DTX-dən terror aktı ilə bağlı məlumat...

Mustafa Fazil Qəzənfər oğluna qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatında deyilir. Bildirilib ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Fazil Mustafanın qardaşı oğlundan açıqlama

Axşam saatlarında evinin qarşısında güllələnən deputat Fazil Mustafa əməliyyatdan çıxıb. Bu barədə onun qardaşı oğlu Toğrul Mustafayev məlumat verib. O bildirib ki, əməliyyat bitib və əmisinin vəziyyəti stabildir: “Çox şükür əməliyyatdan çıxdı. Hər şey yaxşıdır. Hələ ki Kliniki Tibbi Mərkəzdə müalicəsini davam etdirir. Hər hansı özəl xəstəxanaya köçürülməsini planlaşdırmırıq”./Oxu.az

Fazil Mustafanın son durumu

Evinin önündə güllələnən millət vəkili Fazil Mustafa hazırda təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılır. Sozcu.az xəbər verir ki, onun həyati əhəmiyyət kəsb edən orqanlarının ciddi zədələnmədiyi qeyd edilir. Xatırladaq ki, Fazil Mustafa bir neçə dəqiqə öncə Zabrat qəsəbəsində yerləşən evinin önündə güllələnib. Avtomat silahdan açılan çoxsaylı atəş zamanı millət vəkili yalnız çiyin və ayaq nahiyəsindən güllə yarası alıb. DİN cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarını davam etdirir.

DİN-dən Fazil Mustafanın güllələnməsi ilə bağlı açıqlama

Millət vəkili Fazil Mustafanın evinin qarşısında güllələnməsi ilə bağlı DİN-dən açıqlama verilib. Sozcu.az xəbər verir ki, DİN Mətbuat xidmətindən hazırda əməliyyat-istintaq qrupunun hadisə yerində olduğu, hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışlarının davam etdiyi bildirilib.

Zelenski Polşaya gedir

Ukrayna Prezidenti Vladimir Zelenski yaxın günlərdə Polşaya səfər edəcək. Sozcu.az xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin Pavel Yablonski deyib. “Fikrimcə, bu, yaxın vaxtlarda baş verəcək, amma zamanı qabaqlamayaq. Təhlükəsizlik səbəbindən Zelenskinin səfərini əvvəlcədən anons etməyəcəyik”, - Yablonski bildirib.

Bakıda yaşayış binasında yanğın: ölən var

Bakıda yaşayış binasında yanğın olub, ölən var. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 78 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd kreslo qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Laçında sərhəd-keçid məntəqəsi: Azərbaycanlılar erməniləri necə yoxlayacaq?

Mart ayının əvvəlindən Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsinə intensiv olaraq silah-sursat daşınıb. Rəsmi Bakı bunun qarşısını almaq üçün Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasının vacibliyinə təkid edir.  Əgər Azərbaycanın bu qanuni tələbi həyata keçərsə, onun işləmə mexanizmi necə olacaq? Ermənistanla hüdudda sərhəd-keçid və gömrük məntəqəsinin əməkdaşları Ermənistan vətəndaşlarını Azərbyacan ərazisinə buraxacaqmı? Axı formal olaraq bu ölkə ilə vizalı və ya vizasız gediş-gəlişin icazə verilməsinə dair heç bir sənəd yoxdur. Üstəlik, hazırda koronovirus pandemiyası ilə bağlı 3 ildən çoxdur ki, ölkənin quru sərhədləri bağlıdır. Bəs Qarabağın Azərbaycan vətəndaşı sayılan erməni sakinləri Ermənistana necə gedib-gəlməlidir? Həm də Azərbaycan pasportuna malik olmadıqları halda... Yenisabah.az-ın suallarını cavablayan politoloq Oqtay Qasımov deyib ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması mexanizmi kifayət qədər araşdırma tələb edir və burada bir sıra spesifik məsələlər nəzərə alınmalıdır. O aydınlaşdırıb ki, beynəlxalq qaydalara görə, dövlətlərin sərhədlərində sərhəd-keçid məntəqələri qurulanda orada ölkənin sərhədçiləri və gömrükçüləri ölkə ərazisinə daxil olan bütün şəxs və yükləri istisnasız olaraq yoxlayır, eləcə də terrorçu, yaxud "qara siyahı"da olmayan şəxslərdən başqa hər kəs ölkəyə buraxılır: “Laçına dair məsələ isə bir az fərqlidir. Əlbəttə, orada əlavə tədbirlər görülə və bəzi istisnalar ola bilər. Amma böyük ölçüdə beynəlxalq qaydalar tətbiq olunmalıdır. Eyni zamanda, bu, ermənilərin öz ərazisində quracağı sərhəd-keçid məntəqəsindəki şərtlərə uyğunlaşdırılmalıdır”. Siyasi təhlilçi onu da xatırladıb ki, 10 noyabr anlaşmasında qeyd olunan Laçın və Zəngəzur kommunikasiya xətlərində eyni standartların tətbiqi nəzərdə tutulub: "Prezident İlham Əliyev 2021-ci il dekabrın 14-də Brüsseldəki üçtərəfli görüşdən öncə bu haqda belə bir bəyanat vermişdi: Zəngəzurda hansı status veriləcəksə, Laçında da həmin qaydalar tətbiq olunacaq və eyni status həyata keçiriləcək. 2020-ci ilin 10 noyabr bəyanatında nəzərdə tutulan məsələ Laçın yolundan humanitar məqsədlərlə istifadə edilməsi, eləcə də Qarabağda yaşayan erməni vətəndaşlarımızın Ermənistana gediş-gəlişinin rahat şəkildə həyata keçirilməsi ilə bağlı idi. Sərhəd-keçid məntəqəsi həmin bəyanatda qeyd olunmasa da, hazırkı şərtlər artıq bunu diktə etməkdədir. Bunun üçün əlavə müzakirələrə də ehtiyac qalacaq. Əlbəttə, birmənalı şəkildə silah-sursat, digər hərbi ləvazimatlar, o cümlədən terrorçulara xüsusi qaydalar tətbiq olunmalı və onlar filtrdən keçməlidir və şübhəsiz ki ölkəyə buraxılmayacaqlar. Habelə Azərbaycana düşmən mövqedə olmayan hansısa erməni ictimai-siyasi xadim, mətbuat nümayəndəsi və s. Azərbaycan ərazisinə daxil ola bilər.  Hazırda koronovirus pandemiyasına görə quru sərhədlər bağlı olduğundan Laçın yolundakı sərhəd-keçid məntəqəsinin işləmə mexanizmi fərqli şəkildə tənzimlənməlidir. Düşünürəm ki, Azərbaycan müəyyən istisnalar tətbiq edə, eləcə də ilkin dövrdə gərginlik olmasın və inteqrasiya prosesi fasiləsiz davam etsin deyə, orada müəyyən istisnalar nəzərdə tuta bilər”.

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 171 730 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 602 tank, 6 966 zirehli maşın, 2 653 artilleriya sistemi, 525 reaktiv yaylım atəşi sistemi, 277 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 291 helikopter, 2 235 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 502 avtomobil texnikası və avtosistern, 287 xüsusi texnikadan ibarətdir.

Ötən il Azərbaycanda 2877 şəxs vərəmə yoluxub

2022-ci ildə Azərbaycanda 2877 xəstə ömründə ilk dəfə olaraq vərəm xəstəliyinə yoluxub. Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib. O bildirib ki, xəstələnmə göstəricisi - 100 000 respublika əhalisinə - 28,4 təşkil edib. Təkrar (residiv, uğursuz müalicədən sonra, müalicəsini dayandırılması ilə əlaqədar, nəzarətdən yayılan və digər xəstələr) - 2292-dir: "Yalnız residivi olan bu rəqəmdən (yəni, sağalandan sonra vərəm ilə yenidən yoluxan xəstə) - 1112 təşkil edib. Cəmi 2022-ci ildə 5169 xəstə rəsmi qeydiyyatdadır. Vərəm Mikobateriyasının həssaslığı qorunmuş xəstələrin sayı - 1301 ilkin xəstələr arasında, 1494- təkrar xəstələr arasındadır. Bu rəqəmlər Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə müəyyənləşdirilib".

“Qarabağdan qovulmalıdır“ - Vardanyandan sərsəm çağırış

Bir müddət əvvəl Qarabağ separatçılarının “dövlət naziri” vəzifəsindən qovulan Ruben Vardanyan yenidən sərsəm çıxışları ilə gündəmə gəlib. Sozcu.az xəbər verir ki, sosial şəbəkə hesabında Qarabağ ermənilərinin Azərbaycana inteqrasiya olunmasına qarşı çıxışlar səsləndirən rusiyalı emissar bu dəfə də analoji fikirlərini təkrarlayıb. Vardanyan videomüraciətində vurğulayıb ki, Bakı ilə inteqrasiya tərəfdarı olan hər kəs Qarabağdan qovulmalıdır. Onun sözlərinə görə, Araik Arutyunyan və komandası Qarabağın “müstəqilliyini” heç zaman müzakirə mövzusu etməməli və Qarabağdakı separatçı rejim əsla Azərbaycanın tərkibinə daxil olmamalıdır.

Biləsuvarda su üstündə dava: Ata və oğlu döyüldü

Biləsuvarda su üstündə dava düşüb.  Sozcu.az xəbər verir ki, hadisə rayonun Çərçili deyilən ərazisində qeydə alınıb.  Biləsuvar rayonun Günəşli kənd sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Gözəlov və oğlu 1987-ci il təvəllüdlü Hikmət Gözəlov tanışları şəxslər tərəfindən döyülüblər. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar. İlkin məlumata görə, hadisə su üstündə yaranan mübahisə zamanı baş verib. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-dan bildirilib ki, Biləsuvar rayon Günəşli kənd sakinləri Fikrət Gözəlov və oğlu Hikmət polisə müraciət edərək aralarında yaranmış mübahisə zamanı həmkəndliləri Z.Mirzəyev və V. Mirzəyev tərəfindən döyüldüklərini bildiriblər.  Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.  Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. 

İsraildə etirazlar genişləndi - Canlı

İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olan müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarından sonra ölkədə etirazlar başlayıb. Sozcu.az xəbər verir ki, etirazçılar Təl-Əvivdə hökumət binalarına gedərək nəqliyyatın hərəkətini kəsiblər.