Bakı və İrəvan arasında yeni razılıq: Tarixi tezliklə açıqlanacaq

Qazaxıstanın təklif etdiyi Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mümkün görüşün tarixi razılıq əldə olunan kimi elan ediləcək. Sozcu.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. “Ermənistan həqiqətən Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini və ya danışıqlar platformalarını nəzərdən keçirir, fundamental prinsipləri və qarşılıqlı razılaşdırılmış sənədləri, o cümlədən Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında qarşılıqlı tanınma prosesini dəstəkləyir”, - deyə o qeyd edib. Yada salaq, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl bəyan etmişdi ki, Bakı Qazaxıstanda görüşə razıdır.

Məktəb və bağçalarda yaz tətili başlayır - Tarix AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarında və ibtidai siniflərində əlavə yaz tətili başlanır. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, tətildən sonra ilk dərs günü mayın 6-da olacaq.

Rusiya NATO ilə müharibəni uduzacaq - Sikorski

Rusiya NATO üzvü olan hər hansı dövlətə hücum edərsə, mütləq məğlub olacaq. Sozcu.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib. "Alyans Rusiyadan üç dəfə çox hərbi personala, üç dəfə çox hava resursuna və dörd dəfə çox gəmiyə malikdir. Birinci səfərbərlik dalğasından sonra Rusiyada 1 milyon 300 mindən bir qədər çox hərbi qulluqçu oldu. NATO-nun hərbi personalı əlavə səfərbərlik olmadan 3,5 milyondan çoxdur. NATO və AB ölkələrinin nominal ÜDM-i 45 trilyon dollardan çoxdur. Rusiya və Belarusun ümumi ÜDM-i cəmi 2,2 trilyon ABŞ dolları, yəni 20 dəfə azdır”, - o bildirib.

Bakıda narkotik satışının yeni forması - Divarlara ünvan yazırlar

“Çox dəhşətli bir məsələ var. Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum Teleqram kanallarının ünvanı yazılır. Sən demə məlum olub ki, bu kanallar narkotik vasitə satışının təşkili üçündür. Elə bir sistem qurulub ki, bu kanallar vasitəsilə satıcını görmədən narkotik vasitələr əldə etmək olur. Belə yazılar yavaş-yavaş məktəblərə yaxın yerlərdə də peyda olmağa başlayıb”. Sozcu.az xəbər verir ki, bunu bloger Fərid Pərdəşunas öz sosial şəbəkə hesabında yazıb. "Azercell və Azərbaycan Cüdo Federasiyası isə #DoğruYolBudur sosial təşəbbüs layihəsinin bir hissəsində bu yazıları qapatmağa başlayıb. Artıq o yazılar silinir və üzərinə belə mesaj ifadə edən posterlər yapışdırlır. Bu məsələ ictimailəşməlidir. Gözümüzün önündə, küçədə, evimizdə gizli təbliğat gedirmiş. Müvafiq qurumlar dərhal həmin Teleqram kanallarına yönələn linki bloklamalıdır. Mən baxdım, link aktivdir. Sayta, oradan teleqrama yönəldir. Birmənalı link bağlanmalıdır. Hələlik, linklər bloklanana qədər əgər belə link olan yazılar gördüyünüz küçə, divar, qarajlar varsa, rəydə fotolarını atın və adreslərini yazın, üzərini bu formada bağlatdıraq”-deyə o, bildirib.BakuPost)

Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA

AQTA Gürcüstanda yetişdirilən qoyunlarda taun xəstəliyinin qeydə alındığını nəzərə alaraq, bu ölkədən xırdabuynuzlu heyvan idxalına məhdudiyyət qoyub.  Sozcu.az xəbər verir ki, ölkəmizdə qoyun ətinə tələbatın bir hissəsi Gürcüstandan idxalın hesabına ödənilir. Bəs bu ölkədən idxalın dayandırılması yerli bazarda qiymətlərə necə təsir edəcək?  İqtisadçı Eyyub Kərimli bildirib ki, idxalın dayandırılması qiymətlərdə artıma yol açacaq.  Daha ətraflı "Baku TV"nin süjetində: 

Azərbaycan - Ermənistan sərhəddindən yeni xəbər - RƏSMİ

Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin yaydığı məlumatda bildirilib. Bildirilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir. “Xəbər verildiyi kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının səkkizinci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar”, - məlumatda qeyd olunub.

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Xarici İşlər Nazirliyi Təbrizdə Baş Konsulluq açacaq. Sozcu.az xəbər verir ki, bu barədə qərar hökumətin cümə axşamı keçirilən iclasında qəbul edilib. “Xərclər smetası da təsdiq edilib. O cümlədən, baş konsulun maaşı 2565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6-i məbləğində təsdiq edilib”, - qərarda deyilir. Qeyd edək ki, İranla sərhədə yaxın Qafan şəhərində İranın Baş Konsulluğunun açılışı zamanı Tehranla Təbrizdə də Baş Konsulluğun açılması barədə razılıq əldə olunub.

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı

Bexterev xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan ilk dərman preparatı Rusiyada sınaqdan keçirilib. Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Klinik sınaqların nəticələrinə görə, preparat yüksək effektivlik və təhlükəsizlik profilini göstərib. Qeyd edək ki, Bexterev xəstəliyi fəqərəarası oynaqların xroniki iltihabi xəstəliyidir. Nəticədə onurğada ağrı və sərtlik meydana gəlir ki, bu da hərəkətliliyin məhdudlaşdırılmasına səbəb ola bilər. Xəstəlik omba kimi digər oynaqlarda özünü göstərir, xəstəlik ən çox 40 yaşdan aşağı yaşlı insanlarda özünü göstərir. Xəstəlik rus psixiatr, nevroloq və fizioloq Vladimir Bexterevin adını daşıyır. Mənbə: Rbc

Mayın 1-dən balıq ovu qadağan edilir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dənölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.  Sozcu.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.  Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək.  Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.  “Sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.  Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.  A.Babayevanın sözlərinə görə, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.  Xidmət rəsmisi vətəndaşları ETSN tərəfindən start verilən "Təmiz hövzələr” aksiyasında fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu halları ilə bağlı Nazirliyə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırıb. 

Vətəndaşlar fərdi maşınla Laçına gedə biləcəklər

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. Sozcu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilib. Qeyd edilib ki, aprelin 27-dən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni aprelin 26-dan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkün olacaq. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər. Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.

Nəsib Quliyev bu qadına görə intihar edib - Sensasion fakt

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nasib Quliyevin özünün öldürməsinin səbəbləri haqda sensasion məlumat daxil olub. Axar.az-ın əldə etdiyi məlumata görə, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiaya görə, N.Quliyev intiharının səbəbi kimi hazırda məşhur klinikalardan birində işləyən xanımı (ad-soyadını istintaq getdiyi üçün açıqlamırıq – red.) göstərib. O xanımla bağlı hansı məsələyə görə intihar etdiyi isə açıqlanmır. Xatırladaq ki, N.Quliyevin ailə üzvləri ilə münasibətləri soyuq olub. 73 yaşlı pediator Abşeron rayonu, Görədil qəsəbəsindəki bağ evində tək yaşayırmış. Onun uzun illərdir Ukraynada yaşayan oğlu ilə də heç bir əlaqəsi olmadığı bildirilir. Qeyd edək ki, Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi aparılır.

Qürurun və ləyaqətin qurbanları

Aydın Can Ölkədə intihar xəbərləri artıq statistika rəqəmlərinə dönüb! Ancaq ölkənin baş pediatrının da intihar xəbərini oxuyandan sonra, illər öncə Mövlud Mövludun intiharına görə yazdığım yazını bir də paylaşıram - ümid edirəm ki, faydası olar! Çal, aşıq, çal, bir intihar havası çal! GİRİŞÖNCƏSİ ZƏRURİ İZAHAT: Bu yazı intihara sürüklənənləri üzə çıxarmaq, onları duymaq və fikrindən daşındırmaq üçündür! Sadəcə, intihara meylin haçan və necə yarandığına diqqətli olmaq yetər! Qürurun və ləyaqətin qurbanları Mən bilmirəm, intihar statistikasına və bu barədə məlumatlara kim necə yanaşır, necə yararlanır, bəli, bəli, yararlanır, kim nə qədər təhlil edib hansı nəticəni çıxarır, amma qəti və həm də hesab edirəm ki, ən doğru qənaət budur ki... Deməli, belə... Xalqda intihara yanaşma (əlbəttə ki, yazıboyu söhbət özümüzdən gedəcək, dünya təcrübəsi bizə uyarlı deyil - A.C.) kökündən yanlışdır - hakimiyyətin sərtliyi, korrupsiyaya uğraması, rüşvətxorluğun şiddətlənməsi və yaxud da kasıblıq heç bir halda intihar motivi olmamışdır, olmayıb, olmayacaq da! İstisnalar yoxdur! Xalqda, bütövlükdə olmasa da, əsasən hüquq-mühafizə orqanlarında və KİV-lərdə intihara yanaşma da yanlışdır: hüquq-mühafizə orqanları "özünü öldürmə həddinə çatdırma" motivi ilə manipulyasiya ilə, KİV "şok", "qandonduran faciə" effekti ilə yararlanaraq əsl səbəbi və günahkarı yüzdə doxsan doqquz faiz aradan çıxarır! İstisnalar da var! Bütün digər sahələrdə olduğu kimi, intihar halları da sosioloji araşdırmadan kənar qalır - bimənalı şəkildə! Və intiharlar hər zaman olub, var, olacaq! Kütləviləşmə isə... sadəcə, informasiya məkanının ənginliyi, önləyici təbliğati, təşviqati və təşkilati kompleks tədbirlərin nəinki zəifliyi, hətta heç olmamasıdır!!! Uşaqların, yeniyetmələrin və gənclərin intiharı... diqqət çəkəcək qədər artıbsa, biz artıq dərk etməliyik, xalqın öz övladlarını tərbiyə ənənələrində redaktələr etmək lazımdır! Aclıq, geyimsizlik, kasıblıq uşaq, yeniyetmə və gənc üçün heç bir halda intihar üçün motiv ola bilməz! Bir milyon qaçqını olan ölkədə belə iddiada bulunmaq absurddur! Qaşqınçılıqda yaşayan uşaqlardan kimsə intihar etdimi o illərdə? İnsanlar son nəfəsində belə çörək növbəsinə günlərlə ac qalandan sonra da inadla durublar, dururlar, duracaqlar! Hakimiyyətdə baş verən heç bir naqislik hansısa bir uşaqda, yeniyetmədə, gəncdə yaşam təbəddülatı yarada bilməz! Yaratmayıb da! Yaratmayacaq da! Uzun izahata varmadan deyim - yaş qrupu elədi ki, bu kontingent dövlət idarəetməsini analiz edib rəy verəcək qədər yetkin və siyasi seçim edəcək qədər kamil deyil! Bəs nədir səbəb? Qürur! Ləyaqət! Siz indiyə qədər neçə uşaq, yeniyetmə və gənc görübsünüz ki, ona qarşı valideynləri, müəllimləri təpki göstərəndə, əl qaldıranda, təhqir edəndə acıq eləmədən, küsmədən, evdən qaçmadan, şivən salmadan, amma və lakin... ağayana ədayla, qürur, ləyaqət nümayiş etdirərək bildirsin: "məni vurma! məni təhqir etmə! mənimlə dürüst rəftar elə! mənim yanımda belə davranma" deyib?! Mən 49 illik ömrümün 40 ilində, onun da 30 ilini jurnalist olaraq, bütün Azərbaycanı gəzərək, RF-nin az qala hər bir vilayətində olaraq, cəmi bir qız və bir oğlan uşağında bu qürur və ləyaqətə rast gəlmişəm! Onlardan da biri intihara cəhd edib! 15 yaşına qədər məndən çox ac qalan, məndən çox işləyən, yaşıdları tərəfindən məndən çox döyülən, məndən çox oxuyan uşaq olmayıb kəndimizdə - ac qalmadan artıq işləyənlər, oxuyanlar olub! Ağlımın ucundan belə keçməyib intihar! Baxmayaraq ki, hələ üstəlik atam bizimlə - mənimlə, qardaşımla, anamla həddən artıq əzazilcəsinə rəftar edib! Amma 15 yaşımda qürur və ləyaqətimi nümayiş etdirə bilmişəm! Atamla üz-üzə durub demişəm: öz arvadınla özün bilərsən, amma mənim anamla işin olmasın!!! Yəni... əziyyət, məhrumiyyət, aclıq, kasıbçılıq heç bir halda məni məndən və bizdən yaxşı yaşayan ailələrin, uşaqların qarşısında közükölgəli gəzməyə məcbur edə bilmirdi, məhrumiyyət məhdudiyyət deyildi, yaşam eşqi və gələcəyin xoşbəxtliyinə inam bu gündən sabaha, 15 yaşına gətirdi. Mən qürur və ləyaqətimi onda nümayiş etdirə bilərdim və etdirdim! Xarakterimə onda düzən verə bilərdim və verdim! Məni o yaşa qədər döyməkdən çəkinməyən sinif yoldaşlarıma, kəndlilərimə məhz o yaşda fiziki gücə yiyələnib təpki göstərə bilərdim, göstərdim! Mən ilk dəfə bunu nümayiş etdirdikdə qürur göstərib ləyaqətlə yaşamağin dadını çıxardım! Zaman-zaman qürurlu və ləyaqətli insanlarla qarşılaşdıqca həyatda, onun çətinliklərinə sinə gərməyi bacardım! Hesab edirəm ki, uşaqların, yeniyetmələrin və gənclərin arasında qeydə alınan intiharlara səbəb onların qüruru və ləyaqətidir! Kimdir onların qüruruna toxunan, ləyaqətlərini alçaldan? Valideynləri və ən yaxın ətrafı! Bu kontingent o halda intihara cəsarətlənir ki, onları qürur nümayiş etdirməkdən, ləyaqət sərgiləməkdən məhrum edirlər! Və... onlar bu qürura, ləyaqətə təcavüzün daha nə vaxtacan davam edəcəyini, zaman sərhədini müəyyən edə bilmirlər, etirazların acı fəsadlarıyla barışmırlar, özlərinin başqaları kimi zəif  olduğunu, məhz zəif olduğunu qəbul etmirlər, ata-ananı tapdamağa ürəkləri gəlmir, sevgilərini nifrətlə əvəz etmirlər, qadağalardan xilas olmağa canatımın faydasız olduğuna inanırlar və öz minimühitlərinin idbarlığına, adamların buqələmunluğuna, simasızlığına, vəhşi xarakterinə, hər bir güclünün hər bir zəifə ağalıq eşqinə həyatında şans tanımırlar!!! "İnam çipi" yanır! "Rubilnik" atır! Qərar isə qəti olur! İntihar! İçindəki mübarizəyə, inqilaba, yaşam eşqinə olan bəs qədər gücü həyatdan imtina cəsarətinə çevirirlər! Və... bu Allaha üsyan cəsarətidir! Nəinki öz evindəki, nəinki oxuduğu məktəbdəki, nəinki kəndindəki (şəhərindəki), ən müxtəlif mənbələrdən, daha çox da baxdığı kinolardan və oxuduğu ədəbi əsərlərdən aldığı məlumatlar - zorun hakimliyi bu uşaq, yeniyetmə və gəncdə bakirə, saf qalmaq duyğusunu aliləşdirir! Hətta heç bir kitab üzü açmayan, heç bir kinoya baxmayan müdrik uşaqlar, yeniyetmələr, gənclər var! Onların "ən zəif" cəhəti ən üstün keyfiyyətləridir: bu dünyaya bağlı olmamaq, bu dünyadan dördəlli yapışmamaq! Məhz erkən yaşlarında intihar edənlər dünyaya əllərinin dalını çevirənlərdir! Çünki qürursuz və ləyaqətsiz cəmiyyətdə sonacan qürur və ləyaqət sərgiləməyə cəmiyyət imkan verməyəcək - bu saf və bakirə duyğular təbəqəsi təəssüf ki... bunu hamıdan tez başa düşür! Yeganə çıxış yolu uşaqlara, yeniyetmələrə, gənclərə şəxsiyyət kimi baxmaqdır! Hamılıqla! Təəssüflər olsun ki, bu kriteriyaya sahiblənmək cəmiyyət üçün yaxın gələcəkdə mümkün deyil. Amma ümid var! SÖZARASI: Mən oğlan uşaqlarını əzizləyən atalara da, oğlan uşaqlarını əzən atalara da nifrət etmişəm! Mən qızlarını gözüqıpıq böyüdən atalara da, qızlarını şımardan atalara da nifrət etmişəm! Çünki hər iki halda nəticə ya intihar olur, ya qürursuzluq və ləyaqətsizlik! Açması olaraq bildirim ki, fiziki intihara cəsarət etməyənlər, sonda mənən ölü olurlar! Ki... bu da cəmiyyəti ölgünləşdirir! Təbii ki, bütün qürurlu və ləyaqətli uşaqlar, yeniyetmələr və gənclər intiharı seçmir, fəqət... onlar sonradan həyatı həm yola verir, həm də həyatla yola gedirlər! Belə deyək, "müdrikləşir", "hiyləgərləşir", "hər kəslə öz dilində danışa bilir". Həyat onları UDUR və udur! Bu, artıq növbəti mərhələdir! Keçid edərək deyim ki, psixoloji pozğunluğu olan adamların intihara meylli olması kökündən yanlışdır! Psixoloji pozğunluğu olan adamlar anlaqsız vəziyyətə daha tez-tez düşür, qatilliyə, maniakallığa meyllənirlər! Təkəbbür göstərmə, rişxənd etmə, məzələnməkdən zövq alma içdən sınmış adamların psixi pozğunluqdan sonrakı sabit durumudu, əgər xaraktercə zəifdilərsə və əvvəlki cümlədəki fikrimizin "qəhrəman"ına çevrilməyiblərsə! Yetkinlərin intiharı... da həmçinin: aclıq, kasıbçılıq, siyasi düzən-filan səbəb deyil və "ünlü mütəxəssislərin" goppalogiyasıdır! Erkən yaşlarda olduğu kimi, yetkinlik, ahıl və qocalıq dövründə də intiharın mənbəyi qürur və ləyaqətdir! İntihar qərarı bütün yaş mərhələlərində "Jalə" şirələri damla-damla toplandığı kimi, uzun müddətə formalaşır! Erkən yaşlarda qürur və ləyaqət nümayişinə səbəb təkcə rəftardırsa, yetkin və sonrakı dönəmlərdə intihara cəsarətə həyatın dərki, gözlənilən ləkələnmə kompleksləri təşviq edir! Üstəlik də "həyatımın hakimi özüməm" iddiasıdır! Ləyaqətli insan o insana deyilir ki, həyatda nəyi itirsə də, nəyi alınsa da, bundan sınmayan, lakin birbaşa özündən asılı olanları qoruya bilən insandır! Ləyaqətsiz insanın qürur sərgiləməsi qeyri-mümkündür! Hətta cəsarət edib sərgilədiyi "qüruru" istənilən biri tapdayır, burnunu ovur! "Əllaməliyimizin" bu mərhələsi bir az sərt olacaq! Borca, kasıbçılığa, ailənin ac qalmasına, məhrumiyyətlərə görə intihar halları varmı? Yoxdur! Həmin o "intiharları" -  "borca, kasıbçılığa, ailənin ac qalmasına, məhrumiyyətlərə görə intihar" hadisələrini mətbuat formalaşdırır! Faktiki isə... Adam tanıyıram ki, 500 min dollar borcu var, özünü öldürmür! (Eləcə də 100 manatdan tutmuş ta on, yüz minlərəcən borcu olana qədər). Ailə tanıyıram ki, hər gün adambaşı bir bulka ilə keçindiyi günlər olub! Ötüşdürüb! Evsizlikmi? Ailə tanıyıram ki, xanımıyla qızı qaynata evində, oğlu bacısıgildə, özü... taxtalar üstündə yatır! Bu adamlar qürursuzdurmu? Ləyaqətsizdirmi? Əsla və lakin!!! Bu insanların inamı var, bu insanlara xəyanət edilmir, bu insanlara şans tanınır! Bu insanlarda "inam çipi" yanmayıb, "rubilnik" atmır! Bu insanların sadəcə həyatla yola getmək, həyatı yola vermək "müdrikliyi" var! Onlar öz qürurlarını, ləyaqətlərini incitdikləri, ziyan vurduqları insanların ağrı-acı süzgəcindən keçirmirlər! Bu qədər sadə və bəsit! Bütün hallar üçün hədisləri, misalları, nümunələri var - yəni bu qədər "ağıllıdırlar"! İntihara cəsarətləndirmək üçün Azərbaycanda üç dəhşətli amil var: vicdan kredosu, sədaqət-xəyanət dilemması və... etimadsızlıq votumu! Üçündən birinə tutulan hər bir kəs... intihara cəsarətlənir! Bütün digər amillər fantaziyadır, diqqəti yayındırmaq üçün şarlatanlıqdır! Üç fakt üstündə dediyimi təsdiqləyəcəm! Taleyin qismətindən ən müxtəlif ranqlı, ən müxtəlif mənsəbli və ən müxtəlif miqdarlı sərvətə malik insanlarla çox yaxın dostluğum olub. Amma təkcə bir nəfərdə intihara cəsarəti gördüyümə görə tarix üçün yazıram: Ölkədə çox məşhur bir şairin çox yaxın xanım qohumuyla saunada görüşən biznesmen dostum məclisə məni də dəvət eləmişdi! Və təsəvvür edin, xalqın belə əzizlədiyi bu şair-qəhrəmanın qızı həm də çox yüksək vəzifəli (vəzifənin adı gələndə adamın ayaqlarının suyu qaçır!) birinin gəlini olmuşdu. Hətta boşanandan sonra da, daha doğrusu, saunada ola-ola, şairə də, qaynata tərəfə də ultimatumları, onları aşağılamağı bir performans idi. Dostum bir xeyli vurduqdan sonra sonuncu badəni qaldırdı: - Arzu edirəm ki, mənim qızıma bu taleyi allah nəsib etməsin, onu da haşansa saunaya çağıran olmasın! ... Sonra xanımı yola salıb, çox sakitcə bizi dinləməyə dəvət etdi: insanlar getdikcə vəhşiləşir, hər bir azərbaycanlı kişisinin içində bir qurumsaq yatır, yaxşıya da tamah salır, pisə də, hamının olan pislə niyə də mən olmayım, o yaxşı niyə də mənim olmasın, hər biri də fəxrlə həyatının konveyerindəki "gözəlçə"lərlə fəxr edir! Adlarını eşitdikləriniz adamların ailəsinə mənsub bu xanım yüzlərlə insanın taleyinə hakim ola bilər, istədiyindən qisas alar, ən maraqlısı da odur ki, ona "ayı xidməti" göstərməyə hələ yüzlərlə imkanlı adam da farağat durmağa hazırdır, ən pisi də odur ki, bu xanımı məhz bu yola həmin adamlara aid olduğu üçün sürükləyiblər, ən dəhşətlisi də odur ki, naturaca fahişə olan bu qadın hər zaman, əlinə imkan düşdükcə bir xanım-xatın azərbaycanlı qadınını sındıracaq, ərindən edəcək, oğlunu tutduracaq, çörəyinə bais olacaq, heç bacarmayanda aşağılayacaq, getdikcə ifritəyə dönəcək və... çıxın gedin! rədd olun! Məclisdəkilər də, elə bu sətirləri oxuyanlar da, çox rahatca fikirləşirlər: nə oğraş adamdı, öz qızı haqqında belə deyə bilir! Elə deyilmi? Elədi! Amma həyat sübut etdi ki, elə dostum düz deyirmiş! Amma dostum həm də səhərisi gün mənə zəng edərək, onunla son söhbətimizi haçansa yazmağıma and içdirdi: - Mən artıq bir neçə ildir bu dəhşəti dərk etmişəm. Adamlar Dubaydakı, Türkiyədəki qızlarımızın fahişə kimi həbsxanalarda saxlandığından çox rahat yazırlar, adamlar çox rahat ayrılarının ailələrinə burun soxurlar, adamlar çox rahat adamların sərvətinə yiyələnirlər, adamlar çox rahat yalan danışa bilirlər, adamlar çox rahat... Canıyev, hər il qəbrimin üstünə gəl və pıçılda: bağışla, dost! Dostuma son dəfə Stefan Sveyqin "Bir ürəyin qürubu" hekayəsini oxudum! Sağollaşdıq! Mən başsağlığı vermədim heç harda! Bu həyatın onun başına aça biləcəyi oyunlara, ona çəkdirəcəyi zülmlərə, yaxacağı ləkələrə meydan açmağa gücü-təpəri, resursları var idisə də, bu dünyanın sahibinə etiraz etdi! Sadəcə... vicdan kredosu bundan sonra da yaşamağın... qürurundan və ləyaqətindən keçməsi demək olacağını bilirdi! O bilirdi ki, ondan asılı olmayan, amma onun qürur və ləyaqətinə toxunacaq dalğa irəlidədi! Və bu dalğa məhz o var olduğu üçün olacaq! Onun yoxluğu zərbəni dəf edir! Bax, intiharların bu tərəfi var Azərbaycanda! Cəmiyyətdəki neqativliklər o demək deyil ki, intihar edəsən, amma və lakin... boynuna intihar düşənlər var! Bunu dərk edən vicdanlı insanlar bu cəsarəti sərgiləyir! Odur ki, intihar edənlər acizlik etdi deyə, çıxış yolu bu deyildi deyə, pinə etməyin! Boynuna intihar etmək düşənlər bunu etmədikdə, qürura və ləyaqətə təcavüz daha şiddətli olur... vicdani baxımdan! p.s. psixi pozğunluğu olan adamlar sadəcə, qızlarının və arvadlarının, bacılarının, analarının qatilinə çevrilir!  Sədaqət-xəyanət dilemması... ilə intihar sayı daha çoxluq təşkil edir! Əksər hallarda da bu intiharlar alınmır! Uğursuzluq ondadı ki, sədaqət-xəyanət dilemması qarşısında qalanlar daha çox tərəddüdlə üz-üzə qalır, "ayı-günəşi yerinə qoymağa" ümidlənir, ən sonda hər işə allahın mane olduğunu "anlayaraq" üsyana əl atırlar! Dostum və qardaşım Mir Şahinə 2002-ci ildə çox acımasız bir yazı yazmışdım, dostlardan birinin dediyi kimi, "bu dostun tənəsindən çox, düşmənin son sözünə oxşayırdı". Və... fikir beləydi: "Əzizim Miri, əlbəttə, mən istəyərdim ki, İlham Əlyevlə bir fakültədə oxuyum, bir qrupda olmasa da, atamla Heydər Əliyev bir regiondan olsun, indi neyləyim ki, mən səninlə bir fakültədə oxudum, bir regiondan oldum, qayıdım Lənkərana, təzədən gəlim Bakıya, jurnalistika fakültəsinə girim?" Cəmiyyətin bir-birindən istədiyi də sədaqətdir. Xəyanəti bağışlanmaz hesab edir. Mən əksər portret yazılarında həmişə vurğunu bir məqama kökləmişəm: qəhrəmanımın dostlarıyla dostluq stajı nə qədərdi... Təəssüflər olsun ki, sıfır! Əgər dostlar hər ikisi vəzifədədisə, eyni imkanlara malikdisə, həə, bu "dostluq" davam edir, yoxsa yox. İstisnalar çoxdur. Keçək intihara gətirən səbəblərə. Deməli, 1999-cu il. 100 min tirajla, dörd rəngdə, Moskvada (Azərbaycana 20 min nüsxə təyyarəylə Bakıya göndərilir) Frenk Elkaponinin vəsaiti hesabına Azərbaycan dilində "Azərbaycan-XXI əsr" qəzetini çap edib gətirirəm. Dəstəyə, professional yardıma ehtiyac var. Qrup yoldaşım İlham Məmmədlini evindən çağırıram. Bir ildi işsizdi. 8 ayın maaşını baş redaktoru olduğu "Hər gün" qəzetindən ala bilməyib, həmən aylıq verirəm. Digər bir tələbə yoldaşımızın qaynını "Kəlbəcər qaçqını" adı ilə zor-xoş işə götüzdürür yerini bərkitməmiş! Bircə gün qəzeti etibar edib rayona gedirəm: başlıqda Moskva yazır, yarımbaşlıqda Minsk, mətnin içində yenə də Moskva, imza yerində Minsk. Üzümə dirənirlər ki, "ə bə, həylə də qəzet olar, bə deyirdin..." Qayıdıram ki, bunu edən İlham Məmmədlidisə, onu çıxarmalıyamsa işdən, özüm çıxıram. Bir ay maaşının yubanmasına şivən salan İlham Məmmədli 6 ay... pulsuz işləyir! Və həm də məlum olur ki, "kəlbəcərli qaçqın" çörək kəsdiyim Abdullanın qardaşıdı, tələbəlikdə bir qaldığım, bir oxuduğum Şahin Əliyevin qaynıdır. Hələ cütləşib, məni Abdullaya da satıblar: üzrlü səbəbdən redaksiyada ola-ola görüşmək istəmədiyimdən, "deyin yoxdur" dediyimə görə, nəzarətçini aldadaraq Abdullanı gətirib çıxarıblar otağa!!! 2001-ci il. "Millətin səsi" qəzeti yanvardan çıxır və sürətlə tiraj yığır. "Letucka"larda arada özümüz də şübhəmizi bəyan edirik, əsasən də mən: "tirajın bu sürətlə artımının axırını allah xeyir eləsin". Birdən Eynulla Fətullayev peyda olur. Ramiz Mehdiyevin əleyhinə hansısa "etibarlı mənbə"nin səsyazısını təqdim edir. Gülnaz Qənbərliyə kağıza, yazıya köçürtdürür. Təbii ki, baş redaktor Şahbaz Xuduoğludur və hökm-fərmadır. Yazı gedir! Şahbaz Xuduoğlu "fərqinə varmır" ki, Eynulla Fətullayev nəinki özü, hətta bütün nəsli malik olduğu sərvətlərə görə Ramiz Mehdiyevə borcludur, heç cür ola bilməz ki, Eynulla kimi qorxağın biri bu cəsarəti sərgiləsin, dədəsi 30 il qızıl zavodunda səlahiyyətli işdə işləmiş halda. Məhkəmə. Eynulla Fətulayev Şahbaz Xuduoğlu ilə razılaşır ki, yazını mən boynuma götürüm, cəza mənə verilsin. Mən razılaşıram. Dost deyilikmi? Məni işə götürməyibmi? İki dəfə qardaşlarıyla yeyib-içmək məclisinə aparmayıbmı? Xeyrində-şərində yanında olmamışammı? Evimə pay gətirməyibmi? Nə olar, indi Eynulla əsgərlikdən təzə gəlib, cəzasını yenicə başa vurub, bu da dostdu, tutulsam da yardım edəcək... Sadəcə, Gülnaz Qənbərli məhkəmə zalında dirəsir və həqiqəti deyir ki, Aydın həmin günü kənddə olub. Yazını Eynullanın verdiyi kasetdən köçürmüşəm! Şahbaz tutulur, Eynulla küçədə kameraya əl-qol ataraq "azadlıq" qışqırır! Sonra Eynulla Elmar Hüseynovun yanında peyda olur. "Etibarlı mənbə"lər indi də "Bakı həftəliyi"nə, sonra "Monitor"a hətta "birinci ledi"dən "komplo" ötürür. Elmar Hüseynov öldürülür. Eynulla yenə də küçədə, hüzr yerində kameraya əl-qol ataraq, bu dəfə Şahbaz Xuduoğlu ilə birgə, qatili tələb edirlər! 2002-ci il. Zöhrab Əmirxanlı ilə Moskvada qəzet buraxırıq. Cəmi 12 nömrə. Davam etmək istəmir. Bağlayırıq, yarımçıq saxlayırıq. 50 min dollar ziyana düşdüyünü deyir. Müsahibələr verir. Giley edir. Yeddi dağın suyunu bir dərəyə daşıyır! Əvvəlki hallarda susduğum kimi yenə susuram! Enerji, güc kifayət qədərdir. Haqlı və haqsız ittihamları boş verirəm. Və... 2003-cü il... Vəziyyət sıfıra düşür. Bir qrup yoldaşım bir qəzetdə baş redaktordur, o biri qrup yoldaşım o biri qəzetdə. Biri hətta ev nömrəsini mənə verən tələbə yoldaşımızı təhqir edir. Zəng vururam ki, allah evini tiksin, ABŞ-ın prezidentimisən, ev telefonunu tapammayam, yalın əllə narkotranzti açan jurnalistəm e, özü də səndən korrektorluq istədim, nə tumanı çəkmisən başına? O biri qrup yoldaşım da biriləri yazmasaydı heç məni korrektor da götürməyəcəkdi! Uğrunda savaşdıqlarımdan birinə üç il işsizlik dövründə üç şirvan borc üçün ağız açdım. Tələbə yoldaşımızın təzə evköçdüsünə gedəndə demişdi: "Mən baş redaktor olandan Aydın da bezdirib, axır ki o gün üç şirvan verdim" Bir gündə iki tələbə yoldaşıma tüpürəsi oldum: əvvəla səni baş redaktor olduğun yerdə mən hörmətli eləmişdim, xəyanətinə görə getdim, qurduğumu sənə saxladım, o biri qrup yoldaşıma da ona görə əlvida dedim ki, kişiliyin çatmadı olanı deyib, lüstru da qoltuğuna verib göndərəsən evinə? 50 minə ev alan oğlanın duz-çörəyi 12 şirvana qurban verməsi nə deməkdir?! Və... 2004-cü il. Evdən çıxanda uşağa 20 qəpik bulka pulu verib "mən axşama çörək alıb gələcəm, birtəhər ötüşdür", - deyib gedirəm. Elə bilirəm ki, qızım talışca bilmir. Amma sən demə anlayıbmış. Qayıdanda görürəm ki, evdə yarı çörək. Uşaq bulka almayıb. Dərsdə ac qalıb. Mağazada satıcıya deyib ki, 20 qəpiklik çörək ver. İndi də oturub gözləyir ki, ata gəlsin, yarı çörəyi yeyək! Bu... intihara cəsarət üçün... son təkan idi! Bu boyda vicdan möhnəti və dilemma qarşısında qalmaq olmazdı. Mənim varlığım uşaqların aclığına, məhrumiyyətinə səbəb olurdu! Son qərar! Kirayədə qaldığım otağın birinə keçib "yorğunam, narahat etməyin", - deyib damarımı kəsirəm! Yorğan boyaboy qandır. 20 qəpiyə çörək alan qızım görür ki, heç nə yemədim, ürəyi dözmür, qapını açır və çağırır: "ata, sən ac yatma..."  Səhnəni təsvir etmirəm! Həmən həkimə çatdırılıram. Qan vurmağa, tikiş vurmağa əlbəttə ki, pul yoxdu! Fəqət... tələbə olarkən yanımda - redaksyada qapıçı işləyən həkim xeyli qanaxmadan sifətimin dəyişməsinə baxmayaraq, tanıyır. Soruşur: bu baş redaktor olubmu? - Aydın Canıyevdi. Həkim hər şeyi öz cibinin xərcinə edir, məni ölümün ağzından qurtarır! İntihar qərarı anında baş verir deyənlər yanılır! Tam sərasər dörd il və... səbəb: ətrafda sənə sədaqətli, səni anlayacaq, səni dəyərləndirəcək bircə nəfər də yoxdur! İntihar cəhdi uğursuzluqla başa çatıbsa, artıq psixi pozğunluqlar yaranır! İnsan aqressivləşir, nifrət və qəddarlıq içinə çökür! Sanki sənin qüruruna və ləyaqətinə təcavüz etmiş cəmiyyəti fahişəyə çevirmək istəyirsən! Bu durumdan çıxarmağa hətta tibb də acizdir. İntihar cəsarəti hələ aktın baş tutması deyil! Fəqət... bu Allaha üsyan cəsarətidir! "Acizlikdi, çıxış yolu deyil" deyənlərə xatırlatma: buyurun, yazdığım situasiyadan çıxın, dəyişin, gücünüzü göstərin, əgər varlığınız ətrafınızdakıları, sizə bağlı olanları məhrumiyyətlərə, əskiltmələrə aparırsa, göstərin möcüzənizi! Bax o möcüzə məhz qürur və ləyaqətdir! Bir də Allaha üsyan cəsarəti! İntihar cəhdindən sonra... sağ üz nahiyəsinin parezi, mikroinsult, ailənin dağılması, azadlıqdan məhrumedilmə... bunlar intihar qərarı verilən andan bəlli idi! Alınmayan intihar sadəcə səni şahid edir! Üstəlik də artıq həyatında... əxlaqsız və ləyaqətsiz insanlarla daha qəddar rəftar mərhələsi başlanır... hamıya etimadsızlıq votumu yaranır! Etimadsızlıq votumu... İntihar cəhdində bulunmuş biri kimi deyirəm: intihar cəsarətdir: Allaha üsyandır, qiyamdır Allahla! Allahın səni üz-üzə qoyacağı oğraşlıqlara, biqeyrətliklərlə, binamusluqlara, hərbə-zorbaya, ləyaqətsizliyə qürurunun, ləyaqətinin performansıdır! Gücü, pulu, səlahiyyəti verib peysərə, anasından-bacısından bixəbərə, qeyrəti-namusu verib sənə, ədalət hissini sənin üçün ali edib! Dözmürsən yalana, həqarətə və üsyana qalxırsan - Allahın özünə qarşı! Arvadını ordan-burdan yığa bilmir, bircə jek müdirinə yerini göstərə bilmir, bir məmura etiraza cürdəyi yox, hakimiyyətin öz qaymaqları korrupsiyaya, vəhşiliyə, quldurluğa, rüşvətə son deyir, durub psixoloqa şəbədə qoşur! Bax, etimadsızlıq votumu budur: bəndə Allaha inanmır! Və "ədalətini" anlamadığı "bu gözəl dünya"dan köç təbilini çalır! Mövzunun bütün əxlaqi-etik baxımdan "təhlükəli" sayıla biləcək nüanslarına bir arqumentlər yanaşın: intihar edənlərin həyatına tam bələdsinizmi? Siz doğrudan da sizlərə xəbər kimi çatdırılan məlumatlarda həqiqətin nədənini bilirsinizmi? Uşaqlarınızı tanıyın və onlarla ehtiyatla, dürüst rəftar edin! İntihar olmayacaq! Dostlarınızla, qohumlarınızla, qardaşlarınızla, bacınızla, ərinizlə sərt olmayın! Hətta ayrılanda belə... öpüb ayrılın! İntihar olmayacaq! Allah təkəbbürlüləri sevməz! Allaha inamı əskiltməyin! Ən təhlükəli hal etimadsızlıq votumudu! Faciələr məhz həmin andan başlayır! Unutmayın: intihar cəsarəti yaranıbsa... nə uşaq, nə ana, nə ər, nə sevgili, nə... heç nə əhəmiyyət kəsb etmir! Dünyada intihardan faciəli daha bir problem var! Mühacirət! Bu barədə gələn dəfə...

Osman Kazımov Müsavatın başqanlığına namizədliyini irəli sürdü

Müsavatın Divan üzvü Osman Kazımov partiyanın başqanlığına öz namizədliyini irəli sürüb. Bu barədə o, özünün feysbuk hesabında məlumat yayıb.  Osman Kazımov Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.  Bakı Dövlət Unuversitetinin məzunudur.   Ötən həftə Natiq Ulubəy başqanlığa namizədliyini irəli sürüb.  Qeyd edək ki, Müsavatın növbəti 11-ci qurultayı mayın 4-də keçiriləcək. Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsindən verilən məlumata görə, indiyədək Məclis üzvlüyünə 80-dən artıq, MNTK üzvlüyünə isə 7 nəfər namizədliyini irəli sürüb. Namizədlərin irəli sürülməsi prosesi aprelin 30-dək davam edəcək. Basta)

Bayden Ukraynaya hərbi yardımı təsdiqlədi

ABŞ Prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi haqqında qanun layihəsini imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb. Qeyd edək ki, qanun layihəsi aprelin 20-də ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.

Bakıda dələduz şəbəkə peyda olub - Mənzilləri, obyektləri kirayələyib... ŞOK İDDİA

Bakıda mənzilləri fırıldaqlıqla ələ keçirən dələduz şəbəkə fəaliyyətdədir. Şəbəkə üzvləri sırasında əvvəllər məhkum olunmuş şəxslər, ev alqı-satıqı ilə məşğul olan maklerlər var. Dələduz şəbəkənin ələ keçirdiyi əmlakların siyahısı genişdir və həmin əmlakların dəyəri milyonlarla manatı aşır. Hətta Bakının mərkəzində, Nizami küçəsində yerləşən, dəyəri 2 milyon manata yaxın olan əmlakın dələduz şəbəkənin ələ keçirməsi haqda məlumatlar var. Bu haqda Musavat.com-a dələduz şəbəkənin əməllərindən zərər çəkən Azərbaycan vətəndaşları məlumat veriblər. Belə məlum olur ki, dəstə üzvləri mənzilləri, obyektləri rəsmi müqavilə ilə kirayəyə götürür və sonradan Rusiyanın Tümen şəhərində yerləşən notariat kontorunun adından verilmiş baş etibarnamə əsasında satırlar. Maraqlısı odur ki, saxta olsa da, həmin baş etibarnamə Rusiya Federasiyasının Notariat Xidmətinin elektron qeydiyyat sistemində də hansısa şəkildə yerləşdirilib! Bakıda notariuslara təqdim olunan həmin saxta baş etibarnamələr yoxlanılarkən Rusiya Federasiyasının Notariat Xidmətinin elektron qeydiyyat sistemində göründüyündən, notariuslar sənədin saxta olduğunu aydınlaşdıra bilməyiblər! Bu yolla mənzili satılanlardan biri də Bakı şəhəri, Fətəli Xan Xoyski prospekti ev 83, mənzil 1-də qeydiyyatda olan Leyla Nəbiyevadır. O bildirib ki, 19 iyun 2023-cü ildə Rauf Cəfər oğlu Kazımovla kirayə müqaviləsi bağlayaraq Xətai rayonu, Süleyman Vəzirov küçəsi 1157-ci məhəllə, ev – 17 C-də yerləşən 13 saylı mənzilini ona kirayəyə verib: “Rauf Kazımov mənzili kirayə götürəndə orada ailəsi ilə birlikdə yaşayacağını bildirmişdi. Lakin bir müddət sonra bizə aydın oldu ki, Rauf  Kazımov mənim adımdan Rusiya Federasiyasının Tümen şəhərində verilməsi göstərilən saxta etibarnamə düzəldərək mənzilimi 10 avqust 2023-cü ildə Bakı şəhərindəki 48 saylı notariat ofisində alqı-satqı müqaviləsi əsasında əvvəldən tanıdığı, cinayət əlaqəsində olduğu Anar Hacıyevə satıb. Bununla da mənim daşınmaz əmlakıma olan mülkiyyət hüququma xitam verməklə evimi əlimdən çıxardıblar”. Leyla Nəbiyeva bildirib ki, ümumiyyətlə, həyatı boyu Rusiya Federasiyasında olmayıb: “Mən heç zaman Rusiyada olmamışam və müvafiq olaraq Tümen şəhərinə gedib kiməsə baş etibarnamə də verməmişəm. Aldığımız məlumatlara əsasən Rauf Kazımov eyni qaydada Bakı şəhərində çoxsaylı mənzilləri kirayə adı ilə götürüb, sonradan guya Anar Maarif oğlu Hacıyevə satıb. Mən duyuq düşməyim deyə, mənzilimi satdıqdan sonra bir neçə ay kirayə haqlarının ödənilməsi dayanmayıb. Digər kirayəyə götürdükləri mənzillərlə bağlı da eyni ssenari üzrə fəaliyyət göstərib. O vaxta qədər ki, mənilim bir neçə nəfərə alqı-satqı olunub, vicdanlı alıcı görüntüsü yaradılıb, əldə edilmiş külli miqdarda vəsaiti mənimsəyiblər! Leyla Nəbiyevanın sözlərinə görə Rauf Kazımov mənzilini kirayə götürdüyü gündən hər ay aylıq kirayə haqqını müqavilə üzrə ödəyib. 2023-cü ilin dekabrına qədər ödənişlər vaxtı-vaxtında olduğundan mənzilin  saxta sənədlər əsasında satılmasından xəbəri olmayıb: “2023-cü ilin dekabr ayından 2024-cü ilin fevralınadək Rauf Kazımov kirayə haqqını ödəmədi. Bununla bağlı aramızda narazılıq yarandı. Bu zəmində təsadüfən bizə məlum oldu ki, mənzili başqa bir şəxsə satıblar. Sonradan bizə məlum oldu ki, Rauf Kazımov ümumiyyətlə, mənzildə kirayədə yaşamayıb. Ən vacib məqam ondan ibarətdir ki, mənim mənzilim saxta etibarnamə əsasında keçən ilin 10 avqustunda satılsa da, 2023-cü ilin dekabrına qədər kirayə haqqını gecikdirmədən mənə ödəyiblər ki, mənim baş verən hadisədən xəbərim olmasın. Eyni zamanda mənzili rahat şəkildə digər şəxsin adına keçirə bilsinlər. 30 dekabr 2023-cü ildə mənzilimi saxta sənədlər əsasında digər şəxsin adına keçiriblər. Bundan sonra da mənzilə görə kirayə haqqının da ödənilməsini dayandırıblar. Bunu bilən kimi təcili olaraq notariat ofisinə müraciət etdim. Oradan məlumat verildi ki, mənzilimi 2023-cü ilin  avqust ayının 10-da, yəni mənzilimi kirayə götürdükdən cəmi 1 ay 20 gün sonra Rauf Kazımov tərəfindən guya Anar Maarif oğlu Hacıyevə satıb. Anar Hacıyev də öz növbəsində digər bir şəxsə, o da bir başqa şəxsə satıb”. Leyla Nəbiyeva hesab edir ki, mənzilini sonradan alıb-satan şəxslər də dələduz şəbəkənin üzvləri ola bilərlər. Deyir ki, mənzilinin alqı-satqısında adı keçən şəxslər bir-birini çox yaxşı tanıyırlar, bir-biriləri ilə münasibətləri var: “Mənə ötən müddət ərzində məlum olub ki, mənzilimin saxta sənədlər düzəltməklə, dələduzluqla ələ keçirilməsində iştirak edən şəxslərin hər biri əvvəllər məhkum olunmuş şəxslərdir və onları 1-2 il əvvələ qədər həbsdə olublar. Həbsdən çıxandan sonra isə mütəşəkkil cinayətkar qrup şəkilində Bakıda saxta sənədlər düzəltməklə mənzillərin ələ keçirilməsinə başlayıblar. Bu işin içində digərləri ilə yanaşı peşəkar maklerlər də var”. Leyla Nəbiyeva bildirib ki, Rauf Kazımov və Anar Hacıyev hər ikisi türmədən çıxandan sonra bu işlərlə məşğul olmağa başlayıblar. Onlar mütəşəkkil cinayətkar qrupun rəhbərliyinin tələbi ilə Bakıda çoxsaylı mənzillər ələ keçiriblər: “Rauf Kazımovla Anar Hacıyev hazırda ölkədə deyillər, onları ölkədən qaçırıblar. Buna səbəb isə 15 noyabr 2023-cü ildə Anar Hacıyevin Bakı şəhərindəki 50 saylı Notariat Ofisində ifşa edilməsi olub. Anar Hacıyev mənim mənzilim kimi müqavilə əsasında kirayəyə götürdüyü digər vətəndaşa məxsus mənzili saxta baş etibarnamə əsasında alqı-satqı edərkən notarius sənədlərin saxta olmasından şübhələnib. Şübhələnməsinin səbəbi isə Anar Hacıyevin dünən aldığı mənzili bu gün satmaq istəməsi olub. Notarius mənzilin mülkiyyətçisinə zəng vurub ondan mənzilini satıb-satmadığını soruşub. Mənzil sahibi mənzilini satmadığını dedikdə Anar Hacıyevlə Rauf Kazımov oradan qaçıblar. Elə həmin gün onlar üçün Sankt Peterburqa təyyarə bileti alınıb və onlar Azərbaycandan çıxıblar. Bu gün də Rusiyadadırlar, ölkəyə gəlmirlər. Bizimlə vatsap üzərində danışarkən deyirlər ki, biz bu işdə heç kimik, bu işlərin arxasında böyük adamlar dayanıb”.

Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist DANIŞDI

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyevin bu gün yaşadığı evdə intihar etdiyi – özünü güllələdiyi barədə xəbər yayılıb. 73 yaşlı N.Quliyev tibb elmləri doktoru və professor, Əməkdar elm xadimi, Elmi-Tədqiqat Pediatriya İnstitutunun sabiq direktoru, idi. O, Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri Kafedrasında çalışırdı. Baş Prokurorluğun Mətbuat xidmətiinin yaydığı məlumata görə, N.Quliyevin yaşadığı evdə intihar etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatırma maddəsi ilə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti, səbəbi araşdırılır. Bəs ailəli və 3 övlad atası olan peşəkar həkimin intiharına nə səbəb ola bilər? Sozcu.az-ın məlumatına görə, tanınmış hüquqşünas-kriminalist İlqar Altay bu hadisəyə münasibət bildirib. “İlkin məlumata görə, yaşadığı evdə odlu silahla özünü vurub. Kimsə tərəfindən vurulması, çox az ehtimaldır. Hər halda, istintaq araşdırması olaya aydınlıq gətirər. Qaldı ki, intihara, depressiyanı, düşgünlüyü səbəb kimi əsas götürmək uyğun deyil, çünki mərhum indiyədək imkanlı vəzifələrdə işləyib. İntihara vadar etmə də inandırıcı gəlməz, belə bir tanınmış, vəzifəli şəxs çətin ki vadar edilsin. Qalır ailə münaqişəsi, güclü emosional stress... Bu hal indiki dövr kasıb-varlı olsun, çox ailələrdə yaşanır. Hər halda, ilk anda hansısa tərəfə yönəldilməsi elə də asan olmayan müəmmalı ölümdür. Yəqin ki, belə, üzdə olan tanınmış şəxslər barədə həqiqətlərin gizlədilməsi mümkün olmaz”, - İlqar Altay qeyd edib. Yayılan məlumata görə, Nəsib Quliyev intihar etməzdən əvvəl məktub yazıb. Keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini qeyd edib. Sözügedən məktub istintaq orqanı tərəfindən götürülüb.

Ölkəni şoka salan hadisə ilə bağlı yeni açıqlama: “Deyirlər ki, təzə rəhbərlik...” - Video

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə ilə bağlı açıqlama verib. Hadisəyə səbəb kimi ailə münasibətlərinin gərgin olması bildirilib. Mərhumun iş yoldaşı isə bu məlumatı təkzib edib: “Ailə məsələsi deyil, düz demirlər. Xidməti işlə bağlı olduğunu bildiriblər. Deyəsən, təzə rəhbərlik xətrinə dəyib”. Qeyd edək ki, Nəsib Quliyev Goradeldə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açaraq həyatına son qoyub. Ətraflı Baku TV-nin süjetində:

Müsavatın qurultayının günü və yeri bilindi

Müsavat Partiyasının 11-ci qurultayı mayın 4-ü Bakının Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək. Rəsmi xəbər aprelin 24-də yayılıb. Qurultay təşkilati məsələlərə baxacaq, o cümlədən partiyanın yeni başqanını seçəcək. 1911-ci ildə yaradılan Müsavat 1920-ci ildən mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda bərpa olunub. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbərdir. 2014 və 2019-cu illərdə Arif Hacılı başqan seçilib. Partiyanın nizamnaməsinə görə, eyni şəxs ardıcıl iki müddətdən artıq başqan seçilə bilməz.Novator.az)

Dayısı oğlunun toy günü onların evinə girdi

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayon sakini Arif Apoyev rayon ərazisindəki inzibati binalardan birinə daxil olaraq oradan dəyəri 1000 manat olan kompüter avadanlıqlarını oğurlayıb. Saxlanılan şəxsin əvvəl də anoloji cinayət törətməsi məlum olub. Bundan başqa polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini İlkin Əliyev də saxlanılıb. Ev sahibinin toyda olmasından istifadə edən İ.Əliyevin mənzildən 1500 manat oğurladığı məlum olub. Şübhəli şəxslər istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir. "Unikal"ın əldə etdiyi məlumata görə, İlkin Əliyev öz dayısının evindən oğurluq edib. Belə ki, o dayısından pul istəyib, amma dayısını ona pul verməyib. Buna görə dayısı oğlunun toy günü onların evindən oğurluq edib.

Dəhşət: Üç uşaq diri-diri yandı

Rusiya Federasiyasının tərkibində yerləşən Buryatiya Respublikasında kənd sakini qadın üç körpə uşağını - 1 yaşlı qızını, 2 və 4 yaşlı oğullarını evdə təkbaşına qoyaraq qonşunun evinə içki içməyə gedib.  Oyun oynadıqları zaman uşaqlardan biri ehtiyatsızlıqdan pərdəni yandırıb. Yanğın çıxdığını görən və qorxan uşaqlar şkafın içində gizləniblər, lakin xilas ola bilməyiblər. Yanğını görən ana evə doğru qaçıb, lakin qonşular onu yanğından uzaqlaşdırıblar. Qadın çarəsizcə yanğınsöndürənlərə içəridə uşaqların olduğunu qışqırıb. “Orada uşaqlar var! Orada mənim uşaqlarım var!”, - deyə o kömək istəyib. Lakin ev tamamilə yanıb və uşaqları xilas etmək mümkün olmayıb. Təkcə ana və dördüncü uşağı - faciə zamanı məktəbdə olan 10 yaşlı oğlu sağ qalıblar. Bir çoxları baş verən hadisədə ananı günahlandırıb və onun səhlənkarlığa yol verdiyini, analıq hüquqlarından məhrum edilməli olduğunu deyiblər./Musavat.com  

Vətən müharibəsi qazisi faciəvi şəkildə HƏLAK OLDU

Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə dünyasını dəyişib.  Sozcu.az xəbər verir ki, Orxanın avtomobil qəzasında həlak olduğu bildirilir.  Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilmiş Orxan Mürtəzov evli və iki azyaşlı qız atası olub.  Mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək. 

14 yaşlı oğlan 4 yaşlı əmisi qızının boğazını kəsərək öldürdü - Dəhşətli hadisə

Türkiyədə dəhşətli hadisə baş verib. Sozcu.az xəbər verir ki, Kahramanmaraşda 4 yaşlı Sultan Akgül (4) əmisi oğlu A.A. (14) tərəfindən boğazı kəsilərək öldürülüb. Hadisə ötən gün Elmalar rayonu ərazisində baş verib. İtkin qızı Sultan Akgüllə əlaqə saxlaya bilməyən ailəsi jandarmaya xəbər verib. Xəbər üzərinə jandarma qrupları Sultan üçün axtarış başladıb. İstintaqın sonunda Akgülün cansız bədəni evlərinin yanındakı ot tayasında boğazı kəsilmiş halda tapılıb. Araşdırmalar zamanı qruplar Sultan Akgülün əmisi oğlu A.A.-nın ayaqqabılarında qan ləkələri aşkar ediblər. Nəzarətə alınan A.A. törətdiyi cinayəti etiraf edib və hadisədə istifadə etdiyi bıçaq da götürülüb. Dindirilməsi zamanı ona daş atdığı üçün öldürdüyünü deyən A.A., həbs edilərək həbsxanaya salınıb.

Dövlət binasının qabağında qətl törətmişdi, həbsdə öldü - BAKIDA

Bakıda daha bir məhkum həbsxanada ölüb. Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 65 yaşlı Namazov Güloğlan Rəşid oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir. Qeyd edək ki, G. Namazov 2012-ci ildə Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində bələdiyyə binasının önündə qətl törədib. O, qonşusu Əziz Lalayevi bıçaqlayıb. Ə. Lalayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib./Lent.az

ABŞ-dən Rusiyaya ZƏRBƏ: mayın 9-dək...

ABŞ mayın 9-dək ayrılmış yeni paketdən Ukraynaya yardımın bir hissəsini çatdırmağa çalışır. Sozcu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Məlumata görə, Amerika səlahiyyətliləri ABŞ-dən vəd edilən silahların hamısının bu vaxta qədər çatdırılmasını çətin hesab edir. İlk növbədə, Vaşinqton Amerikanın HIMARS reaktiv yaylım atəş sistemi üçün mərmilər də daxil olmaqla, sursatları ötürmək niyyətindədir. Qeyd olunur ki, onların sayı çox olmadığı üçün olduqca tez göndərilə bilər. 155 mm-lik artilleriyanın cəbhə xəttinə çatdırılması daha çox vaxt aparacaq.