Azərbaycan 2 ayda Gürcüstandan 5 minə yaxın avtomobil idxal edib

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 4 820 avtomobil idxal edib. Bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb. Məlumata görə, bununla da Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələrin siyahısında lider olub. Onu Ermənistan (2 834), Qazaxıstan (2 589), Qırğızıstan (1 338) və Rusiya (978) izləyib.

Türkiyədən gələn tələbələr üçün quru sərhədləri AÇILDI

Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyədə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib. Sozcu.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Türkiyədə ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan Azərbaycan vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.

DSX əsgərinə narkotik gətirən yaxın qohumu saxlanıldı

Aprelin 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində keçirilən valideyn görüşü zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu ilə görüşə gələn yaxın qohumunun əsgərə narkotik vasitə gətirdiyi aşkar olunaraq faktla bağlı qanunamüvafiq tədbirlər görülüb. DSX-dən Sozcu.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı hərbi qulluqçuya narkotik vasitəni gətirən şəxs barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına və hərbi qulluqçunun valideynlərinə məlumat verilib. Fakt üzrə araşdırma tədbiri davam etdirilir.

Bu məktəbin direktoru olmaq üçün 67 nəfər imtahan verdi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan 331 nömrəli tam orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. İdarədən Modern.az-a verilən xəbərə görə, paytaxtdakı 20 nömrəli məktəb-liseyin binasında təşkil olunmuş imtahanda 67 namizəd iştirak edib. Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.

Azərbaycanda nikahların sayı azalıb, boşanma artıb - Rəsmi

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il mart ayının 1-i vəziyyətinə 10135373 nəfər təşkil edib (Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazidəki əhali istisna olmaqla). Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub. Sozcu.az Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən xəbər verir ki, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində ölkədə 19158 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil edib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 610-u əkiz, 45-i üçəm olub. 2023-cü ilin ilk iki ayı ərzində ölkədə 11191 ölüm halı qeydə alınıb və və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 6,8-ə düşüb. Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7541 nikah və 3014 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.

Ermənilər əsir hərbçilərimizi həbs etdi

İrəvanın ümumi yuridiksiya məhkəməsi azərbaycanlı hərbi əsirlər – Aqşin Bəbirov və Hüseyn Axundov barəsində həbs qərarı çıxarıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Erməni tərəfi hərbçilərimizi bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham edirlər.

Xəstəxanada müalicə alan qadın özünü 3-cü mərtəbədən atdı

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müalicə alan qadın intihar edib. Xəstəxananın Nevrologiya şöbəsində stasionar müalicə olunan 1962-ci il təvəllüdlü Maral Mamedova binanın 3-cü mərtəbəsindən özünü atıb. Araşdırma aparılır.

Xızıdakı partlayışda xəsarət alan şəxs Sumqayıt Tibb Mərkəzinə yerləşdirilib

Xızı rayonunun Yaşma qəsəbəsində baş verən hadisə ilə əlaqədar 1976-cı il təvəllüdlü vətəndaş TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Ona sol budun odlu qəlpə yarası, ayaq barmağının sınığı, döş qəfəsinin açıq yarası diaqnozu qoyulub. Tibb müəssisəsinin Travma şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Saleh Məmmədovun "adamı" Vətən müharibəsi qazisini işdən çıxardı - AÇIQLAMA

Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi qazisi, Lənkəran şəhər sakini Şahbazlı Asin Ulduz oğlu “7 saylı Magistral-Yol İstismar İdarəsi” MMC-nin direktoru Rüfət Həsənzadə tərəfindən səbəbsiz yerə işdən çıxarılıb. Bu barədə Asin Şahbazlı özü məlumat verib. Qazi bildirib ki, onu Ramazan bayramı günündə işsiz qoyublar: "İşdən çıxarılmağımın səbəbini soruşanda, hər hansı əsas göstərə bilmədilər. Deyildi ki, gedib hara şikayət edə bilirsən, elə. Dəfələrlə müraciət etsəm də, şikayətimə baxan yoxdur. Rüfət Həsənzadə atası Raqub Həsənova arxalanır. Uzun illərdən bəri Raqub Həsənov da yol tikintisi şirkətinə rəhbərlik edir, ata və oğul Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihələrini həyata keçirirlər. Ancaq bütün baxmayaraq, dəfələrlə müraciət etsəm də, mənə heç iş verilmir. Bizi nə axtaran var, nə maraqlanan. Ümumiyyətlə heç nə ilə maraqlanmırlar. İşlə də təmin etmirlər. Kirayədə qalıram. Heç bir yerdən gəlirim yoxdur. Hara iş üçün gedirəm, deyirlər, dəlixanada yatmısan. Deyirəm ki, müharibədən qabaq normal insan olmuşam, Vətənə xidmət etmişəm. Konkret nə baxan, nə də axtaran var. Özüm də 2 ildir psixoterapik dərmanlarla yaşayıram. Hara müraciət edirəm, ancaq boş məktublar gəlir". Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun "adamı" kimi tanınan Raqub Həsənov barəsində mediada mütəmadi olaraq ziddiyətli məlumatlar yer alır./Demokrat.az

Kanalizasiya sularının axıdıldığı Xəzərdən içməli su almaq doğrudurmu? - Ekoloqdan həyəcan təbili

Azərbaycanda dəniz suyundan içməli su kimi istifadə olunacağı ilə bağlı məsələ aktuallaşıb. İçməli suya olan tələbatı ödəmək üçün Xəzər dənizinin suyunun şirinləşdirilməsi nəzərdə tutulur. Ekspertlərin fikrincə, bu proses daha az xərc tələb edir.  Qeyd edək ki, Bakıda ötən əsrin əvvəllərində neft mədənlərində çalışan işçilərin suya tələbatını ödəmək üçün müxtəlif üsullarla şirinləşdirilmiş dəniz suyundan istifadə olunub. Hazırkı dövrdə isə bu prosesin tətbiqi gigiyenik cəhətdən mümkün deyil. Ən azı ona görə ki, kanalizasiya suları və tullantıları birbaşa Xəzər dənizinə axıdılır. Üstəlik dəniz platformasından neft və ya digər bulanıq mayenin Xəzərə axıdılması faktları da mövcuddur.  Mövzu ilə bağlı Bizim.media-ya danışan ekoloq Ənvər Əliyev də hesab edir ki, dənizdən içməli su əldə etmək məqbul deyil: “Bu sudan içmək yox, sadəcə məişətdə, suvarmada və bəzi zavodlarda istifadə olunması mümkün ola bilər. Əksinə, bizim içməli sularımız çoxdur. Azərbaycanın çayları və yeraltı suları tükənməyib ki, dənizdən içməli su alaq. Təəssüfedici məqam odur ki, içməli suyu 400-500 kilometrlikdən gətirib bağ sulamağa, maşın yumağa istifadə edirik. Biz bunun əleyhinəyik. Yaxşı olar ki, içməli və məişətdə istifadə olunan sular ayrı olsun. İsraf etdiyimiz suları düzəldək, ondan sonra əlavəsinə baxarıq”. Ekoloqun sözlərinə görə kanalizasiya sularının və digər mayelərin axıdıldığı dənizdən içməli su almaq insan orqanizminə təhlükədir: “Bəzi müəssisələrin tullantılarında elə maddələr var ki, onlar həll olmur. Hələ qalsın ki, bu maddələr insan orqanizminə keçsin... İnsanın su tələbatının sanitar-gigiyenik normaları var ki, bunlardan kənara çıxmaq olmaz. Çünki çox ciddi fəsadlar baş verə bilər.  Üstəlik Xəzər dənizindən içməli su almaq böyük xərc tələb edir. Uzun müddət metrodan su çıxırdı. Hətta qurumun mənbələrindən aldığım məlumata görə. Bakı metrosu lay sularının təmizlənməsinə 300 min manata qədər pul xərcləyir. Bu sularla içməli su probleminin ağır vaxtlarında heç olmasa ağacları sulamaq olar.   Bundan əlavə Bakının özünə gələn sular var ki, hər tərəfdən dənizə doğru axıdılır. Onlardan da bəzi sahələrdə istifadə etmək olar. Ümumiyyətlə, içməli sudan qənaətlə və normal istifadə edə bilsək, alternativlərə ehtiyac qalmayacaq.  Onu da deyim ki, Bakının kanalizasiya sistemi bərbad durumdadır. Su borularının çoxu Sovet dövründən də əvvəlki illərə aiddir. Yararlıqları sual altındadır. Suya qənaət etmək üçün öncə bu problemlərə diqqət etmək lazımdır”.

Sabah 27 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz havanın qısa müddətə arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Şəhid analarından Hüseynin ailəsinə DƏSTƏK: Eyni hisləri yaşayırıq

“Həmin kadrları izləyəndə ölüb-dirildim, məhv oldum” Ermənistanda əsir götürülən Azərbaycan əsgəri Hüseyn Axundovun amansız işgəncələrə məruz qalmasını əks etdirən görüntülər şəhid ailələrinin də hiddətinə səbəb olub. Vətən uğrunda canlarını fəda etmiş qəhrəman hərbçilərimizin anaları Hüseynin ailəsinə dəstək verərək, onların tək olmadıqlarını, eyni hisləri yaşadıqlarını bildiriblər. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Modern.az-a açıqlamasında deyib ki, Hüseynin internetdə yayılan videosu ona çox pis təsir edib. “Ermənilərin əsgərimizə o cür rəftar etməsi şəhid anası olaraq mənə pis təsir etdi, düşünürəm ki, övladı şəhid olan bütün analar eyni hissi yaşayıb. Öz övladımın şəhid olması mənə necə təsir edirsə, hər bir ananın balasına zülm olunması da mənə elə təsir edir. Müharibə qələbəmizlə bitsə də, yenə şəhidlərimiz olur, əsgərlərimiz ermənilərə əsir düşür. Nə demək olar? Allah Hüseyn balamızın köməyində olsun, anasına səbir versin”, - Səmayə Həşimova vurğulayıb. Vətən müharibəsi şəhidi İzzət Həmidovun anası Vəfa İzzətli Azərbaycan əsgərlərinin ermənilərə əsir düşməsinə məyus olduğunu söyləyib. “O kadrları izləyəndə ölüb-dirildim, ağladım, məhv oldum. Şəhid olmaq ayrıdır, əsir düşmək tamam ayrı. Şəhid olanda bilirsən ki, daha yoxdur, gözün yoldan kəsilir, amma əsir kimi düşmən əlində olmaq və ananın övladının incidildiyini bilməsi çox ağırdır. O ananın halını təsəvvür edə bilirəm. Övladlarımıza biri tərs baxanda adam dəli olur. O ki qaldı onun düşmənin əlində olduğunu biləsən. Bunu düşünmək belə insanı məhv edir. Dəhşətdir, Allah heç kimə göstərməsin. Allah o anaya səbir versin. Eyni şey başıma gəlsəydi, bəlkə də, mənim ürəyim dayanardı. Mən həmişə şükür edirəm ki, oğlum əsir düşmədi, sadəcə şəhid oldu. Ağır dərddir". Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.