Azərbaycanda psixi xəstəliklər artacaq, boşanmalar uçuruma aparır – Sosioloq

Azərbaycanda yeni ailə quranlar və boşanma statistikasında ciddi fərq ildən – ilə artır. Sosial şəbəkələr və informasiya vasitələri hər gün bir ailə dramı, faciəsi xəbərini yayımlayır. Baş verənləri təhlil etdikdə artıq ciddi tədbirlərin görülməsinə ehtiyac var. “Cəmiyyətdə münaqişələr, aqressivlik, qarşıdurmalar, psixoloji gərginlik, stres, depressiya halları kəskin artıb. Artıq bu, kənar şəxslərdən doğmalar arasına keçib. Bunun iki əsas səbəbi var. Birincisi, mənəvi-psixoloji, digəri isə sosial-iqtisadi. Milli dəyərlərin itirilməsi, yad dəyərlərin təbliği artıb. Psixi xəstəliklərin artımı çox yüksəkdir, süni və zərərli qidalar insanlarda güclü aqressiya yaradır” Bunu Bakupost.az -a açıqlamasında sosioloq Elçin Bayramlı ailə münaqişələri haqda danışarkən deyib. Sosioloqun sözlərinə görə, işsizlik, kasıbçılıq kimi məsələlər də insanlarda ciddi stres, qıcıq yaradır: “Bütövlükdə götürəndə insan psixologiyasına, fiziologiyasına qarşı ağır bir terror gedir. Belə bir gərgin, stresli həyat tərzi sürmək neqativ hallara səbəb olur. Bu sahədə cəmiyyət tamamilə müdafiəsiz buraxılıb. İnsanların ailə qurarkən fiziki, maddi dəyərlər üzərindən baxması, mənəvi dəyərlərə konkret olaraq tüpürməsi ailə münaqişlərinə çıxarır”. E.Bayramlı deyib ki, bunun qarşısı alınmazsa, nəticələr heç də ürəkaçan olmayacaq: “Cəmiyyətdə stress, aqressivlik artacaq. Biz uçuruma doğru gedirik və qarşısını almaq üçün tədbir də görmürük. Bütün müsbət xüsusiyyətlər lağa qoyulur, mənfi xüsusiyyətlər isə normal sayılır. Əgər biz sağlam gələcək yaratmaq istəyiriksə, dövlət və cəmiyyət olaraq bu məsələlərin üstünə düşməliyik”.

Azərbaycanda poliklinikalarda onlayn sistem çökdü

Azərbaycanda poliklinikalarda onlayn sistem çöküb. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.az-a sağlamlıq haqqında arayış almaq istəyən vətəndaşlar bildiriblər. Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb. 15 tibb müəssisəsində sözügedən problemin yaşandığı qeyd olunur.

Gömrükdə müsadirə edilən ayaqqabılar 5, kurtkalar 10, saatlar 3 manata satılır – Siyahı

Sentyabr ayının 5-də Əmlak Xidmətləri Məkanında dövlət mülkiyyətinə keçirilən 2 min 111 adda müxtəlif təyinatlı mal hərrac vasitəsi ilə satışa çıxarılır. Sozcu.az xəbər verir ki, hərraca çıxarılan mallar Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən “Azərterminalkompleks” Birliyinin anbarında yerləşir. Məlumat üçün bildirək ki, hərraca çıxarılan malların start qiymətləri mövcud bazar qiymətlərindən dəfələrlə aşağıdır. Dövlət mülkiyyətinə keçirilən və hərrac vasitəsi ilə satışa çıxarılan 2 min 111 adda maldan bəzilərinin adları və qiymətini təqdim edirik: - Qoluqısa köynək – 3 manat - Hamam xalatı (dəst) – 10 manat - Ayaqqabı – 4 manat - Kurtka, gödəkçə – 10 manat - Bel kəməri – 2 manat - Tərlik – 10 qəpik - İsti alt paltarı – 50 qəpik - Qol saatları – 3 manat - Eynəklər – 1 manat - Xalça – 10 manat - Lauro Biagiotti markalı ətir 75 ml – 8 manat - Zara markalı ətir 100 ml – 10 manat - Dodaq boyası – 50 qəpik  (yeniavaz)

Bakıda qatarın vurduğu adam öldü: cinayət işi...

Bakının Binəqədi rayonunda qatarın vurduğu adamın ölməsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayevin Binəqədi rayonu ərazisində dəmir relsinin üzərindən piyada keçərkən teplovozun(qatar) ehtiyatsızlıqdan onu vurması nəticəsində almış olduğu xəsarətlərdən avqustun 26-da xəstəxanada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ: Avqustun 27-dən 30-nadək...

Avqustun 27-30-da bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.  Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Naxçıvan, Mingəçevir, Samux, Şəmkir, Daşkəsən, Göygöl, Sabirabad, Şirvan, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.  Həkim tap Ordubad, Culfa, Goranboy, Naftalan, Gəncə rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. 

Paytaxtın bu ərazisində 400 -ə yaxın bina TƏHLÜKƏDƏDİR – Ekspert həyəcan TƏBİLİ ÇALDI

“Paytaxtın birinci mikrarayon ərazisindəki 400-ə yaxın bina təhlükədədir”. Sozcu.az xəbər verir ki,bunu referans.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. Həyacan təbili çalan ekspert sözlərinə belə davam edib: “Nazirlər Kabinetinin 2017 – ci il aprel ayında qəbul etdiyi 84 saylı qərarı var. Bu birinci mikrarayonun yarımqəzalı hesab edilməsi, yənilənməsi ilə bağlı pilot layihədir. Gələcəkdə bu pilot layihə kimi digər mikrarayonlarda olan beşmərtəbəli binaların sökülməsində istifadə ediləcək. Birinci mikrarayonun qəzalı və yarımqəzalı evlərində yaşayan əhalisi Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Uzun çəkən yoxlamalardan sonra nazirlik rəy verdi ki, sözügedən ərazidə olan binalar yarımqəzalıdır. Binaların altına xeyli qurunt və kanalizasiya suları axmışdı. Həmin ərazidə FHN 40-a yaxın binanı istismar müddəti bitmiş hesab edib və qismən qəzalı olması barədə rəy verib. Yəni Fövqəladə Hallar Nazirliyi öz işini bitirib işi verib Nazirlər Kabinetinə. Nazirlər Kabineti də 84 saylı qərarla sərəncam verib ki, birinci mikrarayonun həmin ərazisindəki bunalar sökülüb yenidən tikilsin. Fövqəladə Hallar Nazirliyi bu sərəncamı hələ 2017- ci ildə icra etməliydilər. Üzərindən 7 il vaxt keçib, qərar qüvvədədir, amma hələ də iş görülmür”. Ekspert deyir ki, yarımqəzalı hesab edilən binaların sökülməsi ilə bağlı iki qurum arasında ziddiyyət var: “Səbəb budur ki, FHN həmin ərazidəki binaları tikinti şirkətləri üçün elan etməliydi, həmin şirkətlər pilot layihə olaraq söküntü işləri aparıb, yenidən inşa etməliydilər. Şirkətlər bununçün investisiya yatırmalı idilər və birinci mikrarayon belə ardıcıllıqla tam yenilənməli idi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qoyduğu normativlər tikinti şirkətlərinə sərf eləmir. Bundan əziyyət çəkən isə orada yaşayan əhalidir. Ya Arxitektura Komitəsi normativi dəyişməlidir, ya da alternativ yol tapılmalıdır. Kim kimi gözləyir bəlli deyil”.

Bu universitetlərdə boş yer yoxdur! - SİYAHI

Birinci mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 44 ali təhsil müəssisəsinin 25-də plan yerləri 95%-dən çox, o cümlədən aşağıdakı 8 ali təhsil müəssisəsində 100 % dolub.  - Azərbaycan Tibb Universiteti - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - ADA Universiteti - Azərbaycan Dövlət Dəniz Akademiyası - Bakı Ali Neft Məktəbi - Dövlət Gömrük Komitəsinin Akademiyası - Azərbaycan İlahiyyat İnstitutu -Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası.

"Abadlığa baxmırlar, amma pul yığırlar": "JEK"lərlə bağlı şikayətə 150 faizlik CƏRİMƏ cavabı

Son günlər el arasında "JEK" kimi tanıdığımız Mənzil-Kommunal İstismar Sahələri (MKİS) ilə bağlı şikayətlər artıb. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı strukturunda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti fəaliyyət göstərir. Mənzil Kommunal və Texniki Xidmət Sahələri adı altında paytaxtdakı bütün "JEK"lər sözügedən qurumun çətiri altında öz varlığını qoruyub-saxlayır. Bəzi vətəndaşlar qeyd edirlər ki, kanalizasiya və suyun ödənişini "Azərsu"ya etdikləri halda, "JEK"lər də pul yığmağa çalışırlar. Onlar iddia edirlər ki, MKİS-lərin işçiləri qapılara elan vurur, ödəniş edilmədiyi təqdirdə faiz gələcəyi ilə bağlı xəbərdarlıq edirlər. Vətəndaşların sözlərinə görə, binalarda abadlıq yoxdur, təmizlik bərbad vəziyyətdədir, amma bu məsələnin həlli ilə bağlı "JEK"lər addım atmırlar. Sözügedən iddialardan ortaya bir neçə sual çıxır: MKİS-in pul yığmaq kimi səlahiyyəti qalıbmı? Mənzil-Kommunal İstismar Sahələri binaların abadlıq məsələsinə cavabdehdirmi? Həmçinin, 2024-cü ildən etibarən Mənzil Kommunal İstismar Sahələrinin (MKİS) ləğv ediləcəyi haqqında məlumatlar yayılmışdı. Onların funksiyalarının bələdiyyələrə veriləcəyi deyilirdi. Bu söhbətin reallıq payı nə yerdədir, qarşıda belə addım atıla bilərmi? Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı suallarını aidiyyəti quruma ünvanlayıb. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən (MKTD) sorğumuza cavab olaraq bildirilib ki, mənzil-kommunal təsərrüfatı və mənzil istismarı təşkilatları qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş "Mənzil-istismar təşkilatlarının Nümunəvi Əsasnaməsi"nə, "Yaşayış sahələrindən istifadə edilməsi, yaşayış evinin və evətrafı ərazinin saxlanılması Qaydaları"na və digər normativ sənədlərə əsasən fəaliyyət göstərirlər: "Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə uyğun olaraq, yerli icra hakimiyyəti orqanının tabeliyində olan hüquqi şəxslərin müvafiq rayonun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil-istismar sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri) müvafiq şəhər (rayon) icra hakimiyyətinə tabe olmaqla onların idarə olunmasının təşkili yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil-kommunal təsərrüfatı qurumları (mənzil-kommunal təsərrüfatı birlikləri, onların tabeliyindəki mənzil-kommunal istismar sahələri) tərəfindən dövlət mənzil fonduna aid yaşayış binalarının istismarı, saxlanılması və idarə edilməsi ilə bağlı mənzil xidməti, həmçinin yaşayış sahələri ərazisinin sanitar-gigiyenik normalara uyğun təmizlənməsi, abadlaşdırılması, məişət tullantılarının, küçə tullantılarının, süpürüntülərinin və digər məişət tullantılarının yığılması, müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi üçün təhvil verilməsi ilə bağlı kommunal xidmət göstərilir". Qurumdan əlavə edilib ki, mənzil-kommunal təsərrüfatı qurumlarının balansında olan dövlət mənzil fondu üzrə 11 000 ədəd çoxmənzilli yaşayış binası mövcuddur: "Mənzil-kommunal təsərrüfatı qurumları tərəfindən ümumi sahəsi 16 milyon kvadratmetr olan dövlət mənzil fonduna aid yaşayış binalarına xidmət göstərilməklə yanaşı, həyətyanı sahələr də daxil olmaqla 65 milyon kv.m ərazinin sanitar-gigiyenik normalara uyğun təmizliyinin təmin edilməsi məqsədilə müntəzəm süpürülməsi, məişət tullantılarının yığılması və daşınması işləri həyata keçirilir. Həmin təşkilatlarda çalışan 11 mindən çox işçinin doqquz min nəfəri yalnız ərazilərin sanitar təmizliyinin təmin edilməsi, yeni yaşayış sahələri üzrə ərazilərin süpürülməsi, məişət tullantılarının yığılması və daşınması işlərini yerinə yetirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq, çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə inzibati məsuliyyət müəyyən edilərək ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə növündə inzibati məsuliyyət nəzərdə tutulub". Əlavə olunub ki, mənzilhaqqının ləğv edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bu məlumatların heç bir hüquqi əsası yoxdur".

"Mersedes" hasara çırpıldı: ölən var

Masallıda avtomobil hasara çırpılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Rəşid Məmmədov "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək hasara çırpılıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Yeni tarifdən imtina edənlər 130 azn cərimələnir?

"Bəzi bölgələrdə yüksək internet tarifləri ucbatından internet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgilədiyi bildirilir". Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. “Aztelekom” tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə, ondan 130 manat cərimə tələb olunur. Həmçinin, vətəndaşlara aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlərin də tezliklə qiymətləri qaldıracağı bildirilir. Normalda isə modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır. Xatırladıram ki, “Aztelekom” son 2-3 ildə bölgələrdə yeni GPON infrastrukturu qurduqdan sonra “Huavey” şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim edərək minimum tarif 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti müqaviləsi bağlayıb. 15 avqust tarixindən başlayaraq isə bu, 25 manata (100Mbit/s) qaldırıb. Bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla "şərikli internet" seçimi etmələri haqqında sosial mediada məlumatlar yayılıb. turbo az mercedes Yeri gəlmişkən, Antiinhisar Dövlət Xidməti “Aztelekom” təbii inhisar subyektinin minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb”, - deyə ekspert bildirib.

Bakıda tozlu hava: nə vaxta kimi davam edəcək?

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barəəd Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib. O bildirib ki, havada tozun miqdarı normadan 1.2- 1.3 dəfə artıqdır: “Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.

Quru sərhədlər noyabrda açılacaq? - AÇIQLAMA

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il 11-22 noyabrda Azərbaycanda keçiriləcək. Tədbirdə müxtəlif ölkələrdən 80 minə yaxın qonağın iştirakı gözlənilir. Bəs COP29 ərəfəsində quru sərhədlərin açılması gözlənilirmi? Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov belə bir dəyişikliyin olmayacağını düşünür. aptek depo “Qarşıdan COP29 tədbiri gəlir. Bu, Azərbaycan tarixində ən böyük tədbirlərdən biridir. Bununla bağlı ciddi hazırlıqlar gedir. İndiyə qədər sərhədlər bağlı qalıbsa, həmin ərəfədə açılması düşünürəm ki, əlavə yüklənmə yarada bilər. Turizmdə nəzarət, təhlükəsizlik məsələləri çox önəmlidir. Ona görə də COP29-a qədər quru sərhədlərin açılmasını gözləmirəm”, - ekspert qeyd edib. C.Aşurov bildirib ki, sərhədlərin uzun müddət bağlı qalmasının turizmə mənfi təsirləri var: “Çünki quru yolla ölkəyə gəlmək olmur, hava yolu ilə səfər isə daha baha başa gəlir. Bu da ümumilikdə gələn və gedənlərin sayına təsir göstərir. Amma hər bir ölkədə turizmin və digər sahələrin inkişafı üçün ilk növbədə təhlükəsizlik məsələləri prioritet məsələdir. Quru sərhədlərin bağlı saxlanması vəziyyətin sabit qalmasına xidmət edir. Onun əvəzinə hava yollarının intensivliyi, uçuşların coğrafiyası genişləndirilsə, ölkəyə gəliş-gedişi müəyyən qədər artırmaq olar”.