Tramp bu tarixdə məhkəməyə çıxarılır

ABŞ-ın sabiq prezidenti Donald Trampın maliyyə fırıldaqçılığı iddiaları ilə bağlı Nyu-Yorkda məhkəmə qarşısına çıxması aprelin 4-nə təyin edilib. Sozcu.az-ın məlumatına görə, bu barədə CNN məlumat yayıb. D.Trampın Nyu Yorka aprelin 3-də gələcəyi gözlənilir. O, məhkəməyə gələndə onu məxfi xidmətin əməkdaşları müşayiət edəcək.axar

Nazir oğlunun yaxın dostunun rəis olduğu qurum da FHN-dən ALINIR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi yaxın vaxtlarda ləğv ediləcək.  Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sözügedən qurumun FHN-nin tabeçiliyindən çıxarılması ilə bağlı sənədləşmə işləri aparılır. Eyni işi həyata keçirən digər müvafiq dövlət qurumları da bu Agentliyin tərkibinə birləşdiriləcək və Nazirlər Kabinetinin mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərəcək.  Qeyd edək ki, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayevdir. Vüsal Ağayev nazir Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərovun yaxın dostudur.  Agentliyin əsas işi öz səlahiyyətləri daxilində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik üzrə vahid dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, səlahiyyətlərinə aid edilən texniki təhlükəsizlik məsələləri üzrə dövlət nəzarəti flınksiyalarım həyata keçirməklə nazirliyin digər struktur bölmələri, müvafıq dövlət orqanları ilə birlikdə fövqəladə halların qarşısının alınmasmın təşkilində iştirak edən icra hakimiyyəti orqanıdır. Xatırladaq ki, dünən Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi ləğv edilərək, yerində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

Rusiya 6 RLS itirib - Britaniya kəşfiyyatı

Rusiya kəşfiyyat və atəşə nəzarət üçün istifadə olunan ən azı 6 radar sistemini (RLS) itirib.  Sozcu.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının bugünkü hesabatında qeyd olunub. Məlumata görə, martın 23-də Ukrayna hərbçiləri Donetsk vilayətində Rusiyanın anti-batareya radarının məhv edilməsinin görüntülərini yayıb. Hesabatda vurğulanıb ki, hər iki tərəfdə belə sistemlərin sayı nisbətən azdır, lakin radarlar düşmən artilleriyasını tez aşkar etməyə və vurmağa imkan verir. Bununla belə, onların aktiv elektromaqnit detalları olduğundan asan aşkar edilir və zərərsizləşdirilir. Bildirilib ki, anti-batareya radar donanmasının yenidən qurulması çox güman ki, hər iki tərəf üçün əsas prioritetdir, lakin Rusiya radar üçün lazım olan yüksək texnoloji elektronikanın tədarükü sanksiyalarla dayandırıldığı üçün bu işə daha çox səy göstərməli ola bilər. 

ABŞ SEPAH-la əlaqəli 8 döyüşçünü məhv etdi

ABŞ-ın Suriyaya son zərbələrində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli 8 döyüşçü öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Patrik Rayder deyib. “Hesablamara görə, SEPAH-ın “Əl-Qüds” qüvvələrinin iki obyektinə endirdiyimiz zərbələr zamanı 8 döyüşçü öldürülüb. Öldürülən döyüşçülərin SEPAH-la sıx əlaqələrinə baxmayaraq, onlar İran vətəndaşları olmayıblar”, - deyə Rayder bildirib.

Ukraynalılar Zelenskidən ölkədə nüvə silahlarının yerləşdirilməsini tələb etdilər

Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında ölkədə ABŞ-nin nüvə silahlarının yerləşdirilməsi tələbi ilə petisiya dərc olunub. Müvafiq petisiya dövlət başçısının saytında yerləşdirilib. “ABŞ-nin nüvə silahını Ukrayna ərazisinə yerləşdirin və ya Ukraynanı öz nüvə silahına malik dövlətə çevirin”, - deyə təşəbbüs müəllifi təklif edib. Hazırda petisiyanı 100 nəfər dəstəkləyib. Zelenskinin bunu rəsmi şəkildə nəzərdən keçirməsi üçün petisiya üç ay ərzində 25 min səs toplamalıdır. Mənbə: Ura.ru

Ermənistan və Azərbaycanın yeni mövqeləri arasında 15 metr məsafə var - Erməni nəşri

Azərbaycan tərəfi ötən gecədən etibarən əlverişli mövqelər tutaraq mühəndislik işlərinə başlayıb. Sozcu.az bu barədə “Hetq.am”a istinadən xəbər verir. Nəşr qeyd edib ki, yeni mövqelər Tex-Stepanakert yolundakı keçmiş Ermənistan keçid məntəqəsinin yaxınlığında yerləşir. “Biz yolun bir tərəfindəyik, azərbaycanlılar digər tərəfində, hər iki istiqamətə texnika gətirilib, mövqelərin təchiz olunması istiqamətində işlər aparılır, mövqelər bir-birindən 10-15 metr aralıdadır”, – mənbə bildirib.konkret

Rusiyada qaz kəmərində güclü partlayış baş verdi

Rusiyanın Sverdlovsk vilayətinin Pelım şəhərində qaz kəmərində partlayış, ardınca isə yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Hadisə nəticəsində ölən olmayıb. Partlayışın səbəbi açıqlanmır.

"Vaqner" Baxmutdan geri çəkildi" - Kəşfiyyat

Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında uğurlu əməliyyat keçirib. Bu barədə Böyük Britaniya kəşfiyyatının yaydığı məlumatda bildirilib. Məlumata görə, Ukrayna hərbçiləri rusları Baxmutun təchizat xətlərinin birindən geri itələyiblər. Buna baxmayaraq, son həftələrlə müqayisədə rus qoşunlarının hücumlarının sayı azalsa da, şəhər uğrunda döyüşlər davam edir. “Ukrayna Silahlı Qüvvələrinin əsas nailiyyətlərindən biri “Vaqner” qrupunun rus döyüşçülərinin 0506 saylı marşrutdan geri çəkilməsi əməliyyatı olub. Bu ikinci dərəcəli kənd yolu ukraynalı müdafiəçilər üçün mühüm təchizat xətti olub. “Vaqner qrupu əvvəllər marşrutun bir neçə yüz metrliyində idi”, – məlumatda deyilib. Qeyd edək ki, bu gün Ukrayna Baş Qərargahı Rusiya ordusunun Baxmut istiqamətində qismən uğur əldə etdiyi barədə məlumat yayıb.

"Rusiya 220 min hərbçi itirib" - Britaniyalı nazir

“ABŞ Rusiya ordusunun Ukraynada 220,000 hərbi qulluqçu itirdiyini düşünür”. Bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. Nazir ABŞ tərəfinin təqdim etdiyi bu rəqəmə həm ölən, həm də yaralı hərbçilərin daxil olduğunu deyib. O, bu barədə İsveç müdafiə naziri Paul Conson ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb. Görüşün əsas hissəsi İsveç və Finlandiyanın NATO-ya daxil olmasına həsr olunub.

"Millət vəkilinin silah gəzdirməsinə ehtiyac görmürəm" - Vahid Əhmədov

“Millət vəkilinin silah gəzdirməsinə o qədər də ehtiyac görmürəm. Birincisi, insanı Allah qoruyanda qoruyur. Fazil Mustafa mənim dostumdur, yaxındır. Ona Allahdan şəfa diləyirəm, tez bir zamanda sağalsın, problemi olmasın, gəlib yenə bizə qoşulsun. Birlikdə Azərbaycanın müstəqilliyi, daha da inkişafı üçün əlimizdən gələni edək. Bu gün də onunla telefonda danışmışam. Biz silah gəzdirib, güllə atan deyilik ki… Yadıma gəlir, vaxtilə bir dəfə bizə silah vermişdilər. Axı təkcə bir millət vəkilindən yox, Azərbaycan əhalisindən söhbət gedir. Biz elə etməliyik ki, dövlətin təhlükəsizliyini təmin edək. Əsas məsələ budur. Belə təhdidlər var və ola bilər. Çünki bir neçə ayın hadisələri göz qabağındadır – İranda səfirliyimizə qarşı törədilən təxribat, Bakıda hipermarketdəki hadisə – Nizami küçəsində terrorçunun mənzildə tutulması… İndi də Fazil Mustafa ilə bağlı baş verən hadisə. Bütün bunlar onu göstərir ki, Azərbaycandakı sabitliyi, sakitliyi pozmaq istəyən qüvvələr var. Bu qüvvələr müəyyən yollarla çalışırlar ki, Azərbaycandakı sabitlik, inkişaf pozulsun, əhali narahat olsun. Əsas məsələ budur…” Sozcu.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputat Fazil Mustafaya qarşı edilən sui-qəsdin mahiyyətini belə şərh edib: “Fikir verin, hansı vaxta təsadüf edib? Azərbaycan İsraildə səfirlik açır. Xarici işlər nazirimiz, millət vəkillərimiz də səfirliyin açılışında iştirak edirlər. Martın 28-də ən çox güvəndiyimiz Dövlət Təhlükəsizlik Xidmətinin peşə bayramı idi. Onlar bu işdə çox fədakardırlar, gecə-gündüz çalışırlar ki, Azərbaycanın təhlükəsizliyini təmin etsinlər. Yəni Fazil Mustafanı güllələmək üçün elə bir vaxt seçiblər ki… Fazil Mustafa kifayət qədər tanınmış ictimai-siyasi xadimdir. Öz çıxışları ilə müəyyən dini məsələlərə toxunur.  Bu da bəzi dövlətlərin xoşuna gəlmir. Öz fikrini açıq bildirir, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan bir insandır. Ona görə də elə adam seçiblər ki, tanınmış olsun və Azərbaycan əhalisini də bununla qorxutsunlar. Bu, mümkün olan şey deyil. Fazil Mustafa tək deyil, hamımız Fazil Mustafa ola bilərik, heç bir problem yoxdur. Azərbaycanın müstəqilliyi uğrunda ölməyə həmişə hazırıq. Amma Azərbaycanı təhdid edən, inkişafını gözü götürməyən, Türkiyə-Azərbaycan münasibətlərini qəbul etməyən dövlətlər bu hadisələrin arxasından çəkilməlidirlər. Başa düşməlidirlər ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, çox böyük səhv edirlər. Hadisəni törədənlər onsuz da tapılacaqlar. DTX və digər hüquq-mühafizə orqanları ciddi iş aparıb, onları tapacaq, həbs edəcəklər. Bilinəcək ki, kimlərdir. Azərbaycanla kim dost olmaq istəyirsə, qapılarımız açıqdır. Amma düşmənə qarşı bundan sonra mülayim olan deyilik. Bunu da baş düşməlidirlər. Azərbaycanın dövlət başçısı açıq siyasət aparır, qonşularla sıx əlaqələr qurmaq istəyir, iqtisadi, siyasi, ticarət, humanitar əlaqələrin hamısını yüksək səviyyədə həyata keçiririk. Bəs nəyə görə bizdə belə hadisələr baş verməlidir? Niyə? Tolerant dövlətik, bununla bağlı Azərbaycanda heç bir problem yoxdur. Sadəcə, Azərbaycanın inkişafını, dövlət başçısının həyata keçirdiyi siyasəti gözləri götürmür, çoxları qəbul etmir. İstəyirlər ki, yenə kiminsə qoltuğunda olaq, amma bu, mümkün deyil. Artıq Azərbaycan 31 ildir, müstəqil dövlətdir. Anlamalıdırlar. Onsuz da Azərbaycan stabil dövlətdir, bununla da bağlı problem yoxdur. Xırda məsələlər hamısı həllini tapacaq. Kim belə hadisələrə imkan versə, cəzasını mütləq alacaq. DTX-nin bu sahədə kifayət qədər təcrübəli əməkdaşları, əməliyyat müvəkilləri var”. V.Əhmədov Fazil Mustafanın güllələnməsinin arxasında İran amilinin olduğunu düşənənlərə isə belə münasibət bildirib: “Mən də İran amilini nəzərdə tuturam. Açıq deyim, İran və Rusiya faktiki bir siyasət aparırlar. Bu, Rusiya da ola bilər. Azərbaycanda kifayət qədər Rusiyanın “beşinci kolon”unun adamları var. Amma Fazil Mustafa dinlə bağlı adamdır, dinlə əlaqəsi böyükdür. Bu sahəyə çox böyük diqqət yetirir, tənqidi fikirlərini söyləyirdi. Din məsələsində isə qonşulardan əsas diqqət çəkən İrandır. İnanıram ki, dövlət başçısı, hüquq-mühafizə orqanları Azərbaycandakı problemi həll edəcək, elə bir ciddi problem olmayacaq. Bütün insanlarımızın təhlükəsizliyini təmin etməliyik. Yenə deyirəm, 120 nəfərik, bilirəm ki, hamımız istənilən vaxt Azərbaycanın müstəqilliyi üçün ölümə getməyə hazırıq. Bunda heç bir problem yoxdur”.

Belarusdan gətirilən 20 tonluq kartof yararsız çıxdı

Belarusdan Azərbaycana gətirilən kartofda zərərvericilər aşkarlanıb. Bu barədə Sozcu.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Belarus Respublikasından Famura RS MMC-nin idxal etdiyi “Maşpışenrod” şirkətinə məxsus 21 ton, Turas MM MMC-nin idxal etdiyi “Konençenko E Q” şirkətinə məxsus 21 ton və “Vasilenok” şirkətinə məxsus 20,388 ton ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində hər 3 partiya məhsulda karantin tətbiq edilən zərərvericilər − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) və kartof gövdə nematodu (Ditylenchus destructor Thor.) aşkar edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.

İsraildə səfirliyimizin açılması... - Bayramov

Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərar ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, son 30 ildə ölkələr arasında müxtəlif sahələrdə əlaqələr inkişaf edib: “Azərbaycan və İsrail xüsusilə də təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində fəal əməkdaşlıq edir”. C.Bayramov eyni zamanda qeyd edib ki, ikitərəfli əlaqələrin möhkəmlənməsində Azərbaycanda yaşayan yəhudi icmasının və İsrailin azərbaycanlı icması mühüm rola malikdir: “Bundan başqa, Azərbaycan və İsrail rəsmiləri arasında müntəzəm görüşlər də əməkdaşlığın inkişafına töhfə verir”. Qeyd edək ki, bu gün İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycanın səfirliyi açılacaq. Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, bir sıra azərbaycanlı deputatlar, həmçinin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iştirak edəcəklər.