Oktyabrın 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az -a verilən məlumata görə, oktyabrın 26-da şimal və qərb rayonlarından başlayaraq oktyabrın 27-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə - Qazax-Gəncə, Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astarada leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.