Güllələnən gənc bu universitetin tələbəsidir - Rəsmi

Bu gün Bakıda baş verən insident zamanı yaralanan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi olduğu barədə məlumat yayılıb. Universitetin Axar.az-a açıqlamasında məlumat təsdiqlənib. Bildirilib ki, F.Rəhimli universitetin IV kurs tələbəsidir: "O, hərbi tibb fakültəsində təhsil alır. Yaxın saatlarda bununla bağlı ictimaiyyətə əlavə açıqlama veriləcək”.

Gəncədə maskalı şəxslər ev sahibini hədələyərək oğurluq ediblər

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtraış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, ŞBPİ-nə vətəndaşa məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı naməlum şəxsin daxil olaraq ev sahibini həyatı təhlükəli zor tətbiq etməklə hədələyərək 1130 manat pul, 200 ABŞ dolları və 2 ədəd mobil telefonu quldurluq yolu ilə ələ keçirməsi barədə məlumat daxil olub. İkin araşdırmalar nəticəsində cinayəti törədən şəxslərin Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Mirzəyev və Göygöl rayon sakini Abbas Sadıxov olmaları məlum olub. İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən R. Mirzəyev Gəncə şəhərində, A. Sadıxov isə Bakı şəhərində saxlanılıb. Sonuncu saxlanılan zaman üzərindən quldurluq yolu ilə əldə etdiyi pul əskinasları ilə bərabər 1 ədəd tapançaya bənzər alışqan da maddi sübut kimi müəyyən olunaraq götürülüb. Baş İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliiyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş oğurluq cinayətinin də üstü açılıb. Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki ticarət mərkəzlərindən birinə qeyr-qanuni yolla daxil olaraq oradan külli miqdarda nağd pul oğurlamaqda şübhəli bilinən Arzu Hacıyev Samux rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edilən faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qurban Yetirmişli: Azərbaycanda yaxın günlərdə dağıdıcı zəlzələ ehtimalı yoxdur

Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Elə gün olmur ki, Azərbaycanda 25-30, bəzən 50-60 zəlzələ olmasın. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl bir ərazidə 1 saat içərisində 20 xırda təkan olub: “Amma bunu heç kim hiss etmədi. Seysmogen bölgə üçün bu cür zəlzələlərin olması labüddür. Azərbaycanda yaxın günlərdə katastrofik, dağıdıcı zəlzələ ehtimalı yoxdur. Zəlzələnin hiss olunduğu da ola bilər, 5 ballıq da, 4 ballıq da, ancaq bunlar qorxulu bir şey deyil”. Azərbaycan özü ümumilikdə seysmogen bölgədədir: “Xəzər dənizi, Böyük Qafqazın cənub yamacı, Şamaxı-İsmayıllı, şimal bölgəsi – Quba-Xaçmaz zonası, Zaqatala-Şəki, Gəncə, cənub bölgəsi, Naxçıvan – bütün Azərbaycan aktiv zonada yerləşir”.

Mayın 1-dən quru sərhədlər açılacaq? - Mühüm açıqlama

Dünya ölkələrində koronavirusla bağlı məhdudiyyətlər getdikcə aradan qaldırılır. Qətər hökuməti də koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan bütün məhdudiyyətləri ləğv edib. Sozcu.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb. Dünyada koronavirusa yoluxanların sayının kəskin azalması, müxətlif ölkələrdə karantinlə bağlı qadağaların ləğv edilməsi Azərbaycanda da karantin rejiminin ləğvini gündəmə gətirib. Əslində ölkədə koronavirusla bağlı qadağalar içində əsasən quru sərhədlərin açılması daha çox müzakirə olunur. Belə olan halda may ayının 1-dən ölkədə quru sərhədlərin açılma ehtimalı da yaranıb. Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramova müraciət etdik və sərhədlərin yaxın gələcəkdə açılma ehtimalı ilə bağlı fikirlərini öyrəndik. Deputat BAKU.WS-ə bildirib ki, əksər ölkələrdə mərhələli şəkildə koronavirusla bağlı qadağalar aradan qaldırılıb: "Azərbaycanda da COVID-19-la bağlı qadağaların ləğvi mərhələli şəkildə təklif olunub. Ən çox müzakirə olunan məsələlərdən biri quru sərdədlərin açılması ilə bağlıdır. Biz mərhələli şəkildə və epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərin açılmasını təklif edirik. Qarşıda turizm mövsümü gəlir və Azərbaycana gələn turistlərin təxminən 70 faizi sərhədimiz olan ölkələrin payına düşür. Bu isə turizmin inkişafı baxımından vacibdir. Eyni zamanda vətəndaşlarımızın qonşu ölkələrə daha asan və az xərclə getməsi də önəmlidir. Quru sərhədlərin açılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bu məsələdə təkcə bizim ölkə deyil, sərhəd qonşularımızdakı epidemioloji vəziyyət də nəzərə alınır. Operativ Qərargahın mövcud vəziyyəti nəzərə alaraq mərhələli şəkildə quru sərhədlərlə bağlı qərar qəbul etməsini məqbul sayıram". 

"Bravo"dakı insidentlə bağlı 3 nəfər həbs edildi

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Sozcu.az sözügedən məlumatı təqdim edir: "Xəbər verildiyi kimi, martın 4-də saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində baş vermiş silahlı insident zamanı Həşimov Rüfət Sahib oğlunun qəsdən öldürülməsi və Şaydayev Samir Ruslan oğlunun sağlamlığına ağır zərər vuran xəsarətlər yetirilməsi barədə daxil olmuş məlumatla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovunun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb. Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Abşeron yarımadasında ciddi su qıtlığı yaşanacaq - Ekoloqdan XƏBƏRDARLIQ

Abşeron yarımadasında artıq ciddi su qıtlığı yaşanır. Təsadüfi deyil ki, “Azərsu” ASC bəzi ərazilərə suyun verilməsini qrafik əsasında aparır. Səbəbsə Bakı və Sumqayıtın suya olan ehtiyacını ödəyən Ceyranbatan su anbarında suyun kəskin azalmasıdır. Bunun da səbəbi anbara ötürülən suyun həcmi ilə bağlıdır. Məsələ ilə bağlı ekoloq Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, su qıtlığının tək səbəbi ölkəmizə yağıntıların az düşməsidir: “Düşən də qar şəklində düşür. Onun da əriməsi zaman istəyir. Azərbaycanda, onsuz da, yağıntılar qışın axırı, yazın əvvəlləri başlayır. Amma ona kimi dözmək mümkün deyil. Taxıl sahələri və digər yazlıq əkinlər suvarma suyu istəyir. Çox təəssüf ki, bütün su mənbələrində su azalıb. O cümlədən də Ceyranbatan su anbarında yığılan suyun səviyyəsi çox düşüb. Suyun azalması həm də ekoloji fəlakət yaradır. Çünki Ceyranbatan su anbarında canlılar var ki, onlar suyu təmizləyir, suya öz qatqılarını verirlər. Suyun səviyyəsi düşdüyündən həmin canlıların da məhvolma təhlükəsi artır”. Ekoloq onu da qeyd edib ki, Taxtakörpü su anbarında da suyun səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli düşüb: “Hələ Samur çayını demirəm. SSRİ dövründə Samurun su ehtiyatının 75 faizini biz istifadə edirdik. Amma indi bu rəqəm 50 faizə düşüb. Bu da əlavə çətinlik yaradır. Əgər quraqlıq daha bir ay davam etsə, ölkə çox ciddi problemlərlə üz-üzə qalacaq. Amma aprelin ikinci yarısından qarın əriməsi ilə bağlı müəyyən ehtiyat olacaq. O vaxtadək dözmək lazımdır”.

Gəncədə ata və 2 övladı dəm qazından zəhərləndi

Gəncə şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Yeni Gəncə qəsəbəsində şəhər sakinləri - 1979-cu il təvəllüdlü Q.Quliyev və övladları, 2005-ci il təvəllüdlü N.Quliyeva, 2007-ci il təvəllüdlü A.Quliyev yaşadıqları evdə dəm qazından zəhərləniblər. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bakı metrosunda ölüm hadisəsi

Bu gün saat 15:40-da Bakı Metropoliteni QSC-nin "Koroğlu" stansiyasında yaşlı kişi sərnişin dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb: "Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin vəfat edib".

Bakı sakininin bank hesabından 20 min manat oğurlanıb

Bakıda bank hesabından oğurluq edilib. DİN-dən verilən məlumata görə, Fevralın 14-dən 21-dək olan müddətdə Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 20.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Telman Axundov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

İdman zalında qətl törədən şəxsə 15 il cəza verilib

Bakıda idman zalında qətl törətməkdə ittiham olunan Əli Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Əli Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən orada idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla mübahisə ediblər. Bəxtiyar Nəsibov Əli Abbasova bədən xəsarətləri yetirib. Daha sonra Əli Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibova üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb. Əli Abbasov əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Dövlət ittihamçısı bu maddənin sanksiya tələbinə uyğun olaraq ona cəza istəyib. Bundan sonra zərərçəkmiş tərəfin vəsatəti əsasında onun əməlində daha ağır cinayətin olması şübhəsi olduğu üçün iş prokurora geri qaytarılıb. Yenidən aparılan araşdırmadan sonra Əli Abbasova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham verilib.

Kürdəmirdə bacılar dəm qazından öldü

Kürdəmir rayonunda bacılar dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə martın 5-də rayonun Karrar kəndində qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü Səma Elton qızı Qasımzadə və 2014-cü il təvəllüdlü Fəridə Elton qızı Qasımzadənin yaşadıqları evin həyətində yerləşən hamamda dəm qazından boğularaq keçiniblər. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Qanlı toqquşmalar davam edəcək - Arif Hacılı

Son dövrlərdə itkilərə səbəb olan təxribatlar Azərbaycan-Ermənistan sərhədində baş verirdi.  İndi Ermənistan ərazisində avropalı müşahidəçilər olduğu üçün Rusiya daha buna cəsarət etmir.  İtkilərə səbəb olan təxribatların "sülhməramlı qüvvələr"in nəzarəti altında olan Azərbaycan ərazisinə keçməsinin əsas səbəbi budur.  Nə qədər ki, rus hərbi qüvvələri Azərbaycan ərazisindədir Qarabağ münaqişəsi həll olunmayacaq.  Qanlı toqquşmalar davam edəcək.  İndi əsas ümummili hədəfimiz Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması olmalıdır.  Şəhidlərimizə allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyirəm. Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının Feysbuk səhifəsindən götürülüb.