“Regionlarda yaşayan sakinlərə müavinət verilməli və onlar vergilərdən azad etməlidirlər”.
Bu sözləri "Yeni Sabah"a hüquqşünas Əkrəm Həsənov deyib.
O, deputat Zahid Orucun bu gün Milli Məclisdə səsləndirdiyi təkliflərə, o cümlədən bəzi bölgələr üçün elektrik enerjisi və qaza tariflərin 3 dəfə azaldılması münasibət bildirib.
Ə. Həsənov qeyd edib ki, təklifin reallaşdırılmsında hüquqi və iqtisadi baxımdan ciddi problem görmür:
"Amma dəyişikliyi Tarif Şurasının qərarı ilə etmək olar. Texniki cəhətdən problem yoxdur, problem mümkün oğurluq və korrupsiyadir. Hər şeydən pul çıxarmağı bacarırıq axı. İşığı, qazı, suyu məhz lazımlı bölgəyə yox, digər bölgələrə verəcəklər ki, “podkat” alsınlar. Heç kim bu hallara görə bölgələrə gedib məsələni araşdıran deyil”.
Ekspert əlavə edib ki, kommunal xidmət göstərən qurumlar – “Azərişıq”, “Azəriqaz”, “Azərsu” – dövlətə məxsus olsa da, kommersiya təşkilatlarıdır:
“Bu təşkilatların əsas məqsədi qazanc əldə etməkdir. Ən azı öz xərclərini gəlirləri ilə bağlamaq üçün. Fikrimcə, bu təşkilatlar mənfəətlə işləməlidirlər ki, dövlətə yük olmasın”.
Onun sözlərinə görə, əgər bu sistem qurularsa, regionlara da kommunal xidmətlərin maya dəyərindən aşağı qiymətlə çatdırılması mümkün olar.
Əkrəm Həsənov qeyd edib ki, regionlarda yaşayan vətəndaşlara güzəştlər verilməli, lakin bu, daha şəffaf və konkret mexanizmlərlə həyata keçirilməlidir:
“Regionlarda yaşayan sakinlərə, əlbəttə, güzəştlər olunmalıdır, lakin başqa formada. Yəni vergidə və ya dövlət həmin bölgələrdə yaşayanlara müəyyən miqdarda müavinət versə, bu məsələ daha aydın və şəffaf olacaq”.
Xatırladaq ki, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında sərhədyanı kəndlərə "Böyük qayıdış"ı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmağı təklif edib. Onun sözlərinə görə, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var:
"Hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər - mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik".
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, qurum limitlərin yenilənməsinə baxan səlahiyyətli qurum deyil. "Azərişığ"ın mətbuat katibi Vaqif Aydınoğlunun köməkçisi Pərvanə Kazımzadə də oxşar cavab verib.