Qarabağdakı separatçılar fortifikasiya qurmaq istədi

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Qaxda şirkət maşını çaya beton tökdü - Foto

Qax rayonunun ərazisindən keçən Kürmük çayına beton qarışdıran maşından beton tökülməsi ilə bağlı sosial şəbəkədə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Bu barədə Sozcu.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Xidmətin rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı çaya beton axıdan "Mersedes" markalı, 36-AC-335 dövlət nömrə nişanlı avtomobilin SPARK MMC-yə məxsus beton zavoduna aid olduğu müəyyən edilib: “Faktla bağlı avtomobilin sürücüsü Fizuli Mehdiyev barəsində akt, protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb. Eyni zamanda, SPARK MMC-nin sahə rəisi Şahin Allahverdiyevə sürücülərinin fəaliyyətini nəzarətdə saxlaması üçün ciddi xəbərdarlıq olunub, əraziyə cavabdeh Qum bələdiyyəsinin sədri Sərxan Qurbanova isə ərazinin təmizliyinə mütəmadi nəzarət olunması ilə bağlı məcburi göstəriş verilib”.

Ermənilər Laçın və Naxçıvanı atəşə tutdu

İyulun 17-si saat 21:25-dən iyulun 18-i saat 00:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus və Dəvəli rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Yağışlı hava nə vaxta qədər davam edəcək?

Dünən axşam saatlarından müşahidə olunan yağmurlu hava şəraiti iyulun 18-i günorta saatlarına qədər davam edəcək. Bu sözləri Sozcu.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. “Sabah günortadan sonra yağıntılar tədricən dayanacaq. Havanın temperaturu bu günlərlə müqayisədə yüksələcək”, - Məmmədova bildirib.

Ermənilər yenə fortifikasiya qurmağa cəhd etdi

İyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Madər Musayev vəfat etdi

Deputat Madər Musayev 75 yaşında dünyasını dəyişib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, o, bir müddət davam edən xəstəlikdən sonra vəfat edib. Xatırladaq ki, bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

İlham Əliyev və Blinken arasında telefon danışığı olub

İyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, telefon danışığı əsnasında Antoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Dövlət başçısı Antoni Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib. Prezident İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.

Makrona kəsilmiş insan barmağı göndərildi

Yelisey sarayına kəsilmiş insan barmağının olduğu məktub göndərilib. Sozcu.az xəbər verir ki, bu barədə “Valeurs Actuelles” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Yelisey sarayının yazışma xidməti məktubu iyulun 9-u və ya 10-u tarixlərində alıb: “Bu, iyulun 14-də milli bayram olan Bastiliya Günü ərəfəsində baş verib. Barmağın sahibi artıq tapılıb. Onun şəxsiyyəti və hadisənin motivləri barədə təfərrüat verilmir”. Qeyd edək ki, bununla bağlı Yelisey sarayı şərh verməkdən imtina edib.

Zelenski NATO sammitində - FOTO

Ukrayna prezidenti Volodimir Zelenski NATO sammitinə qatılıb. Sozcu.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb. Bildirilib ki, Ukrayna dövlətinin başçısı gələn kimi tədbirdə iştirak edən jurnalistlərə açıqlama verib.

Ankara F-16-ları bu şərtlər əsasında alacaq – Media

ABŞ qanunvericiləri F-16 qırıcılarının Türkiyəyə satışına razılaşa bilər. Bunun üçün Ankara qırıcıları NATO müttəfiqlərinə qarşı istifadə etməyəcəyinə və F-16-lardan istifadə ilə bağlı əsas öhdəliklərə zəmanət verməlidir. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb. Məlumata görə, Bayden administrasiyası Türkiyənin İsveçin NATO-ya daxil olması ilə bağlı razılığı fonunda bu sazişin təsdiqlənməsini müdafiə edib: “Lakin Bayden ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsindəki respublikaçılar və demokratların dəstəyi olmadan qırıcıları sata bilməz. Əvvəllər Türkiyəyə qırıcıların göndərilməsinə qarşı çıxan senatorlar isə bu məsələ ilə bağlı mövqelərini yumşaltmağa başlayıblar. Əsas narahatlıqlardan biri ABŞ-ın verdiyi qırıcılardan Türkiyənin necə istifadə edəcəyidir. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst senator Robert Menendez xüsusilə qeyd edib ki, o, Ankaradan F-16-ların təkcə Yunanıstana deyil, NATO-dakı hər hansı müttəfiqə qarşı istifadə olunmayacağına zəmanət verməsini gözləyir”.

Erməni təxribatı: Hərbçimiz yaralandı

İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb. "Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.

Şəmkirlilərə şad xəbər

Bakı-Ağstafa sürət qatarı Şəmkirdə də dayanacaq Bu ilin sonuna qədər Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Şəmkir rayonunun Dəllər stansiyasında dayanacaq veriləcək. Sözcü.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib. "Həmin istiqamətdə ən çox tələbat Dəllər stansiyasınadır. Bunu nəzərə alaraq orada da qatarların dayanması üçün şərait yaradılacaq. İlk dəfə Dəllərə sürətli qatarla sərnişindaşıma həyata keçiriləcək", - o qeyd edib. Sözcü.az