Bakıda qadın dəm qazından öldü

Bakıda qadın dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb. Belə ki, Zülfiyyə Zülfüqarova yaşadığı evin hamam otağında çimərkən dəm qazının toksik təsirindən zəhərlənərək vəfat edib.

Sabah toyu olacaq gənc faciəvi şəkildə öldü

Sabah toyu olacaq gənc yol qəzasında ölüb. Sozcu.az Apa-ya istindən xəbər verir ki, hadisə ötən gün Yevlax rayonu ərazisində baş verib. 1996-cı il təvəllüdlü Şəki rayonu Böyük Dəhnə kənd sakini, Elnur Şubay oğlu Abdulayevin idarə etdiyi minik avtomobili yük maşını ilə toqquşub. Qəza zamanı sürücü E.Abdullayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərdən hadisə yerində həyatını itirib. Qeyd edək ki, E.Abdullayev nişanlı olub. O, sabah baş tutacaq qız toyu mərasimi üçün rayona gəlirmiş. Mart ayının 2-də isə öz toyu olmalı idi. Faktla bağlı araşdırma aparılır.

Elnarənin jurnalist olma sevgisi

Müğənni Elnarə Xəlilova instaqram səhifəsində dəyişiklik edib.  Sozcu.az xəbər verir ki, sənətçi bir müddətdir profilinin adını dəyişərək "elnarasnews" edib.  Xəlilova eyni zamanda səhifəsində özü və sənət adamları haqda xəbərlər paylaşmağa başlayıb. O, izləyicilərinin "Sayt var" sualına "Gözəl ideyadır. O da olacaq" cavabını verib.

Hər gün 2 qaşıq qəbul etməyiniz kifayətdir

Araşdırmalar göstərib ki, xüsusilə bir qida hər il milyonlarla insanın ölümünə səbəb olan ürək xəstəliyi riskini azalda bilər. Hətta xolesterol kimi bir bəlanı qida vasitəsiylə aradan qaldırmaq mümkündür. Sozcu.az xəbər verir ki, yediyimiz şey ümumi sağlamlığımız və rifahımız üçün vacib amildir. Bu, bütün dünyada artan bir problem olan ürək-damar sağlamlığına və ya ürəyimizin, qan dövranı sistemimizin fəaliyyətinə də aiddir. Xüsusilə yüksək xolesterin ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri kimi önə çıxır. Bunun səbəbi, damarlarda xolesterinin yığılması, onların daralmasına və qanın düzgün axmasına mane olmasıdır. Yüksək xolesterol adətən qidalanmadan qaynaqlanır və doymuş yağların istehlakı bu vəziyyəti sürətləndirir. Buna görə səhiyyə təşkilatları insanlara xolesterol səviyyəsini yaxşılaşdırmaq üçün doymuş yağ qəbulunu azaltmağı tövsiyə edir. Mütəxəssislər yeməklərinizə zeytun yağı əlavə etməyi tövsiyə edir. Zeytun yağı ürək-damar sağlamlığını dəstəkləmək üçün əla qidadır və souslar, yeməklər üçün seçim yağı olmalıdır. Zeytun yağı qan təzyiqini aşağı salmağa kömək edir və ürək sağlamlığı üçün çox vacib olan ümumi ürək-damar sağlamlığını dəstəkləyir. Elmi araşdırmalar zeytun yağının ürək-damar sağlamlığının qorunmasında da rol oynayan yüksək antioksidant tərkibinin də əhəmiyyətli olduğunu ortaya qoyur. Gündə 20 qrama qədər zeytun yağı qəbul edə bilərsiniz.

İranda parlament seçkilərini boykota çağırış edildi

Hakimiyyət xalqdan hiyləgər səhnələşdirmə ilə seçib təyin etdiyi özünə tabe şəxslərdən ibarət siyahıya səs verməyi tələb edir. Bu seçki nümayişində iştirak etməyəcəyik. Bu barədə İran Milli Cəbhəsinin bəyanatında bildirilib. Bəyanat müəllifləri seçkilərin nümayiş olduğunu, heç bir müstəqil şəxsin namzədliyinin təsdiq edilmədiyini yazıb, vətəndaşları seçkiləri boykot etməyə çağırıblar. Qeyd edək ki, 1949-cu ildə baş nazir Məhəmməd Müsəddiqin qurduğu İran Milli Cəbhəsində 4 partiya və çox sayda nüfuzlu şəxslər təmsil olunur. İranda XXII çağırış parlament seçkiləri martın 1-də keçiriləcək.

Nazir müavinindən hicablı qadınlar haqda şok sözlər

İtaliya baş nazirinin müavini Matteo Salvininin Sardiniya adasında keçiriləcək seçkilər öncəsi hicabla bağlı sözləri sərt reaksiyalara səbəb olub.  Musavat.com-un xarici mediaya istinadən xəbərinə görə, nazir müavini deyib ki, çadralı qadınlar Sardiniyadan uzaq durmalıdır.  Baş nazirin müavini və İnfrastruktur naziri olan Matteo Salvini çıxışı zamanı sol partiyaları və özünün “kommunist” adlandırdığı qrupu tənqid edib:  "Mən balaca olanda, həqiqətən də, Kommunist Partiyası var idi. Amma o, fəhlələrin qayğısına qalırdı, balıqçılarla, müqaviləsiz işçilərlə, ustalarla məşğul olurdu. Berlinquerin Kommunist Partiyası ciddi idi, ciddi problemlərlə maraqlanırdı, baş örtüyü ilə deyil. Mənim evimdə İslam baş örtüyü tərəqqi əlaməti deyil. Hicablı qadınlar Sardiniyadan uzaq durmalıdır”.  Salvininin sözləri salonda alqışlarla qarşılansa da, sosial mediada sərt reaksiya ilə üzləşib.  Nazir müavininə ən sərt cavab onun öz xalqından gəlib. Şərhlərdə xatırladılıb ki, Sardiniyanın yerli əhalisi bu gün də öz ənənəvi geyimlərində baş örtüyündən istifadə edir.  Salvininin sözlərinə ibadət azadlığına qarşı olduqları və diqqəti Sardiniya adasının real problemlərindən yayındırdıqları əsası ilə reaksiyalar da olub. 

London Məhkəməsi Azərbaycan deputatına və xanımına aid 22 daşınmaz əmlaka həbs qoydu

Böyük Britaniya azərbaycanlı deputatın 39 milyon funt sterlinqlik əmlakını dondurub. Cümə axşamı London Ali Məhkəməsi azərbaycanlı deputat Cavanşir Feyziyevə və onun xanımına məxsus 22 daşınmaz əmlaka həbs qoyub. OCCRP-in (Korrupsiya və mütəşəkkil cinayətkarlığı Araşdırma Mərkəzi) dərc etdiyi sənədlərə görə, 39,5 milyon funt sterlinqdən (50 milyon ABŞ dolları) çox əmlak 2023-cü ilin iyun ayında dondurulub. Bütün bu müddətdə Feyziyev Londonda daşınmaz əmlakın alınması üçün vəsaitin qanuniliyi barədə sorğulara cavab verməyib. Ailənin vəkili əmlakın qanuni yolla əldə edildiyini iddia edərək hakim Naycela Pulu  əmlaka həbs qoyulması qərarını ləğv etməyə razı salmağa çalışıb. Qeyd edək ki, bundan əvvəl Feyziyevin ailəsi Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin (NCA) sanksiyalarına məruz qalıb. Britaniya hakimiyyəti hesab edib ki, Feyziyevin və onun ailə üzvlərinin bank hesablarındakı milyonlarla funt sterlinq "2017-ci ildə OCCRP-nin açıqladığı və "Azərbaycan camaşırxanası" kimi tanınan beynəlxalq çirkli pulların yuyulması sxemindən gəlir. 2022-ci ildə Böyük Britaniya həmin vəsaitdən 5,6 milyon funt sterlinqi (7,56 milyon ABŞ dolları) Feyziyevin xanımı, böyük oğlu Orxanın və qardaşı oğlu Elman Cavanşirin hesablarından müsadirə edib. Feyziyevin və xanımının daşınmaz əmlakının dondurulması barədə qərar   çirkli pulların yuyulması yolu ilə əldə edildiklərinə dair "ciddi sübutlar" səbəbindən onları satmağa və ya kiməsə verməyə yol vermir. Dondurulmuş əmlaklar arasında ən bahalı əmlak eksklüziv Chelsea Barracks kompleksində dəyəri 26 milyon funt sterlinqdən  (33,4 milyon dollar) çox olan iki rezidensiyadır.  Feyziyev onları 2020-ci ildə alıb. Hələ o vaxtlar Britaniya hakimiyyəti çirkli pulların yuyulması faktlarını araşdırırdı. Dondurulmuş digər əmlaklar arasında Ricents- parka mənzərəsi olan mənzil, həmçinin Londonun şimal-qərbindəki yaşayış kompleksində 19 mənzil var. Feyziyev bu əmlakı 2008-2018-ci illərdə 10  milyon funt sterlinqdən (13,7 milyon dollar) çox qiymətə alıb. NCA-nın məlumatına görə, ümumilikdə dondurulmuş əmlak 50 milyon funt sterlinqdən (63 milyon ABŞ dolları) çox qiymətləndirilir. Feyziyev parlamentlərarası əlaqələr üzrə Azərbaycan-Britaniya işçi qrupuna rəhbərlik edib və 2022-ci ilə qədər Avropa İttifaqı- Azərbaycan parlament əməkdaşlıq Komitəsinin həmsədri olub. Britaniya məhkəməsi onun qohumlarına məxsus 5,6 milyon funt sterlinqdən çox vəsaiti müsadirə etdikdən bir neçə ay sonra o bu vəzifələrdən kənarlaşıb. Vəkilin mətbuata verdiyi açıqlamaya görə, ailə əmlakın müsadirə edilməsindən məyus olub, lakin NCA-nın tələb etdiyi kimi, 15,4 milyon funt sterlinqin yox,  5,6  milyon funt sterlinqin  götürülməsindən “razı qalıb”. 2017-ci ildə OCCRP-nin "Azərbaycan landromatı" adlı araşdırması Böyük Britaniyada qeydiyyatdan keçmiş dörd saxta şirkət vasitəsilə ölkədən çıxarılan təxminən 2,9 milyard dollarlıq mürəkkəb yuyulma sxemini ortaya qoyub. Cavanşir Feyziyev əmlakının həbsilə bağlı London məhkəməsinin qərarının şərhinə dair Turan agentliyinin sorğusuna cavab olaraq bunları deyib: “Məhkəmənin müsadirə ilə bağlı hələ hər hansı qərarı yoxdur. "Hazırda məhkəmədə mənim qaldırdığım iddiaya baxılır".

Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki,  ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb. Onun səhhəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, R. Kərimoğlu bu gün saat 13:00 radələrində Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

Zelenski hücum anonsu verdi: Sürpriz olacaq

2024-cü ildə Ukrayna təkcə özünü müdafiə etməyi deyil, həm də yeni əks-hücum hazırlamağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Müdafiə olunmaq bir nömrəli tapşırıqdır. Qara dənizdə uğurlu tariximizi davam etdirəcəyik. Detallara toxunmayacağam, amma ruslar sürprizlərlə qarşılaşacaq”, - Zelenski bildirib.

Azərbaycanda 1100 bələdiyyə ləğv edilir

Azərbaycanda bələdiyyələrin sayı 500-ə endirilir. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu, “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Belə ki, hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə Azərbaycanda 500-ə yaxın bələdiyyə fəaliyyət göstərəcək. Qeyd edək ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub.

Erməni hərbçi öldürüldü, atəşkəs pozuldu... - Həbs edilən var

Ermənistanda "Torpaq Mühafizəsi" hərəkatının üzvü olan hərbçi Qor Asatryan fevralın 13-də qəflətən ölməyibmiş. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, istintaqın ilkin nəticələrinə görə, hərbçi Zəngilanda təxribat baş verən gün, yəni fevralın 12-də öldürülüb. Məlumata görə, 40 yaşlı hərbçi mübahisədən sonra fevralın 12-nə keçən gecə güllələnib. Onu öldürməkdə şübhəli bilinən hərbçi yoldaşı T.K. artıq həbs edilib. Qeyd edək ki, bu hadisədən bir neçə saat sonra eyni ərazidə atəşkəs pozulub. Həbs edilən hərbçinin bu əməlini ört-basdır etmək üçün atəşkəsi qəsdən pozduğu da istisna edilmir. Xatıradaq ki, fevralın 12-də Zəngilan rayonu istiqamətindəki şərti sərhəddə baş verən erməni snayperinin təxribatı nəticəsində DSX-nin bir hərbçisi yaralanıb. Buna cavab olaraq DSX 13 fevralda qisas əməliyyatı keçirib, düşmənin sözügedən postunu dağıdaraq 4 erməni hərbçini məhv edib.

“Qarabağ”ın itirəcək heç nəyi yoxdur, zövq alaq - Abuşov

“Qarabağ” elə bir mərhələyə gəlib çatıb ki, bizim üçün itirəcək heç bir şey yoxdur. Belə bir məqamda nədənsə qorxmaq da lazım deyil. Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Amal Abuşov Avropa Liqasının 1/8 final mərhələsi üçün püşkatmanın nəticələrini şərh edərkən deyib. “Qurban Qurbanov yetərincə istedadlı və cəsarətli mütəxəssisdir. Maraqlıdır ki, bir müddət əvvəl Qurban bəy özü “Bayer”in düşərgəsində olub, Alonso ilə də fikir mübadiləsi aparmışdı. İndi həmin o səfərdən faydalanmağın zamanıdır”, - Abuşov bildirib. Ekspert rəqibin xeyli güclü, uzunmüddətli məğlubedilməz oyunlar seriyasına sahib olduğunu vurğulayıb: “Amma “Qarabağ” heç “Braqa” ilə görüşün də favoriti deyildi, çoxları hesab edirdi ki, təmsilçimiz Avropa Liqasının qrupuna vəsiqə qazanmaqla missiyasını bu mövsümlük başa vurub. “Köhlən atlar” isə nəinki qrupdan çıxmağı, hətta Portuqaliya təmsilçisi “Braqa”nı da yolundan kənarlaşdırmağı bacardı. Deməli, ümidsiz olmağa dəyməz. Ən azından ona görə ki, “Qarabağ” “Bayer”ə qarşı layiqli mübarizə aparacaq. Bizə qalan zövqlü futbola baxıb həzz almaq, “Qarabağ”la fəxr etməkdir”. Qeyd edək ki, “Qarabağ”ın 1/8 final mərhələsindəki rəqibi Almaniyanın "Bayer Leverkuzen" klubu olub.

Türkiyədə zəlzələ baş verdi

Türkiyədə Bursanın Gemlik rayonunda 4,1 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin təxminən 10,86 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat yoxdur.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

09:58 Fevralın 23-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti yağıntılı olub, dağlıq rayonlarda arabir qar yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü Qrızda 3 sm, Altıağac, Qubada 1 sm olub. Düşən yağıntının miqdarı Qubada 3 mm, Oğuz, Şəki, Gədəbəy, Balakən, Zaqatala, İsmayıllı, Altıağac, Qəbələ, Şabran, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Şirvan, Cəlilabad, Biləsuvar, Yardımlı, Astara, Şahbuz, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub. Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Yevlax, Yardımlı, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-də, Aran rayonlarında 3-5 dərəcə isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında fevralın 25-dək, bölgələrdə isə 26-dək fasilələrlə davam edəcək. *** Fevralın 23-ü saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Milli Hidrometerologiya Xidmətindən verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Qəbələ, Şəki, Quba, Şamaxı, Qobustan, Qax, Qrızda qar, Naxçıvan, Şərur, Ordubad, Gəncə, Ağdam, Şabran, Sabirabad, Ağsu, Salyan, Lerik, Naftalan, Neftçalada, Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 9, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.

Azərbaycanda müəllim faciəvi şəkildə ÖLDÜ - FOTO

Müəllim yol qəzasında həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə  Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Məlumata görə, Zaqatala rayon Qazangül qəsəbə tam orta məktəbin tarixi müəllimi Nigar Bayramova İsmayıllı rayonunun Xanagah kəndi ərazisində baş vermiş avtomobil qəzası nəticəsində həlak olub. Şəki-Zaqatala RTİ baş verən hadisə ilə bağlı başsağlığı verib: “Şəki-Zaqatala RTİ rəhbərliyi və kollektivi Zaqatala rayon Qazangül qəsəbə tam orta məktəbin tarixi müəllimi Nigar Bayramovanın İsmayıllı rayonunun Xanagah kəndi ərazisində baş vermiş avtomobil qəzası nəticəsində vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına və məktəbin müəllim-şagird kollektivinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”

Qarabağ erməniləri Azərbaycan Ordusunda?! - ŞOK

Rusiyalı ermənipərəst siyasətçidən və azərbaycanlı polkovnikdən ilginc açıqlamalar. “Azərbaycan bir məsələ üzərində düşünməlidir ki, erməni əhalisinin Qarabağa qayıtması üçün mövcud şərait o qədər də rahat deyil. Rusiya sülhməramlılarının Qarabağdakı missiyasını davam etdirmək üçün əsaslar var”.   Rusiya Federasiyası Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin belə deyib. O qeyd edib ki, Rusiya sülhməramlılarının olması Qarabağda yaşayan ermənilərə tarixi və mədəni irsin qorunması ilə bağlı müəyyən təminat verəcək. Rusiyalı siyasətçi bildirir ki, Rusiya sülhməramlılarını bölgədən çıxarmaq lazım deyil. O, həmçinin deyib ki, Qarabağ erməniləri geri qayıtmaq istəmir, çünki onlar Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar. Azərbaycan vətəndaşlığını qəbul etsələr, gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsi olarsa, Ermənistana qarşı döyüşməli olacaqları qorxusu var, çünki Azərbaycan Ordusuna çağırılacaqlar. Zatulin onu da bildirib ki, geri qayıtma şəraiti rahat olarsa, Qarabağın erməni əhalisinin müəyyən hissəsi geri qayıda bilər. Buna ümidlər var. Qeyd edək ki, son bir neçə həftədə Rusiyanın müxtəlif ranqlı siyasətçiləri tərəfindən sülhməramlıların Azərbaycan ərazisində qalmasının vacibliyi haqda fikirlər səsləndirilməyə başlayıb. Erməni əhalisi amili sıradan çıxdığı üçün indi də Qarabağdakı erməni “tarixi” və dini abidələrinin mühafizəsi məsələsini gündəmə gətirirlər.  Bu, artıq rusların da ermənilərin geri qayıtmaq istəmədiklərinə əmin olmağa başlamaları sayıla bilərmi? Ermənilərin qayıdacağı halda çağırışçı yaşda olanların Azərbaycan Ordusunda xidmətə cəlb olunması realdırmı?  Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisində qalma müddəti sona yaxınlaşdıqca, müddətin uzadılması üçün Rusiyanın ən müxtəlif variantlar axtarması müşahidə olunur və qarşıdakı zaman kəsiyində bu tendensiya daha da kəskin şəkil alacaq. Bu isə müəyyən gərginliklər meydana gətirəcək: “2024-cü il başlanandan bəri diqqət edirsinizsə, Rusiyanın Xarici İşlər Nazirliyi rəsmiləri, Dövlət Dumasının bəzi üzvləri, bir sıra siyasi ekspertləri tərəfindən sülhməramlıların Qarabağda qalmasının zəruriliyini əsaslandırmağa yönəlik bəyanatlar verilir. Bu bəyanatlar həmin şəxslərin şəxsi mövqeyi deyil. Onlara Rusiyanın hərbi-siyasi rəhbərliyinin mövqeyinin ictimailəşdirilməsi göstərişinin verildiyi şübhəsizdir. Rusiya çalışır ki, 2-3 min nəfər olsa belə, erməninin Xankəndinə qayıtmasına nail olsun. Ancaq rusiyalı siyasətçilərin son günlər açıqlamalarından belə qənaətə gələ bilərik ki, bu çalışmalar nəticə vermir, yəni ermənilər geri qayıtmaq istəmirlər. Ona görə də Rusiya indi başqa variantı ortaya atıb. Görürlər ki, ermənilərin Azərbaycan pasportunu qəbul etmək və geri qayıtmaq fikirləri yoxdur, indi də Qarabağdakı erməni "mədəni, dini abidələri"nin mühafizəsi məsələsini dövriyyəyə buraxmağa başlayıblar. Son bir ayda Rusiyadan verilən açıqlamalarda məhz bu məsələnin üzərində dayanma meylləri müşahidə olunur. Rusiya Qarabağda sülhməramlı kontingentinin qalma müddətinin uzadılması üçün “erməni mədəni irsi, dini abidələri”ni qorumaq bəhanəsini ortaya atır. Guya hərbi kontingentinin qalması üçün əsas olduğunu iddia edirlər. Konstantin Zatulinin son açıqlamasından da bu, açıq-aydın görünür". Ekspert vurğuladı ki, Azərbaycan ərazisində istənilən millətə məxsus mədəni irsin, abidələrin qorunmasını Azərbaycan dövləti həyata keçirir. Bu, Azərbaycanın daxili işidir: “Azərbaycan tolerant ölkədir və heç bir millətin mədəni irsinə bizim ölkəmizdə hörmətsizlik edilmir. Eləcə də Qarabağda ermənilərin heç də qədim tarixi olmayan hansısa mədəni irsi, mədəni-dini abidələri varsa, Azərbaycan dövləti, onun müvafiq strukturları onların mühafizəsini təşkil edir. Burada heç bir problem yoxdur. Hətta müharibənin getdiyi dövrdə belə Azərbaycan hərbçiləri heç bir mədəni, dini abidəyə zərbə endirməyib, heç bir mədəni, dini abidə zərər görməyib. Bunu Rusiya sülhməramlı kontingenti də yaxşı bilir.  Azərbaycan dövləti ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, nəinki mədəni dini abidələrin təhlükəsizliyinə təminat veririk, hətta vətəndaşımız olan erməni əhalinin də geri qayıdıb təhlükəsiz şəraitdə yaşamalarına şərait yaradırıq. Yəni bu həm də o deməkdir ki, ermənilər geri qayıdarlarsa belə, onların da təhlükəsizliyini hansısa kənar dövlətin hərbi kontingentinin qorumasına ehtiyac yoxdur, təhlükəsizliyi Azərbaycan dövləti, dövlətimizin müvafiq orqanları qoruyacaqlar. Digər vətəndaşlarımıza verilən hüquqlar erməni vətəndaşlarımıza da veriləcək. Odur ki, Rusiyanın sülhməramlı qüvvələrinin istər ermənilər geri qaytısa, istərsə də  qayıtmasa, 2025-ci ildən sonra Azərbaycan ərazisində qalmalarına ehtiyac yoxdur. Əslində hətta bu gün də onlara ehtiyac qalmayıb. Sadəcə olaraq, Azərbaycan dövləti öz imzasına hörmət edən dövlət kimi 10 noyabr üçtərəfli bəyanatının şərtinə əməl edir və bu gün sülhməramlıların çıxması məsələsini qaldırmır. Zatulinin və onun kimi danışan rusiyalı siyasətçilərin o cür açıqlamaları Azərbaycanın daxili işlərinə qarışmaqdır. Azərbaycan dövləti onlara bu haqqı tanımayıb".  Ekspert qeyd etdi ki, əgər ermənilər Azərbaycan dövlətinin vətəndaşı olmağı qəbul etsələr, onlara Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi və pasportu veriləcək: "Bundan sonra isə həmin vətəndaşlar dövlətimizin verdiyi hüquqlardan istifadə edəcəklər, həm də vətəndaş olaraq üzərlərinə məsuliyyətlər də düşəcək. Necə ki, digər vətəndaşlarımız milli mənsubiyyətindən asılı olmayaraq o məsuliyyətlərdən biri olan hərbi xidməti keçirlər, həqiqi hərbi xidmətə yaşı çatmış erməni vətəndaşlar da  bir müddət sonra hərbi xidmət keçməli olacaqlar. Lakin bu tez bir zamanda olmayacaq. Məlum hadisələrə görə uzun müddət adaptasiya prosesi gedəcək. Ona görə də ermənilər uzun müddət hərbi xidmətə cəlb edilməyəcəklər. Uzun bir zaman kəsiyindən sonra hərbi qulluq edəcəklər. Hansısa proqram qəbul oluna bilər ki, onlar bir müddət əsas döyüşən hərbi hissələrin sırasında xidmət keçməsinlər”. R.Məhərrəmov daha bir məsələyə də diqqəti cəlb etdi: “Rusiya, Fransa və bəzi başqa dövlətlərin təmsilçiləri açıqlamalarında yenə də Xankəndi şəhərini mərkəz kimi təqdim edirlər. Bu da yolverilməzdir. Çünki Dağlıq Qarabağ Muxtar Vilayəti mövcud deyil və avtomatik olaraq onun mərkəzi də ola bilməz. Xankəndi də Ağdərə, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Mingəçevir, Yevlax və digər Azərbaycan şəhərləri kimi şəhərdir, onlardan fərqli hansısa mərkəz statusu yoxdur. Xankəndinin digər şəhərlərimizdən fərqli hansısa əlahiddə statusu yoxdur ki, ölkənin siyasətçiləri, rəsmiləri Xankəndini mərkəz olaraq təqdim etsinlər. Azərbaycan qanunlarında Xankəndinin mərkəz statusu yoxdur. Ermənilər də Xankəndini mərkəz adlandırmaq adətlərindən əl çəkməlidirlər. Özlərini xam xəyallarla aldatmasınlar, 35 il separatizmin "paytaxtına" çevirdikləri Xankəndi artıq quldur yuvası deyil, Azərbaycan dövlətinin suverenliyinin bərpa olunduğu şəhərdir. Kim bu gözəl şəhərdə qayıdıb Azərbaycan vətəndaşı kimi dinc yaşamaq istəyirsə, buyursun, qayıtsın. Əks halda, başqa xəyallara düşəcəklərsə, elə o xəyallarla da Ermənistanda və başqa ölkələrdə qalıb yaşamalı olacaqlar".   

Rusiya Ukraynada 1 gündə 1000 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1000 hərbçisini itirib. Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 408 240 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 37 zirehli döyüş maşını, 49 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Bakı ərazi bütövlüyümüzü tanımır, hücum edə bilər

Azərbaycanın Ermənistana hücumu ehtimalı yüksəkdir. Sozcu.az xəbər verir ki, bunu ermənistan Baş naziri Nikol Paşinyan Parisdə “Frans 24” telekanalına müsahibəsində deyib. “Bizim vəzifəmiz beynəlxalq platformalarda əldə olunan razılaşmalar çərçivəsində bəyan edilən üç prinsipi sülh sazişində ifadə etməkdir. Bu problemləri və rəsmi Bakıdan gələn bəyanatları təhlil edərək belə qənaətə gəlirik ki, bəli, Ermənistana hücum ehtimalı çox böyükdür”, - Paşinyan bildirib. Erməni baş nazir qeyd edib ki, Bakının Qərbi Azərbaycanla bağlı rəsmi açıqlamaları Ermənistan ərazisinin böyük hissəsinin azərbaycanlı olması deməkdir: “Azərbaycan Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını praktiki olaraq tanımır, baxmayaraq ki, diplomatik səviyyədə Azərbaycan əmin edir ki, onun hücum etmək niyyəti yoxdur”.

Lekornu İrəvanda: Raket də verəcəyik!

“Bastion” zirehli maşınlarının daha bir partiyası olacaq. Mən hansı texnikanın gəldiyi barədə çox təfərrüata girməyəcəyəm, lakin onların hamısı müdafiə avadanlığıdır, çünki bu regionda həm əhalinin, həm də sərhədlərin qorunması prioritet məsələdir. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistanda səfərdə olan Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib. “Fransa lazım gəlsə, Ermənistana raket də verəcək. Heç kəs öz ordusunun imkanlarını daha da inkişaf etdirdiyinə görə tənqid oluna bilməz. Ermənistana lazım olarsa, yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə raketləri də müdafiə qabiliyyətinin inkişafının tərkib hissəsi olacaq”.

Navalnının anasından ŞOK: “Məni gizli dəfnə məcbur edirlər”

Navalnının anası oğlunun gizli dəfninə razılıq verməyə məcbur edilir. Sozcu.az xəbər verir ki, bu barədə Aleksey Navalnının anası Lyudmila Navalnaya oğluna məxsus YouTube kanalında yayımlanan videomüraciətində bildirib. Onun sözlərinə görə, müstəntiqlər siyasətçini gizli dəfn etmək istəyirlər. Alekseyin harada, nə vaxt və necə dəfn ediləcəyi ilə bağlı şərtlər irəli sürürlər: “Onlara ya Kremldən, ya da İstintaq Komitəsinin mərkəzi aparatından əmr gəlir. Onlar dəfnin gizli, vidalaşma olmadan həyata keçirilməsini istəyirlər. Məni qəbiristanlığa aparıb “oğlun buradadır” demək niyyətindədirlər. Mən bununla razı deyiləm”, – Lyudmila Navalnaya vurğulayıb. Lyudmilanın sözlərinə görə, ona deyiblər ki, Navalnının gizli dəfninə razılıq verməsə, cəsədlə nəsə edəcəklər: “Müstəntiq Varapayev mənə açıq şəkildə dedi ki, vaxt bizim tərəfimizdə deyil, meyit çürüyür.”

Fransa bu silahları Ermənistana verir

Fransa fevralın 22-də Ermənistana silahların yeni partiyasını tədarük edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Fiqaro” məlumat yayıb. Bildirilib ki, yeni partiyaya gecəgörmə cihazları və 250 km-ə qədər məsafədə təyyarələri aşkar edə bilən GM200 RLS-lər daxildir: “Tərəflər bu barədə hələ 2023-cü ilin oktyabrında hava hücumundan müdafiə, eləcə də gecəgörmə durbinləri ilə bağlı niyyət sazişləri imzalanarkən razılaşıblar”. Nəşrin yazdığına görə, Ermənistan və Fransa 2024-cü ildə birgə hərbi təlimlər keçirməyi də planlaşdırır.

Şirkətin satış müdirinə cinayət işi açıldı: 147 minlik yeyinti...

Best-Tarım Qapalı Səhmdar Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Sabirabad rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Sozcu.az-a Sabirabad rayon prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, araşdırmalarla QSC-nin satış müdiri Anar Babaşovun qeyriləri ilə birgə 2023-cü il ərzində anbardan müxtəlif qida məhsullarını məxaric edib malların dəyərini xəzinəyə mədaxil etməməsi nəticəsində 147 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Delimitasiya üçün bu xəritələrə diqqət ediləcək

Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin növbəti görüşündə sərhədlərin delimitasiyası üçün topoqrafik xəritələrin əlaqələndirilməsinə xüsusi diqqət yetiriləcək. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryan jurnalistlərə açıqlamasında deyib. “Söhbət yalnız peşəkar topoqrafik xəritələrdən getməlidir. Çox vaxt insanlar sxematik və metodoloji xəritələri topoqrafik xəritələrlə qarışdırırlar. Delimitasiya prosesi, eyni zamanda, təkcə xəritələrlə işləməyi nəzərdə tutmur: ilk növbədə, bu və ya digər xəritənin tərtib olunduğu hüquqi baza və dəstəyi müəyyən etmək lazımdır. Azərbaycanla danışıqlar prosesində bütün bu nüanslar çox vacibdir”, - Qriqoryan bildirib.

Əhməd Psixiatriya Xəstəxanasına köçürüləcək - Qərar verildi

Bəzi media subyektləri tərəfindən fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı informasiya yayılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qanunvericiliyə əsasən, təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi əsasında müəyyən olunur: "Bu növ ekspertiza təyin edilərkən şəxsin stasionar müayinəsinə zərurət yaranarsa, o, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvafiq tibbi stasionara yerləşdirilir. Fevralın 22-də təqsirləndirilən şəxsin stasionar tibb müəssisəsinə yerləşdirilməsi barədə vəsatət və təqdimat Xətai Rayon Məhkəməsi tərəfindən təmin olunduğundan, Ə.Əhmədovun hazırda saxlanıldığı istintaq təcridxanasından tibbi müəssisəsinə gələcək günlərdə köçürülməsi təmin ediləcək. "Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik"./APA