Azərbaycanda şagirdlər arasında dava - xəsarət alan var

Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var. Sozcu.az xəbər verir ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib. "Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər", - məlumatda qeyd olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanılıb, məsələyə hüquqi qiymət veriləcək.

Qanun dəyişdi: Azərbaycanda siqaretin qiyməti yenidən qalxacaq

Milli Məclisdə “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik edilib. Qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilir. Qanunda tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması öz əksini tapıb.  Qeyd edilənləri nəzərə alanda, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət vardır. Bəs görəsən bu dəyişiklik tütün məmulatlarının qiymətinə təsir göstərəcəkmi?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu dəyişiklik qiymətlərin bahalaşmasına gətirib çıxacaq:  “Onsuz da tütün və alkoqol məmulatlarını satmaq üçün lisenziya şərti var idi. Bu ona gətirib çıxaracaq ki, xırda ticarət məntəqələrində artıq tütün və spirtli içki məhsulları satıla bilməyəcək. Hazırda məlum olduğu kimi, qəzet köşklərində belə istənilən siqaret satılır. Yəqin ki, onlar yığışdırılacaq. Təkcə böyük ticarət şəbəkələri bu lisenziyanı ala biləcək. Bu da təbii ki, qiymətlərin bahalaşmasına səbəb olacaq. Ancaq bu qiymət artımı ilə həll olunacaq məsələ deyil. Əksinə, elə bir şərait yaranar ki, xarici ölkələrdən gətirilən siqaret və spirtli içkilərin bazarda sayı arta bilər”.  Ekpsertin fikrincə, qanunda edilən dəyişiklik bazarda kustar üsulla hazırlanmış spirtli içkilərin artması ilə nəticələnə bilər:  “Belə dəyişiklər zamanı qonşu ölkələrdəki eyni məhsulla bağlı qiymət göstəriciləri mütləq nəzərə alınır. Qonşu ölkələrdə qiymətlər aşağı olacaqsa, xaricdən ixracın qarşısını almaq mümkün olmayacaq. Alkaqollu içkilərdə isə vəziyyət daha pis ola bilər. Çünki belə olan təqdirdə kustar üsulla hazırlanan içkilərin sayı bazarda arta bilər. Bu isə insan sağlamlığına daha pis təsir edir. Rusiyada bununla bağlı mənfi nümunənin şahidi olmuşuq. Ona görə də bu məsələyə diqqət yetirmək lazımdır. Əks effektlər mütləq nəzərə alınmalıdır”. 

Azərbaycanda qız atasının səsini yazıb anasına göndərdi, kişini həbs etdilər

Azərbaycanda daha bir dəhşətli cinayətlə bağlı məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 14 yaşına çatmamış öz doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 1971-ci il təvəllüdlü Samir Məmmədova (ad-soyad şərtidir) 16 il həbs cəzası verilib. Məlum olub ki, Samir 2009-cu il təvəllüdlü qızı Naziləyə (ad şərtidir) 2020-ci ildən 2023-cü ilədək əxlaqsız hərəkətlər edib. Bundan başqa, qızına pornoqrafik videolar göstərərək eynisini ondan tələb edib. Yeniyetmə isə bu durumu heç kimə açıqlaya bilməyib. Belə ki, Nazilə ona heç kimin inanmayacağını düşünüb. Atasının əxlaqsız davranışlarından təngə gələn yeniyetmə, özünü sübut etmək üçün sonda valideyninin səsini telefona yazıb. Daha sonra isə səsyazmanı vatsapda anasına göndərib. Qızın anasının ilk müraciət etdiyi ünvan isə DİN-in “102” xidməti olub. Bütün bunlara baxmayaraq, Nazilə məhkəmədə atasından şikayətçi olmadığını, onunla barışdığını bildirib və valideyninə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib. Məhkəməyə sədrlik edən Bilal Məmmədov isə qanuna uyğun davranaraq, məhkumun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin vacibliyi ilə bağlı qərar verib. (qafqazinfo)

Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı

Ötən gün Bakıda baş verən intiharla bağlı yeni faktlar üzə çıxıb.  Lent.az-ın əldə etdiyi məlumata görə, 1972-ci il təvəllüdlü Habil Sulduz oğlu Abbasov Nərimanov rayonu, Aşıq Alı küçəsi, 2B saylı 12 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən evin yataq otağının pəncərəsindən özünü ataraq öldürüb. İlkin araşdırma zamanı müəyyən edilib ki, Habil Abbasov 30 ildən çox müddət əsəb xəstəliyindən əziyyət çəkib, bununla əlaqədar 2 nömrəli Klinik Psixiatrik Xəstəxanasında müalicə də olunub. Lakin müalicələr nəticə verməyib. Evdə heç kim olmayan vaxt o özünü binadan atıb.

MÜTƏXƏSSİSDƏN XƏBƏRDARLIQ: "Avtomobillərimiz buna görə tez-tez xarab olur"

Yeni avtomobillərin qiyməti o qədər bahadır ki, alıcıların çoxu işlənmiş maşın almağa üstünlük verir. İşlənmiş avtomobillərin isə yaxşısını tapmaq biraz çətindir. İkinci əl avtomobil almaq istəyənləri ən çox narahat edən məsələ seçimdə aldanmamaqdır. Çünki, bazarda kifayət qədər aşmış, problemli, yürüşü çəkilmiş avtomobil "bezkraska", "ideal", "otur sür" adıyla alverçilər tərəfindən təqdim edilir. Bəs ikinci əl avtomobil alarkən nələrə diqqət etməliyik? Avtomobil ustası Vüqar İmanov Moderator.az vasitəsilə bəzi məqamlara toxunub. “Avtomobildə ən önəmli amil onun ili və yürüşüdür. Yürüş burada böyük rol oynayır. Çünki mühərrikin çalışma saatı, sürətlər qutusu, ötürücü körpü və s. bunlar hamısı yürüşdən asılıdır. Təbii ki, ikinci əl avtomobildə hissələrinin rənglənməsi varsa deməli bu avtomobil qəza keçirib. Əsas fikir verirlər ki, avtomobil rəngi dəyişməmiş olsun. Avtomobilə hansı servisdə necə qulluq olunubsa, onun servis kitabçası olmalıdır. Baxımlı avtomobillərin servis kitabçası olur. Orada nə iş görülübsə qeyd yerində yazılır. Servis kitabçası avtomobilin içərisində olarsa, o yaxşı hesab olunur” deyə usta bildirib. Usta Vüqar İmanov insanları dəyərindən ucuz avtomobilləri almamağa çağırıb. “Bəzən hansısa avtomobilləri dəyərindən ucuz qiymətə alırlar. Hansı ki, istismar müddəti də bitib. Ucuz qiymətə auksiona çıxarırlar. Bəzən həvəskar sürücülər olur ki, belə avtomobilləri alır. Maşını ustaya gətirəndə əsas məsələ orada üzə çıxır. Əlimizi hansı detala vururuqsa, dərhal sıradan çıxır. Köhnə avtomobil alan sahibkar düşünməlidir ki, ona külli miqdarda pul xərcləməlidir. Məsəl üçün 6 minlik maşın almısansa, üstünə 6 min də qoymalısan ki, onu normal sürə biləsən. Bu cür maşın almaqdansa bahalı velosiped alıb sürmək ondan yaxşıdır” deyə usta bildirib. Son günlər avtomobillərin dayandığı yerdə yandığını bildirən usta bunun səbəbini bəzi sürücülərin məsuliyyətsiz hərəkətlərində görür. “Avtomobillərdə adətən alışma əlavə avadanlıqların quraşdırılmasına görə baş verir. Əlavə avadanlıqlar deyəndə işıq sistemində güclü lampaları nəzərdə tuturuq. Hesablanmamış lampalar qoyulanda məftillərin müqaviməti dəyişir, isinmə gedir və alışma baş verir. Xaricetmə sistemində, yəni avtomobilin səsboğuzucusuna müdaxilə olunduqda yanğın olur. Avtomobilin yanacaq sistemində nasazlıq, hansısa sızıntı olduğu halda da avtomobildə yanğın baş verə bilər” deyə usta bildirib.

Bu rayonda anadan olan uşaqların yarısı nikahdankənar doğulub – Rəsmi

Azərbaycanda il ərzində doğulan 122 min 846 körpədən 15,3%-i və ya 18 min 814-ü rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Sozcu.az açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin 14 min 401-i hər iki valideyinin ərizəsi əsasında, 4 min 413-ü isə tək ananın ərizəsi əsasında qeydə alınıb.  Onu da bildirək ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı son bir ildə 7,1% artıb Rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin 11 min 630-u kənd yerlərində, 7 min 184-ü şəhərlərdə doğulub. Qeyd edək ki, Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ən çox 2011-ci ildə olub - 30 min 983 nəfər. Məlumat üçün onu da qeyd edək ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı ən çox Cəlilabad rayonunda qeydə alınıb. Bu rayonda il ərzində dünyaya gələn uşaqların 47,9%-i və ya 1 815-i rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Cəlilabad rayonun kəndlərində doğulan körpələrin isə yarıdan çoxu – 51,6%-i rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı ən az Şahbuz rayonunda qeydə alınıb. Şahbuzda il ərzində dünyaya gələn uşaqların cəmi 1,5%-i və ya 3-ü rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib.

Lənkəranda “Rənc Rover” yandı

Lənkəranda “Rənc Rover” markalı avtomobil yanıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, “Rənc Rover” markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müsavatda namizədlərin irəli sürülməsinə start verildi

Aprelin 15-də Müsavat Partiyasının 11-ci qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. İclasda bildirilib ki, mayın 4-nə təyin olunan qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktubla müraciət olunub. Müraciətdə qurultayın Rəşid Behbudov adına Mahnı Teatrının binasında, Nizami kinoteatrında, Səttar Bəhlulzadə adına mədəniyyət sarayında, yaxud uyğun tutumu olan başqa binada keçirilə biləcəyi qeyd oedilib. Təşkilat Komitəsi  qurultaya hazırlıqla bağlı müvafiq prosedurları təsdiqləyib. Prosedurlara əsasən partiyanın seçkili orqanlarına namizədlərin irəli sürülməsinə aprelin 16-dan start verilir. Partiyanın başqanı vəzifəsinə, eləcə də MNTK və Məclis üzvlüyünə namizəd olmaq istəyən şəxslər müvafiq ərizə yazaraq aprelin 30-u, saat 18:00-dək Təşkilat Komitəsinə təqdim etməlidirlər.  Təşkilat Komitəsi qurultayın fəaliyyətini işıqlandırmaq istəyən media orqanlarını qabqcadan partiyaya müraciət edərək akreditasiyadan keçməyi təklif edib.  1911-ci ildə yaradılan Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub. Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb. 2014 və 2019-cu illərin qurultaylarında Arif Hacılı başqan seçilib.  Foto: Müsavatın 13 sentyabr 2019-cu il tarixli 9-cu qurultayında səslərin sayılması prosesi Basta

RƏQS EDƏ BİLMƏYƏNLƏRİN ZAMANI...

Küçənin ortasında rəqs edən adam düşünün. Musiqisiz filansız. Musiqi var. Ancaq rəqs edənin qulaqlarındadır, yalnız özü eşidir. İlk baxışda nədi ki, adam rəqs edir də. Nə olsun ki, əvvəlki kimi toyda, şənlikdə, konsert salonlarında yox, küçədə, həm də təkbaşına rəqs edir. Ürəyi istəyir, rəqs edir. Bu da bir şənlikdir. Lap elə olsun fərdi şənlik. Ya iki nəfərin şənliyi. Haradan baxsan şənlikdir. Həm də incəsənət. Axı pis rəqs etmir(lər). Amma heç baxan da yoxdur. Ətrafda hamı öz işindədir. Kimi gedir, kimi gəlir, kimiləri dayanıb söhbət edir, tək-tük başını çevirib baxanlar da instiktiv diqqət kəsilir. O da ani. Çünki artıq küçənin ortasında, parkda-filanda fərdin və ya kiçik qrupun qəfil durub rəqs etməsi yeni bir şey deyil. İşini buraxıb qoşulan olur, təəccüblənən, narazı qalan yox. Hətta yolu kəsilmiş maşın dayanıb, işıqforun qırmızı işığındaymış kimi sbrlə gözləyir ki, “rəqqas” ya işini bitirsin, ya da bəlkə oynaya-oynaya yoldan çəkilər. Dediyim kimi, heç kim təəccüblənmir, hirslənmir, çünki artıq belədir.   30 il əvvəl bu hərəkətə dərhal tutulub aparılacaq adam indi belə şeyi ağlına da gətirmir. İndi 30 il sonranı düşünək. Artıq küçədə-filanda rəqs etməyən adam cəmiyyətə yad görünür. Çünki hamı atılıb-düşür, rəqs edir, ən azı “rəqs meydançası”ndan keçən ani də olsa prosesə qoşulur, ərazini atılıb-düşə, əl-qol oynadaraq keçir. Yoxsa, bəlkə də tutulub aparılar. Niyə? Çünki artıq bu bir norma, həyat tərzidir və o (rqsə qoşulmayan), növcud normaları pozur.  Həmin vaxt artıq küçədə lüt gəzən adamlara heç kim fikir verməyəcək (Indi rəqs edənə fikir verən olmadığı kimi). Ətrafda hərə öz işində olacaq. Çevrilib çılpağa baxan da olsa, instiktiv və ani edəcək bunu. Nədir ki, adam(lar)dı də, nə olsun lütdü(lə)r. Göstərdiyi də hamıda olndandır. Haradan baxsan, Allahın yaratdığıdır. Hələ bəlkə bir az da mədəniyyətdir. Olsun yeni mədəniyyət. Amma mədəniyyətdir. Hamı görür, heç kim heç nə demir, nəsə deməyi ağlına gətirən də yoxdur, nəsə demək də olmaz, amma soyunub qoşulmaq olar. 30 il əvvəl bu hərəkətə görə dərhal tutulardı, aparılardı. Amma 30 il sonrakı adam bunu heç ağlına da gətirmir.  İndi daha 30-40 il sonranı düşünürük. Artıq küçədə lüt gəzməyən yoxdur. Təsadüfən paltarlı gəzən olsa, cəmiyyətə yad görünür.  Daha 40-50 il sonra havalar daima istidir, küçədə-bayırda yenə hamı lütdür, orada-burada cütləşənlər gözə dəyir, ərazidən keçənlərdən cütləşənlərə qoşulanlar da olur. Parkda-xiyabanda uşaq dünyaya gətirənlər var. Bir yanda kimsə təbii ifrazatını küçənin ortasına boşaldır, o biri yanda biri başqasının yediyini əlindən qapıb öz ağzına basır. İtələşirlər, dalaşırlar, güclü qalib gəlir, ya da söyüşməklə kifayətlənib, ayrılırlar. Fərqli cinslər, arientasiyalardırsa, bəlkə hələ ayrılmazdan əvvəl cütləşirlər də.  Daha 50-60 il sonra hamı bir-birinə hürür. Çöldə-bayırdı uşaq gözə dəymir. Orada-burada güclülər cumub gücsüzləri yeyir. Hər yan qara, qırmızı qan ləkələri, təzə-köhnə insan sümükləridir. Hardasa bir qadın ağacın başındadır, iki kişi ağacın altında savaşır. Başqa bir tərəfdə bir qrup qadın, bir kişini didib, parçalayıb yeyir və s... Bu nəsil artıq rəqs edə bilmir. Onun heç xəbəri də yoxdur ki, bir vaxtlar hamı paltar geyinib, hərə öz yeməyini yeyib, insanlar yataqda, mübhəm yerlərdə sevişib, uşaqlar doğum evində dünyaya gəlib, təbii ehtiyacların ödənməsi üçün ayaqyolu deyilən guşələr varmış və bütün bunlar insanın həyat tərzi olub. O həyat tərzi ki, insanlar sevinəndə, xoşbəxt olanda yığışıb rəqs edirmişlər. Hələ rəqs etmək üçün ayrıca meydançalar, salonlar da varmış. Adamların rəqs eləməsi üçün “ansambl” deyilən qrup çox maraqlı, həvəsləndirici nələrsə ifa edirmiş. Adına da musiqi deyirlərmiş. Özü də dünyada uşaqdan böyüyə hamı rəqs edə bilirmiş. Və insanların bir-birini rəqsə dəvət etmək kimi gözəl ənənəsi varmış...   İlqar Rəsul

İbtidai siniflər üçün 5 günlük yaz tətili olacaq — Bu tarixlərdə

Mayın 1-dən Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayır. Sozcu.az xəbər verir ki, 1-5 may tarixlərini əhatə edəcək əlavə yaz tətili ibtidai siniflərə (I-IV sinif şagirdlərinə) şamil ediləcək. Əlavə yaz tətili 5 gün davam edəcək. Qeyd edək ki, 2023/24 tədris ili ötən ilin 15 sentybrında başlayıb və 2024-cü ilin 14 iyununda bitəcək. 

Ukrayna ordusu rus zabitlərinin olduğu komanda məntəqəsini vurdu

Ukrayna ordusu Krımda Rusiyanın yüksək rütbəli zabitlərinin yerləşdiyi komanda məntəqəsinə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın xüsusi xidmət orqanlarındakı mənbə bildirib. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

Ət dükanlarında alıcıları belə aldadırlar - ŞOK OLACAQSINIZ!

“Farşların ətdən ucuz olması barədə Azad İstehlakçılar Birliyinə çoxlu müraciətlər olunur. Bu da təbii haldır. Çünki farşın hazırlanmasında heyvanın beynindən, piyindən, yaxud yeyilməyən nahiyələrindən istifadə olunur. Bəzən də çəkilmiş ətin tərkibinə soya unu qarışdırırlar”.  Bu fikirləri “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. O, mağazalarda satılan farşla bağlı bir sıra iddialara aydınlıq gətirib: “Sadalanan səbəblərdən dolayı bu məhsulun qiyməti sümüksüz ətdən daha ucuz başa gəlir. Hətta murdar olan heyvan ətlərinin də farşın hazırlanmasında istifadə olunduğu istisna hal deyil. Bu isə istehlakçılar tərəfindən qətiyyən ayırd edilə bilmir. Bunu ancaq ekspertlərin apardığı araşdırmalar nəticəsində ortaya çıxarmaq mümkündür. Təəssüflər olsun ki, Nazirlər Kabinetinin 94 saylı qərarı həyata keçirilmir. Həmin qərara görə, əmtəə bazarında satılan bütün mallar, o cümlədən, farşlar bükülməlidir, üzərində farşa və onu istehsal edən müəssisəyə aid məlumatlar, həmçinin, istehsal və son istifadə tarixi qeyd edilməlidir. Lakin bunlara əməl edilmir. Ona görə də satışda olan çəkilmiş ətlə bağlı daim şübhələr mövcuddur. Hətta insanlar təmiz ət alıb mağazada çəkdirmək istəyəndə belə satıcılar onları aldadır. Bəzi işpazlar öncədən ətçəkən maşının içinə arzuolunmaz əti daxil edərək, həmin məhsula qatqı olaraq əlavələr edə bilirlər. Belə hallardan sığortalanmaq üçün istehlakçılara tövsiyəmiz odur ki, satıcıdan ətçəkən maşını bir neçə dəqiqə işə salıb təmizləndikdən sonra əti ora daxil etməyi tələb etsinlər. Bütün hallarda isə 1003 qaynar xəttinə zəng edərək Qida Təhlükəsizliyi Agentliyini bu barədə xəbərdar etmək mütləqdir”.  Qida eksperti İsa Əliyev də “Yeni Sabah”a açıqlamasında alıcılara bir sıra vacib tövsiyələr verib:  “Normalda farş da digər ətlər kimi keyfiyyət parametrlərinə uyğun olmalıdır. Bu məhsulun özünə aid sənədi, forma 2 arayışı olması mütləq şərt sayılır. Alıcılar bu sənədi satıcılardan tələb etməlidir. Çünki farş dediyimiz ətə müxtəlif əlavələr qataraq, onun qiymətini ucuzlaşdırırlar. Farş qatılan əlavələrə müxtəlif heyvan piyləri, bir sıra bitkilər, həmçinin, kartof qataraq, onun həcmini artırırlar. Bu təmiz yerdə hazırlanan zaman sağlamlıq üçün təhlükə törətmir. Ancaq birbaşa qida saxtakarlığıdır. Vətəndaşı aldadaraq, haqsız qazanc əldə edilir. Beləliklə, istehlakçı hüquqları pozulmuş olur.  Farşın hazırlanmasında istifadə olunan ətlər bəzən ölü və yararsız heyvanın ətindən olur. Hətta çəkilmiş ətə at əti qatanlar da var. Bu kimi hallar artıq birbaşa insan sağlamlığına təhdiddir. Belə hadisələrlə qarşılaşmamaq üçün istehlakçılara tövsiyə edirik ki, əti aldığı mağazadan, satıcıdan onun sertifikatını tələb etsinlər. Bu onların haqqıdır. Bu sənəddə ətin haradan alındığı, tərkibinə hansı əlavələrin olunduğu haqda məlumatlar öz əksini tapmalıdır. Əgər satıcı satdığı məhsulun sertifikatını təqdim edə bilirsə, ona güvənmək olar. Əks halda etibarlı sayılmır”. 

Maaş və pensiyalarda artımlar olacaq? - AÇIQLAMA

"Dünya bazarında "Brent" markalı neftin qiymətində artımlar müşahidə edilir. Son qiymətlər göstərir ki, bir barel "Brent” markalı neftin qiyməti 90 dollardan baha təklif olunur".  Bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.  Deputat əlavə edib ki, bir ay öncə bu rəqəm 82 ABŞ dolları təşki ledirdi: "Neftin qiymətindəki artımlar davam edir. Bu artımlar fonunda ölkəyə daxil olan xarici valyutanın həcmi də artır. Nəzərə almaq lazımdır ki, 2024-cü ilin dövlət büdcəsinin 45%-i, cari xərclərinin 70%-i sosial xərclər təşkil edir. Növbəti dövrlərdə fiskal gəlirlərimizə uyğun olaraq sosial istiqamətdə artımların olacağı istisna deyil". 

Uşaqların biri Bakıdan qonaq gəlibmiş - "Tok" vurub öldürən şagirdlərlə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İmişlidə iki yeniyetməni elektrik cərəyanı vurub. Hər iki yeniyetmə hadisə yerində dünyasını dəyişib. Məlumata görə, hadisə İmişli şəhər N.Şirinov adına 5 saylı məktəb-liseydə baş verib. Məlumata görə, məktəbin ərazisində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlunu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğlunu elektrik cərəyanı vurub. TƏBİB-dən bildirilib ki, 2010 və 2014-cü il təvəllüdlü 2 nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb. Vəfat edən şagirdlərin 8-ci sinifdə oxuduqları bildirilir. Modern.az baş verən hadisə ilə bağlı ətraflı məlumat öyrənmək üçün Mil-Muğan Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.  İdarədən verilən məlumatda hadisəni bazar günü günorta satlarında baş verdiyini bildirib: “Məktəbin ərazisində əlavə tikili var, uşaqlar arxa tərəfdən həmin tikilinin üstünə çıxıblar", - məlumatda qeyd olunub. Bildirilib ki, vəfat edən şagirdlərdən biri - İsbərov Amid Seyran oğlu İmişli məktəbinin şagirdidir: "Digər yeniyetmə Qubadlı məktəbinin şagirdidir, Bakıdan qonaq gəlib. Hələki təfərrüatlı məlumat yoxdur.  Aidiyyatı üzrə araşdırma aparılır", Foto: Hadisənin baş verdiyi tikili Qurumdan qeyd olunub ki, hadisənin baş verdiyi tikinti məktəbin hasarına yaxın olan ərazidədir: "Uşaqların niyə orada olduğu müəmmalıdır. Ora elə yerdir ki, gərək, nərdivan qoyub çıxasan. Həmçinin ərazidə ağaclıq var. O ağaclıqdan necə keçiblər, niyə keçiblər, bilinmir”.

4-cü sinif şagirdi vəfat etdi

Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi vəfat edib. Sozcu.az xəbər verir ki, məktəbli Kərimov Ruslan Elşən oğlu uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Ruslan məktəbin fəal şagirdi və dərs əlaçısı olub.

Bakıda azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs həbs edildi

Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub. Sozcu.az DİN-ə istinadla əbər verir ki, əməli törədən Maksim Məmmədov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə azyaşlını izləyib. Daha sonra binanın girişində yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Nərimanov rayon məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Gələn ay 10 gün iş olmayacaq

May ayının qeyri-iş günlərinin sayı açıqlanıb.  Sozcu.az xəbər verir ki, 9 May - Faşizm üzərində qələbə günü, 28 May–Müstəqillik Günü qeyri-iş günləri hesab olunur.  Şənbə və bazar günləri də əlavə edilsə, gələn ay 10 gün iş olmayacaq.  Qeyd edək ki, Ramazan bayramı ilə əlaqədar apreldə 11, martda isə Novruz tətilinə görə 15 gün iş olmamışdı. 

Abşeron 3, Yardımlıda 5 otaqlı ev yanıb

Abşeron və Yardımlıda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin döşəməsi 15 m² sahədə və tavanının taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Bundan başqa Yardımlı rayonunun Vərgədüz kəndində ümumi sahəsi 235 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıda 25 yaşlı qız dərman içərək ölüb

Bakıda 25 yaşlı qız dərman içərək ölüb. Sozcu.az xəbər verir ki, 1999-cu il təvəllüdlü, Xətai rayonu, M.Hadi küçəsində yaşayan Alışova Arzu Musa qızı yaşadığı mənzildə müxtəlif növ dərman həbləri qəbul edərək intihar edib. Araşdırma aparılır.

Sabirabadda maşın dərəyə aşdı: ölən var

Sabirabadda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində 1996-cı il təvəllüdlü Sabir Bayram oğlu Məmmədov hadisə yerində keçinib. Kənd sakini 1992-ci il təvəllüdlü Dostu Əliyar qızı İsmayılova isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Rayonlarda yağıntılı hava nə vaxta kimi davam edəcək?

Aprelin 15-i saat 9:00-a olan məlumata əsasən, aprelin 14-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağıntılı olub. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, Şahdağda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm olub. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 28 mm, Baş Daşağıl (Oğuz), Əlibəydə (Zaqatala) 23 mm, Qəbələdə 8 mm, Balakəndə 7 mm, İsmayıllı, Göyçay, Ağsu, Bərdə, Qrız, Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Kürdəmir, Qusar, Yevlax, Quba, Tərtər, Şamaxıda 5 mm-dək olub. Aprelin 14-də şimal-qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib. Biləsuvar, Şahdağ, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 20-25 dərəcə, Aran rayonlarında 25 dərəcəyədək, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub. Yağıntılı hava şəraiti aprelin 15-i axşam saatlarından tədricən kəsiləcək. 16-17-də ölkə ərazisində havanın sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləkləri üstünlük təşkil edəcək.

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub. Bu barədə Sozcu.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələ Saatlı stansiyasından 18 km şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Güney Azərbaycan İran tərəfdən heçbir savaşa qatılmayacaq - BƏYANAT

İran-İsrail münasibətlərinin bölgəsəl geopolitikaya təsiri və Güney Azərbaycan Türklərinin bu prosesslərdə roluna dair ACP-nin siyasi tutumu və mövqeyi barədə ulusal açıqlaması. Dünyanın sayqın devlətlərinə və uca millətimizə!! Artıq hər kəsə məlumdur ki, dünya yönətimi dəyişməyə başlamış və son bir neçə ildə yeni siyasi düzən formalaşmaqdadır. Formalaşmaqda olan bu yeni dünya düzəni uğrunda mübarizə yaşadığımız coğrafiyadan da yan keçməməkdədir. Bildiyimiz kimi yerləşdiyimiz coğrafi mövqenin tutumu və geo-siyasi əhəmiti, yani şərqlə qərbin kəsişməsində yerləşməsi və zəngin qaynaqlara sahib olması tarixən yaxın və uzaq yabançı qüvvələrin diqqətini vətənimiz Azərbaycana doğru çəkmişdir. Bu qüvvələr isə heç zaman bizim milli maraqlarımızla hesablaşmayıb, hər zaman öz mənfəətləri və istilaçı maraqlarından çıxış ediblər. Bu vəziyyətin yaranmasında başlıca səbəb bizim vahid millət kimi milli güc olaraq öz milli maraqlarımızdan çıxış edə bilməməyimiz, eləcə də, bu istiqamətdə açıq hədəflər formalaşdıra bilmədiyimizdən bölgəsəl hərəkətlilikdə zəif durumda olmağımız milli kaderimizin başqaları tərəfindən müəyyən edilməsinə yol açmışdır.  Eyni zamanda, biz millət olaraq bu taleyi Azərbaycanımızın iki yerə bölünməsində və yadelli istilaçı dövlətlərin əlində yüz illərlə əsarətdə qalmasında da görmüşük. Bunun da acı nəticələrini və zillətini millət olaraq yüz illərdir yaşamaqda davam edirik. Biz ACP olaraq düşünürük ki, artıq keçmiş dərslərdən nəticə çıxarmalı, babalarımızın tarixən yol verdiyi yanlışıqlıqları bir daha təkrarlamamalıyıq. Biz Azərbaycanlılar dünya yeni düzəninə keçid dönəmində daha uyğun şəkildə millətimizi ayağa qaldırmalıyıq. Bunun ilk yolu milli oyanış və milli bütövlükdən keçir. İran dövləti və onun başında olan farsçı rejimlər, millətimizi yüz illərdir öz mənfəətləri uğrunda hər cür savaşda, bəlada, inqilabda qurban verməkdədir. Həmişə savaşlar dövrü və çətin zamanlarında Azərbaycan Türkləri İran dövlət mənsublarının , İrançı zehniyyət sahiblərinin yadlarına düşməkdədir. Bugündə ortalıq qarışdıqca Azərbaycanlıları qurban vermək üçün İran rejimi bütün siyasi variantlarını işə salacaq, xalqımızı şirin milli vədləri ilə aldatmağa çalışacaqdır. İran rejimi istənilən bir savaşı Azərbaycan torpaqlarına doğru çəkməyə və millətimizi iran-İraq savaşında olduğu kimi, bu savaşlarda yinə qurban verməyə cəhd edəcəyi danılmaz bir reallıqdır. Son 100 ildə bu kimi təhlükələri bu bölgədən sovşduran biz Azərbaycan türkləri olsaq da, lakin bir millət olaraq öz ana torpaqlarımızda, milli haqlarımızı bərpa etmək istədiyimizə heç vaxt imkan verilməyib. Daima bu sahədə basqı altında əzilməyə məhkum olmuşuq. Hətta çox zaman milli haqlarımızı tələb etdiyimizə görə düşmən elan olunmuşuq. İran adlanan coğrafiyada, Azərbaycanlılar döyüşən, çalışan, yaradan, ürətən və becərən bir millət olmasına baxmayaraq, həmişə aldatılan və uduzan bir millətə dönüşmüşdür. Bu səbəbdən bölgədə İran rejimi, iran dövlətçiliyi və iran kimliyi üzərinə böyük güclərin həmləsi və basqısı artdıqca biz də millət olaraq öz yerimizi bəlirləməli və bilməliyik. Bu məqsədlə bəyan edirik ki 1. Millətimiz istər İsrail – İran, istərsə də İran terrorçu rejiminə yönəlmiş digər savaşlara heç bir halda İran terrorçu rejimi ilə birlikdə qatılmayacaq. Güney Azərbaycan iran deyil.Bölgəyə gələn savaşın Güney Azərbaycanın sınırlarının xaricində durması üçün dünyanın bütün sivil dövlətləri ilə ortaq mövqedən çıxış edəcəkdir. 2. Güney Azəbaycan Milli hərəkatı, Millətlərin “öz Taleyini müəyyən etmək” ilkəsi və “İnsanlara hürrüyət, millətlərə istiqlal” devzi ilə coğrafiyamız’da yeni dünya düzənində qatılımçı olacaqdır. İran adlanan ölkədə hər hansı bir savaş baş vercək halda ACP, Azərbaycan milli hərəkatı ilə birlikdə Güney Azərbaycan milli dövlətinin və Cümhuriyyətinin quruluşu və Azərbaycan tarixi sərhədlərin çızılması və qorunması üçün sürətlə hərəkətə keçəcək. Belə bir halda milli iradəmizə önəm verən hər bir tərəflə milli mənfətlərimiz çərçivəsində anlaşmaya qatılacaqdır. Bu istəyin dışında kimsəyə heç vaxt güzəştə getməyəcəkdir. 3. İranın terror himayədarlığı, yayımçılıq (Şovinizm) və işğalçılıq siyasətləri nəticəsində bölgəsəl savaş durumu yaranarsa Güney’də Azərbaycanlılar, 50 milyonluq Azərbaycanlının tək ümid yeri və dövləti olan Azərbaycan Respublikası dövlətinin qərarları ilə hərəkət etmək barədə açıq fikirlə çıxış edəcəkdir. 4. ACP düşünür ki, yüz illərdir millətimizin qanını tökərək insanlarımızı dar ağaclarından ölümə məhkum edən və millətimiz hər bir fürsətdə ən insani və illkin haqlarından və rifahlı yaşamdan mərhum qoyan İran rejiminə qarşı olan və milli mənafeyimizə sayğı göstərən istənilən bölgəsəl güclərlə ortaq mənfəətlərdən çıxış edilməlidir. 5. Biz Azərbaycan milləti və bütün insanlıq üçün bölgəmizdə və coğrafiyamızda terrora xidmət edən güclərə , nukler silahlara və atom bombalarına qarşı olacağıq. İşğala və savaşlara son qoyacaq yeni bir barış yönümlü, ədalətli bir milli dövlətin yapılması əsas hədəfimiz olacaqdır. 6. Yeni dünya düzəni terni bölgəmizdən keçdiyi sürəcdə qırx millyonluq Güney Azərbaycan toplumu ondan kənarda qalmamalı və bu trenin ən sayqın sakinləri olmalıdır. Çünki bölgədə sülh, barış, ədalət və bərabərlik yanlız Azərbaycan millətinin azadlığı və istiqlaliyyət ilə mövcud olacaqdır. 7. Biz ACP olaraq Güney Azərbaycan Milli hərəkatı adına bəyan edirik ki, bölgəni kiçik etnik dövlətlərə parçalamaq, yerli olmayan xalqlara vədələr vermək, heç bir halda bölgənin istiqrarına fayda gətirməyəcəkdir. Yalnız Güney Azərbaycanda Təbriz mərkəzli qırx milyonluq Azərbaycan cümhuriyyəti quruluşunu bərpa etməklə coğrafiyamız demokratik dəyərlərə sahiblənməyə və istikrarına qovuşmaq şansını qazanacaqdır. Bu həm də bölgədə daha sağlıqlı, daha yüksək əmniyyətli və ekonomili gələcəyə bir zəmin yaradacaqdır. Bu coğrafiya vahid bir bədəndən ibarətdir. Bu çalışmalar isə bu bədənin bütün bir canlı kimi vahid şəkildə çalışmasına xidmət göstərəcəkdir. Beləliklə, ortadoğu və Cənubi Qafqazda gərçək mənada sülh, ədalət və barış üzü görəcəkdir. Saydılar ilə Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) Təbriz şəhəri

Kürdəmirdə dəhşət: 1 ölü, 2 yaralı

Kürdəmirdə baş verən zəncirvarı yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, dəhşətli yol qəzası Ağsu-Kürdəmir-İmişli yolunda, Kürdəmirin Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, ikisi minik avtomobili olmaqla, bir yük maşını toqquşub .Qəza nəticəsində sürülərdən biri İmişli rayon Telişli kənd sakini 70 yaşlı Əliəşrəf Mövsümov hadisə yerində ölüb. Xəsarət alan digər sürücü və sərnişinlər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.