Paytaxtdaxili və şəhərə giriş-çıxış yollarında müşahidə olunan tıxaclar ildən-ilə daha da intensivləşir. Artıq bir neçə həftədir müşahidə olunan dəhşətli nəqliyyat sıxlığı son illərin pik nöqtəsi hesab edilir. Ekspertlərin fikrincə, Bakının tıxac dərdi hələ uzun illər davam edəcək.
Bəs görəsən, yollardakı nəqliyyat sıxlığından çıxış yolu nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, tıxacların qarşısını alacaq ən optimal variant insanların şəxsi avtomobil əvəzinə ictimai nəqliyyatdan istifadə etməsidir: vakansiyalar
“Biz həmin ərazilərə baxsaq, görərik ki, Bakı-Sumqayıt şosesi, Lökbatan dairəsi, Binəqədi və aeroport yollarının ortaq cəhəti şəhərə giriş-çıxışları təmin edən nəqliyyat qovşaqları olmalarıdır. Bu ərazilərin üzərində əhalinin sıx olduğu yaşayış məntəqələri yerləşir və nəqliyyat tıxacları da məhz ən çox bu yollarda yaşanır. Bunun qarşısını almaq üçün müəyyən spesifik addımlar atıla bilər. Əsas mahiyyət ondan ibarətdir ki, nəqliyyat vasitələri idarə olunan zaman hər bir şəxs mütləq şəkildə ictimai nəqliyyata üstünlük versin. Yaxud bir neçə şəxs sadəcə 1 nəfərin avtomobilində lazımi ünvana çatsın”.
Ekspertin fikrincə, dünyanın bir çox ölkələrində bu ənənəyə çoxdan keçilib:
“Yəni artıq ümumi nəqliyyat vasitələrinə keçidin zamanıdır. Dünyanın bir çox ölkələrində insanlar əksər hallarda ictimai nəqliyyatdan istifadə edir. Amma nə qədər ki, şəxsi maşınlardan istifadə gündən-günə artır, tıxacların və nəqliyyatdakı sıxlığın qarşısını almaq çox çətin olacaq. Ona görə də, vətəndaşların ictimai nəqliyyatdan istifadəyə təşviq etmək və paralel olaraq marşurt sistemini yaxşılaşdırmaq mütləqdir”.