Son vaxtlar Dövlət Yol Polisi əməkdaşları arasında sürücülərlə davranış qaydasından xəbəri olmayan, özünü "yolların ağası" hesab edən polis əməkdaşları haqqında şikayətlər durmadan artmaqdadır. Ömründə bir dəfə də olsun polisin davranışı haqqında təlimatı açıb oxumayan bəzi DYP əməkdaşları, özlərini qanun keşikçisi kimi yox, "reket" kimi aparırlar. Bircə qalır, "mən bu ərazinin "polojeniya"sına baxiram" sözünü açıq şəkildə dillərinə gətirmələri.
Sürücülər üçün ən çox narahatçılıqlar yaradan postlardan biri də, Mərəzə postudur. Bu postda sürücülərin incidilməsi və DYP əməkdaşlarının polisin davranışı qaydalarından xəbərsiz olmaları ilə bağlı dəfələrlə saytımıza şikayətlər daxil olub.
Növbəti şikayətçi Seyidzadə Zahid Ağarıza oğludur. Zahid Seyidzadə bildirir ki, Mərəzə postunda yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Polis əməkdaşı ona saxlama səbəbinin kəmərlə bağlı olduğunu bildirsə də, onun kəmərdən istifadə etdiyini gördükdən sonra avtomobilidə led işıqların olduğunu bəhanə edərək, 150 manat cərimə yazıb.
Zahid Seyidzadə bildirir ki, DYP əməkdaşına, avtomobilində olan led işıqların standartlara uyğun olduğunu bildirdirsə də, DYP əməkdaşı ona qarşı kobudluq edərək, onu küçə uşağı səviyyəsində təhqir edib. Bundan sonra özündə halsızlıq hiss etdiyini deyən Zahid Seyidzadə, ona postda əl-üzünü yumağa da imkan verilmədiyini bildirib. Halbuki postda yorğun sürücülərin dincəlmək hüququ da var.
Zahid Seyidzadə qeyd edib ki, onu təhqir edən DYP əməkdaşı Xanalıyev İsaxan Səlahəddin oğludur. O, bu barədə Daxili İşlər Naziri Canab Vilayət Eyvazova müraciət edəcəyini bildirdikdən sonra, DYP əməkdaşı özünü "ara uşaqları" kimi apararaq, onunla "yaxşı oğlan", "pis oğlan" söhbəti etməyə başlayıb.
Xatırladaq ki, Mərəzə postunda DYP əməkdaşlarının sürücülərə qarşı kobudluq etmələri ila bağlı verilən məlumatlar birinci dəfə deyil. Biz də öz növbəmizdə ümid edirik ki, özünü qanun keşikçisi kimi yox, "vor zakon" kimi aparan polis əməkdaşları haqqında ölçü götürüləcək.
Ümumiyyətlə, hər gün vətəndaşlarla ünsiyyətdə olan polis əməkdaşlarının vaxtı-vaxtında psixoloji və narkoloji testdən keçirilməsi vacib olmalıdır.
Elşən Əlisoy
Sozcu.az