Partlayış baş verən mebel sexi kimlərə məxsusdur?

Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahibinin kimliyi müəyyənləşib. Sozcu.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, sözügedən mebel sexi Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsusdur. Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yeləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub. Sözügedən ərazidə yerləşən 8 sex bir neçə il əvvəl mebel istehsalı üçün iş adamına icarəyə verilib. Hadisə zamanı sözügedən iş adamı da dünyasını dəyişib. Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb.

Partlayışda özü öldü, qardaşı və bacısı oğlu ağır yaralandı – FOTO

Binəqədidə baş verən partlayışda həlak olanlardan birinin kimliyi müəyyənləşib. Sozcu.az Qafqazinfo-ya istinadən xəbər verir ki, mebel sexində baş vermiş hadisə nəticəsində Cəfərov Zaur Qulu oğlu dünyasını dəyişib. Bundan başqa, onun qardaşı Cəfərov Şahin və Nicat adlı bacısı oğlu da sözügedən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıb. Mərhum sabah Binə qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, mebel sexində baş vermiş partlayış nəticəsində ümumilikdə 9 nəfər həlak olub.

Jurnalist Şahin Rzayev azadlığa buraxılıb - FOTO

Dünən saxlanılan jurnalist Şahin Rzayev azadlığa buraxılıb. Bu barədə Şahin Rzayev özü sosial şəbəkədə məlumat yayıb. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb. Qeyd edək ki, Şahin Rzayev dünən məhkəmənin qərarı ilə 15 gün inzibati qaydada həbs edilib. Bakı Apellyasiya Məhkəməsi qərardan verilən şikayətə baxıb, həbs qərarı cərimə ilə əvəzlənib.

Sənədsiz evlərə nə vaxt çıxarış veriləcək? - Mühüm açıqlama

Bakı və Abşeronda sənədsiz evlərə çıxarışların verilməsi ilə bağlı məsələ neçə illərdir gündəmdədir. Ötən ilin oktyabrında qəbul olunan qərara görə, yeni fərdi yaşayış evlərinə kommunal xidmətlərin göstərilməsi, yəni qaz, su və işıq enerji şəbəkələrinə qoşulması məhdudlaşdırılıb. Bu, sənədsiz evlərlə bağlı problemi daha da qəlizləşdirib. 2024-cü ildə məsələnin həlli istiqamətində irəliləyi olacaqmı? Sənədsiz əmlaklara çıxarışların verilməsi gözlənilirmi? Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qonşu Gürcüstanı nümunə çəkərək, ölkəmizdə də bununla bağlı aministiyanın tətbiq olunmasını mütləq sayır: “Bu ayın əvvəlində qonşu Gürcüstanda daşınmaz əmlaklarla bağlı aministiya tətbiq olundu. Çıxarışı olmayan daşınmaz əmlaka çıxarış verilməsinə start verildi. Bununla bağlı ölkəmizdə də ötən ilin əvvəlində dövlət başçısı birbaşa icra hakimiyyəti orqanlarına ərazilər üzrə monitorinqlərin aparılması, torpaqların təyinatının müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıq verib. Bir çox evlərin çıxarış ala bilməməsinin başlıca səbəblərindən biri həmin ərazilərdəki torpaqların fərqli təyinatlı olmasıdır. Təəssüflər olun ki, bu məsələ ilə bağlı hələlik ciddi addımlar atılmayıb. Bəzi rəqəmlərə görə, Bakı və Abşeronda 500 min civarında çıxarış ala bilməyən fərdi yaşayış evi var. Bu evlərin demək olar ki, hamısına kommunal xidmətlər göstərilir. Bircə, onların sahiblərinə çıxarış verilməsi qalır”.  Ekspert bu məsələdə ən böyük ziyanın məhz elə dövlətə dəydiyini qeyd edib: “Elementar olaraq, təkcə Bakı və Abşeronda dövlət 500 min əmlakın vergisindən məhrum olur. Üstəlik, regionlarda da çoxlu sənədsiz əmlak mövcuddur. Onlara çıxarış verilsə, sahibləri torpaq və əmlak vergisi verəcəklər. Ötən il təxminən 50 min qeyri-yaşayış obyektinə aminitiya tətbiq olundu. Həmin obyektlərin sahibləri sənədlərini mərhələli şəkildə aiddiyyəti orqanlara yönləndirir və çıxarışların verilməsinə start verilir. Düşünürəm ki, qadağan olunmuş ərazilər xaric, digər ərazilərdə olan əmlaklara çıxarışların verilməsi vacibdir”.

Təcili: Bakıda güclü yanğın başladı

11:55 7-ci mikrorayon ərazisində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə olub. Partlayışın ardınca ərazidən qatı tüstü qalxıb. *** Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. *** Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür. *** Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub. TƏBİB-dən bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

Sumqayıtın Təcili Tibbi Yardımı telefon zənglərini rədd edir - ŞİKAYƏT

"Həyat yoldaşımın halı pisləşib, həm qızdırması var, həm də təzyiqi aşağı düşüb, çox narahatıq. Amma Təcili Tibbi Yardıma zəng vururuq, telefonu götürüb rədd etdilər, sonra da nə qədər zəng vurduqsa, məşğul göstərdi". Sozcu.az xəbər verir ki, bu barədə Musavat.com-a Sumqayıt şəhər sakini Mətanət Əliyeva bildirib. Onun sözlərinə görə, bir saata yaxın zəng vursalar da, cavab verilməyib: "Yaşlı, xəstə adamdır, titrəyir, çölə çıxara bilmirik, həm də təhlükəli ola bilər. Oğlum məcbur qalıb, özü Təcili Yardıma getdi, oradan da əliboş qayıtdı, bildiriblər ki, xəstə çoxdur, həkim azdır. Deməli, bir adamın halı pisləşsə, ölüb qalacaq, köməyinə çatan olmayacaq. Şəhərə azca qar yağan kimi belə olur". Qeyd edək ki, məsələ ilə bağlı Sumqayıt Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynalovla əlaqə saxladıq. O, Musavat.com-a açıqlamasında bildirdi ki,  məsələ ilə bağlı ailə ilə əlaqə saxlanılacaq: "Ola bilsin sorğular çox olduğuna görə problem yaranıb. Biz araşdıracağıq".

Qarda yeriyərkən nələrə diqqət etməli?

Yıxılma, burxulma və sürüşmə anında necə hərəkət lazım olduğunu, sınıq və çatlar zamanı ilkin müdaxiləni necə edəcəyinizi bilmək istəyirsinizə bu yazı sizin axtardığınızdır. Ortopediya və Travmotologiya mütəxəssisi prof. Can Hürel qarda yeriyərkən etməniz lazım olanlardan danışıb. Sozcu.az Qadinklubu.com-a istinadən həmin mələhətləri təqdim edir. Qarda necə hərəkət etməli? Əvvəlcə əlləri cibə qoymamağa çalışın. Çünki bu cür hardansa tuta bilməz və tarazlığı saxlaya bilməzsiniz. Hava nə qədər soyuq olursan, olsu əlləri cibə qoymamaq lazımdır. Həmçinin, əlinizdə çanta, torba daşımamağınız məsləhətdir. Bu, həm tarazlığı saxlamaq, həm də yıxılarkən əllərinizlə özünüzü saxlamaq üçün lazımdır. İstifadə etdiyiniz ayaqqabıların altı da sürüşkən olmamalıdır. Qarda, buzda yerimək üçün mismarlı rezinlərdən də itifadə edilə bilər. Qarlı havada yoxuşda yeriməməyə çalışın. Yaşlı insanların isə tək gəzməməsi lazımdır. Çünki sürüşüb yııxlma ehtimalı çoxdur. Yoxuşlara, nərdivanlara diqqət etmək lazımdır. Mütləq hamı qarşısına baxaraq, buzlu, sürüşkən yerlərdə diqqətli olmalıdır. Yıxıldıqda necə hərəkət etməli? Yıxıldığınız zaman dəyən, əzilən hissəni gücə salmayın. Yeriyə bilmirsinizsə təcili tibbi yardım, yəni 103 zəng edin və ya ətrafdakı insanlardan kömək istəyin. Əzilən, dəyən hissəni hümdürdə saxlayıb şişməməsinin qarşısını alın. Mümkündürə, soyuq nəsə qoyub şişməməsini təmin edin və tez xəstəxanaya getməyə çalışın. Qırıq varsa mütləq həkimə gedin. Müvəqqəti olaraq isə karton, pol ağacı ilə qırıq olan hissəylə paralel qoymaq ağrını azaldacaq. Qırıq və ya çat olduğunu necə bilməli? Qırıq və ya çat oldğunu bilmək çox çətindir. Ancaq rentgendən keçməklə dəqiq bilmək olar. Üstünə basıb gəzə bilirsinizsə,  “çox ağrı yoxdursa, burada vacib bir şey yoxdur” fikri yanlışdır. Çünki ağrılar hər insanda fərqli ola bilər. Xüsusilə, yaşlılarda yaranan çatlar ilk rentgendə görünməyə bilər. On gün onra çəkilən rentgendə qırıqlar aydın görünür. Belə olduqda diaqnoz tam qoyula bilər. Təmkili olmaqda fayda var.

Bakıda qar yollarda tıxaca səbəb olub

Paytaxtda hava şəraiti ilə əlaqədar bir neçə küçə və prospektdə yollarda sıxlıq müşahidə edilir. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. "Avtomobillərin və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən tədbirlər görülməsi üçün çevik məlumatlandırma təmin edilir", - məlumatda deyilir. Hal-hazırda yollardakı vəziyyət: 1.Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "Xırdalan dairəsi" istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. İnşaatçılar prospekti, hər iki istiqamətdə; 6. Tbilisi prospekti, hər iki istiqamətdə; 7. Ak. Həsən Əliyev küçəsi, Səməd Vurğun küçəsi istiqamətində; 8. Ak. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində; 9. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 10. Nəriman Nərimanov prospekti, hər iki istiqamətdə; 11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 12. Əbdülvahab Salamzadə küçəsi, hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Qubadlıda pulemyot və avtomat aşkarlandı

Qubadlı rayonunda pulemyot və avtomat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, rayonun Mahmudlu kəndi ərazisində həmçinin müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bakıda dəm qazı daha bir can aldı

Bakıda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. 1991-ci il təvəllüdlü Turanə Quliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Vətən müharibəsi qazisi vəfat etdi

Gəncədə 44 günlük Vətən müharibəsinin qazisi naməlum səbəbdən ölüb. Sozcu.az-ın məlumatına görə, şəhər sakini 2001-ci il təvəllüdlü Vəliyev Əli Mehman oğlu huşsuz vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin müayinəsi  zamanı  Əli Vəliyevin dünyasının dəyişdiyi məlum olub. Qazinin hansı səbəbdən ölməsi hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər prokrorluğunda  araşdırma aparılır. Xatırladaq ki , Əli Vəliyev 44 günlük Vətən müharibəsinin qazisi, III qrup əlilldir. Əli Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”,“Cəbrayılın  azad olunmasına görə” və  “Füzulinin  azad olunmasına görə” medalları ilə təltif  edilib. Unikal.org)

Bakıda 3 dərəcə şaxta olacaq, qar yağacaq – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, şimal-qərb küləyinin 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-25 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, yanvarın 14-15-i gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi yanvarın 12-də 15-20 m/s, yanvarın 13-14-də isə bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək yanvarın 14-15-də aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 2-7 dərəcə şaxta olacaq. Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.