“Elektrik enerjisindən istifadə etmirsə, vətəndaş niyə pul ödəməlidir ki?”

İyunun 10-da Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” yeni qanun layihələri vətəndaşlar arasında xeyli suallar doğurub. Anlaşılmazlıq təkcə "sabit tarif" anlayışı iə bğlı deyil. "Yeni Sabah"a müsahibəsində iqtisadçı Allahverdi Aydın bir sıra vacib məqamlara izah verib.

- Dövlət qurumlarının qaz və işıqla bağlı tariflərin dəyişdirilməsi ilə bağlı təşəbbüs yəqin ki birdən-birə yaranmayıb, bu nədən qaynaqlanır?

- Əhali indidən yeni tarifləri xeyli narazılıqla qarşıladı. Dünya praktikasında və qonşu ölkələrin nümunəsində kommunal xidmətlərlə bağlı tariflər, ümumiyyətlə, aşağı-yuxarı eyni məntiqə söykənir. Misal üçün, elektrik enerjisi ilə bağlı gecə-gündüz tarifi tətbiq olunur. Türkiyə, Gürcüstan və Ermənistanda hazırda tətbiq edilən tarif məhz budur. Təbii qazla bağlı isə yay-qış, yəni havanın temperaturuna görə tariflər tətbiq olunur.

Dünyanın hər yerində şirkətlər kommunal tarifləri bu cür həyata keçirir. Azərbaycanda kommunal xidmətlərlə bağlı diferensial tarif tətbiq edilir. Bu yanlış üsuldur. Qlobal təcrübədə artıq diferensial tarif tətbiq olunmur. Dediyim kimi, ya gecə-gündüz, ya da temperatura görə tariflər tətbiq edilir. Fikrimcə, yeni tariflər kommunal xidmət göstərən qurumların özləri üçün də sərfəli olmayacaq.

- Yeni qanun layihələrində geniş kütlə üçün ən anlaşılmaz məqam qaz tariflərinin 8 növə bölünməsidir. Sıravi vətəndaş bunu başa düşmür. Əksəriyyətin fikrincə, bu, sadəcə qazın qiymətini rtırmaq məqsədi daşıyır. Həm də belə məlum olur ki, qazın qiymətini tənzimləyəcək qurum dəyişir. Tarif Şurasından başqa hansısa qurumun belə bir səlahiyyəti varmı?

-  Azərbaycanda fiziki və hüquqi şəxslərə fərqli kommunal tariflər tətbiq olunur. Düşünürəm ki, bu da yanlış bir şeydir. Mövcud dünya praktikasında belə tarif bölgüsü artıq tətbiq olunmur. Bunun heç bir məntiqi əsası yoxdur. Biz mağazaya girib çörək alanda satıcı çörək alanın kim olduğunu soruşmur. Məhsulun bir qiyməti olar və həmin qiymətdən satılar. Burada ədalətsizlik ortaya çıxır. Əhali də eyni məhsuldan istifadə edir, şirkətlər də. Ekspertlər dəfələrlə təklif etmişdi ki, bu fərqli tarif qiymətlərini ortadan qaldırmaq lazımdır.

Növbəti çoxsayılı tariflərin tətbiq edilməsi də yanlış bir siyasətdir. Bu sahibkarlara, şirkətlərə əlavə problem və yük gətirəcək. Bu həm də sui-istifadə hallarına da şərait yaradacaq. Məsələn, əhali kateqoriyasında qeydiyyatdan keçib hansısa müəssisə işlədənlər olacaq.

İndiki halda, sabit tariflər yanlış qərardır. Bir məhsulu ortaya çıxaran maya dəyəri və satış qiyməti var. Hər kəsə eyni satış qiyməti ilə təklif olunmalıdır. Ola bilsin ki, dövlət sabit tarifləri tətbiq etməklə, sabit gəlirləri sığortalamaq istəyir. Yanlış qərardır!

Digər tərəfdən, Azərbaycanda kommunal xidmətlər sahəsində rəqabətlilik yoxdur. Dövlət qurumlarına alternativ şirkətlər mövcud deyil. Xidmətləri və onların tairflərini də dövlət şirkətləri tənzimləyir.

Dəfələrlə demişəm ki, kommunal xidmət qurumları mütləq şəkildə özəlləşdirilməlidir. Bazarda hər sahə üzrə alternativ ən azı 2 şirkət fəaliyyət göstərməlidir.

- Sakini olmayan və enerji sərfiyyatı olmayan mənzilə görə sahibinin aylıq 5 manat ödəməsi xüssusiıə çoxlu sual və narazılıq doğurur...

- Açığı, bu qanun layihəsində məntiqli bir şey görmürəm. İndiki halda, belə bir addımın həm sosial, həm də iqtisadi əsaslandırması yoxdur. Elektrik enerjisindən istifadə etmirsə, vətəndaş niyə pul ödəməlidir ki?!

Sayğacın təmiri, texniki baxımı qarşılıqlı müqavilə ilə tənzimlənməlidir. Vətəndaşa sayğac gətirib qoyurlar və deyirlər ki, bu qiymətədir. Şirkətlərin alternativi olmadığı kimi, təmir servislərinin də alternativi yoxdur. Bu gün hansısa vətəndaşın evində sayğac xarab olursa, mütləq rəsmi dövlət qurumuna müraciət etməlidir.

Azərbaycanda uzun illərdir ki, kommunal xidmət sektoru birbaşa dövlət inhisarındadır. Bütün hallarda vətəndaşların kommunal xidmətlərlə bağlı alternativ seçim şansı olmalıdır. Vətədaşın narazı olduğu xidmətdən imtina etmək hüququ olmalıdır. Lakin imtina etdikdən sonra üz tutacağı alternativ yoxdur. Problemin kökü, qaynağı buradadır.

Share on Facebook