Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi - Sahil Nurəddin oğlu İbrahimov iyunun 3-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.
Sozcu.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə və Daxili İşlər nazirliklərinin əməkdaşları, rayon icra hakimiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.
İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklillər qoyulub, gül dəstələri düzülüb.
Şəhid üçün cənazə namazı qılınıb.
Tabutun büküldüyü Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.
Qeyd edək ki, 1970-ci il iyulun 23-də Ermənistanın Amasya rayonunun Çivinli kəndində anadan olan Sahil İbrahimov 1993-cü il fevralın 9-da Ağdərə rayonunun Mehmanə kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.