Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi Cavad İsgəndərlinin ölümünə səbəb olan yol qəzasında təqsirləndirilən sürücülər hakim qarşısına çıxarılıb.
Hadisə Binəqədi rayonunda, Şövkət Məmmədova küçəsi ilə Cəfər Xəndan küçəsinin kəsişməsində baş verib. “Prius”la “Tufan M50” markalı moped toqquşub.
Qəza zamanı mopeddə olan sərnişin Cavad İsgəndərli dünyasını dəyişib. Cavadın olduğu mopedi tələbə yoldaşı idarə edirmiş.
“Prius”un sürücüsü isə A.Şıxcanov olub. Qəzaya səbəb Şıxcanovun işıqforun qırmızı işığında yola davam etməsi olub.
Qəza zamanı dünyasını dəyişən Cavadın anası sürücülərin heç birindən şikayətçi olmayıb. Lakin hər iki şəxsin onlara və ailəsinə qarşı diqqətindən gileylənib: “Baş daşı üçün bizə 5 min manat yardım edilib. Heç biri qəzadan sonra mənəvi olaraq da yanımızda olmadı. Bir il keçib, amma heç bir dəstəklərini görmədik. Buna baxmayaraq onları bağışlayıram”.
Məhkəmə “Prius” sürücüsü Şıxcanov barəsində 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Moped sürücüsü isə Cinayət Məcəlləsinin 267.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə bəraət alıb. Məhkəmə araşdırması zamanı moped sürücüsünün heç bir təqsirinin olmadığı, “Prius” sürücüsünün qırmızı işıqda keçəsi nəticəsində qəza baş verdiyi sübuta yetirilib.(Musavat.com)