"İsrailin Qəzzadakı davranışları vəhşilik, qətliam və barbarlıqdır" - Ərdoğan

"Ankaranın gözündə Qəzza sakinləri, fələstinlilər, israillilər və ya suriyalılar arasında fərq yoxdur, ona görə də Qəzzada zorakılıq qarşısında Türkiyənin susacağını gözləmək lazım deyil..." Türkiyə lideri İsraili kəsin surətdə pisləyib Türkiyə pezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İsrailin Qəzzadakı hərbi əməliyyatı vəhşilikdir və çoxdandır özünümüdafiə çərçivəsindən kənara çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə CNN telekanalı yazıb. "İndi də bu zülm, vəhşilik, qətliam və barbarlıq. Nə qədər insan ölməlidir? Nə qədər uşaq qətlə yetirilməlidir", - telekanal Ərdoğandan iqtibas gətirib. Ərdoğan həmçinin Roma Papası Fransisklə telefon danışığında bəyan edib ki, İsrailin Qəzza bölgəsinə hücumları kütləvi qətllərə bərabərdir, beynəlxalq birliyin susması isə "rüsvayçılıqdır". Ərdoğan bəyan edib ki, bütün ölkələr regionda humanitar böhrana qarşı çıxmalıdır. O, həmçinin Avropa Komissiyasını və Birləşmiş Millətlər Təşkilatını Qəzza bölgəsində atəşin tamamilə dayandırılmasına deyil, "humanitar fasilələrə" çağırış etdiklərinə görə tənqid edib. Ərdoğanın sözlərinə görə, Ankaranın gözlərində Qəzza sakinləri, fələstinlilər, israillilər və ya suriyalılar arasında fərq yoxdur, ona görə də "Türkiyənin Qəzzada zorakılıq qarşısında susacağını gözləmək lazım deyil". Bu, Ərdoğanın İsrailin ünvanına ilk ittihanəmedici çıxışı deyil. O cümlədən, o, HƏMAS-ı terrorçu təşkilat kimi tanımaqdan imtina edərək bəyan edib ki, bu, "öz torpağı və vətəndaşlarının azadlığı uğrunda döyüşçülər qrupudur". Ərdoğan İsrailə planlaşdırılam səfərini ləğv edib və ötən ay Nyu-Yorkda BMT Baş Assambleyasında İsrailin baş naziri Binyamin Netanyahunun əlini sıxdığına görə təəssüf edib. Oktyabrın 21-də Ərdoğan İsrailin hərəkətlərini soyqırıma bərabər tutub. O, bəyan edib ki, "uşaqların, qadınların və dinc sakinlərin qətli, xəstəxanalar, məktəblər, kilsələr və məscidlərin bombardman edilməsilə təhlükəsizliyə nail olmaq mümkün deyil". Oktyabrın 11-də Ərdoğan İsraili "qeyri-dövlət" davranışında və "Qəzza bölgəsində qeyri-mütənasib hücumlarda" ittiham edib.

Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv olundu

Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv olunub. Sozcu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi ilə bağlı Fərmanında əksini tapıb. Fərmanla səhiyyə nazirinin 3 müavini olacaq. Qeyd edək ki, Fərmana edilmiş dəyişiklikdən əvvəl səhiyyə nazirinin 4 müavini (birinci müavin və müavinlər) var idi.

İsmayıllıda qazi İcra Hakimiyyətinin qarşısında özünü yandırdı - FOTO

Bu gün günorta saatlarında İsmayıllı Rayon İcra Hakimiyyətinin binası qarşısında Vətən müharibəsi qazisi Röyal Mirzəyev intihara cəhd edib. Sozcu.az xəbər verir ki, 26 yaşlı qazi üzərinə benzin tökərək özünü yandırıb. Rayonun Qubaxəlilli kəndindən olan Röyal Mirzəyev təcili yardımla əvvəlcə xəstəxanaya, sonraya Bakıya aparılıb.  Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin detalları məlum deyil.unikal)

Türkiyə-İsrail əlaqələri pozuldu - İran sevinir

İran mediası Türkiyə-İsrail arasında münasibətlərin gərginləşməsinə geniş yer ayırıb. Sozcu.az xəbər verir ki, bu barədə əksər aparıcı media qurumları material dərc edib. Yazılarda iki ölkə arasında birgə enerji layihələrinin dayandırılması, Aralıq dənizində ortaq qazma işlərinin ləğv edilməsi xüsusi vurğulanıb. Həmçinin, Prezident Rəcəb Tayyib Ərdoğanın, enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdarın İsrailə səfərlərinin ləğv edilməsi alqışlanıb.

Mirzoyan yenə sərsəmlədi: Qarabağa UNESCO missiyası göndərilməlidir

Ermənistanın xarici işlər naziri Ararat Mirzyan Qarabağda UNESCO missiyasının göndərilməsini istəyib. Sozcu.az Armenian News-a istinadla xəbər verir ki, o bunu macar vəzifədaşı Peter Siyarto ilə görüşdə deyib. Nazir Azərbaycana qarşı köhnə təbliğat qəliblərindən istifadə edərək Qarabağda "erməni mədəni irsinin qorunması problemi daha da kəskinləşib" ifadəsini işlədib. Mirzoyan xatırladıb ki, Ermənistan tərəfi səfərin təşkili üçün UNESCO və digər beynəlxalq qurumlarla əlaqə saxlayıb: “İndi missiyaya daha çox tələbat var. Ümid edirik ki, tezliklə baş tutacaq. Biz bu istiqamətdə işləyirik”.yanisabah)

İstanbulda partlayış: yaralılar var

Türkiyədə İstanbul şəhərinin Bağçılar rayonunda 3 mərtəbəli binanın zirzəmisində partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, partlayışdan sonra yanğın baş verib. Hadisə zamanı 5 nəfər xəsarət alıb. Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.

HƏMAS-ın daha bir komandiri məhv edildi

Gecə İsrail ordusu HƏMAS-ın “Xan-Yunus - Qərb” batalyonunun komandiri Mədət Mübaşiri məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. Məlumata görə, Mübaşir israil mülki vətəndaşlarına və hərbçilərinə partlayıcı və snayper silahı ilə hücumlarda iştirak edib. Qeyd edək ki, bir neçə gün öncə İsrail ordusu HƏMAS-ın batalyon komandiri, əvvəllər hərəkatın dəniz qüvvələrinin komandiri olmuş Taysir Mübaşirin məhv edildiyini açıqlamışdı.

“Rus komandirləri bu əsgərləri edam edirlər”

“Rus komandirlər əmrləri yerinə yetirməkdən boyun qaçıran əsgərləri güllələyir, həmçinin geri çəkilməyə cəhd etsələr, bütün bölmələri gülləbaran edəcəkləri ilə hədələyirlər”. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi keçirdiyi brifinqdə danışıb. ABŞ rəsmisinin sözlərinə görə, Rusiya öz əsgərlərinin həyatına biganəlik nümayiş etdirməkdə davam edir: “Biz son vaxtlar rusların hərbi itkilərinin minlərlə olduğunu, hətta onların bəzilərinin öz komandirlərinin əmri ilə edam edildiyini bilirik”,-deyə Kirni qeyd edib. Ağ Evin sözçüsü Rusiyanın yeni səfərbər edilmiş qüvvələrini keçən ilki uğursuz qış hücumu zamanında olduğu kimi hələ də zəif təchiz edilmiş və hazırlıqsız olduğunu söyləyib. “Görünür, Rusiya ordusu hələ də  “insan əti” adlandırdıqları taktikadan istifadə edir və sadəcə olaraq bu zəif təlim keçmiş əsgərlərin kütləsini müvafiq texnika, komandanlıq olmadan, resurslar, dəstək olmadan döyüşə atırlar",- Kirbi bildirib. Ağ Evin yüksək rütbəli rəsmisi Rusiyanın Avdeyevka, Liman və Kupyansk əraziləri də daxil olmaqla bir neçə istiqamətdə yeni hücumunun onlar üçün “gözlənilməz olmadığını” söylədi. “Prezident Putin Ukraynanı fəth etmək fikrinə hələ də sadiqdir və biz Ukraynaya öz ərazisini müdafiə etmək üçün lazımi vasitələrə verəcəyik”, – deyə Kirbi bildirib. Kirbinin sözlərinə görə, oktyabrın 11-də Rusiya bu hücum zamanı Avdyevka ərazisində azı 125 zirehli texnika və bir batalyondan çox maşın da daxil olmaqla, əhəmiyyətli itki verib. Bununla bərabər ABŞ Rusiyadan yeni hücumların olacağını gözləyir. "Bu dinamik münaqişədir və biz yadda saxlamalıyıq ki, Rusiya hələ də bəzi hücum imkanlarını saxlayır və yaxın aylarda bəzi taktiki nailiyyətlər əldə edə bilər", - deyə Ağ Ev rəsmisi etiraf edib.

Türkiyəyə ŞOK xəbərdarlıq: "FƏLAKƏT OLACAQ"

Təqaüddə olan briqada generalı Naim Babüroğlu İsrail-Fələstin müharibəsinin Türkiyəyə təsiri ilə bağlı diqqətçəkən açıqlama verib. Sozcu.az xəbər verir ki, Babüroğlu İsraillə HƏMAS arasında oktyabrın 7-də başlayan qarşıdurmanın davam etdiyi bir vaxtda ABŞ-ın bölgəyə bir təyyarədaşıyan gəmisi və əlavə hərbi elementlər yerləşdirdiyini, daha sonra İsraillə birlikdə Suriya və İraqda hava əməliyyatı həyata keçirdiyini, lakin region ölkələrinin bunu qınamadığını və susduğunu bildirib. O xəbərdarlıq edib ki, İraq və Suriyanın parçalanması və regionda sabitliyin pozulması Türkiyə üçün fəlakətlə nəticələnəcək. Təqaüddə olan general Suriya və İraqdan sonra İranın da hücumların hədəfi olacağını, güclü regional mövqedə olan Tehranın sabitliyinin pozulmasının bölgə üçün böyük fəlakət olacağını iddia edib. "ABŞ və İsrail davamlı olaraq İraq və Suriyaya hava zərbələri endirir. Region ölkələrindən heç bir qınaq yoxdur. Bir daha deyirəm: İraq və Suriyanın daha da parçalanması və qeyri-sabitliyi bölgə və Türkiyə üçün fəlakətdir. İrana gəlincə, bu, region üçün ölümcül zərbə olacaq" - Naim Babüroğlu qeyd edib.musavat.com)

Samvel Şahramanyan gözlənilən müsahibəni VERDİ

Özünü buraxmış qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyan Ermənistanda müxalifətyönlü kəsimin gözlədiyi müsahibəni verib. Sozcu.az xəbər verir ki, Şahramanyanın qondarma “Artsaxın ictimai televiziyası”na danışdığı bildirilir. Qeyd edilib ki, sentyabrın 19-da Xankəndidəki fəaliyyətini dayandıran bu “televiziya“ Facebook üzərindən yayımlanacaq. Şahramanyanla müsahibəni erməni jurnalisti Tsovinar Barxudaryan aparıb. Şahramanyanın qondarma “Artsax”a niyə və hansı şəraitdə “prezident” seçilməyə razılıq verdiyi, həmçinin hərbi əməliyyatlar, Azərbaycan tərəfi ilə danışıqlar barədə danışdığı, eləcə də bir sıra digər məsələlərə də toxunduğu bildirilir. O, Qarabağ ermənilərinin suallarını da cavablandırıb. Müsahibənin tezliklə yayımlanacağı deyilir.

Erkən yaşda nikaha icazə verilməlidir - Tahir Kərimlidən ŞOK AÇIQLAMA

“Qeyd olunur ki, 17 yaşında qız uşağı evləndirilməli deyil. Amma bəzi məqamları nəzərə almaq lazımdır”. Bunu deputat Tahir Kərimli Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib. “Elə olur ki, ata xərçəng xəstəsidir. Ömrünə az qalıb. Niyə onun övladının 17 yaşında evlənməsinə icazə verilməsin? Valideyn nə üçün övladının şad gününü görməsin? Bu tip situasiyalarda erkən yaşda nikaha icazə verilməlidir deyə düşünürəm”, - o qeyd edib. (Modern.az)

“Rusiya “sülhməramlı”ları Qarabağda imitiasiya ilə məşğuldurlar...”

Hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hesab edir ki, “bölgədə Rusiya “sülhməramlı”larına artıq heç bir ehtiyac yoxdur”. Sozcu.az xəbər verir ki, ekspert bu haqda “Kavkazskiy uzel” nəşrinə açıqlamasında bildirib. "Rusiya hərbçiləri indi özlərinə guya ehtiyac olduğunu nümayiş etdirmək üçün hansısa fəaliyyəti imitasiya edirlər. Amma onlara praktiki olaraq ehtiyac yoxdur. Əgər onlar silah-sursatı qoruyurlarsa,  bunu Azərbaycan ordusu özü edə bilər. Yolları qorumağa isə ehtiyac yoxdur. Ümumiyyətlə,  sual olunur ki, onlar kommunikasiyaları, yolları kimdən qoruyurlar? Aydındır ki, siyasi qərar ərəfəsində onlar özləri-özlərinə hansısa vəzifələr düşünürlər”, - deyə Üzeyir Cəfərov vurğulayıb.

Netanyahu hücum planını təsdiqləməkdəm imtina etdi

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatı üçün yekun plan hazırlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, İsrail Baş naziri Benyamin Netanyahu sözügedən planı imzalamaqdan imtina edib. Bu isə yüksək rütbəli zabitləri qəzəbləndirib. Məlumata görə, baş nazirin sənədi imzalamaqdan imtina etməsinə səbəb onun HƏMAS hərəkatının hücumundan sonra yaradılmış fövqəladə hökumət üzvlərinin quru əməliyyatının yekdilliklə təsdiq etməsini istəməsidir. Qeyd edək ki, bundan əvvəl “Axios” nəşri mənbələrinə istinadla İsrail Baş naziri Benyamin Netanyahunun ordunun planlarına şübhəylə yanaşdığı üçün Qəzza zolağında quru əməliyyatının başlanmasını təxirə salmaq istədiyini yazmışdı.

Bayden əmr verdi: ABŞ İran hədəflərini vurur

ABŞ Silahlı Qüvvələri Prezident Co Baydenin göstərişi ilə Suriyada İrana bağlı iki hədəfə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib. “Bu gün Prezident Baydenin göstərişi ilə ABŞ ordusu Suriyanın şərqində SEPAH və ona bağlı qrupların istifadə etdiyi iki obyektə zərbələr endirib. Bu zərbələr İranla əlaqəli silahlı qruplar tərəfindən oktyabrın 17-dən etibarən İraq və Suriyada ABŞ şəxsi heyətinə qarşı davam edən və əsasən uğursuz hücumlara cavabdır”, - Ostin bildirib.

Balasanyanla bağlı sensasion iddia

Qarabağdan qaçan separatçıların nümayəndəsi Vitali Balasanyan Ermənistanda çevriliş etmək istəyib. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. İddia edilir ki, Balasanyan Xankəndidən qaçanda belə bir plan qurub. O, Ermənistana gəldikdən sonra “Vətən” partiyasının sədri Artur Vanetsyanla görüşüb. Görüş zamanı Qarabağdan köçən erməniləri təşkilatlandırmaq, ölkədə ofislər açmaq üçün Vanetsyandan pul istəyib. Onun əsas məqsədinin Qarabağ erməniləri vasitəsilə Ermənistanda çevriliş etmək olduğu bildirilir. Lakin Vanetsyan Balasanyanın xahişini rədd edib. Qeyd edək ki, V.Balasanyan bir müddət öncə Ermənistanda polis məntəqəsinə yaxınlaşaraq silahını təhvil vermişdi. Onun barəsində cinayət işi açılmışdı. Çevriliş planı iddiasından sonra V.Balasanyanın həbs ediləcəyi gözlənilir.

Skottdan İrana: Biz dəqiq vururuq, Qasımdan soruşun!

İranın proksi qüvvələrinin ABŞ-ın bölgədəki bazalarına qarşı hücumlarının davam edəcəyi təqdirdə Tehrana ağır cavab veriləcək. Sozcu.az xəbər verir ki, bunu Respublikaçı senatoru Rik Skott sosial media hesabında yazıb. “İran ABŞ-a hücum etsə, ayətullahın bütün sevdiklərini hədəf alacağıq. Bilirsiniz ki, biz dəqiq hədəf alırıq. Gedin, Qasım Süleymanidən soruşun”, - Skott xəbərdarlıq edib.

Bu ölkə Ermənistana yenə silah göndərir

Hindistan Ermənistana yeni silah və sursat partiyası vermək imkanını öyrənir. Sozcu.az xəbər verir ki, bu barədə “Ekonomik Tayms” qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd edilib ki, ilk tədarük iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçirilib: “Müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar) təşkil edir. Müqaviləyə uyğun olaraq, Hindistan əvvəllər Ermənistana ilk dəfə xaricə satılan öz istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, həmçinin tank əleyhinə raketlər və döyüş sursatları göndərmişdi. Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi ilə çatdırılıb”, - məlumatda deyilir. Qeyd edək ki, son illər Hindistan və Fransa Ermənistanın silahlanmasında xüsusi rol oynamağa başlayıb.

Rusiya bu ərazidə 5 min əsgər, onlarla texnika itirdi

Rusiya Avdeyevkada ciddi itkilər verib və bu, çox güman ki, uzunmüddətli perspektivdə onun hücum imkanlarını sarsıdacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumatda bildirilib ki, peyk görüntüləri Rusiya hərbçilərinin oktyabrın 10-dan 20-dək Avdeyevka bölgəsində ən azı 109 hərbi texnika, çoxsaylı zirehli döyüş maşını və tank itirdiyini təsdiqləyir. Ukraynanın Tavriya qüvvələrinin spikeri isə Rusiyanın bu müddətdə 5 min itkisi və yaralısı olduğunu açıqlayıb. Rusiya komandanlığı canlı qüvvədə ciddi itkiləri kompensasiya etmək və rus qoşunlarının hücumu davam etdirmək qabiliyyətini qorumaq üçün Avdeyevka cəbhəsinə əlavə qüvvələr köçürüb: “Amma Rusiya zirehli texnikasının itkisini kompensasiya etmək çətin olacaq”.

BQXK Qarabağdan 220 erməni meyiti daşıdı

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları sentyabrın 20-dən indiyədək 220 nəfərin cəsədinin Qarabağdan Ermənistana daşınmasına yardım edib. Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin mətbuat xidmətindən məlumat verilib. “Məhkəmə ekspertlərimiz ötən ay yanacaq anbarında baş vermiş faciəli partlayış nəticəsində həlak olanların qalıqlarının ləyaqətlə utilizasiyasını təmin etmək üçün işlərini davam etdirirlər”, - məlumatda deyilir. BQXK əlavə edib ki, daşınan meyitlərin əksəri yanacaq anbarında baş verən partlayışa aiddir. Qeyd edək ki, 25 sentyabrda xankəndi yaxınlığındakı yanacaq məntəqəsində baş verən partlayışda yüzlərlə erməninin öldüyü və yaralandığı bildirilmişdi.

"Ermənistan Azərbaycandan qaz almağa hazırdır" - Vardanyan

Ermənistan tərəfi Azərbaycandan qaz almağa hazır olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib.  O qeyd edib ki, Ermənistan siyasi məsələləri həll etdikdən sonra Azərbaycandan qaz almağa hazırdır. Qeyd edək ki, Forumda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir. 

Şəhid anasının uçuq evi – “Aldığımız təqaüdü də oduna məsrəf edirik”

Tovuz rayonunun Pələkli kənd sakini, Vətən müharibəsi şəhidi Aqil Əliyevin qardaşı Anar Əliyev ailəsinin acınacaqlı durumu ilə bağlı KONKRET.az-a şikayət ünvanlayıb. Onun sözlərinə görə, anası Əliyeva Kübrə Tovuzun ucqar kəndində yaşayır və mənzil şəraiti çox acınacaqlıdır: “Anamın himayəsində iki qüsurlu övladı var. Adına isə heç bir ev yoxdur və müvəqqəti mənzildə yaşayır. Hətta yaşadığı mənzildə təbii qaz da yoxdur, odundan istifadə edirik. Odun isə çox bahadır. Şəhid oğlunun adına aldığı təqaüdü də elə oduna və xəstələrə məsrəf edirik”. Şikayətçi anasına və xəstə bacı-qardaşına özünün baxdığını, bütün yükü çiyinlərində daşıdığını deyir: “Hazırda yaşadığımız ev qohum evidir və çox bərbaddır. Heç bir şəraiti yoxdur. Ev o qədər köhnədir ki, qapı-pəncərəsi, damı-bacası, daşı-divarı ovulub tökülür. Hökumətin verdiyi birdəfəlik məbləği də bu evə xərclədik ki, bir az abadlaşsın, lakin burada daimi yaşamağımız qeyri-mümkündür”. A.Əliyev hazırda ən böyük problemlərinin evlə bağlı olduğunu vurğulayaraq, bununla əlaqədar dəfələrlə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova müraciət etdiyini dilə gətirib: “Anamın evlə təmin edilməsilə bağlı dəfələrlə icra hakimiyyətinə müraciət etmişik, amma nəticəsi olmayıb. Sanki mənim qardaşım Vətən üçün şəhid olmayıb, biz də şəhid ailəsi deyilik”. “Bizim kəndin 4 şəhidi var. Onlardan ikisi Birinci Qarabağ, ikisi isə Vətən müharibəsində şəhid olub. Birinci Qarabağ müharibəsində şəhid olanların ailələri evlə təmin olunub, Vətən müharibəsinin şəhidləri isə yox. Ev növbəsinə dayansaq da, 18-ci adamıq. Əlaqədar qurumlardan xahiş edirəm ki, ailəmizin evlə təmin olunmasında bizə öz köməkliklərini əsirgəməsinlər. Axı şəhid anası belə acınacaqlı şəraitdə yaşamamalıdır”, – deyə şəhidin qardaşı əlavə edib. Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Azər Fərmanzadə bildirdi ki, şəhidin anası mənzil növbəsinə götürülüb: “Ailədən şəhidin atası rəhmətə getdiyi üçün status sahibi anasıdır. Və ana Tovuz rayon İH tərəfindən sərəncama uyğun olaraq mənzil növbəsinə götürülərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə müraciət ünvanlanıb. Şəhidin qardaşına da dəfələrlə izah olunub ki, ev tikmək bizim səlahiyyətimizdə deyil. Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov isə bildirib ki, şəhidlərimizin ailə üzvləri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda, qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər: “Şəhidimiz Aqil Əliyevin anası Kübrə Əliyeva Tovuz Rayon İcra Hakimiyyətində 22.02.2021-ci ildə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb. Onun üçün fərdi evin tikintisi məsələsinə növbəlilik qaydasında baxılacaq”. Qeyd edək ki, şəhid Aqil Faiq oğlu Əliyev Vətən müharibəsində şəhid olub. O, 2020-ci il oktyabrın 15-də Suqovuşan ətrafında gedən döyüşlərdə 21 yaşında şəhidlik zirvəsinə ucalıb. Aqil Əliyev ölümündən sonra “Vətən uğurunda” medalı ilə təltif olunub.

"Fahişəlik, əsasən boşanmış qadınlar arasında çoxluq təşkil edir" - Razi Nurullayev

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maraqlı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Komitə təklif edir ki, fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəalar ləğv edilsin. Təklifdə fahişəliyi dayandırmaq istəyən qadınların yardım proqramları və alternativ gəlir imkanları ilə təmin edilməsi qeyd olunub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu təklifinə millət vəkili Razi Nurullayevin mövqeyini öyrəndik. “Fahişəlik cəza ilə aradan qalxmır” Bizim.Media-ya açıqlamasında o bildirib ki, fahişəliklə məşğul olan qadınların məsuliyyətə cəlb edilməsi effekt vermir: “Dünya ölkələri bizdən öncə bu hüquqi mexanizmləri keçib və görüb ki, fahişəlik cəza ilə aradan qalxmır. Onun üçün də qadınları fahişəliyə cəlb edənlərə, onlara obyekt kimi, qazanc mənbəyi kimi baxanlara qarşı ciddi tədbir görüblər. Əlavə olaraq, onlar ehtiyac ucbatından fahişəliyə qurşanan qadınlara əlavə gəlir mənbələri təklif ediblər və bu gözəl fayda verib. Hələ 2018-ci ildə və ondan sonra bir çox çıxışlarımda qeyd etmişəm ki, qadınları pis yoldan çəkindirmək üçün onlara yardım proqramları, gəlir imkanları yaratmaq lazımdır. Əgər qadın pul qazanarsa və özünü təmin edərsə, haradasa 80 faiz qadın fahişəlik yolundan çəkinər”. Millət vəkili qeyd edib ki, qadınlar özləri bu nalayiq işə xoşluqla qoşulmurlar: “Onları cəlb edən, bəzən isə zorla bu yola çəkənlər var. Məhz, bu səbəbə görə onlara qarşı mübarizəni və cəza menxanizmlərini gücləndirməyin lehinəyəm. Qadınlar üçün isə hüquqi cəza nəzərdə tutan  müddəaların ləğv edilməsi təklifini alqışlayıram”. Razi Nurullayev bir təklif də səsləndirib: “Biz müsəlman ölkəsiyik və müsəlmanın da ağlına qadınla bağlı gələn ilk söz və yanaşma namus-qeyrət məsələsidir. Fahişəlik, əsasən boşanmış qadınlar arasında çoxluq təşkil edir. Boşanmış qadının özünü saxlamaq, ailəsinə və uşaqlarına baxmaq üçün imkanları olmur. Qadın gözəldirsə, iş yerlərində də müdiriyyət tərəfindən seksual anlamda sıxışdırılır. Müdiriyyətlə seksual əlaqədə olmasa, işindən uzaqlaşdırılır. Xeyli nümunələrlə rastlaşmışam və dinləmişəm. Qadın bəzən çarəsizlikdən pis yola qurşanır. Boşanmış qadınlara, doğrudan da, sahib çıxmaq lazımdır ki, onlar çarəsizlik ucbatından fahişəlik etməsinlər. Sonra da ətrafı başlayır namus-qeyrət söhbəti aparmağa. Ailə üzvləri, qohum-əqraba bəzən ölüm hökmü də çıxarırlar, ailədən qovurlar və digər hərəkətlərə də yol verirlər. Çıxış yolu boşanmış, aliment ala bilməyən qadınlarla bağlı Fondun yaradılmasıdır. Məsələn, Boşanmış Qadınlara Yardım Fondu adlana bilər. Bu Fonda isə dövlətin pul köçürməsinə ehtiyac yoxdur. Müzakirə nəticəsində müəyyən gəlir mənbələri düşünülə bilər. Amma biz müsəlman cəmiyyəti və müsəlman kişiləri olaraq o Fonda sahib çıxıb, təminatını etməliyik. O qədər namus-qeyrət söhbəti edən insanlarımız var ki... Onları hər addımda görürəm və Maşallah çoxu da çox varlı insanlardır. Onlar da qazanclarının müəyyən hissəsini, allah xatirinə o fonda köçürə bilərlər. Fond da boşanmış, ehtiyacı olan qadınların himayəçisinə çevrilər”. Millət vəkili “namus-qeyrət” məsələsi dedikdə nəyi nəzərdə tutduğuna da aydınlıq gətirib: “Biz müsəlman kişisiyik və dinimizin bizə əmr etdiyinə görə namus-qeyrət, yetimə əl tutma, yetim malı yeməmə bizim üçün birinci yerdə olmalıdır. Bu mənim üçün belədir. Kişi qadına kömək etməli, onu dolandırmalıdır. Əgər bu zəncir pozulursa, qohumları bunu etmirsə, yaxud etməkdən imtina edirsə, qadın da çarəsiz vəziyyətə düşürsə, o zaman cəmiyyətin digər üzvləri danışmaq yerinə onlara kömək etmək yolunu tutmalıdırlar”.

“Sosial platformalarda özünü fenomen psixoloq kimi qələmə verənlərlə mübarizə aparılmalıdır”

ARB TV-nin "Günə Son”verilişində psixoloq Əfsanə Rüstəmovanın səsləndirdiyi fikirlər sosial şəbəkələrdə tənqidlərə səbəb olub. Məişət zorakılığı mövzusunun gündəmə gətirildiyi efirdə psixoloq emosional ehtiyacı ödənməyən qadının boşanmaq haqqının olduğunu deyib. O, fikirlərini belə əsaslandırıb: "Mənim üç minlik telefon kimi emosional bir ehtiyacım varsa, həyatım yoldaşım ya onu mənə almalıdır, ya da mənim imtina etmək kimi bir şansım var. Ər rahat kreslosunda oturub, üç min manatlıq telefonu almırsa, boşanmağa getməyin tərəfdarıyam. Şillə dəyəndən sonra hər şey üçün gecdir”.    Birmənalı qarşılanmayan fikirlərə klinik psixoloq Rövşən Nəcəfovun münasibətini öyrəndik. Demokrat.az-a açıqlama verən mütəxəssis bakalavr təhsili psixologiya olmayan və sosial platformalarda özünü fenomen psixoloq kimi təqdim edən şəxslərlə mübarizə aparılmalı olduğu qənaətindədir: "Vətəndaşlara psixoloq yanına gedərkən diplom tələb etməyi tövsiyə edirəm. Reklam olunan sertifikatlara inanmasınlar. Özünü psixoloq kimi təqdim edən şəxslərdən psixologiya üzrə bakalavr diplomu, özünü klinik psixoloq kimi təqdim edən şəxslərdən isə klinik psixologiya üzrə magistr diplomu tələb etmək lazımdır. Xaricdə təhsil aldığını deyən şəxslərdən də Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş sənəd tələb edilməlidir. Bunları tələb etmək müraciətçilərin haqqıdır. Psixologiya üzrə bakalavr təhsili almış şəxslər psixologiyanın elmi istinad mənbələrini bilir. Media subyektləri də verilişlərinə və ya hansısa layihələrinə psixoloq dəvət edəndə qeyd etdiklərimi nəzərə almalıdır”. R.Nəcəfov deyib ki, özünü cəmiyyətə psixoloq kimi təqdim edən şəxslərlə bağlı hüquqi müstəvidə addımlar atılmalıdır: "Aidiyyəti dövlət qurumları bununla bağlı qanunun sərt üzünü göstərməlidirlər. Özəl bağça, məktəbəqədər və digər təhsil müəssisələrində, psixologiya və reabilitasiya mərkəzlərində, tibb mərkəzləri və klinikalarda ixtisası psixologiya olmayan, müvafiq ixtisas üzrə diplomu olmayan şəxslər psixoloq xidməti göstərirlər. Özəl müəssisələrdə aidiyyəti dövlət qurumları tərəfindən yoxlamalar aparılmalıdır”. Ekspert onu da əlavə edib ki, heç bir elmi əsası olmayan "NLP”, "Access Bars”, "Yaşam koçluğu”, "Şəxsi inkişaf” kimi fəaliyyətlər psixologiya deyil:  "Amma bunları insanlara psixoloji xidmət olaraq təqdim edirlər. İnsanların xoşbəxtlik axtarışından sui-istifadə etmək olmaz. Psixologiya empatiyanın olduğu sahədir. Kiminsə yaxşı dinləyici olması onun peşəkarlığını ifadə etmir. Psixoloqlar insanların təşvişləri, asılılıqları və digər psixoloji pozuntuları ilə məşğul olan, elmi əsaslı metod və konsultasiyaları icra edən ixtisas sahibləridirlər”.

Şəkidə daha bir qətl: 41 yaşlı kişi öldürüldü

Oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Asif Arif oğlu Həşimovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə Sozcu.az-a Daxili İşər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü Cavid Beybud oğlu İsayev könüllü olaraq polisə təslim olub. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, qətlə yetirilən şəxs Oğuz rayon sakinidir.