Minaya düşərək həlak olan hərbi qulluqçu Qəbələdə dəfn olunub - FOTO

Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlunun nəşi Qəbələ rayonuna gətirilib. Hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib. Daha sonra ​19 yaşlı Novruz Niftaliyev ​Nohurqışlaq kənd qəbiristanlığında dəfn olunub.

Xudayarın anası xalqa müraciət etdi: Bizi incitməyin - Video

44 günlük Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova son günlər sosial şəbəkələrdə şəhidlərin səsi ilə bağlı yayılan videolara münasibət bildirib. Sozcu.az xəbər verir ki, Azərbaycan xalqına müraciət edən şəhid anası bu cür addımların doğru olmadığını deyib: "Xalqımızdan xahiş edirəm ki, belə videolar qarşılarına çıxdığı zaman onlara etirazlarını bildirsinlər. Burada bizim şəhid balalarımızı başqa səslərlə danışdırıb özləri haqqında məlumat verirlər. Yəni İnstaqram və Tik-tok səhifələrində izləyici yığmaq üçün bunu etmək heç cür uyğun iş deyil. Belə paylaşımlar edib, anaları incitmək lazım deyil".

Həyat yoldaşı Fazil Mustafanın son durumu ilə bağlı: “Həkimləri danışmağa icazə vermir”

Xəbər verdiyimiz kimi, martın 28-də yaşadığı yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın bir neçə gündür ki, reabilitasiya prosesi gedir. News24.az-ın əməkdaşı deputatın səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlamağa cəhd edib. Zəngə millət vəkilinin həyat yoldaşı Zülfiyyə Mustafa cavab verib. O, millət vəkilinin səhhəti barədə bunları deyib: “Şükür Allaha, indi yaxşıdır. Yaraları sağalır. Özünü yaxşı hiss edir. Amma həkimləri danışmağa icazə vermir”.

Bakı-Naxçıvan avtobusunu sürən İran vətəndaşı saxlanıldı

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində Bakı-Naxçıvan sərnişin avtobusunun sürücüsü, İran vətəndaşı Arjmand Ramez Azim oğlunu narkotik vasitələrin təsiri altında avtobusu idarə etdiyi müəyyən edilib. Sozcu.az xəbər verir ki, saxlanılan İran vətəndaşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilərək inzibati həbs edilib.

Sahibə Qafarovanın mandat aldığı seçki məntəqəsi: "Ya kəndin adini dəyişin, ya da..."

98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat mandatı əldə edən və hazırda Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsini daşıyan Sahibə Qafarovanın  seçildiyi məntəqələrdən biri olan,   98 saylı Şəmkir Seçki Dairəsinin "Varlı Həyat" kənd Seçki Məntəqəsinin yararsız formada olduğunu əks etdirən görüntülər sosial şəbəkələrdə qınaq obyektinə çevrilib.  "Ya kəndin adini dəyişin, ya da məntəqəni bu ada uygunlaşdıırın" tipli yazılar yazan insanlar,   Şəmkir rayonun Varlı Həyat kəndinin acınacaqlı vəziyyətdə olan hazırkı durumunu bir daha diqqət mərkəzinə gətiriblər.  Xatırladaq ki, Şəmkir rayon Varlı Həyat kəndi  qaçqın və məcburi köçkünlərdən təşkil olunub. Dəfələrlə mətbuatda  bu kəndin acınacaqlı vəziyyətdə olması ilə bağlı yazılar yazılsa da, çox təəsüf ki, bu vaxta qədər kəndə heç bir diqqət göstərilməyib.  Adı ilə yaşayış səviyyəsi uyğun gəlməyən Varlı Həyat kəndində ümumiyyətlə təbii qaz yoxdur. İnsanlar qışda  evlərini mal peyini ilə qızdırırlar. Kənd sakinlərinin bildirdiklərinə görə, kəndin problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara məktubla müraciət etsələr də, onların müraciətlərinə baxan olmayıb.  Elşən Əlisoy Sozcu.az

Lənkəranda 8 ədəd tank əleyhinə mina tapılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən 8 ədəd “TM-62” markalı tank əleyhinə mina tapılıb. Bu barədə DİN-dən məlumat verilib. Həmin minalar Daxili Qoşunların əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Hansı avtomobillərin qiymətində bahalaşma olacaq?

Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərar qəbul edib. Qərarda qeyd edilir ki, “Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın”. Maraqlıdır, yeni qaydanın tətbiqi avtomobil idxalında gömrük rüsumlarının azalmasına səbəb ola bilərmi? Ümumiyyətlə, bu məhdudiyyət avtomobil bazarına hansı formada təsir edəcək? Mövzu ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərin sözlərinə görə, yay fəslində bəzi avtomobillər bahalaşa bilər: “Nazirlər Kabinetinin yeni qərarı ölkədə avtomobil parkının yenilənməsinə və ekeoloji vəziyyətin yaxşılaşdırılmasına yönlənib. Belə ki, yaşı 10-dan çox olan avtomobillərin sayı ölkəmizdə həddindən çoxdur. Son illər ərzində Gürcüstandan Azərbaycana ömrünü başa vurmuş, yararsız, metallom daşınıb. Bunun qarşısı qismən alınacaq. Həmçinin, ola bilər ki, bu qərarın verilməsi yeni bir qərarı şərtləndirir. Yəni mümkündür ki, Azərbaycan Avro-4 standartlarından Avro-5 standartına keçid etsin. Onu da qeyd edim ki, bu qərardan sonra yay mövsümündə ikinci əl avotomobil bazarında köhnə maşınların qiyməti 2 faiz yüksələ bilər. Bununla yanaşı, qeyd etmək istərdim ki, qərarın qüvvəyə minmə tarixi 30 gün sonra üçün nəzərdə tutulub. Hazırda vətəndaşlarımızın xarici ölkələrdən aldığı minlərlə avtomobil Yaponiya, Cənubi Koreya, ABŞ kimi ölkələrdən gətirildiyi üçün yoldadır. Oradan da avtomobillərin gəmi ilə gətirilməsi minimum 2-3 ay vaxt aparır. Bəlkə də dövlət sosialyönümlü siyasətini nəzərə alaraq 30 gün müddətini 60 günədək uzatsa, yaxşı olar. Əks təqdirdə həmin avtomobillər Gürcüstan limanında qala, vətəndaşlarımıza maddi ziyam dəyə bilər”. Ekspert mühərrik həcmi kiçik olan avtomobillər üçün gömrük rüsumlarının azaldılmasının uyğun olduğunu da vurğulayıb: “Yeni qaydanın tətbiqindən sonra ölkəmizə idxal olunan yeni avtomobillərin gömrük rüsumlarının azaldılması yaxşı olardı. Dövlət artıq bu istiqamətdə müəyyən addımlar atıb. Belə ki, ölkəmizə idxal olunan hibrid avtomobillər və elektromobillər üçün güzəştlər tətbiq edilib. Elektromobillər ümumiyyətlə bütün gömrük rüsumlarından azaddır, hibrid  avotomobillər isə idxal zamanı ƏDV-dən azad edilib. Düşünürəm ki, gələcəkdə yeni və mühərrik həcmi kiçik olan avotomobillər üçün müəyyən güzəştlərin tətbiq edilməsi avtomobil bazarına müsbət təsir edərdi”. //Sfera.az

Azərbaycanda bu müəllimlər İŞDƏN ÇIXARILACAQ

“Keçən il sertifikasiyadan kəsilmiş müəllimlər yenidən uğursuz olsalar, onların əmək müqaviləsinə xitam verilə bilər”. Sozcu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, bu, güzəşt tətbiq edilmiş müəllimlərə şamil deyil: “Kimlərə güzəşt nəzərdə tutulduğu qaydalarda öz əksini tapıb”. Rüfət Əzizov eyni zamanda, deyib ki, ötən il müxtəlif səbəblərdən sertifikasiya imtahanında iştirak etməyənlər də təkrar sertifikasiyada iştirak edəcəklər: “Xüsusi səbəblər olubsa, müvafiq qaydada bizə müraciət edə bilərlər. Əgər müəllimin ötənilki sertifikasiyada iştirak etmədiklərinə dair səbəbi təsdiq edən sənəd yoxdursa, təkrar sertifikasiyadan kəsildikləri halda əmək müqavilələrinə xitam verilə bilər”./Sfera.az

Bundan sonra bu avtomobillər ölkəyə buraxılmayacaq

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Göyçayda məmur kürəkəninə idarənin önündə obyekt tikdirir

Kənd Təsərrüfatı Nazirliyinin Göyçay Regional İdarəsinin rəisi Elçin İsmayılov rəhbəri olduğu qurumun qarşısında kürəkəninə obyükt tikdirir. Reportyor.info xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Taleh Xasməmmədov yazıb. Onun sözlərinə görə, Göyçay rayon İcra Hakimiyyətinin bu qanunsuz tikilinin qarşısını alacağına ümid edir.

Fazil Mustafanın maşını bu hala düşüb - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı “Kalaşnikov” avtomatından istifadə edilərək terror aktı törədilib. Hadisə zamanı deputatın avtomobilinə də ziyan dəyib. Hadisə yerindən maşının fotosunu təqdim edirik:/Qafqazinfo  Fotoları təqdim edirik

Azərbaycanda iş başında yaxalanan sabiq məmura cəza verildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin sabiq rəisi Vazeh Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd: 2021-ci ildə Şəmkir rayon sakini Aliyə Kazımovanın rayonun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin sabiq rəisi Vazeh Vəliyevin qanunsuz hərəkətləri barədə rayon prokurorlug‌una daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. İstintaqla müəyyən edilib ki, Vazeh Vəliyev MTİS-in rəisi vəzifəsində işləyərkən həmin idarədə kargüzar işləyən Aliyə Kazımovanın idarədaxili intizam qaydalarını pozmadığı halda söhbət etməsini bəhanə edib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan qanunsuz hərəkətlər etməklə vəzifə səlahiyyətlərini aşıb ona ağırlıq dərəcəsi təyin edilməyən fiziki ağrı yetirməklə və zor tətbiq edib öldürəcəyi ilə hədələməklə, həmçinin idarənin normal iş fəaliyyətini pozmaqla sonuncunun hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurub. Vazeh Vəliyev Cinayət Məcəlləsinin 309.2-ci (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.pravda