İmtahanda bir nəfər yüksək bal topladı

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 2-də keçirdiyi imtahanların nəticələrini açıqlayıb.  Sozcu.az xəbər verir ki, imtahanda ən yüksək nəticəni 295,4 bal toplayan Bakı şəhər Xətai rayon 25 saylı orta məktəbin cari il məzunu göstərib.  Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür. 

Narkotik dövriyyəsində ittiham olunan şəxsə bəraət verilib

Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Əkbər İsayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub. Hakim Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdur, ona qarşı irəli sürülmüş ittiham əsassızdır. Məhkəmə Əkbər İsayevə bəraət verib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Qeyd edək ki, İsayev Əkbər Ağamusa oğlu polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla həbs olunub. Baxış zamanı ondan satış məqsədilə saxlanılan narkotik aşkar olunduğu iddia olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə DTX-nin həbs etdiyi hərbçi ilə bağlı qərar verdi

Ali Məhkəmədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Sumqayıt şəhərində tutulan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq növbə rəisi Həsən Həsənovun (şərti) və tanışı Məmməd Məmmədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb. Sozcu.az Pravda-ya istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib. Sumqayıtda yerləşən hərbi hissələrin birində xidmət aparan, 1962-ci il təvəllüdlü Həsən Həsənov naməlum mənbədən əldə etdiyi 100 qrama yaxın civəni 15 min manata satarkən tutulub. Ötən ilin oktyabrında keçirilmiş əməliyyat zamanı onunla birlikdə Sumqayıtda zərgər kimi fəaliyyət göstərən və civənin satışına vasitəçilik edən Məmməd Məmmədov da həbs olunub. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddəsi ilə iş açılıb və 2021-ci il, oktyabrın 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs ediliblər. Araşdırmalar zamanı məlum olub ki, hərbçi Məmməd zərgərin ona kömək edə biləcəyini düşünüb. Daha sonra onlar birlikdə civəyə müştəri axtarıblar və şərti alıcıya həmin maddəni 15 min manata satmağa razılaşıblar. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki parkda müştəriyə civə satıldıqdan sonra onlar DTX əməkdaşları tərəfindən saxlanılıblar. Axtarış tədbirləri zamanı hərbçinin evindəki manometrin daxilində gizlədilmiş əlavə altı qram civə də müəyyən edilib. Açılmış cinayət işinin materialları bir müddət əvvəl Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin 10 iyun 2022-ci il tarixli hökmü ilə Həsən Həsənov 4 il, Məmməd Məmmədov isə 4 il 6 ay müddətinə həbs cəzası verilib. Sumqayıt Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

Bakı metrosu 2 saat çox işləyəcək - SƏBƏB

"Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar "Bakı metropoliteni"nin iş rejimi 2 saat uzadılacaq. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, aprelin 28-dən 30-dək keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək: "Paytaxtda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Yarışın keçiriləcəyi müddətdə nəzərdə tutulmuş kütləvi-mədəni proqramların başa çatacağı vaxtlar nəzərə alınaraq, aprelin 28-dən 29-na və 29-dan 30-na keçən gecə saat 02:00-a qədər metropoliten stansiyaları sərnişinlərin girişinə açıq olacaq. Aprelin 30-da bazar günü olsa da, qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində 2,5 dəqiqəlik intervalla təşkil ediləcək". B.Məmmədov qeyd olunan tarixlərdə gün ərzində qatarların hərəkəti qış qrafikinin tələblərinə uyğun nizamlanacağını vurğulayıb./Report "Bununla belə, idman yarışı məkanlarına yaxın stansiyalar üçün müvafiq tədbirlər planına uyğun olaraq, hazır vəziyyətdə saxlanılan ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılacaq", - deyə o əlavə edib.

Gəncədə xəstəxanada yanğın: xəstə boğularaq öldü

10:33 Gəncə şəhərində 1 saylı Abbas Səhhət adına Xəstəxanada yanğın baş verib. Sozcu.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğının terapiya şöbəsində baş verdiyi bildirilib. Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub. *** Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın söndürülüb. Məlumata görə, reanimasiya şöbəsində qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb. Bu zaman həm xəstəxana işçiləri, həm də pasiyentlər arasında tüstüdən zəhərlənənlər olub. *** Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın binanın zirzəmisində yerləşən elektrik şkafında baş verib. Oxu.az-ın əldə etdiyi məlumata görə, zirzəmidə 9 kvadratmetr ərazi yanıb. Yanğın zamanı əmələ gələn tüstü havalandırma borusundan binanın digər mərtəbələrinə daxil olub. Hadisə zamanı xəstəxananın reanimasiya şöbəsində yatan və ürək çatışmazlığından əziyyət çəkən xəstə tüstüdən boğulub. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Sumqayıt Tibb Mərkəzində araşdırma: Cinayət işi açıldı

“Sumqayıt Tibb Mərkəzi”ndə baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxs tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

"Yolüstü"nün admini qəzada öldü

Feysbukda insanların yol yoldaşı axtardığı "Yolüstü" qrupunun admini 37 yaşlı Cəlal İbrahimov yol qəzasında vəfat edib. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, C.İbrahimovu avtomobil vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, vəfat edib. C.İbrahimov Ağdaş-Bakı istiqamətində taksi fəaliyyəti ilə məşğul olurmuş. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qusar sakini 2-ci mərtəbədən yıxılaraq öldü

Qusar sakini bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun İmamqulukənd kəndində baş verib. Belə ki, Məhəmməd Coğrafəddin oğlu Əhmədov Qusar rayonun İmamqulukənd kəndində yerləşən evin ikinci mərtəbəsindəki pəncərəsindən yerə yıxılaraq aldığı xəsarətlərdən ölüb. Həmin faktla əlaqədar Qusar rayon prokurorluğunda araşdırma aparılır.

Minaya düşən hərbçilərimiz Füzuliyə aparıldı

Xəbər verdiyimiz kimi, Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində baş vermiş mina partlayışı zamanı üç hərbi qulluqçumuz xəsarət alıb. Sozcu.az xəbər verir ki, mina partlayışından dərhal sonra Azərbaycanın hərbi yardım maşınları hərbçiləri xəstəxanaya çatdırıblar. Hərbçilərimiz Laçın yolu vasitəsilə Füzuli istiqamətinə aparılıb.

Bakıda 15 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb. Ötən gün Xətai rayonu, NZS qəsəbəsi, M.Əmirxanov küçəsi, ev 13/14-də yaşayan 2008-ci il təvəllüdlü Hümbətova Mələk Mehralı qızı evdən çıxıb gedib, geri qayıtmayıb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.

Ağsuda bayram namazı qılınıb - Foto

Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə Ağsu rayonunda bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, dini ayinlər Ağsu rayonu "Hacı Alcan Hacı Almaxanım" məscidində icra olunub. Bayram namazından sonra dualar oxunub.

Bakıda bayram namazı qılındı

Bakıda Ramazan münasibətilə bayram namazı qılınıb. Sozcu.az xəbər verir ki, namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə Əjdərbəy məscidində qılınıb. Qeyd edək ki, bayram namazı Təzə Pir məscidində isə saat 09:00-da qılınacaq. Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir. Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.