvarın 19-dan Qəzzada atəşkəs hökm sürür.

Hazırda bu ərazidə tıxac var - SƏBƏB

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində, "Çermet" körpüsünün üzərində və Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində təmir işləri aparılır. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Braziliyada təyyarə qəzası - Ölənlər var

Braziliyanın cənub-şərqində, San-Paulo ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Sozcu.az yerli G1 telekanalına istinadən məlumat verir ki, hadisə Kuadra şəhərində baş verib. Səmaya qalxandan bir müddət sonra təyyarə qamışlıq sahəyə düşüb, nəticədə göyərtəsində olan 77 yaşlı kişi və 74 yaşlı qadın həlak olub. Qeyd olunur ki, təyyarə yerli mülki aviasiya xidmətində qeydiyyatda olub, müvafiq yoxlamadan keçib və saz vəziyyətdə olub. Qəzanın səbəbləri araşdırma nəticəsində müəyyən ediləcək.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1089-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 858 390 hərbçi, 10 073 ədəd tank, 21 011 ədəd zirehli döyüş maşını, 23 185 ədəd artilleriya sistemi, 1 283 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1067 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 37 456 ədəd avtomobil texnikası, 25 377 ədəd PUA, 3063 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 749 xüsusi avadanlıq itirib.

Ucarda 14 avtomobil toqquşdu: ölü və yaralılar var

10:18 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Putinlə Trampın görüşəcəyi TARİX

Rusiya və ABŞ yüksək vəzifəli rəsmiləri gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacaqlar. Sozcu.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Rəsmilər iki ölkənin prezidentləri arasında görüşə hazırlaşmalı olacaqlar. Mənbələr bildiriblər ki, dövlətlərin liderləri fevralın sonunda görüşə bilərlər. Nümayəndələr çox güman ki, Rusiya və ABŞ-dan olan milli təhlükəsizlik müşavirlərindən ibarət olacaq. Hökumət rəsmisi agentliyə bildirib ki, Avropa ölkələrinə gələcək danışıqların planları barədə hələlik məlumat verilməyib, lakin Ukrayna rəsmilərinin iştirak edəcəyi gözlənilir. Agentlik yazır ki, nümayəndə heyətlərinin məqsədi Ramazan ayı başlamazdan əvvəl prezidentlərin sammitinin tarixini müəyyən etməkdir. Fevralın 12-də Rusiya prezidenti Vladimir Putin Amerika prezidenti Donald Trampla telefonla danışıb. Söhbət zamanı dövlət başçıları şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər.

Azərbaycanda güclü zəlzələ olacaq? - Video

Bu ilin ilk 6 ayında ölkədə seysmik və tektonik aktivlik davam edəcək. Xəzər dənizi aktiv seysmik region sayıldığından aktivlik ən çox məhz bu su hövzəsində müşahidə olunacaq. Sozcu.az xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib. Onun sözlərinə görə, ölkənin digər ərazilərində olan aktiv seysmik zonalar da sakit deyil. Qulam Babayev qeyd edib ki, hazırda Xəzər dənizində ardıcıl zəlzələlər baş verir. 3 və bir qədər yuxarı maqnitudalı zəlzələlər müşahidə edilir. Dövrilik bir neçə il əvvəl aktivləşməyə başlayıb və davam edəcəyi gözləniləndir. O bildirib ki, hiss olunan zəlzələlərin baş verəcəyi də istisna olunmur. Dağıdıcı və güclü zəlzələlər isə gözlənilmir. Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev isə deyib ki, zəlzələnin əvvəlcədən proqnozu mümkün deyil.

Zelenski Trampın sazişindən niyə imtina etdiyini açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı investorlarla mineral ehtiyatların işlənməsinə dair sazişi imzalamaqdan imtina etməsinin səbəbini açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə danışan Ukrayna lideri sözügedən sazişin Ukraynanın maraqlarına cavab vermədiyini və ölkənin təhlükəsizliyi üçün kifayət etmədiyini bildirib. Zelenski vurğulayıb ki, aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılana qədər sazişi imzalamamaq barədə nazirlərə tapşırıq verib. Qeyd edək ki, Münhendə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşən ABŞ rəsmiləri ona Ukraynanın mineral ehtiyatları ilə bağlı sənəd imzalamağı təklif ediblər. Sənədə əsasən ölkənin gələcək mineral ehtiyatlarının yarısı ABŞ-ın ixtiyarına keçəcəkdi, lakin Ukrayna lideri bundan imtina edib.

Makron fövqəladə iclas çağırdı: Avropa liderləri təcili toplanır

Fransa Prezidenti Emmanuel Makron Avropa liderlərini bazar ertəsi Parisdə fövqəladə sammitə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski şənbə günü Münhen Təhlükəsizlik Konfransında deyib. Sikorski bildirib ki, Prezident Makronun liderləri Parisə dəvət etməsindən çox məmnundur və Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampın onlara qarşı çağırışlarını çox ciddi müzakirə edəcəklərini gözləyir. “Trampın fəaliyyət metodu var, ruslar buna “kəşfiyyat döyüşü” deyirlər – döyüşdə kəşfiyyat döyüşü: siz sıxırsınız və nə baş verdiyinə baxırsınız, sonra öz mövqeyinizi dəyişirsiniz. Biz reaksiya verməliyik”, - Sikorski vurğulayıb. Görüşdə Britaniya Baş naziri Keyr Starmerin iştirak edib-etməyəcəyi bəlli deyil.

4 min döyüşçünün uğursuz taleyi: Azərbaycanın "Sarıqamış"ı Murov əməliyyatı-31

Bu gün Birinci Qarabağ müharibəsinin ən ölümcül və uğursuz  hərbi əməliyyatlarından birinin ildönümüdür. 1993-cü ilin sonlarında başlayan, hərb tariximizə Murovdağ əməliyyatı kimi düşən bu döyüş Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin nəzarəti uğrunda başlatdığı hərbi hücum əməliyyatı idi. Mənbələrə istinadən bildirilir ki, Qarabağda bir sıra ərazilər rus və ermən hərbi birləşmələri tərəfindən işğala məruz qalmış 1993-cü ilin mart ayında düşmən ordu Kəlbəcərə hücuma başlamış, apreldə rayonu işğal edərək bütün Qarabağın ən yüksək zirvəsi olan, dəniz səviyyəsindən 2500–3500 metr yüksəklikdə yerləşən Murovdağı nəzarətə götürmüşdü. Həmin strateji əhəmiyyətli ərazilərin geri qaytarılması üçün hərbi əməliyyata 1993-cü ilin dekabrında start verilir. O dövrdə Nəcməddin Sadıkov (1993- 2021-ci illər) Azərbaycan Baş Qərargah rəisi idi. Baxmayaraq ki, bölgədə sərt iqlim, güclü qar, küləklər və təhlükəli uçqunlar olduğu üçün plan çox təhlükəli hesab edilirdi və bir çox komandir əməliyyatı dəstəkləməmişdi. Hərbi mütəxəssislər Nəcməddin Sadıkovun hava şəraitinin pisləşməsi səbəbindən hücumu təxirə salmaq əvəzinə əməliyyata start verməsini normal qarşılamırdı. Hətta ovaxtkı Müdafiə nazirinin müavini Leyla Yunus bu qərarı "bir hərbi zabitin ala biləcəyi ən axmaq qərar" adlandırmışdı. Hücum əməliyyatını 701 saylı Motoatıcı Briqada həyata keçirdir. Briqadanın şəxsi heyəti ümumilikdə 3,500 nəfər hərbi qulluqçudan ibarət olub. Onun komandiri polkovnik-leytenant Valeh Rəfiyev, qərargah rəisi polkovnik-leytenant Eldar Həsənov, əməliyyat rəisi isə mayor Qorxmaz Qarayev idi. Briqada altı batalyondan ibarət idi. • 1 saylı Azərbaycan Batalyonu; komandiri Qurban Qurbanov idi; • 2 saylı Azərbaycan Batalyonu; komandiri Həbib Şabanov idi; • 3 saylı Azərbaycan Batalyonu; komandiri Balay Nəsibov idi; • 4 saylı Azərbaycan Batalyonu; komandiri Hafiz Məmmədov idi; • 5 saylı Azərbaycan Batalyonu; komandiri Gəray Əsədov idi; • 6 saylı Azərbaycan Batalyonu; komandiri Vəli Bayramov idi. Əlavə olaraq, hücum əməliyyatında Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı Kəlbəcər Rayon Polis İdarəsinin polisləri də iştirak edir.. Düşmən qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Hraç Andresyan rəhbərlik edirdi. Cəbhənin sadəcə cənubundakı erməni qüvvələri 2,000 nəfərdən çox hərbçidən ibarət idi. Bütün ordu qrupu bir neçə alay və tabordan ibarət idi: Stepanakert Alayı; komandiri Levon Mnatsakanyan idi. • Əsgəran Özünümüdafiə Rayonu; komandiri Vitali Balasanyan idi. • 35 saylı Özünümüdafiə Batalyonu; komandiri Arşavir Qaramyan idi. • 42 saylı Özünümüdafiə Batalyonu; komandiri Arkadi Şirinyan idi. • 43 saylı Özünümüdafiə Batalyonu; komandiri İliç Bağıryan idi. • 77 saylı Özünümüdafiə Batalyonu; komandiri Petros Gevondyan idi. • Bundan əlavə, DQR-yə Ermənistan Silahlı Qüvvələrinin aşağıda göstərilənlərdən ibarət bölmələri dəstək verir: 555 saylı Vardenis Motoatıcı Alayı.7 saylı Gümrü Mühəndis Taboru.,9 sayl Eçmiədzin Mühəndis Taboru.və təbii ki, Rusiya Silahlı Qüvvələrinə bağlı artilleriya bölmələri … • 1993-cü ilin dekabrında start verilən hərbi əməliyyatlar zamanı xırda uğurlar ordumuzu həvəsləndirir. Məsələn, 3 saylı Azərbaycan Batalyonu Ömər keçidinə doğru hərəkət edir əraziyə nəzarəti və ermənilərin Vanadzor Alayının təlimsiz əsgərlərini məğlub edərək ərazini ələ keçirir. Onlar aşırımdan keçərək "31–46" yüksəkliyinə hücum edirlər. Təpədəki erməni hərbi postu Azərbaycan qüvvələrinin əsas həmləsini dəf etməyə nail olur, lakin Azərbaycan qüvvələri tezliklə təpənin nəzarətini ələ keçirərək erməni qüvvələrini ərazidən qovur. 2 və 3 saylı Azərbaycan batalyonları Meydan düzünə köçürülür və 5 saylı Azərbaycan Batalyonu ilə birlikdə erməni qüvvələrinə arxadan hücum edir. Ermənilər bu həmlədən sonra tezliklə geri çəkilir. Bundan sonra Azərbaycan hərbçiləri Ömər aşırımını minalardan təmizləyir və Meydan düzündə bir batalyon müdafiə zonası qurur. Daha sonra Azərbaycan qüvvələri yanvar ayının ortalarında Murov silsiləsini aşaraq növbəti dəfə hücuma keçir. 16 yanvarda 1 və 3 saylı Azərbaycan batalyonları Susuzluq dağını işğaldan azad edir. Azərbaycan qoşunları buradan Meydançay və Yanşa əraziləri üzərində atəş nəzarətinə malik idi. Ertəsi gün 2 saylı Azərbaycan Batalyonu Meydançayın şərqində yerləşən Şişqaya yüksəkliyi işğaldan azad edir. 19 yanvarda 5 saylı Azərbaycan Batalyonu Qızılqaya yüksəkliyinin nəzarətini ələ keçirir. Ertəsi gün 5 saylı Azərbaycan Batalyonu Bağırsaq kəndini, 1 saylı Azərbaycan Batalyon Yanşaq kəndini, 3 saylı Azərbaycan Batalyonu isə Susuzluq kəndini işğaldan azad edir. Beləliklə, erməni qoşunları yanvar ayının sonunda Kəlbəcər rayonunun dərinliklərinə çəkilmək məcburiyyətində qalırlar. 21 yanvarda Qamışlı kəndinə daxil olan 2 saylı Azərbaycan Batalyonu Çiçəkli yüksəkliyini ələ keçirir və beləliklə, Kəlbəcər–Ağdərə–Laçın yolunu nəzarətə götürür. Eyni zamanda, 5 saylı Azərbaycan Batalyonu Bağırlı kəndi istiqamətində hücuma keçir. Ertəsi gün Azərbaycan qüvvələri Yanşaqbinə və Qasımbinəsi kəndlərini işğaldan azad edir. Azərbaycan qüvvələri strateji Ömər keçidini və oradan keçən yolun nəzarətini ələ keçirərək mövqelərini daha da möhkəmləndirir. 23 yanvarda 3 saylı Azərbaycan Batalyonu Çəpli kəndində bir erməni batalyonunu mühasirəyə alır. İngiltərə jurnalisti, təhlilçi, Qafqaz üzrə mütəxəssis kimi tanınan Tomas de Vaala görə, kənddə 240 erməni əsgəri öldürülür, Ukrayna tarixçisi Mixail Jiroxov isə hesab edir ki, burada öldürülən erməni hərbçilərinin sayı 200 nəfər idi. Azərbaycan qüvvələri üç tank, dörd piyada döyüş maşını və ZSU-23-4 Şilka zenit-raket kompleksini qənimət kimi ələ keçirir. Erməni qüvvələri əks hücuma keçir və ertəsi gün Çəpli kəndini nəzarətə götürür, lakin 27 yanvarda onlardan kənddəki mövqelərindən qovulur. Qaçan erməni qoşunları Seyidlər kəndinə doğru geri çəkilmək məcburiyyətində qalır. Beləliklə, Ermənistandan Kəlbəcərə gedən yol Azərbaycanın nəzarətinə keçir. Kəlbəcər rayonu ərazisinin daha dərinliklərinə doğru irəliləyən Azərbaycan batalyonları ertəsi gün Qanlıkənd, Bozlu, Babaşlar, Təkəqaya, İlyaslar və Çopurlu kəndlərini ələ keçirirlər. İki gün sonra Seyidlər, Lev, Dəmirçidam və Cəmilli kəndləri işğaldan azad edilir. Azərbaycan komandanlığı daha sonra 5 saylı Azərbaycan Batalyonuna Buzduk hündürlüyünə doğru irəliləməyi, 1 və 3 saylı Azərbaycan batalyonlarına isə Zod ətrafındakı yüksəklikləri tutmaq üçün göstəriş verir. Bu əməliyyatlar Kəlbəcər şəhərinə qarşıdakı hücuma hazırlıq idi. Azərbaycan qüvvələri fevral ayına qədər Kəlbəcər rayonunun təxminən 30%-ni işğaldan azad etmişdi. 1, 3 və 4 saylı Azərbaycan batalyonları qərbdə Ermənistanla sərhədə yaxınlaşaraq Cəmilli–Dəmirçidam–Qanlıkənd xətti boyunca mövqelər qurdu. Mərkəzi qüvvələr Qamışlı və Çiçəkli yaxınlığında mövqe qurmuş 2 saylı Azərbaycan Batalyonundan ibarət idi, şərqdə isə 5 saylı Azərbaycan Batalyonu Bağırlı kəndində mövqe tutdu. Əlbəttə bu xırda uğur böyük qələbəyə aparan qığılcım ola bilərdi , əgər bu işin içində xəyanət olmasaydı. Üstəlik , hökumət Bakının küçələrindən tamamilə hazırlıqsız azərbaycanlı gəncləri orduya cəld edərək (O vaxt buna “oblava” deyilirdi) onları döyüş bölgəsinin ortasına atmışdı ki bu da döyüş prosesinə mənfi təsir edirdi. 11 fevralda ermənilər böyük bir qüvvə ilə Ağdaban kəndindən hücuma keçərək "2071" yüksəkliyini və Bağırlı kəndi ətrafındakı yüksəklikləri ələ keçirirlər. Onlar ertəsi gün Bağırsaq kəndinə daxil olurlar. Azərbaycan qoşunları bir neçə dəfə əks hücuma keçsə də, onlar hər dəfəsində uğursuz olur. Erməni qüvvələri hücumlarını davam etdirərək Ağqaya və "2868" yüksəkliklərini ələ keçirir. Fevral ayının ortalarında erməni qoşunları Yanşaq və Yanşaqbinə kəndlərini yenidən işğal edirlər. Erməni qüvvələri Ömər aşırımından Kəlbəcərə gedən yolu nəzarətə götürür. Beləliklə, Azərbaycan qüvvələrinin təminat xətləri kəsilir və 701 saylı Motoatıcı Briqadanı mühasirəyə alınır. Azərbaycan qüvvələrinə 14 fevralda geri çəkilmək əmri verilir, De Vaal erməni qüvvələrinin mühasirədə olan Azərbaycan batalyonlarını BM-21 Qrad raketləri ilə ağır şəkildə bombaladığını qeyd edir. Təkcə bu həmlə nəticəsində 1,500-ə yaxın Azərbaycan əsgəri şəhid olur. Onun sözlərinə görə,ümumilikdə Azərbaycan tərəfi Ömər keçidində keçirilən hərbi əməliyyatlar zamanı 4 minə yaxın itki verdi, Ermənistan tərəfi isə təxminən 2 min hərbçisini itirdi. De Vaal döyüş əməliyyatlarının nəticələnməsindən bir neçə il sonra Murov silsiləsinə səyahət edənlərin hələ də donmuş cəsədlər tapdıqlarını qeyd edir. Nəticə olaraq erməni qüvvələri Kəlbəcərdəki mövqelərini qoruya bildi və Murov silsiləsindəki Ömər və Güzgü keçidlərini ələ keçirdilər. Ermənilər hər il bu qələbəni təntənə ilə qeyd edirdilər. Ən böyük haqsızlıq isə hücum əməliyyatından sonra baş verdi. Azərbaycanda cinayət işi başlanıldı və 1995-ci il iyunun 29-dan avqustun 18 dək Azərbaycan Ali Məhkəməsinin hərbi kollegiyası Şahin Rüstəmovun sədrliyi ilə əməliyyatın uğursuz olması ilə bağlı məhkəmə prosesi keçirildi.. Məhkəmənin hökmü ilə briqada komandiri Saleh İlyasov 7 il, batalyon komandiri Gəray Əsədov 6 il, batalyon rəisi Cəlil İbrahimov isə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Briqada komandirinin müavini Nəriman Zeynalovun işi əlavə araşdırma üçün Hərbi Prokurorluğa qaytarıldı. Qışın ən sərt dövründə, (dekabr-yanvar-fevral) keçilməz meşələrin, qayaların, çayların ölüm saçan zamanında Kəlbəcər kimi sərt iqlişi olan ərazidə əməliyyatın başlanmasını əmr edən, Azərbaycan ordusunu məğlubiyyətinin qaçılmaz olduğunu bilə-bilə daha çox çağırışçı yaşında olan gəncləri ora göndərən Nəcməddin Sadıkova gözün üstə qaşın var deyən olmur. Xüsusi Qeyd: Hər dəfə Murov əməliyyatı haqqında düşünüəndə yadıma Sarıqamış faciəsi düşür. Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş döyüşü deyirəm.. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi nəticəsində Rusiya çarlığının qələbəsi ilə nəticələnmişdi. Tarixin Sarıqamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə ermənilərin hücumuna məruz qaldı. Döyüşdə 33.000 türk döyüş meydanında,10.000 –ni xəstəxanada ölür,10.000 yaralanır, 7.000 nəfər isə əsir düşür. Sarıqamışdakı rus ordu generalı Pietroviç xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazırdı. Tədqiqatçılar yazır ki, rus generalının son illər üzə çıxarılan məktub və xatirələri tük ürpədir, ürək göynədir. Pietroviç Moskvaya göndərdiyi teleqramda yazıb: "Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular". Sarıqamışı azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da Ənvər paşaya göndərdiyi teleqramda yazırdı: "Bitti, paşam, ordumuzun küllisi mahvoldu". P.S. Hətta 1995-ci ilin aprelində "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir. Maraqlıdır ki, N. Sadıkov ikinci dəfə "Azərbaycan Bayrağı" ordeni ilə Aprel döyüşlərindən sonra 4 günlük hərbi əməliyyatlarda 93 xüsusi təyinatlı zabit və əsgərimizin ölümündən sonra təltif olundu. Həmin dövrdə Kənd təsərrüfatı və ərzaq nazirinin müavini vəzifəsində çalışan, müharibə iştirakçısı olmuş Cümşüd Nuriyev bir internet tv proqramda Ermənistanın vaxtilə Kəlbəcər rayonunu işğal etməsinə də diqqət çəkib. Sabiq deputat deyib ki, Kəlbəcər xəyanət nəticəsində işğal (1993-cü ildə) edilib. Həmin vaxt deputat istintaq komissiyasının üzvü olmuş C. Nuriyev konkret ad da çəkib. O, Kəlbəcərin işğalını həmin vaxt oradakı orduya rəhbərlik etmiş, sonuncu vəzifəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olan general-polkovnik Nəcməddin Sadıkovun və daha bir neçə məsul şəxsin xəyanəti ilə əlaqələndirdi. Sabiq hərbi polis rəisi, povkovnik Rövşən Məhərrəmov mediaya açıqlamasında deyir: “ Kəlbəcərdə əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi. Murovdağ silsiləsindən Ağdərə istiqamətinə əməliyyat planı, məhz bu ərazidən ilk olaraq əməliyyata başlamaq xəyanət olub. Onun həbsi üçün vəzifədə olduğu müddətdə də, indi də kifayət qədər əsas var”. Nə yaxşı ki, bu gün qüdrətli ordumuz  dağlarımızı işğaldan azad edib! Bütün şəhidlərimizin ruhu qarşıında baş əyirəm! Əntiqə Rəşid

Şoltsdan Trampa sərt mesaj: Fövqəladə hal elan etməyə hazırıq!

Sərhədlər güc yolu ilə dəyişdirilməməlidir. Bu prinsip hər zaman və hər yerdə, hamı və hər kəs üçün keçərli olmalıdır. Biz həmçinin Avropa və Amerika təhlükəsizliyinin dağılmasına gətirib çıxaran həll variantını qəbul etmirik. Bundan yalnız bir şəxs faydalanacaq - Prezident Putin. Biz avropalılar qarşıdakı danışıqlarda bu maraqları inamla və yekdilliklə təmsil edəcəyik. Məhz biz, avropalılar Ukraynanı hamıdan çox dəstəkləyirik və bu dəstək lazım olduğu qədər davam edəcək. Sozcu.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib. O, Donald Trampı Avropanın iştirakı olmadan Rusiya ilə danışıqlara hazırlaşmasına görə qınayıb: “Sülh yalnız Ukraynanın suverenliyi təmin olunduğu halda mövcud ola bilər, ona görə də biz heç vaxt Ukraynaya sırınan sülhü dəstəkləməyəcəyik”. Onun sözlərinə görə, sülh bağlanandan sonra da Ukraynanı silahlandırmaq lazımdır və Ukraynanın ixtiyarında silahlı qüvvələr olmalıdır: “Bu məqsədlə hərbi maliyyələşdirmə üçün Almaniyada fövqəladə vəziyyət elan edilə bilər. Almaniya Konstitusiyası belə bir fövqəladə vəziyyət zamanı borc həddinin yumşaldılması imkanını nəzərdə tutur”.

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Milli Hidrometerologiya Xidməti fevralın 16-17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Xidmətdən Sozcu.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Neftçala, Lerik, Yardımlı, Astara, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Oğuz, Mingəçevir, Yevlax, Kəlbəcər, Zəngilan, Laçında qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Sertifikasiya və MİQ imtahanlarını DİM-ə tapşırsaq... - Ekspertdən REAKSİYA

Bir müddət əvvəl ölkədə sertifikasiya və müəllimlərin işə qəbul uimtahanlarının Dövlət İmtahan Mərkəzinə verilməsi ilə bağlı təkliflər səsləndirilmişdi. Sözügedən mövzu ilə bağlı müzakirələr davam edir, hətta bir çoxları ölkə ərazisində keçirilən bütün imtahanların məhz mərkəzi qurumda, yəni DİM-də keçirilməsini təklif edirlər. Mövzu ilə bağlı Modern.az-a danışan elm və təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Dövlət İmtahan Mərkəzinin özünün funksiyası düzgün qurulmayıb: “Dövlət İmtahan Mərkəzi həm sualları tərtib edib, həm də imtahanları keçirə bilməz. İmtahan sualları başqa qurum tərəfindən tərtib edilməli, texniki hissəsi isə DİM tərəfindən həyata keçirilməlidir. Absurdluq buradadır ki, bütün vəzifələri DİM-ə tapşırmışıq. Dövlət İmtahan Mərkəzi öz istədiyi formada suallar tərtib edir. Təsəvvür edin ki, tədris prosesini Elm və Təhsil Nazirliyi müəyyən edir. Amma imtahanı DİM həyata keçirir. Bu zaman isə orta məktəbdə tədris edilən mövzulardan yox, özünə yaxın kurslarda tədris edilən və əlavə tərtib edilən vəsaitlərdən suallar salınır”. Ekspertin sözlərinə görə, belə olan halda ümumilikdə təhsil reputasiyadan salınır: “Bu zaman elə fikir yaranır ki, məktəblərdə tədris bərbaddır, tədris zəifdir. Başqa bir tərəfdən müəllimlərin də sertifikasiya və işə qəbul imtahanlarını DİM-ə tapşırsaq, bu fəlakətə gətirib çıxarar. Çünki o halda da universitetdə təhsil alıb özünü müəllim sayanlar üçün yeni bir sınaq gələcək ki, DİM-in qoyacağı suallar məlum deyil. Ona görə də düşünürəm ki, bütün imtahanların DİM-ə verilməsi daha pis nəticələr yarada bilər”.

"Bu əməliyyat Nəcməddin Sadıkovun xəyanətlərindən biridir" - Rey Kərimoğlu

Fevralın 14-də Murovdağ faciəsinin 31-ci ili tamam olub. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə Murovdağ əməliyyatı və bu döyüşlərdə şəhid olanların sayı, eləcə də hadisələrin gedişatı ilə bağlı müzakirələr aparılır. Bəzi istifadəçilər faciə zamanı 1500-dən artıq hərbçimizin donaraq həyatını itirməsi bildirilir. Bu rəqəmin ortaya çıxmasında isə “Vikipediya”da daha əvvəl yerləşdirilmiş məlumat rol oynayıb. Onlardan 1337-sinin donaraq öldüyü, 111 nəfərin itkin düşdüyü, digərlərinin isə döyüş şəraitində şəhid olduğu qeyd olunur. Ancaq keçmiş döyüşçülər, eləcə də əməliyyatda iştirak etmiş zabitlər Murovdağ faciəsi zamanı insan itkisinin təxminən 250 nəfər olduğunu bildiriblər. “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, qazi jurnalist Rey Kərimoğlu da “Vikipediya”dakı yanlışlığın aradan qaldırılması barədə paylaşım edib: “Bu işlə bağlı məhkəmə istintaqı olub. Briqada komandirinin müavini Nəriman Zeynalovun sözlərinə görə, istintaq zamanı dəqiqləşib ki, 250 nəfərə yaxın şəxs ya yaralanaraq, ya da donaraq şəhid olub. Adlı siyahı da var istintaqda. Qəhrəman döyüşçülərimizin sayəsində isə düşmən tərəfinin itkisi 800 nəfər olub”. R.Kərimoğlu Murovdağdakı uğursuzluğun Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Azərbaycana qarşı xəyanətlərindən biri olduğunu bildirib.

Tam 12 gün ardıcıl qeyri-iş günü olacaq

Xəbər verdiyimiz kimi, mart ayının 20 və 24-ü Novruz bayramı ilə bağlı qeyri-iş günüdür. Sozcu.az xəbər verir ki, 22 və 23 mart tarixləri şənbə və bazara düşdüyü üçün, qanunvericiliyə uyğun olaraq, şənbə-bazar istirahət günləri bayram günündən sonrakı ilk iş gününə keçirilir və buna görə də 25 və 26 mart tarixləri də qeyri-iş günü olacaq. Azərbaycanda 30-31 martda Ramazan bayramı qeyd ediləcək və bu günlər də qeyri-iş günüdür. 30 mart bazar gününə təsadüf etdiyindən, 1 aprel də qeyri-iş günü olmalıdır. Nazirlər Kabinetinin bu gün verdiyi qərarla, qeyri-iş günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 və 28 mart tarixləri ilə 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, 1 aprel iş günü olacaq. Bununla da Azərbaycanda 20-31 mart - 12 gün ardıcıl qeyri-iş günləri olacaq.

Ramazan ayı nə vaxt BAŞLAYIR?

Mətbuatda və sosial şəbəkələrdə Azərbayanda Ramazan ayının martın 1-dən başlayacağı barədə xəbərlər yayılıb. Fevralın 28-də Azərbaycan səmasında yeni Ayın görünəcəyi, Ramazan ayının ilk gününün martın 1-nə təsadüf edəcəyi iddia edilib. Yayımlanan təqvimə görə, martın 30-u və 31-i Ramazan bayramı qeyd ediləcək. Müqəddəs ayda Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edəcək. Qeyd edək ki, ötən il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hər il Ramazan ayının başlaması ilə əlaqədar fətva verir. Yayılan xəbərlərlə bağlı Modern.az-a danışan İçərişəhər “Cümə” məscidinin axundu, QMİ-nin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli bildirib ki, Ramazan ayı ilə əlaqədar Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən qərar qəbul edilməyib: “Qafqaz Müsəlmanlar İdarəsinin bununla bağlı iclası hələlik olmayıb və fətva verilməyib”, - o deyib. Qeyd edək ki, fətvanın yaxın günlərdə veriləcəyi gözlənilir. İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.

Bu rayonlara güclü qar yağdı

Bu gün saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Dağlıq rayonlara qar yağıb. Yağan qarın hündürlüyü Lerikdə 24, Qrızda 16, Şahdağda 10, Şahbuzda 8, Qobustan, Şuşada 7, Kəlbəcər, Sədərək, Laçın, Daşkəsəndə 5, Xankəndi, Şərur, Gədəbəydə 3, Göygöl, Qusarda 2, Xocalı, Şəki, Zaqatala, Şamaxı, Naxçıvanda 1 sm olub. Bəzi yerlərdə yağış yağıb. Belə ki, düşən yağıntının miqdarı Neftçalada 12, Kürdəmirdə 7, Ağsuda 6, İmişli, Sabirabadda 5, İsmayıllı, Zərdabda 4, Göyçay, Beyləqan, Biləsuvar, Lənkəranda 2, Culfa, Ordubad, Balakən, Yardımlı, Astarada 1, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub. Sumqayıt, Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Xaltan, Şahdağ, Tərtər, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Bərdə, Yevlax, Hacıqabul, Göyçay, Beyləqan, Neftçala, Sabirabad, Goranboy, Ağdam, Qəbələ, Şəki, Zaqatala, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 11, yüksək dağlıq rayonlarda isə 18 dərəcəyədək şaxta qeydə alınıb.

Bakıda itkin düşən kişinin meyiti körpünün altından tapıldı

Bakıda körpünün altından kişi meyiti tapılıb. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. Burada körpünün altından 65 yaşlı Malik Qürbət oğlu Məlikovun meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Araşdırma zamanı mərhumun fevralın 11-də itkin düşdüyü məlum olub. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Andiçmə mərasimi: MN valideynlərə müraciət etdi

Azərbaycan Ordusunun hissə və bölmələrində fevralın 16-da gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub: "Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik".

Bakıda ər-arvad "Sevgililər günü"ndə öldü

Bakıda ər-arvad qazdan boğulublar. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, hadisə fevralın 14-də Binəqədi rayonu Binəqədi-Xırdalan şosesi, Palçık vulkanı adlanan ərazidə baş verib. 46 yaşlı H.Ə. və həyat yoldaşı 45 yaşlı F.Ə. yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı araşdırma aparılır.

Ermənistanın Vətən müharibəsi dövründə hansı terror təşkilatının üzvlərindən istifadə etdiyi açıqlanıb

Ermənistan Vətən Müharibəsi gedişatında muzdlu döyüşçülərdən istifadə edib. Bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində prokuror Təranə Məmmədova ittiham aktını elan edən zaman bildirilib. O bildirib ki, təcavüzkar müharibəyə hazırlıq məqsədilə Vartanov Vladimir (Vova) Levanoviç yaratdığı “VoMa” adlı terror təşkilatının, habelə Fransa, Livan, Suriya Ərəb respublikaları, Rusiya və digər ölkələrin erməniəsilli vətəndaşların və müxtəlif terror təşkilatlarının üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərində silah-sursatlarla təmin edilməklə onlara qanunsuz silahlı hərbi təlimlər keçirilib. Bundan başqa, “ASALA” terror təşkilatı, “PKK-PYD-YPG” terror təşkilatları, Fransanın “Zouaves Paris” (ZVP) qruplaşması, “Daşnaksütyun” partiyasının, “Qara Pantera” hərbi qruplaşmasının və digər təşkilatların üzvləri də daxil olmaqla 2 min nəfərdən artıq xarici ölkə vətəndaşlarının Azərbaycana qarşı başlanılmış təcavüzkar müharibədə daha təcrübəli döyüşçü kimi iştirakını təşkil etmək üçün Ermənistan ərazisindən işğal altında saxlanılan Laçın dəhlizindən istifadə edilməklə Azərbaycanın Xankəndi və Şuşa şəhərlərinə, Kəlbəcər, Xocavənd və digər yaşayış məntəqələrinə gəlmələri və Azərbaycana qarşı apardıqları hərbi əməliyyatlarda iştirak etmələri təmin edilib.

Zelenskiyə ona istənilən vaxt zəng etməyə icazə verib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampın ona nömrə verdiyini və “istənilən vaxt” zəng etməyə icazə verdiyini etiraf edib. Zelenski bu barədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində çıxışı zamanı danışıb. Zelenski 2024-cü ilin iyulundan Trampla birbaşa ünsiyyətdə olduğunu bildirib.

170 azərbaycanlı işgəncələrlə öldürüldü

1988-2023-cü illərdə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə 1 698 azərbaycanlı girov götürülüb. Sozcu.az xəbər verir ki, bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində prokuror Fuad Musayev ittiham aktını elan edən zaman bildirilib. O qeyd edib ki, əsir və girov götürülən 1284 dinc sakindən 122-i mülki sakin, əsir götürülmüş 414 nəfər isə hərbi qulluqçudan isə 48 nəfəri, ümumilikdə 170-i işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb: "Qalan 1528 nəfər şəxs Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlar vasitəsilə görülmüş tədbirlər, eləcə də hərbi əsir və girovların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən maddi nemətlər müqabilində azad edilib".

Gədəbəydə avtomobil aşdı: yaralılar var

Gədəbəydə yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, Saratovka kəndində "Tofaş" markalı avtomobil aşıb. Nəticədə Elxan Qurbanov və Fazil İbrahimov xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.