“Sinifdə şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilməlidir. Siniflər üzrə şagird sıxlığı normalarının qəbul olunmasına baxmayaraq, paytaxtın əksər məktəblərində şagird sıxlığı problemi hələ də var. Sinifdə şagird sayının 25-dən yuxarı olması doğru deyil. Siniflərdəki maksimal şagird sayı 20-25 olmalıdır. Bir sinifdə 45-50 nəfər şagirdin təhsil alması doğru deyil. Çünki 45 dəqiqəlik zaman kəsiyi, bir müəllimin 45-50 nəfər təhsilalana mövzuları çatdırmasına və ev tapşırıqlarını yoxlamasına kifayət etmir. Şagirddən öyrəndiyini də soruşmağa vaxt çatmır”.
Bunu Bakupost.az -a təhsil eksperti Elşən Qafarov deyib.
O bildirib ki, 15-20 nəfərdən çox şagirdlə pedaqoji fəaliyyətlə məşğul olmaq və bütün şagirdlərə vaxt çatdırmaq mümkün olmayan məsələdir:
“Şagird sıxlığı olan siniflərdə hər kəsin dərsdə fəal iştirak etməsi qeyri-mümkündür. Fikrimcə, siniflər maksimum 20 şagirddən ibarət olmalıdır. 30-40 şagirddən təşkil olunan siniflərdə təhsilin keyfiyyətindən söhbət belə gedə bilməz. O sinifdə sadəcə olaraq, proqram yerinə yetirilir. Ölkədə məktəb qıtlığı var, xüsusən də Bakı şəhərində məlum problem yaşanır. Şagird sıxlığı da tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Müvafiq proqram üzrə keyfiyyətli təhsil ala bilməyən şagirdlərin valideynləri repetitorlara müraciət edir”.