Krımda silah-sursat anbarı vuruldu...-Əhali təxliyyə edildi...

İşğal altında olan Krımda iyulun 24-də səhər saatlarında Krasnoqvardeyski və Cankoyski rayonlarında partlayış səsləri eşidilib.

Sozcu.az  "TSN"-ə istinadla xəbər verir ki, bu barədə yerli teleqram-kanallar məlumat yayıb.

Məlumata görə, səhər saatlarında yarımadada Krasnoqvardeyskoye kəndi yaxınlığındakı hərbi aerodromda və Krasnoqvardeyski və Cankoy rayonlarında partlayış səsləri eşidilib. Cankoy rayonundakı silah-sursat anbarına zərbə endirilib.

Cankoy rayonunun Vesyoloye kəndi yaxınlığında da bir neçə partlayış səsi eşidilib, bundan sonra oradan səmaya tüstü sütunu qalxıb.

Yerli hakimiyyət Krım körpüsündə də nəqliyyatın hərəkətini kəsib, lakin hazırda onun bərpa olunduğu iddia edilir.

"Vesyoloe kəndi yaxınlığında partlayış səslərinin eşidildiyi yerdə operativ qərargah təşkil edilib",- Krımın qondarma “rəhbərinin” müşaviri Oleq Kryuçkov bildirib. Həmçinin bu ərazidə qatarların hərəkəti  müvəqqəti dayandırılıb, relslərə heç bir ziyan dəyməyib.

Krımın qanunsuz rəhbəri Sergey Aksyonov bildirib ki, təhlükəsizlik məqsədilə Cankoy rayonunda dəmir yolu və Cankoy-Simferopol avtomobil yolunda hərəkət dayandırılıb. Bundan əlavə, Cankoy rayonunda 5 km radiusda yerləşən yaxınlıqdakı kəndlərin əhalisinin “fövqəladə vəziyyət yerindən” müvəqqəti məskunlaşma mərkəzlərinə köçürülməsi barədə qərar qəbul edilib.

Share on Facebook