Neftçalanın "Şəhidlər şəhirciyi"ndə acınacaqlı vəziyyət - FOTOLAR

Neftçala rayonunun Mirzə Ələkbər Sabir küçəsində, rayonda "Şəhidlər şəhirciyi" kimi tanınan yaşayış massivində problem yaşanır.  Şəhərciyin sakini Maqsud Poladov Qaynarinfo-ya bildirib ki, şəhərcik salınandan sonra bəzi küçələr təmir olunsa da, onların yaşadığı küçə bərbad vəziyyətdədir.  "Burada cərgə ilə şəhid ailələri və qazilər üçün fərdi yaşayış evləri tikilib. Tikinti bitdikdən sonra bizim küçədən başqa bütün ara küçələr təmir edildi. Bizim küçənin hansı səbəbdən təmir olunmadığı ilə maraqlandıqda dedilər ki, növbəti il təmir olunacaq. Artıq 3 ildir ki, evlər təmir olunub. Bu müddət ərzində bizim küçəyə heç baxan olmayıb", deyə Maqsud Poladov əlavə edib.  Onun sözlərinə görə, problemlə əlaqədar yerli icra hakimiyyətinə müraciət edilsə də, nəticəsi olmayıb. "Bu biganəliyin səbəbi bizə məlum deyil. Küçə bərbad vəziyyətdədir. Yağış yağdıqda ümumiyyətlə bu küçədə hərəkət etmək mümkün olmur. Dəfərlərlə icra hakimiyyətinə müraciət etmişik. Oradan bildiriblər ki, düzələcək, amma düzəlmir ki, düzəlmir. Bilmirik hara müraciət edək", deyə şikayətçi vurğulayıb.  Maqsud Poladov bildirib ki, sakinlər məsələ ilə əlaqədar daha yuxarı orqanlara müraciət etmək niyyətindədirlər:  "Rayon rəhbərliyi heç bir tədbir görmədiyinə görə, düşünürük ki, daha yuxarı qurumlara şikayət edək. Bəlkə o zaman gəlib düzəldərlər. Başqa yolumuz yoxdur". Qaynarinfo məsələ ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, zənglərə cavab verən olmayıb.  Maqsud Poladov redaksiyamıza ərazidən çəkilən görüntüləri də təqdim edib. Həmin görüntüləri oxucuların diqqətinə çatdırırıq.

Sayt rəhbəri Müsavat başqanının müşaviri təyin edilib

Müsavat Partiyasının başqanı Arif Hacılı sərəncam imzalayıb. Sözcu.az xəbər verir ki, Arif Hacılının imzaladığı sərəncamla Elşən Əli oğlu Məmmədov (Əlisoy) başqan müşaviri təyin edilib. Qeyd edək ki, Elşən Məmmədov (Əlisoy) "Sözcü.az" saytının rəhbəridir.

Allahşükür Paşazadə fitrə zəkatının məbləğini ELAN ETDİ

Qafqaz Müsəlmanları İdaərsinin (QMİ) sədri şeyülislam Allahşükür Paşazadə fitrə zəkatının məbləğini açıqlayıb. Sozcu.az-ın məlumatına görə, QMİ sədri bildirib ki, Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. “Qazılar Şurasının Fətvasına görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Qeyd edirik ki, Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib". Xatırladaq ki, bu il Orucluq martın 11-də başlayıb. Aprelin 10-u və 11-i Azərbaycanda Fitr bayramıdır.

Vardanyan Nobel Sülh Mükafatına namizəd göstərildi

Ruben Vardanyan xeyriyyəçilik və humanitar fəaliyyətinə görə 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilib. Onun namizədliyi bir sıra nüfuzlu şəxslər, o cümlədən Nobel Sülh Mükafatı laureatı tərəfindən təklif olunub. Vardanyanın ofisi məlumatı təsdiqləyib.  “Nüfuzlu şəxslər Ruben Vardanyanı bu yüksək mükafata nəinki Ermənistanda, hətta bir sıra ölkələrdə beşə yaxın yeni və analoqu olmayan təhsil, xeyriyyə, elm və humanitar strukturların yaradılması və dəstəyinə görə irəli sürüblər”, – deyə erməni revanşistin ofisindən bildirilib.Musavat.com

Zavod çörəyi ilə bağlı inanılmaz iddia: Tərkibindəki bu maddə öldürür!

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov və Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı mağazalardakı qidaların keyfiyyətsizliyindən və alıcıların aldadılmasından danışıblar.  Sozcu.az xəbər verir ki, ekspertlər hətta marketlərdə satılan çörəyin də sağlamlıq üçün təhlükəli olduğunu qeyd ediblər. Elçin Bayramlı zavod çörəyinin konsaregenlərlə dolu olduğunu iddia edib: “Emal sənayesində elə bir qida yoxdur ki, tam sağlam olsun. Mən sizi əmin edirəm ki, bu, belədir. Təbii qida təbiətdən gələn, heç bir kimyəvi maddə qatılmayan, rafinə edilməyən qidalardır. Bu gün insanlar qida qəbul etmir qidanın imitasiyasını qəbul edir. Adi xamanı götürüb üstündə yazılanları oxusanız görəcəksiniz: quru süd, süd yağı əvəzləyicisi, digər kimyəvi maddələr. Xamanın içində süd yoxdur, bunu açıq-aşkar özləri yazırlar.  Çörək də təbii deyil. Yalnız təndirxanalarda, birinci növ undan bişirilən çörəklər təbiidir. Zavodlarda müddət uzadıcı, ağardıcı dərmanlar vurulan çörəklər birbaşa konsaragendir. Bu, birbaşa ölümcül məhsuldur. Zavodlarda bişirilən çörəklərə sürətli mayalandırıcı vurulur. Normal vəziyyətdə 30 dəqiqəyə mayalanan xəmir bu sayədə 5 dəqiqəyə mayalanır, çünki zavod dayanmadan istehsal etməlidir. Bu maddə isə birbaşa konsaragendir. Və ya unun keyfiyyətsizliyini gizlətmək üçün çörəyə ağardıcı dərmanlar vurulur. Bu zaman çörək artıq təbii qida sayılmır”.   Eyyub Hüseynov bir müddət əvvəl Azad İstehlakçılar Birliyinə gətirilən “təbii bal”ın tərkibini yoxladıqlarını və tərkibindən baldan əsər-əlamət olmadığını açıqlayıb:  “Keçən həftə Azad İstehlakçılar Birliyinə “təbii bal” gətiriblər. Saxla bal istehsalçısı üstünə “natural” yazıb, arı şəkli vurub. Tədqiqat apardıq, məlum oldu ki, “paraşok”dur  (toz). Məlum oldu ki, tərkibində baldan əsər yoxdur, hamısı tozlardan hazırlanıb. Qida Təhlükəsizliyi Agentliyi ilə məsələ qaldırdıq və həmin məhsulun satışı tamamilə dayandırıldı, mallar müsadirə olundu. Qida sahəsində bu cür anormal hallar var”. 

Zəngilandan gələn fəhlə avtobusu aşdı: 20 nəfər...

11:44 Beyləqanda fəhlə aparan avtobus aşıb, yaralılar var. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, Zəngilandan gələn "İsuzu" markalı avtobusun sürücüsü idarəetməni itirib. Nəticədə avtobus su kanalına aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Faktla bağlı Beyləqan RPŞ-da araşdırma aparılır. *** Bu gün saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır: "Onlardan 18-də bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb. 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".

Akşənərin yerinə 3 nəfər namizəd oldu

Xəbər verdiyimiz kimi, İYİ Partiyasının sədri Maral Akşənər partiya sədrliyinə namizədliyini irəli sürməyəcək. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, artıq İYİ Partiyasının sədrliyinə 3 nəfər namizədliyini irəli sürüb. Onlar - siyasi təşkilatın Türkiyə Böyük Millət Məclisində (TBMM) İzmiri təmsil edən deputatı Müsavat Dərvişoğlu, partiyanın TBMM-dəki fraksiyasının rəhbəri Koray Aydın və M.Akşənərin hazırda müavini olan Mehmet Tolqa Akaldır.

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 297 (Cild I) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 1. 1.7.4-cü yarımbənddə “ali təhsil tələb olunmayan” sözləri “informasiya texnologiyaları sahəsində” sözləri ilə əvəz edilsin. 2. 1.7.6-cı yarımbəndə “baş” sözündən əvvəl “ali və” sözləri əlavə edilsin. 3. 3.3.5-ci yarımbənddən “(bu Əsasnamənin 1.7.4-cü yarımbəndində göstərilən şəxslər istisna olmaqla)” sözləri çıxarılsın.

Gürcüstanda ağır qəza: 10 turist xəsarət aldı

Gürcüstanın İmereti bölgəsinin Xoni rayonu ərazisində xarici turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, nəticədə 10 turist xəsarət alıb. Yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər. Onların hamısı Litva vətəndaşlarıdır. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma başlayıb.

ABŞ husilərin zenit sistemini məhv etdi

ABŞ ordusu Yəmən ərazisinə növbəti zərbə endirərək, husilərin zenit-raket sistemini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. “CENTCOM qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazilərdə “yer-hava” tipli raket sistemini uğurla məhv edib”, - deyə bildirilib.

Ruslar əsir düşmüş ukraynalı əsgərləri güllələdi

Rusiya hərbçiləri əsir düşmüş silahsız ukraynalı hərbçiləri Xerson vilayətinin Krinki kəndində güllələyiblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir. Bildirilib ki, yayılan videogörüntülərdə yerdə tərpənməz halda uzanmış üç ukraynalı əsgərin güllələnməsi əks olunub. Faktla bağlı araşdırma aparıldığı bildirilib.

Pakistanda bombalı hücum: ölü və yaralılar var

Pakistanın cənub-qərbində bomba yüklü motosikletin partlaması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə AP polisə istinadən məlumat yayıb. Partlayış əyalətin paytaxtı Kvetta ilə qonşu Sind əyalətinin Karaçi liman şəhərini birləşdirən əsas magistral yolda yerləşən Xuzdarda baş verib. Yerli polis komissarının müavini Məhəmməd Arif Zarkon yaralananlar arasında bir qadın və iki polisin olduğunu bildirib.

SEPAH-ın kanalı Bakını bombalamağa çağırdı

SEPAH-a bağlı Teleqram kanalı (rus dilində) Təl-Əvivə 20 raket, "İsrailin Bakıdakı yuvalarına" isə 5 raket atmağa çağırış edib. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, bu kanal Azərbaycana özünün radikal münasibəti ilə fərqlənir. "Təl-Əvivə 20 raketin və İsrailin Bakıdakı yuvalarına 5 raketin buraxılması İran İslam Respublikasının bölgədə sağ qalması və müqavimət cəbhəsinin davamlı olması və dəstəyi üçün lazımdır", - deyə bildirilib. Göründüyü kimi, İran silahlı qüvvələrinin ən böyük qoşunu - ali dini liderə bağlı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıq-aydın şəkildə ölkəmizin paytaxtını bombalamağa çağırır. Bütün bunların səbəbi isə Ermənistanın işğalına son verərərək, Qarabağın (müsəlman torpaqlarının) azad olunması, "xaçlı klubun" Güney Qafqazdakı ordusunu (artsax) bitirməmiz, düşmənin üzərində möhtəşəm zəfər qazanmamızdır. Bütün erməni təəssübkeşləri kimi, İran da bu gəlişmədən rahatsızdır.

Goranboyda 19 yaşlı oğul anasını öldürdü

Aprelin 7-də saat 17 radələrində rayon sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sozcu.az-a Goranboy rayon Prokurorluğundan bildirilib. Araşdırma zamanı 2005-ci il təvəllüdlü Şahin Əmrahovun rayonun Tatarlı kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Alidə Kazımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Ş.Əmrahov rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Ər və arvad dəm qazından boğuldu

Cəlilabad rayonunda fərdi yaşayış evindən ər və arvadın meyitləri aşkar edilib. Sozcu.az xəbər verir ki, onların dəm qazından öldüyü ehtimal olunur. Hadisənin təfərrüatı və onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Moskvada polislərə silahlı müqavimət: ölən var

20:18 Rusiyanın paytaxtı Moskvada iki polis əməkdaşına hücum edilib. Sozcu.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata görə, polis əməkdaşlarından biri ölüb, ikincisi reanimasiyadadır. *** Polislərə hücum Moskva yaxınlığında narkotacirlərin yaxalanması əməliyyatı zamanı baş verib. Bu barədə Rusiya DİN-in nümayəndəsi İrina Volk deyib. O bildirib ki, yaxalanma zamanı cinayətkarlar silahlı müqavimət göstəriblər: “Cinayətkarların şəxsiyyətinin müəyyən edilməsi və tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir”.

PKK-nın 6 terrorçusu MƏHV EDİLDİ

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının altı üzvü zərərsizləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib. “Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Metina və Qara bölgələrində aşkarladığı 6 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib”, – nazirliyin mətbuat xidməti qeyd edib.

Rusiyaya qonşu olmaq baha başa gəlir - Stoltenberq

NATO üzvü olan bütün ölkələr son nəticədə Ukraynaya uzunmüddətli yardım üçün hərbi fondun yaradılması ideyasını dəstəkləyəcək. Sozcu.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib. “Bütün üzv ölkələr razılaşdılar ki, NATO-nun rolunu gücləndirməyi planlaşdırmağa başlamalıyıq. İkincisi, bu xərclərdən qaçmağın heç bir mənası yoxdur. Rusiyaya qonşu olmaq baha başa gəlir. Ukraynanın suveren, müstəqil ölkə kimi qələbəsini təmin etmək baha başa gəlir. Bu mövzunu müzakirə etməyin ən yaxşı yolu ödəniş edib-etməmək deyil, necə ödəməyi müzakirə etməkdir”, - Stoltenberq bildirib.

SEPAH təyyarəsinin İrəvana nə daşıdığı bilindi

Xəbər verdiyimiz kimi, 29 mart-4 aprel tarixlərində SEPAH-a xidmət edən Boinq-747 yük təyyarəsi İrandan İrəvana 5 dəfə reys həyata keçirib. Sozcu.az xəbər verir ki, erməni mediası İranın bu təyyarə ilə Ermənistana pilotsuz təyyarələr və digər silahlar ötürdüyünü yazıb. Qeyd edək ki, İR4705 bort nömrəli təyyarə 29 martda 12:10-da, 30 martda 14:03-də, 2 apreldə 05:48-də, 3 apreldə 07:32-də, 4 apreldə 12:29-da İrəvana uçub.

FHN Şəmkirdəki partlayışla bağlı məlumat yayıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə baş verən partlayışla bağlı məlumat yayıb. "Report"un xəbərinə görə, məlumatda deyilir ki, hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib. Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb. FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. 10:17 Şəmkir rayon Çaparlı kəndində 2 mərtəbəli fərdi evdə partlayış olub, 3 nəfər xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Çaparlı kənd sakini, Murad Mərdənova məxsus 2 mərtəbəli evdə qeydə alınıb. Hadisə zamanı bir ailənin 3 üzvü - 2001-ci il təvəllüdlü Azadə Mərdanova, 1985 təvəllüdlü Bəsdi Mərdanova və 1 yaşlı uşaq müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir. Qeyd edək ki, qazsızma nəticəsində baş vermiş partlayış səbəbindən evin hər iki mərtəbəsinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Bakıda yağış, rayonlarda qar - SABAHIN HAVASI

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Zelenski: “Ərdoğan başa düşməlidir ki…”

“Ərdoğan başa düşməlidir ki, Rusiya ilə danışıqlar üçün təkcə Türkiyə kifayət deyil”. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Türkiyə məhbuslarla bağlı məsələdə bizə kömək etdi. Bu, bir faktdır. Onlar vasitəçi olmaq istəyirlər. Amma prezident Ərdoğan bilməlidir ki, təkcə Türkiyə vasitəçi kimi kifayət deyil. Bizim üçün sülh sammitinin formatı daha yaxşıdır. Mən Türkiyənin təkbaşına Putinin siyasətini sıxışdıra biləcəyini düşünmürəm”, – Zelenski bildirib. Ukrayna liderinin sözlərinə görə, Türkiyə vasitəçilik missiyasını yerinə yetirəcək ölkələrin siyahısında yer alacaq. “Bu gün bizim planlaşdırdığımız format çox mürəkkəbdir. Çünki müxtəlif ölkələri bir araya gətirməliyik. Hamısını toplamalı, format tapmalı və necə davam etməyin yollarını müzakirə etməliyik. İnanıram ki, bu ölkələr Rusiyanı sülhə məcbur edə bilər”, – deyə Zelenski vurğulayıb.

Biləsuvarda "Mercedes" aşıb, xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib Sozcu.az xəbər verr k, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralında, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb. İmişli rayon Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Amil Ramiz oğlu Əsədov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində sürücü və sərnişin olan həmkəndliləri, 1996-cı il təvəllüdlü Nicat Telman oğlu Tarverdiyev və 1991-ci il təvəllüdlü Murad Zahir oğlu İsmayıllı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.apa

Bakıda Lerik sakini siqaret üstündə 4 nəfər tərəfindən döyülərək bıçaqlanıb

Bakının Xəzər rayonunda 4 nəfərin hücumuna məruz qalan şəxs bıçaqlanıb. Sozcu.az-ın məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü, Lerik rayon sakini Məmmədov Raul Ağababa oğlu küçədə gedərkən ona 4 nəfər tanımadığı şəxs yaxınlaşaraq döyüblər. Dava zamanı tanımadığı şəxslər ona bıçaq xəsarətləri yetiriblər. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki tərəfli döş qəfəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Raul Məmmədov “Report”a açıqlamasında deyib ki, mübahisə siqaret üstündə düşüb. Hadisənin təfərrüatı araşdırılır.report