Qusar sakini 2-ci mərtəbədən yıxılaraq öldü

Qusar sakini bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun İmamqulukənd kəndində baş verib. Belə ki, Məhəmməd Coğrafəddin oğlu Əhmədov Qusar rayonun İmamqulukənd kəndində yerləşən evin ikinci mərtəbəsindəki pəncərəsindən yerə yıxılaraq aldığı xəsarətlərdən ölüb. Həmin faktla əlaqədar Qusar rayon prokurorluğunda araşdırma aparılır.

Minaya düşən hərbçilərimiz Füzuliyə aparıldı

Xəbər verdiyimiz kimi, Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb. Sozcu.az xəbər verir ki, mina partlayışından dərhal sonra Azərbaycanın hərbi yardım maşınları hərbçiləri xəstəxanaya çatdırıblar. Hərbçilərimiz Laçın yolu vasitəsilə Füzuli istiqamətinə aparılıb.

Bakıda 15 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb. Ötən gün Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsi, ev 13/14-də yaşayan 2008-ci il təvəllüdlü Hümbətova Mələk Mehralı qızı evdən çıxıb gedib, geri qayıtmayıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.

Ağsuda bayram namazı qılınıb - Foto

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Ağsu rayonunda bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, dini ayinlər Ağsu rayonu "Hacı Alcan Hacı Almaxanım" məscidində icra olunub. Bayram namazından sonra dualar oxunub.

Bakıda bayram namazı qılındı

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb. Qeyd edək ki, bayram namazı Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq. Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

İctimai fəal Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb. Sozcu.az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin həbs müddəti 2 ay 8 gün artırılıb. Xatırladaq ki, ötən ilin dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb. Daha sonra ona Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilib.

Fitr bayramı: İnsanlar savab qazanmaq üçün nə etməlidir?

Sabah Fitr bayramıdır. Bayram günü fitrə sədəqəsi vermək, bayram namazı qılmaq savab sayılır. İnsanlar başqa hansı saleh əməllərlə məşğul olmalıdır?  Yenisabah.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bayram günü qəlbləri sevindirməyin önəmindən danışıb: “Bayramı olduqca yaxşı keçirməliyik. Bunun üçün də Allahın rizası olmaldır. Allahın rizası isə saleh əməllərin içərisindədir. Bayram namazından əvvəl qüsl almalı, ən gözəl paltarlarımızı geyinib müsəlmanlarla birlikdə namazımızı qılmalıyıq. Namazdan əvvəl unutmayacağımız bir şey var. Qul haqqı, yəni fitrə sədəqəsi. Mütləq bayramdan əvvəl ehtiyacı olanlara fitrə sədəqəsini çatdırmaq lazımdır. Bayram günü gözəl söz deməkdən ağac əkməyə qədər ata-analarımıza ziyarətə getməkdən qəbr ziyarətinə qədər bütün gözəl işlər savabdır. Peyğəmbərimiz bu günün əfv, mərhəmət, sevgi günü olduğunu deyib. Yəni bir ümmət olaraq bir-birimizi bağışlamalıyıq. Bunu etməliyik ki, Allah da bizi bağışlasın, mərhəməti insanların qəlbinə ensin. Fitr bayramı günü oruc tutmaq haramdır. Bayramdan sonra qəzası olanlar oruc tuta bilər. Ramazan ayından sonra Şəvval ayı gəlir və bu ayın 6 günü oruc tutmaq da savabdır. Qəza oruclarımızı tutduqdan sonra Şəvval ayınında oruclarını mütəmadi və ya 2-3 gün ara verərək də tutmaq olar”.

Quru sərhədlər bu tarixdə açıla bilər - AÇIQLAMA

“Xüsusi karantin rejimi çərçivəsində tədbirlərin yumşaldılması prosesinin davam etdirilməsi mümkündür. Buna görə də Operativ Qərargah tərəfindən quru sərhədlərin açılması müzakirə edilən məsələlərdəndir. Bizim təklifimiz budur ki, gələn aydan etibarən mərhələli şəkildə quru sərhədlərin açılması reallaşsın. Hər halda Operativ Qərargah Azərbaycanda, eləcə də qonşu ölkələrdə yoluxma sayına uyğun olaraq bu istiqamətdə qərar verəcək”. Bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, quru sərhədlərin açılması həm də iqtisadi baxımdan vacib məsələdir: “Çünki bu, nəticə etibarilə həm ölkəyə gələn turistlərin sayına təsir göstərir, həm də Azərbaycan vətəndaşlarının daha rahat və asan səfər imkanı deməkdir. Ölkəyə gələn turistlərin 70%-i qonşu ölkələrdən gəlir. Pandemiyadan əvvəl Azərbaycana gələn tursitlərin sayı 3,2 milyon nəfər idi. Azərbaycanın turizm gəlirləri isə 2,8 milyard dollar idi. Bu baxımdan quru sərhədlərin açılması həm də turizm və xidmət sektorunun gəlirlərinin artması üçün vacibdir. Biz də təklif edirik ki, Operativ Qəragahın regiondakı epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərin mərhələli şəkildə açılması məsələsinə baxması məqsədəuyğun olardı”.

35 yaşlı kişi dəm qazından zəhərlənərək ÖLDÜ

Gədəbəy şəhərində dəm qazından zəhərlənən şəxs dünyasını dəyişib. Sozcu.az “Report”a istinadən xəbər verir ki, Gədəbəy rayon sakini 1988-ci il təvəllüdlü Mustafayev Məcid yaşadığı evdə dəm qazından zəhərlənib. O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.

Mayda 7 gün ardıcıl dərs olmayacaq

Mayın 1-dən məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün yaz tətili olacaq. Sozcu.az xəbər verir ki, tətil mayın 6-dək davam edəcək. Tətildən sonrakı ilk dərs günü mayın 8-də olacaq. Mayın 6-sı və 7-si şənbə və bazar gününə təsadüf edir. Qeyd edək ki, 2022-2023-ci tədris ilində ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunub.

Azərbaycanda 100 min nəfər imtahan verdi: Biri də 300 bal toplaya bilmədi

Martın 12-də keçirilmiş buraxılış imtahanınının nəticələri açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə abituriyentlər SMS bildiriş alıblar. İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər. Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni (8 rəqəmli şagird kodunu) 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub. Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə linkdəki faylda tanış ola bilərsiniz. Bu imtahanlarda iştirakı nəzərdə tutulan 50823 nəfərdən 485 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 19 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 4 nəfər 297.5 bal toplamaqla ən yüksək nəticəni göstərib.Yüksək bal toplayanlardan 2 nəfər Bakı şəhər Nəsimi rayon texniki-humanitar liseyinin, 1 nəfər Səbail rayon 160 №-li klassik gimnaziyasının, 1 nəfər Sabunçu rayon 169 №-li orta məktəbinin məzunudur. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 3 may tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 26-28 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin https://dim.gov.az/news/10763/ linki vasitəsilə tapşırıqların şərti və izahlarla tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Azərbaycanda qız uşağı alçadan zəhərlənib öldü

Mingəçevirdə 10 yaşlı qız uşağı alçadan zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, hadisə Bahar küçəsində yerləşən fərdi təsərrüfatlardan birində baş verib. 2013-cü il təvəllüdlü Lalə Quluzadə həyətlərində yetişən alçadan zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, qızın atası bütün təsərrüfatı zərərvericilərdən qorumaq üçün dərmanlayıbmış, qız isə bilmədən birbaşa ağacdan dərdiyi alçaları yeyib. Faktla bağlı araşdırma aparılır.