Hazırda gənc ailələrin dağılmasının əsas səbəblərindən biri də narkomaniyadır. Cütlüklər evlənib bir evdə yaşayana qədər bir-birlərinin narkotik aludəçisi olub-olmadığı barədə məlumatsız olurlar. Bəzən bu məqam ya evliliyin ilk zamanlarında, ya da çox gec özünü büruzə verir.
Ona görə də təklif edilir ki, nikah üçün ərizə verilmədən əvvəl qan analizi zamanı hər iki tərəf sözügedən məsələ barədə də təhlillərə cəlb olunsun. Bir qisim şəxslər düşünür ki, belə olduqda böyük bir faciənin qarşısını almaq olar.
Mövzu barədə “Yeni Sabah”a danışan həkim, professor Adil Qeybulla təklifi belə dəyərləndirib:
“Əvvəla, onu qeyd edim ki, nikahdan qabaqkı qan təhlillərinin çox böyük önəmi var. Gənclərin talassemiya daşıyıcısı yaxud hansısa infeksiya daşıyıcısı olmasının öncədən bilinməsi çox vacibdir. Çünki hansısa bir infeksiyanın bir şəxsdən digərinə keçmə riski yaranmır. Bu birinci nüansdır. Narkoloji testə gəlincə isə, düşünürəm ki, burada da konfidensiallıq və anonimlik saxlanılmaqla onu da əldə etmək olar. Ən azı cütlüklər bir-birindən məlumatlı olmalıdırlar ki, bu da onların hüququdur”.
Həkim vurğulayıb ki, dünya praktikasında bununla bağlı müxtəlif yanaşmalar var:
“Bizdə də bu məsələnin həlli üçün düşünülmüş qərar olmalıdır. Çünki çox təəssüflər olsun evlənəndən sonra belə neqativ hallar ortaya çıxır və ailə dağılır. Bu isə həm valideynlər, həm də ətrafdakı insanlarda mənfi reaksiyalara səbəb olur. Öncədən belə bir gerçəyin ortaya çıxması yaxşı olar. Bundan sonra cütlüklər özləri qərar verərlər ki, izdivac baş tutsun, ya yox. Narkotikə qurşanan bir şəxs ailəni onsuz da gec-tez faciəyə aparacaq. Ya müalicə olunmalıdır, ya da onun ailə qurması heç məqsədəuyğun deyil. O baxımdan belə bir testin nikah prosesi ərəfəsində olmasını uyğun hesab edirəm”.