Artıq uzun müddətdir ki, “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı şikayətlər bitmək bilmir. Şirkət isə bu şikayətlərə ciddi yanaşmır. Alınan məhsulun xarab çıxması, texniki nasazlığın olması isə müştəri məmuniyyətinin daha da aşağı düşməsinə yol açır. Təsadüfi deyil ki, şirkətlə bağlı şikayətlərə sosial şəbəkələrdə də sıx rast gəlinir. Sozcu.az Yenicag.az-a istinadən xəbər verir ki, şikayətçilərdən biri “Kontakt Home”un müştərisi olan Elvin Bəylər oğludur. Onun sözlərinə görə, kreditlərini vaxtından tez ödəsə də, sistemdə hələ də şirkətə borclu olduğu görünür: “Kontakt Home”dan mebel və ütü almışıq. Öncədən 1380 manat ödəniş etmişəm və kreditimi vaxtından qabaq ödəyib bitirmişəm. Ancaq buna baxmayaraq, şirkət adıma gecikmə düşdüyünü bildirir. Bununla bağlı şirkətin *6060 qaynar xəttinə yığmışam və mənə deyirlər ki, tam ödəniş edilməyib. Halbuki əlimdə ödəniş qəbzləri var. Krediti həyat yoldaşım Sahibə Nizaməddin qızı Balabəyovanın adına götürmüşük. Əgər şirkət sistemdən gecikməni silməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəm”. Digər şikayətçi isə vurğulayıb ki, endirimlə aldığı məhsulun qiymətini nəğd şəkildə ödəsə də, şirkət məhsulu təhvil verməkdən boyun qaçırıb: “25 noyabr 2022-ci il tarixində “Böyük Cümə” endirimi zamanı “Kontakt Home”dan endirimlə 139 manata blender almışdıq. İlk önce məhsulun 2 gün ərzində çatdırılacağı bildirilmişdi. Daha sonra məhsulun 2 gün gecikəcəyi bildirildi. Düzü tələsmirdik, anlayışla qarşıladıq ki, alıcı çox olub, çatdırılma zaman ala bilər düşündük. Bir həftədən sonra əlaqə saxladıq ki, məhsulumuz haradadır? Bildirdilər ki, sistemdə məhsulun bizə verildiyi qeyd olunub. Xülasə, sübut etdik ki, məhsul bizə çatdırılmayıb. Dedilər, onda 2 günə göndərərik… Sonra məhsulu aldığımız “Əhmədli” filialına getdik, vitrindən cızıq, qutusu cırıq məhsul gətirdilər ki, buyurun. Düzü heç təəccüblənmədik. “Anbarda məhsul qalmayıb” adı ilə bizə bunu verməyə çalışdılar. Sonra malı qaytarmağı təklif etdilər. Yəni mən həmin gün məhsulu başqa mağazadan eyni qiymətə ala bilərdim, amma indi qaytarıb daha baha qiymətə almalıyam?! Sonra bildirdilər ki, “Masallı” filialında var, onu çatdıraq. 1 həftə keçdi, xəbər olmadı. Məlumat mərkəzinə zəng edib şikayət etdik, 1 həftə keçdi, yenə də xəbər çıxmadı. Bir sözlə, “Kontakt Home” 25.11.22 tarixində satılmış məhsulu bizə hələ də təhvil verməyib və pulumuzu qanunsuz olaraq mənimsəyib. Məhkəməyə müraciət edib məbləğin 100 misli həcmində kompensasiya almaq istəyirik”. Daxil olan şikayətlərdən belə başa düşmək olur ki, “Kontakt Home”un servis xidmətində də müəyyən problemlər mövcuddur. Şikayətə görə, alınan məhsulun təmirə ehtiyacı olsa da, şirkət vaxtı uzatmaqla məsuliyyətdən qaçmağa çalışır: “”Kontakt Home”dan qızıl zəmanətlə paltaryuyan maşın almışam. Qızıl zəmanət üçün isə əlavə 450 manat ödəniş etmişəm. Maşının qapağı xarab olduğu üçün servisə aparıblar və artıq 1 aydır ki, xəbər yoxdur. Servislə əlaqə saxladım və mənə dedilər ki, hələ vaxtım tamam olmayıb, gözləməliyəm. Məğər bir qapağı dəyişməyə 1 ay vaxt lazımdır?! Ən əsası paltaryuyan maşını aparan usta niyə 1 aydan sonra gətirəcəkləri barədə öncədən məlumat vermir?! Bu qədər özbaşınalıq olarmı? Əgər “Kontakt Home” problemləri həll edə bilmirsə, onda camaatı niyə aldadır?!”.
Bakıda tələbə müalicə aldığı xəstəxanada intihar edib. Sozcu.az xəbər verir ki, bu barədə tələbənin təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universiteti məlumat yayıb. Qeyd olunub ki, universitetin İbtidai təhsil fakültəsinin III kurs tələbəsi Gülşən Abbaslı uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada intihar edib.
Ali Məhkəmədə Qubada bibisini öldürməkdə təqsirləndirilən Mişi Migirovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, hadisə 2018-ci ildə Quba rayonu ərazisində baş verib. İttihama görə, Qırmızı Qəsəbə sakini M.Migirov qohumlarının məzarlarını ziyarət etmək adı ilə 1931-ci il təvəllüdlü bibisi Şuşan Sumxayevanı qəbiristanlığa apararaq onu döyüb. 87 yaşlı Ş.Sumxayeva hadisədən bir gün sonra xəstəxanada dünyasını dəyişib. M.Migirov zorlama və qəsdən adamöldürmə maddəsi ilə ittiham edilib. Məlum olub ki, M.Migirov 2006-cı ildə Rusiyanın Ulyanovsk şəhərində qəsdən adam öldürdüyünə görə 9 il 6 ay cəza alıb. Cəzasını çəkib qurtarandan sonra Azərbaycana deportasiya edilib. Doğulduğu qəsəbəyə qayıdan, spirtli içki aludəçisi olan M.Migirov sərxoş vəziyyətdə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunub. Bibisini öldürdüyünə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun cəzasını 17 ilə endirib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti verib. Ali Məhkəmə isə Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və iş həmin məhkəmədə yeni apellyasiya baxışına təyin olunub. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.(pravda.az)
Azərbaycanda qaydaları pozaraq mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulanlar 2 ilədək həbs ediləcək. Sozcu.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə yeni 314-4-cü maddə (Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla mühəndis-kommunikasiya təminatı sistemlərinə qoşulma) əlavə olunur. Yeni maddəyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və istilik enerjisi müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması 2 000 manatdan 4 000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Xəbər verdiyimiz kimi, İnzibati Xətalar Məcəlləsinə əsasən Bakıda siqaret kötüyünü yerə atanlar 50 manat cərimələnəcəklər. DİN-in qanunuvericiliyin icrasından irəli gələn bu addımı geniş müzakirəyə səbəb olub, ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Bildirilir ki, paytaxtın xüsusən mərkəzi küçələrində polis siqaret kötüyünə nəzarət edəcəksə, digər inzibati qaydalar da diqqətdən kənarda qalmamalıdır. Təklif edilir ki, ictimai yerlərdə nümayişkəranə şəkildə tüpürənlərə də cərimə tətbiq edilsin. Tanınmış kulturoloq Aydın Xan Əbilov da Pravda.az-a açıqlamasında təklifi dəstəkləyib. O bildirib ki, dünya praktikasında da tüpürməyə görə cərimə tətbiqi var: “Məsələn, Sinqapurda yerə tüpürməyə, siqaret kötüyünə, çeynənmiş saqqızın yerə atılmasına görə 50 manat yox, 800 dollar inzibati cəza növü var. Bu hərəkətin iki-üç dəfə təkrar edilməsi həbslə nəticələnirsə, niyə də bu, Azərbaycanda olmasın? Ümumiyyətlə, ictimai yerlərdə ictimai davranış, etik normaları pozan insanlara tez-tez rast gəlirik. Yüksək tonla danışmaq, ictimai nəqliyyatdan normal istifadə etməmək, qadınlara, yaşlılara, xəstələrə, əlillərə xüsusi qayğı göstərməmək əxlaqa zidd hallar sayılır. Azərbaycanda bununla əlaqədar ictimai davranış mədəniyyəti oturuşmayıb. Cəmiyyətdə çoxsaylı çağırışlar edirik. Amma vəziyyət hələ də dəyişilməz qalır. Müəyyən zaman sonra doğulduğu yerdən başqa yerə köçüb gəlmiş insanların həmin cəmiyyətdə qəbul edilmiş ümumi etik normalara riayət etməməsi acınacaqlı vəziyyətə aparıb çıxarır. Hərəmiz ayrı ləhcə ilə şəhərdə özümüzü aparmağa başlayırıq. Şəhər mədəniyyəti, qlobal urbanizasiya etikası pozulur? Bunu düşünəndə insanların bir-biriləri üçün yaratdıqları problem göz önünə gəlir. İctimai qınağı, tənqidi gücləndirməklə, cərimələr tətbiq etməklə, insanların bir-birinin davranışlarına nəzarət etmələri ilə belə halların qarşısını almaq mümkündür. Yerə tüpürmək, siqaret kötüyünü yerə atmaq, yol hərəkəti qaydalarını pozmaq, yüksək səslə musiqi dinləmək, danışmaq əslində psixologiyamıza, şüurumuza təsir edən, birgəyaşayışı pozan amillərdir. Buna yol verənlər inzibati, yaxud cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. İnsanlar nə qədər cəzasızlıq mühitində yaşayacaqlarsa, bu problem daha aktual olacaq. Ona görə də müəyyən mənada qanunvericilikdə dəyişikliyə ehtiyac var”. Ekspert deyib ki, illərdir bu yöndə neomaarifçi, neoekoloji maarifləndirmələr aparır: “Məişətdə istifadə olunan, yaxud qida və digər tullantıların maşının, evin pəncərəsindən çölə atılmasını qəti qınayırıq. Təəssüf ki, aparılan bütün ictimai tənqid proseslərinin real nəticəsi, demək olar, sıfıra bərabərdir. Nəinki Bakının özündə, Azərbaycanın hər yerində - dəniz kənarından tutmuş, yaşayış məntəqələrinin kanallarına qədər Azərbaycan torpaqlarının çirkləndiyinin, ekoloji “soyqırımı”na məruz qaldığının fərqindəyik. İnsanlar isə zir-zibillərin, sellofan qutuların hara gəldi atıldığının fərqində deyillər. Əfsus ki, Azərbaycanda yalnız və yalnız Bakıda zibil utilizasiya edən bir müəssisə var. Qalan rayonların heç birində bu, yoxdur. Rayonlarda yığılan zibillər, məişət, sənaye tullantıları birbaşa yandırılır. Bu da ekologiyanı məhv edir”. Aydın Xan Əbilov vurğulayıb ki, siqaret kötüyünə görə 50 manat cərimə çox azdır: “Siqaret kötüyünün, yaxud istənilən zir-zibilin yerə atılması ilə bağlı cəzanı İnzibati Xətalar Məcəlləsindən Cinayət Məcəlləsinə qədər aparıb çıxarmaq lazımdır. Tənbeh daha da sərtləşdirilməlidir. Təkcə 50 manatla kifayətlənsək, görəcəyik ki, yenə eyni qaydada zir-zibili yerə atırlar. Sanki maşınındakı, evindəki tör-töküntüləri çölə atmaqla necə “bərkgedən” olduqlarını cəmiyyətə sübut etmək istəyirlər. Xatırlayırsınızsa, pandemiya dövründə inzibati tənbeh növü kimi seçilən və cəza növü kimi tətbiq edilən çox yüksək cərimələr öz bəhrəsini verdi. İnsanlar qanunlara riayət etməyə başladılar. Külək əsəndə şəhərin hər tərəfində yerə atılmış siqaret tullantıları və digər zibillərlə əhatələnirik. Üstündən milyonlarla maşın keçir. Bu maşınlar həmin kimyəvi maddələrdən istehsal olunmuş avadanlıqların qırıntılarını, məişət tullantılarını toz halına çevirir, insanlarımız da bunu udur. Sonra da deyirlər ki, niyə yeni nəsil, qocalar arasında bu qədər çox xəstə var? Sözsüz ki, öz əməllərimiz bizə qarşı təbiət tərəfindən silah olaraq qaytarılır. Bunu anlayıb, dərk etmədikcə bir o qədər problemlər yaşayacağıq”. Ekspert deyib ki, Azərbaycanda zibil toplanması ilə bağlı bərbad vəziyyət var: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi, QHT-lər, ictimai fəallar bununla əlaqədar addımlar atsalar da, təsirini əhəmiyyətli dərəcədə göstərmir. Sellofanları ödənişli etdilər, amma yenə eyni problemdir. Düşünürəm, bununla əlaqədar görüləsi çox işlərimiz var. Təəssüf ki, bir neçə şirkətdən başqa heç kim məişət və zəhərli tullantıların yığılması ilə bağlı addım atmayıb. Elektron mallar satılan şirkətlərdən birinə məxsus mağazada məişət batareyalarının geri dönüşümü ilə bağlı qutu gördüm. Çox xoşuma gəldi. Bu tip addımları koorporativ sosial məsuliyyətə cəlb olunası şirkətlərdən tutmuş şəxslərə, fərdlərə qədər hər kəs dərk etməlidir. Bakını ekoloji baxımdan təmiz görmək istəyiriksə, hər kəs özündən başlamalıdır. Necə deyərlər, şəhər bizim simamızdır, o simanı təmiz saxlayaq”.
Bakıda özünü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı kimi təqdim edərək dələduzluq əməli törətmiş şəxs həbs edilib. Sozcu.az Qafqazinfo-ya istinadla xəbər verir ki, Cəlilabad rayonunda qeydiyyatda olan, paytaxtın Yeni Yasamal qəsəbəsində yaşayan 1987-ci il təvəllüdlü Farid Qədirovun 2 nəfəri dələduzluq yolu ilə aldatdığı məlum olub. Qaradağ rayonundakı daş karxanasında "Kamaz" markalı yük maşınınn sürücüsü işləyən həmin şəxs barəsində Cinayət Məcəlləsinin dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rüşvət verməyə təhrik etmə maddələri ilə açılmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Farid sosial şəbəkədə bir neçə xanımla tanış olub və aralarında münasibət yaranıb. Daha sonra həmin qadınlar arasında pul məsələsinə görə mübahisə düşüb. Günay (şərti) adlı tanışı Faridə Nazilə (şərti) adlı digər qadının ona 80 min manat verməli olduğunu, lakin ödənişdən boyun qaçırdığını deyib. Özünü DTX-nin vəzifəli əməkdaşı kimi tandan Farid Günaya məsələni həll edəcəyini söz verib. O, Binəqədi Rayon Polis İdarəsində müstəntiq işləyən və bibisioğlunun tələbə yoldaşı olan polis əməkdaşı ilə əlaqə saxlayaraq Günaya köməklik etməsini xahiş edib. Polisdəlki araşdırmadan sonra Nazilə pulun bir hissəsini Günaya qaytarıb. Farid bu işə görə müstəntiqə pul verilməli olduğunu deyərək Günaydan 4300 manat alıb. Bununla yanaşı, 36 yaşlı Farid Günayın tanışı olan Cəfəri (şərti) də DTX-nin Xətai Rayon Şöbəsində işə düzəldəcəyini vəd verərək ondan 5 min manat alıb. Lakin bir müddət sonra Günay Binəqədi RPİ-də işi araşdıran müstəntiqin qəbulunda olarkən Faridin yalan danışdığını öyrənib. Belə ki, müstəntiq ona Faridin pul vermədiyini bildirib və onun, ümumiyyətlə, DTX-də işləmədiyini, "Kamaz" sürücüsü kimi yükdaşıma fəaliyyəti göstərdiyini deyib. Bundan sonra dələduzluqla üzləşdiklərini görən Günay və Cəfər Farid barəsində şikayət ediblər və cinayət işi başladılıb. İstintaq müddətində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Farid bu zaman kəsiyində aldığı pulları geri qaytarıb. Məhkəmə prosesində Günay və Cəfər ondan şikayətçi olmadıqlarını bildiriblər. Buna baxmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsi Faridin əməllərini və daha əvvəl də məhkumluq həyatı yaşamasını nəzərə alaraq, ona 5 il həbs cəzası verib. Farid Qədirov məhkəmə zalındaca həbs edilib.
Martın 13-də paytaxtın Sabunçu rayonu, Kürdaxanı-Pirşağı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sozcu.az xəbər verir ki, Ramin Xaqani oğlu Kazımovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə qarşı istiqamətdə hərəkətdə olan Aqil Arif oğlu Rəhmanovun idarə etdiyi "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə A.Rəhmənov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Paytaxtın müxtəlif ərazilərində ucuz qiymətə kolbasa satışı həyata keçirilir. Maraqlıdır ki, görəsən, bu kolbasaları marketdə satılan kolbasalardan nə fərqləndirir ki, bu qədər ucuz qiymətə satılır? Onların donuz dərisindən hazırlandığı iddiaları doğrudurmu? Məsələ ilə bağlı “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında deyib ki, sözügedən kolbasaların tərkibi haqqında dəqiq məlumat yoxdur: “Azad İstehlakçılar Birliyi birmənalı şəkildə istehlakçıların ucuz və keyfiyyətli mal almağının tərəfdarıdır. Biz qətiyyən qiymətlərin yuxarı olmasının tərəfdarı deyilik, lakin görürük ki, ölkənin ət məhsulları sektorunda böyük hərc-mərclik var və təəssüflər olsun ki, ölkədə normal, standartlara uyğun kolbasa istehsal edən şirkətlər öz bazarlarını qorumaq üçün heç bir iş görmürlər. Təxminən 3 muşketyor qalmışıq, birimiz hamımız, hamımız birimiz üçün. Baxmayaraq ki, onları birləşdirən bir assosiasiya var, həmin assosiasiya heç bir iş görmür ki, bazar təmizlənsin və o cür qiyməti şübhə doğuran hətta təhlükəli kolbasa və sosiskalar hər yerdə satılır. Belə məhsullara metro çıxışlarında, 8-ci kilometr bazarında rast gəlmək mümkündür. Bütün bu işlərin qarşısını almaqda məsuliyyət daşın Qida Təhlükəsizliyi Agentliyi çox təəssüflər olsun ki, jurnalistlərin əməyini heçə sayır. Jurnalistlər bütün gün belə məhsulları satanları axtarır, tapır, efirə verir, yazırlar, lakin Qida Təhlükəsizliyi Agentliyi onları kifayət qədər təqib etmir. Hələ ki, biz KİV-lərlə Qida Təhlükəsizliyi Agentinin birgə işlərini görmürük. Nə qədər ki, dövlət qurumları KİV-lərin əməyini qiymətləndirə bilmir, onlarla sinxron işləyə bilmir, ictimai nəzarətlə bağlı çağırışlar müsbət nəticə verməyəcək. Çünki hər şey KİV-lər üzərindən gedir. Baxın, bu gün siz bu mövzu barədə yazırsınız, görək Qida Təhlükəsizliyi Agentliyi buna reaksiya verəcəkmi? Böyük ehtimalla, yox. Mən bu mövzunu hətta agentliyin özündə də qaldırmışam, amma qeyri-səmimi şəkildə cavablayıblar ki, təqib edirik. Əslində isə təqib olunmur”. Ekspert təsdiqləyib ki, ayaq altında satılan bu cür kolbasa məhsulları süni ətdən və donuz dərisindən hazırlanır: “Bəli, bu gün satışda belə mallar var və birmənalı şəkildə təhlükəlidir. Sovet zamanı kolbasa istehsalçıları arasında belə bir söz vardı: Kolbasa nədir? Sudur, duzdur, bir az da vicdan. Vicdan sözü əti göstərirdi, yəni vicdanın nə qədərdirsə, əti də o qədər qoyarsan. Bu gün kolbasa məmulatlarını nədən gəldi - süni ətdən, dəridən hazırlayırlar. Ucuz nə varsa, onu məhsulun içinə qatırlar. Heç şübhəsiz ki, 26 ildir Azad İstehlakçılar Birliyi ölkədəki murdar ət biznesini ifşa etmək istəyir və bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar həmin məsələ ilə bağlı cinayət işi qaldırır, məsuliyyət daşıyanları həbs edir. Lakin digər dövlət orqanları adətən ifşa edir, cərimə qoyur və buraxır. 26 ildir ki, biz bunu ifşa edib qurtara bilmirik. Şübhəsiz ki, murdar olmuş heyvan ətləri bu cür kolbasa istehsalında istifadə olunur. İstisna olunmur ki, qonşu ölkələrdən də bu cür kolbasalar ölkəmizə keçirilir. Bu kolbasa məmulatları adətən etiketsiz olur, ayaq altda satılır və qırmızı olur, insanları cəlb edir, guya hisə verilmiş kolbasadır. Lakin bu məmulatlar insanların həyatında mənfi izlər qoyur. Biz hələ görməmişik ki, Qida Təhlükəsizliyi Agentliyi bunu kökünə qədər ifşa etsin və ictimai şəkildə həmin məhsullar məhv edilsin. Bu, problem olaraq qalır. Əhalini belə mallar almaqdan imtina etməyə çağırıram, biz bunu boykot etməliyik. Yerli kolbasa istehsalçıları da öz bazarlarını təmizləməlidir. Əhalidə belə bir fikir var ki, xaricdən gələn kolbasalar daha keyfiyyətlidir, amma bu belə deyil, onlar daha çox kimyəviləşdiriliblər. Nəzərə almaq lazımdır ki, yerli, təmiz mal ətindən, standartlara uyğun şəkildə hazırlanan kolbasalar da var. Təəssüf edirəm ki, mağazalarda 70 faiz xarici ət və kolbasa məhsullarına yer verilir. Bu da istehlakçıların seçim hüququnda problem yaradır. Düşünürəm ki, marketlərdə hamı üzünü yerli mallara çevirməlidir, necə ki, vaxtilə bir nəfər deyirdi ki, hamı yerli mal alsın, xeyir vətənə qalsın, belə yanaşmalıyıq”.
Cəlilabadda vətəndaşlara at əti satılması müəyyən olunub. AQTA və Cəlilabad rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində birgə əməliyyat keçirib. Əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon Maşlıq kənd sakini Abbasov Səbuhi Tərlan oğluna məxsus həyətyanı təsərrüfatına baxış keçirilən zaman, tövlədə ümumi çəkisi təqribən 200 kq olan bir baş kəsilmiş at cəmdəyi, bir baş ata məxsus sümüklər və 9 baş diri at aşkarlanıb. Bundan əlavə həyətdə olan ata qoşulmuş arabada 6 baş kəsilmiş atın sümükləri ayaqları və baş nahiyəsi müəyyən edilib. Həyətin digər hissəsində olan tövlədə isə 6 diri at aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Bu gecə Bakıda ağır yol qəzası baş verib. Saat 00:15 radələrində Nizami rayonu, Babək prospekti 23/23 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Qazıbəyov Elçin Aydın oğlunun idarə etdiyi “Honda” markalı avtomobil yoldan çıxaraq səkidəki insanlara və ağaca çırpılıb. Nəticədə yol kənarında olan piyadalar: Rzayev Emil Elmar oğlu, Vəliyev Vəli Bəxtiyar oğlu, Abdullayev Rəşad Mübariz oğlu və Şeydayev Abdul Yaqub oğlu xəsarət alıb. Elçin Qazıbəyov isə hadisə yerində ölüb. İlkin araşdırma zamanı E.Qazıbəyovun sükan arxasında ürəktutmadan ölməsi və bu səbəbdən avtomobilin qəzaya uğraması məlum olub. Qeyd edək ki, Elçin Qazıbəyov Naxçıvan şəhər Polis İdarəsinin rəisi polis polkovniki Eldar Qazıbəyovun qohumudur. O, özü də əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb. Fakla bağlı Nizami RPİ-də araşdırma aparılır./Qafqazinfo
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları "iməcilik" adı altına məcburi əməyə cəlb edib. Bununla bağlı bir qrup şəhər sakini şikayət göndərib. Şikayətçilər iddia edir ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara "ümumşəhər iməciliyinin keçirilməsi" adı altında məcburi şəkildə küçələr təmizlətdirilib. Məlumata görə, iməcliyə çıxan qadınlara Şirvan şəhər İcra Hakimiyyəti rəsmilərinin müşayəti ilə yol kənarlarındakı tullantılar və bordyurlar təmizlətdirilib, digər abadlıq işləri gördürülüb. Sakinlərin sözlərinə görə, Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi terxnika ilə görülməsi nəzərdə tutulan işləri qanunsuz şəkildə şəhərdə çalışan xanımlara gördürür. Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən telefon zənglərimizə cavab verilməyib./Demokrat.az
Şuşada 450 mənzillik 23 yaşayış binası tikilir. Sozcu.az xəbər verir ki, bunu Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Səmayə Məmmədova REAL TV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, bu binalar şəhərin cənub hissəsində 8 hektarlıq ərazidə inşa olunur. Müasir binalar 3 və 5 mərtəbədən ibarət olacaq.