Şəhid Ceyranın atası vəfat etdi

Birinci Qarabağ müharibəsi şəhidi Ceyran Abdullayevanın atası vəfat edib. Sozcu.az xəbər verir ki, şəhidin atası Səyyaf Qarayev yaşadığı Zərdab rayonunda xəstəlik səbəbindən ölüb. Qeyd edək ki, Abdullayeva Ceyran Səyyaf qızı 1962-ci ildə Zərdab şəhərində anadan olub. Könüllü olaraq müharibəyə yollanan Ceyran rabitəçi olub və 1992-ci ilin avqustun 15-i Ağdam rayonu ərazisində şəhid olub. O, Bakıda Şəhidlər xiyabanında dəfn olunub.

Sabiq direktor müavinin oğlu dələduzluqda ittiham olunur

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azərbaycan” Nəşriyyatının sabiq direktor müavini Ləbib Ləbibovun oğlu dələduzluqda ittiham olunur. Sozcu.az “Report”a istinadla xəbər verir ki, Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib. Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb. R.Ləbibov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 20-ə təyin edilib.

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatdı

Avqustun 9-u saat 9:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı: Balakəndə 11 mm, Oğuz, Culfa, Şamaxıda 2 mm-dək olub. Eyni zamanda şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 19 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb. Bundan başqa, Qrız, Şabran, Şahdağda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR və Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub.

Üç yaşlı övladını satışa çıxaran ana danışdı: “Əsəbi idim”

Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşan ana ilə bağlı məsələ aktual olaraq qalır. İnsan alverinə cəhd edən qadının, həm də qeyri-insani əməli hələ də ciddi tənqid olunur. "Əsəbi olduğum üçün paylaşdım..." Bizim.Media ictimaiyyətdə rezonans doğuran hadisə ilə bağlı üç yaşlı övladını satışa çıxaran 2000-ci il təvəllüdlü Nəzrin Qurbanovadan açıqlama alıb. Həkim tap Qadın etdiyi qeyri-qanuni əməlini belə əsaslandırıb: "Əsəbi vəziyyətdə olduğum üçün belə bir video çəkib paylaşmışam. Amma indi fikrim başqadır. Oğlumun mənə qaytarılmasını istəyirəm. Ən azından onu vaxtı-vaxtında görmək üçün şərait yaradılsın. Uşaq o müəssisədə qalsın, amma arada onu görüm. Onsuz da sosial durumum onu saxlamağa imkan vermir. Özüm rəfiqəmlə günü 10 manata kirayədə qalırıq və borclarım var. Sinif yoldaşımdan maddi dəstək alıram. Heç kimim yoxdur. Anamı 10 yaşında, atamı isə bu ilin martında itirmişəm. Özümüz yeddi uşaq olmuşuq, beşi qıcolmadan, bir qardaşım isə suda boğularaq dünyasını dəyişib. Onların heç birini görməmişəm. Məni xalam böyüdüb". "Yoldaşım "o uşaq məndən deyil" deyir..." Nəzrin Qurbanova qeyri-rəsmi nikahda olub və elə hamilə olarkən də yoldaşından ayrılıb: "Yoldaşımla rəsmi nikahımız olmayıb. Mənə baxmırdı, hamilə olanda özüm ondan ayrıldım. O vaxtdan indiyədək əlaqəmiz yoxdur. Övladımı min bir əziyyətlə böyütmüşəm. Küçələrdə gecələdiyimiz günlər də olub. Hətta zibil qutularından oğluma köhnəlmiş yemək gətirirdim. Tək olduğum üçün onu qoyub işləyə bilmirdim. Dəfələrlə Kürdəmirə gedib yoldaşımla görüşmüşəm ki, oğluma kömək etsin. Ən azı aylıq yeməyini və geyimini təmin etsin. "O uşaq məndən deyil, elə adda mənim oğlum yoxdur", - deyə yaxın durmayıb. Hətta uşağa şəxsiyyət vəsiqəsi alanda belə soyadını vermədi. Yalvara-yalvara sadəcə ata adını yazdıra bildim. Ona DNT analizi etməsini də təklif etmişdim. Yoldaşım evlənib, ailəsi və uşaqları var. Kürdəmirdə taksi sürücüsü kimi çalışır. Öz uşaqlarına bəy balası kimi baxır". "Ev sahibi məni küçəyə atacaq" Nəzrin Qurbanovanın sözlərinə görə, uşağına baxan olmadığı üçün iş axtarmaqda maraqlı olmayıb və davamlı işləyə bilməyib: "Üç gün çörək zavodunda çalışdım. Baxdım ki, uşağı qoymağa yer yoxdur, çıxdım. İki dəfə dolanışığımın çətin olması ilə bağlı "TikTok"da video paylaşmışam. Hətta Kürdəmir Rayon İcra Hakimiyyətinə də oradan səsləndim. Onlardan xəbər çıxmadı. Cəmi bir ailə maddi köməklik etdi. O vəsaitlə iki günlük ev kirayəsini ödədim və 15-20 gün yemək pulumuz oldu. Atam sağ olanda onun pensiyası ilə keçinirdik. Uşağı onun yanına qoyub işləyə də bilirdim. İki gündür hər kəs məni tənqid edir, amma anlayan yoxdur ki, bu illər ərzində tək uşağı necə böyütmüşəm. Nərimanov rayonundakı Məşğulluq İdarəsinə də iş üçün müraciət etmişəm. İndi də vəziyyətim çətindir, gündəlik kirayə pulunu verə bilmirəm. Hətta bu gün də ödəməyə pulum yoxdur. Ev sahibi mənə vaxt qoyub, ödənişi etməsəm küçəyə atacaq", - deyə Nəzrin Qurbanova əlavə edib. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məlumat əsasında məsələ araşdırılıb. Uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə azyaşlının dövlətin himayəsinə alınması təmin edilib. Əlavə olaraq Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır. Ayrıca, azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.

Bakıda kirayə evlər BAHALAŞACAQ - Bu tarixdən...

Avqust ayının ortalarından başlayaraq tələbələrin təhsil aldıqları şəhərlərdə kirayə ev axtarışı başlayır. Ali təhsil müəssisələrinin əksəriyyətinin Bakıda yerləşdiyini nəzərə alsaq, əvvəlki illərdə olduğu kimi, bu il də paytaxta tələbə axını gözlənilir.  Bundan əlavə, 11-22 noyabr tarixlərində keçiriləcək COP29-la bağlı ölkəmizə turist axını da gözlənilir. Onların bir hissəsinin də məhz kirayə evlərdə qalacaqları gözlənilir.  Ekspertlərə görə, sentyabrın əvvəllərindən başlayaraq evlərin qiymətlərində 50-100 manat civarında artımlar olacaq. Hazırda köhnə tikililərdə birotaqlı evlərin kirayə qiyməti 300, ikiotaqlıların 400, üçotaqlıların isə minimum 500 manatdan başlayır, əşyalı olan evlərin isə qiyməti digərlərindən 50-100 manat daha bahadır. COP29 zamanı isə hotellər bu qədər turisti qəbul edə bilməyəcəklərinə görə kirayə evlərə ehtiyac yaranacaq. Bu da günlük kirayəyə verilən evlərin qiymətlərinə təsir göstərəcək.  İqtisadçı ekspert Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, ölkədə universitetlərin böyük əksəriyyəti Bakıda yerləşdiyindən hər il yay aylarında tələbələrin paytaxta kütləvi axını olur ki, bu da əsasən kirayə qiymətlərinin artmasına təsir edir: “Bu tendensiya hər il davam edir və hər dəfə 20 faiz artım müşahidə olunur. Nəzərə alsaq ki, bu il tələbə qəbulunda 10 minə yaxın tələbə artımı var, bu da o deməkdir ki, sentyabrda daha çox tələbə Bakıya gələcək və kirayə qiymətlərinin daha da artmasına səbəb olacaq. O ki qaldı COP29-un kirayə qiymətlərinin artmasına təsir etməsinə, hesab edirəm ki, bu daha çox yeni və bahalı binalarda olan mənzillərin qiymətinə təsir edəcək. Üstəlik, COP29 tədbiri qısa müddətlik olacaq, bu baxımdan əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Söhbət əsasən orta qiymətli mənzillərdən gedir”. onlayn aptek Ekspert tələbələrin yataqxana problemindən də söz açıb: “Çox təəssüf ki, bu gün universitetlərdə yataqxanaların vəziyyəti ürəkaçan deyil. Həmçinin universitetlərin əksəriyyəti tələbələri yataqxana ilə təmin edə bilmir. Hesab edirəm ki, "Böyük Qayıdış" proqramı həyata keçirildikdən sonra ölkəmizdə yataqxanalarda məskunlaşmış köçkünlərimiz öz doğma yurdlarına geri dönəcək və bu məsələ də öz həllini tapa biləcək". Eyyub Kərimli onu da qeyd edib ki, bəzi ev sahibləri bu dönəmdə vəziyyətdən sui-istifadə edərək, əsassız şəkildə evlərin qiymətini qaldırırlar. “Bu gün Bakı şəhərində böyük tikinti-quruculuq işləri gedir, köhnə mənzillərin çoxu sökülür və bu da kirayə mənzillərin qiymətinə təsir edir. Belə ki, evləri sökülən vətəndaşlar da çox zaman kirayə qalmalı olur və bu da ümumilikdə kirayə mənzil bazarında öz təsirlərini göstərir”, - deyə ekspert qeyd edib. 

18 metrlik körpünü sel apardı - Sakinlər çətin vəziyyətdə

Lənkəranda körpünün dağılması kənd sakinlərini çətin vəziyyətə salıb. Sozcu.az xəbər verir ki, son yağan intensiv yağışda Lənkəran rayonunun ucqar dağ kəndi olan Daştatükdə Bəşəru çayı üzərində salınan 18 metr uzunluqda körpünü sel suları dağıdıb. Nəticədə kəndin bir hissəsi, eləcə də Rezvan, Aşağı Apo və Mollakeş kəndləri yolun o tayında qalıblar. Sakinlərin bu taya gediş - gəlişləri üçün çətinliklər yaranıb. Onlar deyir ki, əgər körpü qısa müddətdə bərpa olunmasa, sentyabr ayında acınacaqlı vəziyyət yaranacaq. Çünki payız ayında Bəşəru çayında su çoxalacaq və o tayda yaşayan 60 - a yaxın şagird bu taya keçib məktəbə gedə bilməyəcək. Bundan başqa kəndin məscidi, qəbiristanlığı o tayda qalıb, məktəb, mağaza isə bu tayda. Sakinlər gündəlik tələbat mallarını almaq üçün hər gün daşlar üzərindən çayı keçməyə məcbur olurlar. Kənddə xəstə və ya bədbəxt bir hadisə olanda sakinlər yolsuzluğa görə daha çox əziyyət çəkirlər. Xanbulan kənd bələdiyyəsinin sədri Kazım Məmmədov APA-ya bildirib ki, adı çəkilən körpü 2014-cü ildə əhalinin istifadəsinə verilib: “Bu il iyun ayının 26 - da intensiv yağışdan sonra çaya sel gəldi və gecə saatlarında körpünü dağıtdı. Həmin günü aidiyyəti üzrə rayon icra hakimiyyəti məlumatlandırıldı və kəndə nümayəndələr gəldi. İlkin olaraq ağır texnikalar vasitəsilə maşınların çayın içindən keçmələri üçün şərait yaradıldı. Hazırda aidiyyəti təşkilatlardan müsbət cavab gəlib və sentyabr ayına kimi körpünün bərpasını gözləyirik". Qeyd edək ki, 350 təsərrüfatı, 1500 - ə yaxın əhalisi olan Daştatük kəndində körpünün dağılmasından sonra 100 - dən çox təsərrüfat, təqribən 500 - ə yaxın sakin yolun o tərəfində qalıb.

Qalmaqallı direktor narazıdır: "Oğru aləmi"nə aid mahnı oxudu, işdən çıxarıldı...

Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin keçmiş direktoru Gülsəba Abbasova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib. Sozcu.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, onun iddiası işə bərpa və işsiz qaldığı üçün müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır. İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Aytən Novruzovanın icraatındadır. Gülsəba Abbasova bu ilin iyulunda işdən çıxarılıb. O, "Son zəng" tədbirində şagirdlərlə bigə "oğru aləmi"nə həsr olunmuş mahnı səsləndirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra araşdırmalara başlanılıb və Gülsəba Abbasova işdən çıxarılıb.

Noyabrda məktəblərdə 10 yox, 17 gün tətil olacaq - Rəsmi

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib. Sozcu.az xəbər verir ki, sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq. Noyabrın 9-10-nu və 23-24-ü şənbə və bazar günlərinə təsadüf edir. Həmçinin 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günləridir. 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr da qeyri-iş günü olacaq. Beləliklə, orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün – 25 noyabra qədər davam edəcək. Noyabrın 25-i dərs günü olacaq. Qeyd edək ki, noyabrda həftəsonlarını da hesablasaq, cəmi 10 gün dərs olacaq.

Bu gündən hava dəyişir - İstilər başlayır

Avqustun 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Süpürgəçilərdən rüşvət alan vəzifəli şəxsə şərti cəza verildi

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, rüşvətə təhrik etmə və vəzifə saxtakarlığında təqsirləndirilən Nizami Babayevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. İttihama görə, Nizami Babayev 2016-cı ildən 2022-ci ilədək Sumqayıt şəhər İcra Hakimiyyəti yanında MənzilKommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 nömrəli Mənzil kommunal istismar sahəsində rəis vəzifəsində işləyib. O, işlədiyi müddət ərzində rəhbərlik etdiyi fəhlələrdən və süpürgəçilərdən rüşvət alıb və onların pullarını mənibsəyib. İstintaq dövründə Nizami Babayevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. 

Hava yenə dəyişir: Leysan yağacaq, çaylardan sel keçəcək

Azərbaycanın rayonlarında avqustun 2-4-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.  Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.  Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.  dirnaq modelleri Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. 

Ağsunun "ağ ciyəri"nə ləkə düşüb, şam ağacları müəmmalı şəkildə quruyur - Foto

Ağsuda yerləşən bütün iynəyarpaqlı şam ağacları qısa vaxt ərzində kütləvi şəkildə qurumağa başlayıb! Sanki məhz həmin ağaclara zərərverici bir xəstəlik yayılıb. Biz media olaraq həyəcan təbili çalaraq bütün media həmkarlarımızı, təbiətşünas alimlərimizi, mütəxəssisləri, aidiyyəti qurumları, ekoloqları təcili olaraq Ağsuya getməyə çağırırıq. Məsələni yerində öz gözlərinizlə görməyinizi təklif edirik. Həmişəyaşıl ağaclar kütləvi olaraq rayonun hər yerində quruyub. Bu susuzluq və ya kimlərinsə obyekt yeri açsın deyə bilərəkdən qurutması kimi görülən məsələ deyil. Şam ağacları hər yerdə kütləvi olaraq məhv olur.  5 ilin cavan şam ağacı və ya 50 ilin qoca şam ağacı fərq etmir, ucdantutma hamısı quruyur. Hanı çaya, suya gedən maşınları güdüb yerli-yersiz cərimələyən Regional Ekologiya İdarəsinin səlahiyyətli "ataman" işçiləri? Niyə bu strateji məsələ barədə Ekologiya Nazirliyinə rəsmi qaydada müraciət edib tədbir üçün mütəxəssis dəvət etmirsiniz? Ağsu RİH, niyə susursunuz? Rayonun nəfəsi kəsilir, niyə heç kimin səsi çıxmır?! Ağsuda yaşayan düşüncəli, aktiv həmyerlilərimizə səslənirik. Rəsmi olaraq ərizə ilə bütün yuxarı orqanlara məktublar göndərin. Bu hava hamının nəfəsidir. Özünüzün, övladınızın, kasıbın, varlının, vəzifəlinin, işsizin nəfəsidir. Laqeyd olmayın. Hərə bacardığı yolla kiməsə səsini çatdırsın. Hərəyə bir ağac əkək deməklə bitmir bu işlər, gərək əkilən o ağacları hər bir təhlükədən qoruya da biləsən. Mənbə, Ağsudan Xəbər