Dövlət Xidməti, icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində cinayət işi yekunlaşıb

Əmlak Məsələləri Dövlət Xidməti, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri və bələdiyyə sədrləri barəsində cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İstintaqla ƏMDX-nin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin sektor müdiri İldırım Məmmədovun həmin Xidmətin vəzifəli şəxsləri, yerli ərazi şöbələrinin müdirləri, bələdiyyə sədrləri və digər şəxslərlə qabaqcadan əlbir olaraq dövlət qurumunun müvafiq ərazi şöbələrinin yurisdiksiyasına daxil olan ərazilər üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair müsbət rəyin verilməsi məqsədi ilə 169 halda rüşvət almaları, vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, eləcə də bir sıra hallarda vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmələrinə (nüfuz alveri) əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı ümumilikdə 19 vəzifəli şəxs: - Dövlət Xidmətinin işçiləri İldırım Məmmədov, onun rəhbərlik etdiyi sektorun baş məsləhətçisi Əsəd Nəsibov; - Xidmətin Qazax, Beyləqan, Şəki, Ucar, Şirvan, Xaçmaz, Qəbələ, Cəlilabad, Bərdə, Lənkəran ərazi şöbələrinin müdirləri Ehtiram Eyvazov, Elsevər Paşayev, Mübariz Paşayev, Amil Aslanov, Nazim Səfərov, Aydın Cəfərov, Baği Məsimov, Mircəlal Xurşudzadə, Nicat Abbasov, Pərviz Ələkbərov; - Abşeron rayonunun Saray, Şəki rayonunun Qoxmuq, Qazax rayonunun Daş Salahlı, Salyan rayonunun Şorsulu və Sumqayıt bələdiyyələrinin sədrləri Məhi Həsənov, Etibar Eyvazov, Asif Yusifov, Famil Məmmədov, Sərviz Süleymanov; - Sumqayıt bələdiyyəsinin icra aparatının təşkilat şöbəsinin müdiri Şıxəli Abbasov; - Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Ruslan Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilərək barələrində həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan başqa, həmin qanunsuz əməllərinin törədilməsində iştirakda təsirləndirilən digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla hazırda ibtidai istintaqı davam etdirilir.

Quterreş BMT nümayəndələrinin ölümündə günahkar şəxsləri cəzalandırmağa çağırıb

BMT-nin Baş katibi Antoniu Quterreş Sudanda toqquşmalar zamanı tabeliyində olanların ölümünə görə məsuliyyət daşıyanların ordu və çevik reaksiya qüvvələri tərəfindən cəzalandırılmasını istəyib. Sozcu.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri tviterdə yazıb. “Dəhşət. Sudanda davam edən qarşıdurmalar mülki şəxslərin, o cümlədən işini yerinə yetirərkən həlak olan üç həmkarımızın ölümü və yaralanması ilə nəticələnib. Günahkar şəxslər dərhal məsuliyyətə cəlb olunmalıdırlar”, - o qeyd edib. Xatırladaq ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı Sudanda xüsusi təyinatlı qüvvələrlə ordu birləşmələri arasında toqquşmalar zamanı həlak olub.

Əsir hərbçilərimizdən xəbər var - SON DƏQİQƏ

Ermənistanın ombudsmanı Anait Manasyan həbsdə olan azərbaycanlı hərbçilərlə görüşüb. Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Azərbaycanlı hərbçilərdən birinə qolubağlı vəziyyətdə işgəncə verilməsi barədə kadrları sosial şəbəkələrdə yayan ermənilər indi də gülünc fikirlər yayıblar. İddia olunub ki, ombudsmanla görüşdə azərbaycanlı əsgərlər işgəncələrdən şikayət etməyiblər. Ombudsman onların saxlanma şəraiti, hüquqlarına riayət olunması ilə tanış olub. “İşgəncə və pis rəftar hüquqlarının müdafiəçisi ilə söhbətində həbs olunanların heç biri dövlət qurumları və məmurlar tərəfindən psixoloji təzyiqlər də daxil olmaqla, şikayətçi olmayıb. Onlar lazımi şəraitlə, xüsusilə qida, içki, gigiyena vasitələri ilə təmin olunurlar. Zəruri hallarda onlara tibbi yardım göstərilir, onlarla pulsuz ictimai müdafiəçi və tərcüməçi işləyir” - məlumatda bildirilir.

“Gələn həftə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı təxribat olacaq” - ŞOK XƏBƏRDARLIQ

Növbəti həftə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı zorakı aktlarla yadda qala bilər. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov öz twitter hesabında paylaşım edib. “Yerli polisin verdiyi məlumata görə, gələn həftə Avropa və ABŞ-da erməni diaspor fəalları Azərbaycanın diplomatik nümayəndəlikləri və səfirliklərə qarşı zorakılıq aktları ilə yadda qalacaq. Biz onları izləyirik” - Vaqif Sadıqov paylaşıb.(yenisabah)

İranda hökumət aksiyası: Azərbaycan təhdid olundu

Aprelin 15-də İranda hökumətin təşkil etdiyi "Qüds günü" aksiyaıarında Azərbaycan Respublikasına qarşı plakatlar qaldırılıb. Sozcu.az xəbər verir ki, bu barədə İran mediası və Azərbaycanda axtarışda olan İrana sığınmış şəxslərin sosial media kanallarında foto və videolar yayılıb. Azərbaycan prezidenti əleyhinə yazılan şüarlarla yanaşı "Qüdsə gedən yol Bakıdan keçir" məzmunlu plakatlar qaldırılıb. Bu, Xomeyni İranda hakimiyyətə gələndən sonra dediyi "Qüdsün yolu Kərbəladan keçir" şüarının yeni formasıdır. Xomeyni İsrailin məhv olması və Qüdsün alınması üçün ilk növbədə İraqın Kərbəla şəhərini almağın vacibliyini bildirirdi. Qeyd edək ki, İran hökumətinin təşkil etdiyi "Qüds günü" aksiyaları sönük keçib. Aksiyalara SEPAH və ona bağlı yarım hərbi “Bəsic” qüvvələri, onların ailə üzvəri və azyaşlı uşaqları cəlb olunub.

ANAMA-dan Xızıdakı partlayışla bağlı məlumat

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xızı rayonu ərazisində partlayış hadisəsi ilə bağlı məlumat yayıb. ANAMA-nın Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, partlayış hərbi sursata müdaxilə nəticəsində baş verib. Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər xəsarət alıb.

Paşinyan Azərbaycan bayrağını yandıran şəxslə bağlı göstəriş verdi

Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya Azərbaycan bayrağını yandırdığına görə stilistik studiyanın rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib. Bu barədə Aysor.am öz mənbələrinə istinadən məlumat yayıb. Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb. Gənclər və idman naziri Fərid Qayıbov Ermənistanın idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməli olmasına baxmayaraq, onların mehmanxanadan buraxılmadığını bildirib. Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanat yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər. /Oxu.az

Bu davranışlar qəbuledilməzdir, qınayırıq - Cahit Bağçı

Ermənistan tərəfindən edilən davranışları qınayırıq.  Sozcu.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün "Twitter" hesabında yazıb. “Dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə insanlığa sığmagan işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz. Qınayırıq”,-səfir vurğulayıb. 

İrəvanda səhnədə Bayrağımızı yandıran budur – Foto

Xəbər verdiyimiz kimi, bu gün İrəvanda ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağı gətirilərkən, bir erməni səhnəyə qaçaraq, Bayrağımızı təqdim edən qızın əlindən alıb və yandırıb. Sozcu.az xəbər verir ki, həmin şəxsin Aram Nikolyan adlı erməni olduğu bildirilir. Aram Nikolyan Milli İncəsənət Akademiyasında, daha sonra isə Florensiyada İtalyan Akademiyası (Accademia Italiana) Dizayn Məktəbində təhsil alıb və burada stilistika və moda dizaynı üzrə ixtisaslaşıb. O, “Arm Jeans” və “Rose” şirkətlərinin baş dizayneri, “Şant” və “Armeniya” teleşirkətlərinin stilisti olub. Hazırda “Nikolyan” moda evinin təsisçisi, direktoru və baş dizayneri, Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvüdür. 2013-cü ildən Ermənistan İctimai Televiziyanın baş stilisti vəzifəsində çalışır. Qeyd edək ki, Bayrağımız yandırıldıqdan sonra yenisi ilə əvəzlənib və təkrar səhnəyə qaytarılıb.axar

İrəvanda Azərbaycan bayrağı yandırılıb - FOTO - VİDEO

İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Tədbirdə Azərbaycan millisi iştirak etməyib. Qeyd edək ki, Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma yığması Ermənistanın paytaxtı İrəvandadır. Ölkəmiz yarışa 12 nəfərlik nümayəndə heyəti ilə yollanıb.

Ermənistan ordusunu ərazimizdən çıxarmalıdır! - XİN

Ermənistan əsassız bəyanatlar vermək əvəzinə sülh sazişi üzrə danışıqlara qayıtmalı, açıq ünsiyyət qurmalı, üçtərəfli bəyanatda yer alan öhdəliklərə əməl etməlidir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb. O bildirib ki, Ermənistan hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmalı və təxribatçı addımlar atmamalıdır.

“Tərtər işi” üzrə ittiham olunan generaldan xəbər var

“Tərtər işi” üzrə ittiham olunan 5 nəfər - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror Vüsal Mehrəliyev ittiham aktını elan edib. İttihamda deyilir ki, hərbçilərə özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün işgəncə verilib, ləyaqətləri alçaldılıb müxtəlif növ işgəncələr tətbiq olunub. İşgəncə nəticəsində bir nəfər - leytenant Adil Sabirli həlak olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Hakim deyib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər. Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib. General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə göstəriş verib. Proses aprelin 20-də davam etdiriləcək. Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Bu iş üzrə ittiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyil, onlar barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib./APA