Sentyabrın 1-i növbədənkənar parlament seçkiləri başa çatıb. Buna qədərki təbliğat-təşviqat dönəmində demək olar ki, deputatların hamısı şəhid ailələrini, qəbirlərini ziyarət etdilər, status paylaşırdılar. Ancaq seçki başa çatdı və sanki, şəhidlər, şəhid ailələri unudulub.
Məsələn, sentyabrın 24-də Fəxri Xiyabanda 1 il əvvəl xidməti vəzifəsini yerinə yetirərkən minaya düşən şəhidimiz Əkrəm Şadmanovun xatirəsi anılıb. Həmin gün orada çox sayda insan toplaşmış, şəhidinə etiram göstərmişdi. Lakin burada deputatlar, xüsusilə də şəhidin doğulduğu ərazini təmsil edən deputat gözə çarpmayıb.
Maraqlıdır, belə çıxır ki, bəzi deputatlar seçkiqabağı şəhid ailələrini ziyarət edir, onlarla fotoşəkil çəkdirirlər, amma seçkidən sonra həmin insanları unudurlar?
Modern.az sözügedən məsələ ilə bağlı şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova ilə həmsöhbət olub.
O bildirib ki, şəhidlər müstəqil, suveren Azərbaycan bəxş ediblər: "Azərbaycanın suverenliyinin bərpa olunmasından 1 il keçir. Bu döyüşlərdə şəhid olan qəhərmanlarımızın ildönümüdür. Allah hər bir şəhidimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Bizə müstəqil, suveren Azərbaycanı bəxş etdilər. Bu döyüşlərdə antiterror əməliyyatları zamanı Azərbaycanın suverenliyi uğrunda şəhid polkovnik Əkrəm Şadmanov da şəhadət zirvəsinə ucaldı. Ayın 24-də onun anım tədbiri idi. Çox təəssüf edirəm ki, Hadrut qəsəbəsində şəhid övladları üçün düşərgə təşkil etdiyimizə görə anım tədbirində iştirak edə bilmədik. Buna baxmayaraq, hər zaman məzarını ziyarət edirik".
Sevinc Orucova vurğulayıb ki, deputatlar şəhidlərin anım tədbirlərində iştirakı özlərinə borc və vəzifə bilməlidir:
"Şəhid anım tədbirlərinin millət vəkillərinin ziyarəti məsələsinə gəldikdə, hərənin bir baxış bucağı var. Mən elə bir şey gözləmirəm, sonra ümidlərim puç olar. Mən düşünürəm ki, xalq o şəhidləri yaşadır, sevir. Qəhrəmana dəyər verən hər kəs özünə bir borc və vəzifə bilir ki, onların anım mərasimində iştirak etsinlər. Millət vəkilləri də bu millətin içərisindən çıxdığına, onun üzvü, özü də seçilmiş üzvü olaraq daha çox həssaslıq göstərməlidirlər. Ən çox da şəhidin doğulub, böyüdüyü bölgəni təmsil edən millət vəkilləri həmin gün anım tədbirində iştirak etməyi özlərinə borc bilməliydilər. Ayın 23-də ilk iclaslarını da keçiriblər. Ertəsi gün qəhrəman şəhidimizin başında olmağı borc bilməliydilər. Bunu kimsə anlayıb, dərk etmirsə, elə düşünürəm ki, nəsə demək mümkün deyil. Mən heç nə deyə bilmirəm. Qəhrəmanlarımızı unudan, onların xatirəsinə sayğı duymayan bizlərdən deyil. Mən onları azərbaycanlı saymıram".