Bu il qar ehtiyatı normadan az olub - Nazirlik

Qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan MR Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqlarının yüksək dağlıq ərazilərdə apardığı qarölçmə işləri başa çatıb. Modern.az-ın məlumatına görə, Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 36 marşrut üzrə aparılan qarölçmələr zamanı hər bir marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi təyin edildikdən sonra qarın sıxlığı və sululuğu müəyyən olunub. Onun sözlərinə görə, qarölçmə işlərinin nəticələrinə əsasən bu il qar ehtiyatı normadan və ötən il ilə müqayisədə az olub: "Aparılan kompleks təhlillərə, o cümlədən qarda olan sululuğa və yaz dövründə gözlənilən hidrometeoroloji şəraitə əsasən bu ilin yaz-yay gursululuq dövründə (aprel-iyun) çaylarda sululuğun normadan aşağı olacağı gözlənilir".

İndiyədək minadan təmizlənən ərazilərin həcmi AÇIQLANDI

“Bu günə kimi 75 min hektara qədər ərazi mina və partlamamış sursatlarının təmizlənib. Təmizləmə əməliyyatlar nəticəsində ümumilikdə 85 mindən çox mina və partlamamış sursat aşkar edilərək məhv olunub”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib. Aprelin 11-də Ağdamda keçirilən ağacəkmə aksiyasından sonra jurnalistlərin suallarını cavablandıran agentlik sədri qeyd edib ki, Ağdam günü-gündən dirçəlir. O deyib ki, hazırda rayonda aparılan quruculuq işləri sürətlə davam etdirilir: Təbii ki, işlərin daha da sürətləndirilməsi üçün mina təmizlənməsi mühüm əhəmiyyət daşıyır. Hazırda da Ağdamda minatəmizləmənişləri davam etdirilir. Ümumilikdə iki il ərzində Ağdamda 18 min hektardan çox ərazi təmizlənəcək. V.Süleymanov söyləyib ki, aprelin 11-də Ağdam şəhərində ağacəkmə aksiyasının keçirildiyi ərazi də vaxtilə minalı olub.//Report

Məhkəmə köşkün qarşısında həmkəndlisi döyən şəxsə elektron qolbaq taxdı

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Azad Əliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 8 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. İttiahama görə, hadisə 13 fevral 2022-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Digah qəsəbəsindəki dayanacaqda yerləşən köşkün qarşısında qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Azad Əliyev həmkəndlisi, zərərçəkmiş Elvin Qafarovla (soyadı şərti) söhbət edən zaman onun içdiyi energetik içkinin ödənişini etməsini istəyib. Lakin zərərçəkmiş onun dediyini etməyib. Bu zaman Azad Elvinin sifətinə bir neçə dəfə yumruqla qəsdən vuraraq ona bədən xəsarətləri yetirib. Daha sonra Elvin Qafarov hüquq-mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşları tərəfindən saxlanılan Azad Əliyevin barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə Azad Əliyev  elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, əvvəllər də məhkumluq həyatı yaşayıb.

"Az-Granata” MMC -də özbaşınalıqlar baş alıb gedir: İnsanların çörəyi ilə oynayırlar

Ağsu rayonunda yerləşən “Az-Granata” MMC -də işlədikləri əlavə iş saatları üçün ödəniş tələb edən işçilər işdən qovulurlar.  Sozcu.az xəbər verir ki,bu barədə Ağsu rayon sakini Furuz Xudiyev məlumat verib. Firuz Xudiyev bildirib ki, onun "Az-Granata” MMC -də çalışan iki övladı qanunsuz şəkildə işdən çıxarılıblar.  Firuz Xuduyev bildirib ki,  Az-Granata” MMC -də işçilərlə müqavilənin müddəti 1 aylıq bağlanır və onlara aid olmayan işləri görməyə məcbur edilirlər: "Az-Granata” MMC -də təzyiqlərlə üzləşən Cavidan və Kənan Xuduyevlər mənim övladlarımdır. Hər iki övladım Az-Granata” MMC -də şirə və şərab emalı zavodunda işləyirdilər. Kiçik övladım Kənan mühafizə xidmətində çalışırdı. İşlədiyi müddətdə əlavə iş saatlarına görə ödəniş tələb etdiyi üçün işdən çıxarılıb.  Az-Granata” MMC - də işçilərlə müqavilə 1 aylıq bağlanır.  Müqavilə bağlanan işçilərlə qanun çərçivəsində rəftar etmirlər və  iş saatından əlavə işlər gördürürlər.".  İş saatından əlavə gördürülən işlər  üçün ödəniş tələb edən işçilərə qarş özbaşınalıqların günü-gündən artdığını qeyd edən Firuz Xuduyev bildirib ki, bu qanunsuzluqların başında “AzGranata”nın baş icraçı direktoru Ceyhun Bəxtiyarlı və şirkətin alkoqollu içkilər üzrə istehsalat müdiri Yusif Ləzgiyev dayanır: Bütün qanunsuzluqları həyata keçirən hazırda zavoda rəhbərlik edən iki həmyerlilər - Ceyhun Bəxtiyarlı və və Yusif Ləzgiyev çütlüyüdür. İnanıram ki, "Az-Granata” MMC -də baş verən özbaşınalıqlara münasibət bildiriləcək.  Qanuni haqqını tələb etdiyi üçün işdən çıxarılan Kənan Xuduyev,  şirkətdə çalışan işçilərin istismar edildiyini bildirərək qeyd edir ki, Yusif Ləzgiyev onlarla intiriqa aparıb:  "Yusif Ləzgiyev qardaşım Kənana: "Sənin də axırın qardaşın kimi olacaq"-  deyərək,  dəfələrlə təhdid edib.  Şirkətdə çalışan işçilər elə bir vəziyyətə salınıblar ki,  "rəhbrəliyin kefi istədiyi zaman " işlərini itirmək qorxusundan səslərini çıxara bilmirlər". Kənan Xuduyev də, şirkətdə baş verənlərə son qoyulmasını tələb edir.  Xatırladaq ki,  “Az - Granata  MMC  meyvə şirələri, konsentrantları, kompotları, limonadları ilə yanaşı şərab və araq məhsulları istehsal edir.  Şirkətin SOCAR-ın sabiq vitse-prezidenti Mikayı İsmayılova məxsus olduğu deyilən "Modern Group of Companies" MMC-nin tərkibində olduğu bildirilsə də, məlumata görə  Az-Granata”, “Veyseloğlu MMC”yə satılıb. P.S. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq. Elşən Əlisoy 

Məmurların Ağsu dolayları üzərindəki oyunları bitmir

Ağsu dolaylarında olan avtomobil yolunun ləğv edilərək, Ağsu çayının kənarı ilə alternativ yolun çəkilməsi yenə də gündəmə çıxıb. Səbəbini də belə göstərirlər ki, guya Ağsu dolaylarında sürüşmə günü-gündən artır və bunun qarşısını ala bilmirlər. Boş və məntiqsiz bəhanədir. Ağsu dolayları, Ağsu rayonunun iqtisadiyyatının ən əsas sütunlarından biridir. Ağsu rayonunun bazarı, əksər ərzaq dükanları, ət dükanları və digər ticarət obyektləri əsasən Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sayəsində nisbətən ayaqda dura bilir.Rayonun yüzlərlə sakini dolaylarda olan iaşə obyektlərindən dolanır. Dolaylarda olan iaşə obyektlərinin bağlanması rayonun iqtisadiyyatına çox ciddi ziyan vuracaq və onsuzda ölkənin ən kasıb rayonlarından birinə çevrilən Ağsu rayonu bundan da çətin bir duruma düşəcək. Ağsu dolaylarında ciddi bir sürüşmə yoxdur. Sadəcə uzun illərdir ki, dolaylarda olan avtomobil yolları təmir edilmir . Hər dəfə yalandan ora-bura yamaq vurmaqla dövlətin milyonlarla vəsaitini talayıb yeyiblər. Baxımsız olan yollarda – ən əsas da dağ yollarında kiçik sürüşmələrin olması təbiidir. Diqqətinizə çatdırım ki, Ağsu dolaylarında olan avtomobil yolluna ən böyük zərbəni Şamaxi Palas Şərədil hoteli vurub. Hotelin tikintisi zamanı ağır tonnajlı yük maşınları və torpağı sirkələyən yüksək vibrasiyalı texnikaların istifadəsi çox gözəl bir təbiəti olan Ağsu dolaylarında torpaq oynamasına və sürüşmələrə gətirib çıxardı. Hotelin tikintisindən sonra Ağsu dolaylarında zərər vurulan yollar təmir olunmadı. Bir daha qeyd edirəm; bu günə qədər Ağsu dolaylarında olan avtomobil yoluna asvalt örtüyü çəkilməyib. Ancaq və ancaq keyfiyyətsiz yamaq vurmaqla kifayətlənirlər. Gələk əsl məsələyə! Uzun illərdir ki, Oliqarxlar Ağsu dolaylarını Ağsu sakinlərinin əllərindən almaq uğrunda mübarizə aparırlar. Demək olar ki, hər il Ağsu dolaylarında yerləşən iaşə obyektlərinin sahiblərinə təzyiqlər edilir, obyektləri sökülür, müxtəlif yollarla cərimələnir, onların işlədikləri obyektləri buraxıb getmələri üçün bütün vasitələrdən istifadə edilir. Dəfələrlə dolaylarda yerləşən iaşə obyektləri məcburən sökdürülərək sahibkarlara külli miqdarda maddi ziyan vurublar. Axırıncı dəfə 2020- ci ildə guya turizm siyasətinə uyğunlaşdırmaq bəhanəsi ilə dolaylarda yerləşən iaşə obyektlərini sökdürərək yenidən tikilməsi üçün sahibkarlara 100 min manatlıq dəyəri olan layihələr verib, bu layihələr əsasında obyektlərini yenidən tikmələri ilə bağlı təzyiqlər etdiblər. 2020- ci ildə, sahibkarların külli miqdarda borca düşərək verilən bahalı layihələr əsasında iaşə obyeklərini tikib başa çatdırmaları məmurlarda təəccüb yaratdı. Görünür hesab edirdilər ki, bu boyda məbləğin qarşısında sahibkarlar çörək qazandıqları obyektləri məcbur olub atıb gedəcəklər. Dövlətin verdiyi layihələr əsasında obyektlərin yenidən tikildiyini gördükdən sonra, başladılar iaşə obyektlərinin sahiblərini məhkəməyə verməyə ki, guya onlar qanunsuz torpaq zəbt edərək kafe və restoran tikiblər. Başladılar özlərinin verdikləri layihələri inkar etməyə. Hazırda Ağsu dolaylarında dövlət layihəsi çərçivəsində sahibkarların öz hesabına tikilən iaşə obyektlərini sənədlə təmin etmək az qala Qarabağ məsələsindən də çətin bir problemə çevrilibdir. Adama deyərlər ki, alternativ yol cəkiləcəkdirsə, insanları bu boyda xərcə niyə salırdınız. Niyə onsuz da acınacaqlı durumda olan insanlar əlavə borca- xərcə düşməli idi? İlin yağışlı fəsillərində aşıb-daşan , dəfələrlə hətta, bəndləri belə dağıdan Ağsu çayının kənarı ilə çəkilən yol, necə ola bilər ki, Ağsu dolaylarından daha rahat və daha təhlükəsiz olsun? Ağsuda hər kəs bilir ki, Ağsu dolaylarının böyük bir qapalı istirahət zonasına çevrilməsi planı var. Oliqarxlar Ağsu dolaylarına göz tikiblər. Hətta, gəzən söhbətlərə görə, ərazidə olan bütün dağları hündür setkalarla qapayıb, ov heyvanları buraxaraq, əyləncə – ovçuluq məkanı edəcəklər. Yanı ki, məqsəd rayonu rahat avtomobil yolu ilə təmin etmək yox, Ağsu dolaylarını Ağsu sakinlərinin əlindən almaqdır. Məqsəd rayonun rahatçilığıdırsa, Ağsu dolaylarında olan hazırkı yolu abadlaşdırmaq nə boyda problemdir ki? Yaxud, hansı dövlət büdcəsindən daha az xərc aparar? Olmazmı ki, insanlar yol gedərkən gözəl təbiətin verdiyi gözəl hisslərdən yararlanıb, təbiətin gözəl havasını udsunlar? Yoxsa, gözəlliklərdən yararlanmaq ancaq məmurlara aiddir? Elşən Əlisoy

Azərbaycanda ər və arvad faciəvi şəkildə öldü

Xaçmazın Yalama kəndində ər və arvad yaşadıqları evdə yanaraq ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Aslan Balasultan oğlu Taqverdiyev və həyat yoldaşı 1965-ci il təvəllüdlü Rumayə Atakişi qızı Taqverdiyeva yaşadıqları fərdi yaşayış evində yanmış halda tapılıblar. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. *** Aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib. Bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Tovuzda yol qəzası - 22 yaşlı gənc yaralandı

Tovuzda yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan “VAZ 2106” markalı maşın “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2107” yol kənarındakı avtomobil sexinə çırpılıb. Avtomobildə olan sərnişin, Tovuz rayon sakini 22 yaşlı Amil Hüseynov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

İranlı narkotacirə işləyən daha 5 nəfər saxlanıldı - Video

Nəsimi Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Hüseyn Osmanov, Eldəniz Quliyev, Elyanar İbrahimov, Xəyalə Abbasova və Elmir Məmmədov saxlanılıblar. Həmin şəxslərdən 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılanlar şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları "Mobil" adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və həmin şəxs tərəfindən narkokeryerliyə cəlb olunduqlarını bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərin həmçinin "Mobil" adlı İran vətəndaşının göstərişi ilə sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib. Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

KATV-nin interneti çökdü

Xeyli vaxtdır ki, KATV şirkətinin internetində problemlər yaşanır. Sozcu.az xəbər verir ki, bu barədə şirkətin abunəçiləri bildiriblər. Bir az öncə isə KATV-nin interneti tamamilə kəsilib. Belə ki, şirkətin internet xidmətindən şikayətlər həddən artıq çoxdur, texniki heyət də problemi aradan qaldırmaqda acizdir.axar

Polis Sabunçuda əməliyyat keçirdi - 50 nəfər tutuldu

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən mart ayı ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 50 nəfər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı saxlanılanlardan bir neçəsinin narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 30 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

"Hacıbala Abutalıbov və İlqar Abbasov Suraxanıda nə qədər torpaq var, satıb, zəbt edib"

“Suraxanıda 20 il ərzində dərəbəylik hökm sürüb. Açıq danışacam, bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra İlqar Abbasov 14 il rayonda nə qədər torpaq varsa satıb, zəbt ediblər”. Bunu Milli Məclisin deputatı Etibar Əliyev bugünkü plenar iclasda çıxışı zamanı deyib. “Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri Mais Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Bu rayonu 4 nəfər işğal edib. 220 min əhalisi olan rayonun bir peşə məktəbi yoxdur. Lakin onlarla pub, restoran, diskoteka var. Bu adamların əlindən gələcəkdə peşə təhsilinin tutumuna uyğun torpaq sahəsi tapmaq olmur. Qaraçuxur və Yeni Günəşlini bu adamlar hasara alıblar. Milyonlarla manata ev tikənlərə satırlar. Həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Belə hallar başqa rayonlar üçün də xarakterikdir. Belə adamların əlindən bələdiyyələr zəlil olub”, - deyə deputat əlavə edib./APA

3 yaşlı uşaq mismar uddu

Naxçıvanda 3 yaşlı uşaq mismar udub. Hadisə bu gün Muxtar Respublikanın Kəngərli rayon Böyükdüz kəndində qeydə alınıb. Belə ki, 2019-cu il təvəllüdlü Əlisoy Əli Ceyhun oğlu evdə mismar udub. Vəziyyəti pisləşən uşaq Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə yerləşdirilib. Mərkəzdən bildirilib ki, uşağın mədəsindəki mismar zond vasitəsilə çıxarılıb, vəziyyəti sabitdir./APA