Ermənilər Laçını atəşə tutdu

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ana həbsdəki oğluna narkotik keçirmək istəyərkən tutuldu

Bakı istintaq təcridxanası və 7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş telefon və psixotrop maddə keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətdən Sozcu.az-a verilən məlumata görə, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Dəyanət Süleymanova qardaşı Tacəddin Süleymanov tərəfindən gətirilmiş sovqata baxış zamanı gödəkçənin içəri cibində gizlədilmiş “Samsunq” markalı mobil telefon aparatı aşkar edilib. 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Kamran Mirzəzadə ilə qısamüddətli görüşə gəlmiş anası Sevinc Musayevanın üzərinə baxış keçirilən zaman isə gizlətdiyi kağız bükülüdə ümumi çəkisi 0,042 qram psixotrop maddə - metamfetamin aşkar olunub. Hər iki faktla bağlı araşdırma aparılır.

Rusiya qoşunları Donetsk vilayətində geri çəkilir...

"Rusiyalıların lokal uğurları onların səxavətlə qan tökdükləri mövqelərdən geri çəkilməsilə nəticələnəcək..." "Rusiya ordusu bundan sonra hücum etmək qabiliyyətinə malik deyil..." "Heç bir geriyə çəkilməkdən söhbət getmir, Rusiya MN-nin Hərbi-Desant Qoşunları Baxmuta daxil olur..." Rusiyanın Kremlə müxalif  "Novaya qazeta Yevropa" nəşri Rusiya qoşunlarının Donetsk vilayətində əvvəllər tutduqları mövqelərdən geri çəkilməsi haqqında məlumat verib. Sozcu.az xəbər verir ki, bu barədə "charter97.org" nəşri məlumat yayıb. Jurnalistlərin məlumatına görə, Rusiya ordusu Avdeyevka yaxınlığında "şimal çıxışı"ndan bölmələrini geri çəkir.  "Vodyanoye kəndi yaxınlığında cənub çıxışında hələ ki, tab gətirir, lakin oradan da yaxın iki gündə geri çəkilə bilər. Uqledardakı mövqelər tərk edilib. Orada hazırda on km dərinlikdə olan boz zona yaranıb. Rusiya Silahlı Qüvvələri Volnovaxaya çəkilir. Marinkada hələ ki, cəbhəni saxlaya bilir, lakin orada qoşunların sayı azdır. Baxmutda USQ gecədən əvvəllər "vaqnerçilər"in mərkəzdə ələ keçirdikləri məhəllələri geri almağa başlayıb. Yavaş da olsa, uğurla irəliləyir. Hər şeydən göründüyü kimi, Rusiya SQ Baxmutdan şimala və cənuba geri çəkilməyə hazırlaşır", - həmsöhbət müxbirlərə deyib. Jurnalistlər həmçinin "Volya"  "Telegram-kanal"a istinad edir. Orada "Novaya qazeta"nın mənbəyinin məlumatı təsdiqlənir. Bu zaman qeyd edilir ki, söhbət o mövqelərdən gedir ki, onların uğrunda döyüşlər müharibənin əvvəlindən aparılıb, rusiyalı "hərbi müxbirlər" həlledici hesab edib və hələ payızda əmin ediblər ki, məhz oradan Rusiya SQ  Avdeyevkanı uğurla mühasirəyə ala biləcək". "Volya"nın müəllifləri hesab edir ki, " hazırda Rusiya SQ bütün lokal uğurları, böyük ehtimalla, onların səxavətlə qan tökdükləri mövqelərdən geri çəkilməsilə nəticələnəcək". "Novaya qazeta"nın sorğu keçirdiyi mütəxəssislər Rusiyanın geri çəkilməsinin iki səbəbini açıqlayıb. Birincisi, Rusiya SQ bölmələri bundan sonra hücum etmək qabiliyyətində deyil, çünki insani və maddi resursları tükənib. İkincisi, USQ-nin fəal hərəkətləri rusiyalı generallara göstərib ki, cəbhə eyni zamanda bir neçə yerdən yarıla bilər.  Ona görə Donetsk, Yasinovataya və Qorlovka ətrafında möhkəm müdafiə yaratmaq, habelə Volnovaxa ətrafında müdafiəni möhkəmləndirmək məqsədilə təmas xəttini qısaltmaq qərarı verilib. Hərbi-hüquqi araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musiyenko da təxminən eyni fikirdədir. O, hesab edir ki, Rusiya qoşunları hücum potensialını tükəndirərək, əvvəlcədən hazırlanmış müdafiə mövqelərinə geri çəkilir. Mütəxəssis qeyd edir ki, Rusiya qoşunlarının hücumu və müdafiə xətləri və möhkəmləndirilən rayonların hazırlığı paralel olaraq aparılıb. "Belə təəssürat yaranıb ki, hücuma keçərkən, rusiyalılar müdafiəyə çəkiləcəklərinin labüdlüyünü artıq anlayıb. Hazırda, hər şeydən göründüyü kimi, bu məqam yetişib.  Düşünürəm ki, biz indi Rusiyanın diqqətinin USQ-nin çəkindirilməsi üçün artilleriyadan istifadə etməyə yönələcəyini görəcəyik. Rusiyanın hələ hansısa sayda mərmiləri qalıb", - Alekdandr Musiyenko qeyd edib. "Novaya qazeta Yevropa" alternativ fikirlərə də yer ayırıb. Belə ki, ukraynalı hərbi ekspert Oleq Jdanov adıçəkilən rayonlarda döyüşlərin intensivliyinin aşağı düşməsini başqa amillərlə əlaqələndirir. "Baxmuta Rusiya MN Hərbi-Desant Qoşunları daxil olur. Rusiya MN Baş Qərargah rəisi Valeri Gerasimov köhnə komandanı toplayır və əvvəllər vəzifələrdən azad edilmiş generalları, o cümlədən Aleksandr Lapini geri qaytarır. Heç bir geriyə çəkilmədən söhbət getmir. Döyüş əməliyyatlarının intensivliyi yolların palçıqlı olması ilə bağlıdır", - Jdanov hesab edir.

Saakaşvili RƏSMƏN BƏYAN ETDİ: "Ölürəm"

Saakaşvilinin vəziyyəti kritik həddə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Bildirilir ki, Gürcüstanda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili vəziyyətinin pisləşdiyini açıqlayıb. 54 yaşlı siyasətçinin sözlərinə görə, 2021-ci ilin oktyabrında “8 il sürgündən sonra” respublikaya qayıdıb. Daha sonra Gürcüstan hakimiyyəti Saakaşvilini saxlayıb və nəzarətə götürüb. “Həbsdə olanda səhhətim sürətlə pisləşdi. İndi isə ölürəm… 20-dən çox ciddi xəstəlikdən əziyyət çəkirəm”, – deyə eks-prezident  hüquqşünas vasitəsilə məlumat çatdırıb. Saakaşvili səhhətinə görə məsuliyyəti Rusiya hakimiyyətinin üzərinə qoyub. Siyasətçinin sözlərinə görə, onun ölümü Rusiyada “qələbə” kimi qeyd olunacaq, Gürcüstanda isə “siyasi xaos” yaradacaq. Daha əvvəl Saakaşvilinin anası bildirib ki, eks-prezident sürətlə arıqlayır, zəhərlənmə səbəbindən siyasətçi yemək yeyə bilmir, əl və ayaqları tutulub.

Rusiyanın itkiləri 177 mini keçdi

Ukrayna müharibənin 408-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 177 110 hərbçi, 3633 ədəd tank, 7016 ədəd zirehli döyüş maşını, 2722 ədəd artilleriya sistemi, 533 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 281 hava hücumundan müdafiə sistemi, 306 ədəd hərbi təyyarə, 292 ədəd helikopter, 5587 ədəd avtomobil texnikası, 2291 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 304 xüsusi avadanlıq itirib.

İsraildə iğtişaşlar başladı: ərəblər ayağa qalxdı

İsrailin ərəb əsilli vətəndaşlarının üstünlük təşkil etdiyi şəhərlərində qarşıdurmalar başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. Bildirilib ki, iğtişaşların baş verdiyi şəhərlərdən biri Umm-əl-Fahmdır. Burada onlarla vətəndaş şinlər yandıraraq, polislərə sərt predmetlər ataraq çaxnaşma yaradıblar. İki nəfər saxlanılıb. Həmçinin Sahnin, Qüds şəhərlərində, o cümlədən paytaxt Tel-Əvivin Yaffo rayonunda da etirazlar baş qaldırıb. Məlumata görə, etirazlar İsrail-Fələstin sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədardır. Onu əlavə edək ki, ötən gün İsrail Livandan raket hücumlarına məruz qalıb.

SON DƏQİQƏ: Krımda güclü yanğın - Video

Krım yarımadasının Simferopol (Ağməscid) şəhərində güclü yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Ukrayna Teleqram kanalları görüntü paylaşıb. Yerli əhali güclü partlayış səslərinin eşidildiyini bildirir.

"Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular"

Bir neçə gün öncə Bakıda silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafa həmin hadisədən danışıb. Sozcu.az xəbər verir ki, o, bu barədə müalicə aldığı xəstəxanda Real TV-yə söz açıb. Deputat bildirib ki, hadisə baş verən gün axşam dostları ilə birgə restoranda iftar edib. Terror hücumu isə restorandan çıxıb evə gələn zaman baş verib. Maşını isə millət vəkilinin özü idarə edib: “Mənim ümumiyyətlə, sürücüm olmayıb. Belə təklif olanda da istəməmişəm. Evə yaxınlaşarkən heç bir şübhəli məqam hiss etmədim. Bizim darvaza pultla açılır. Evə yaxınlaşana yaxın pultu basdım. Dedim, qapı açılana qədər qardaşıma zəng edim. Evə gəlməyimin səbəbi də o idi ki, axşam namazını evdə qılım. Qapını pultla açdım, bu vaxt telefonu əlimə götürəndə dəhşətli parıltı gördüm. Bunun avtomat olduğunu düşünmədim, elə bildim telefonum partladı. Deməli, güllə maşının qapısından keçib ayağıma dəyib. Birdən ağlıma gəldi ki, mənə atəş açırlar. İkinci atəş də maşının içində çiynimi tutdu. Darvaza bağlı olsaydı, sürüb geri gedəcəkdim. Amma sui-qəsdi törədənlərin neçə nəfər olduğunu bilmirdim. Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular, qapını bağlayın. Gözüm kamerada idi ki, görüm onlar mənim arxamca gələcəklər, yoxsa yox. Təminatım yox idi ki, onlar evə hücum edəcək, yoxsa yox. Çünki darvaza açıq idi. Maşının qapısı da açıq idi, kimsə sürüb gedə də bilərdi. Yoldaşım pultu tapıb darvazanı bağladı. Xəstəxanaya gələnə qədər huşum özümdə idi, özümü itirməmişdim. Özüm 102-yə zəng etdim ki, mən filankəsəm, mənə qarşı sui-qəsd olub. Sonra mülki geyimdə polislər gəldi. Ondan sonra hər tərəfə məlumat verildi”.

İranın 4 diplomatı Azərbaycandan qovuldu

Aprelin 6-da İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb. Sozcu.az xəbər verir ki, görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

"Azadlıq" sözündən şirin söz, azadlıqdan daha xeyirxah və yüksək niyyət yoxdur!.."

"Bizim azad olmağımız azadlığın Moldovada, Gürcüstanda və Belarusda mütləq bərqərar olacağına zəmanətdir" "Düşmən müstəqilliyimizi dəfn etmək və Rusiya məkanında milli mədəniyyətlərimizi əridib yox etmək istəyir. Amma biz çiyin-çiyinə möhkəm dayanmışıq!.." Ukrayna prezidenti Vladimir Zelenski aprelin 5-də Polşa parlamentinin hər iki palatasının deputatları, Ukrayna və Polşa ictimaiyyəti nümayəndələrinin qarşısında çıxış edib. Öz nitqində o, dünyaya Ukraynaya dəstəyi gücləndirməyə çağırış edib, Polşaya ardıcıl həmrəyliyinə görə minnətdarlığını bildirib və Ukraynanın Rusiya üzərində qələbəsinin labüdlüyünə əminliyini bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşri məlumat yayıb. Zelenskinin nitqini kiçik ixtisarla təqdim edirik. "Böyük Polşa xalqı və böyük Ukrayna xalqı bu gün çiyin-çiyinə azadlıq, möhtəşəm tarix və yaxınlaşdırdığımız qələbə ruhu ilə birləşib! Biz, ukraynalı və polyaklar, bir-birimizi çoxdan tanıyırıq. İndi isə Polşa paytaxtının ürəyində ukraynalı ürəklər polyak ürəklərinin hər birinə müraciət edir. Hər dəfə Ukrayna bayrağı Ukrayna torpağında özünün tamamilə qanuni yerinə dönəndə, rusiyalı işğalçı qaçıb gedəndə, Polşa bayrağı da möhkəmlənir. Mənim üçün burada olmaq böyük şərəfdir. Ukrayna və Polşanın ürəkləri azadlıq uğrunda, dövlətlərimizin müstəqilliyi, ümumi evimiz olan doğma Avropamız uğrunda döyünür və biz qalib gələcəyik! Azad Polşa və azad Ukrayna heç vaxt süqut etməyəcək. Bizim xalqlarımıza nəzarət edən və bizim nə istədiyinizi anlamayan yad hakimiyyət iflasa uğrayıb. Bu gün biz birlikdə dayanmışıq! Ukrayna və Polşa, Avropa və azad dünya bir yerdədir!  Düşmən müstəqilliyimizi dəfn etmək və Rusiya məkanında milli mədəniyyətlərimizi əridib yox etmək istəyir. Biz isə çiyin-çiyinə möhkəm dayanmışıq və bütün bu müsibətlər Rusiya imperializminin özünə qayıdacaq! Polşa, biz səninlə yan-yana Avropada azadlığı həmişəlik bərqərar edəcəyik. Tiraniya Ukraynada məğlub olandan sonra tarixdə məğlub olacaq. Moskva öldürməyəcək, Peterburq bölməyəcək. Bunlar daha heç vaxt olmayacaq! Bu şanlı meydanda və Polşanın Ukraynanın digər meydanlarında, eləcə də Ukraynanın bütün maydanlarında Rusiya bizim qələbəmizdən sonra daha heç vaxt olmayacaq! Bu qələbəyədək çoxmu addımlar qalıb? Yox. Amma bunun üçün dayanmadan həmrəylik lazımdır. Döyüş artilleriya tələb edirsə, onu vermək lazımdır. Qələbə tanklar tələb edirsə, onların gurultusu ön cəbhədən eşidilməlidir. Müstəqillik hava tələb edirsə, Rusiyanın bizim təyyarələrə necə reaksiya verməsinə diqqət yetirmək lazım deyil, "F" hərfinin yanında 16 və ya  hansısa başqa bir rəqəmin təhlükəsiz olduğunu düşünmək lazım deyil. Hərəkət etmək gərəkdir! Sizin tank koalisiyasında liderlik nümunəsi göstərdiyiniz kimi.  İnanıram ki, bu, aviasiya koalisiyasında da özünü büruzə verəcək. Çünki bu, azadlıq uğrunda döyüşdür və bu döyüşü qismən udmaq mümkün deyil! Bu yaxınlarda Varşavada bizim azadlıq mübarizəmiz üzrə güclü müttəfiqimuz ABŞ prezidenti Bayden çıxış edərək deyib: "Azadlıq" sözündən şirin söz yoxdur. Azadlıqdan başqa xeyirxah məqsəd yoxdur. Azadlıqdan başqa yüksək niyyət yoxdur!". Biz azad olacağıqsa, Avropa İttifaqının qonşu ölkələrində də azadlığın möhkəm olacağına zəmanət olacaq. Biz azad olacağıqsa, hamı daha güclü olacaq. Biz azad olacağıqsa, azadlığın Moldovada, Gürcüstanda, Belarusda da mütləq bərqərar olacağına zəmanət demək olacaq. Və tarixi ədalət bərpa ediləcək!"

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırılır

Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılıb. Sozcu.az xəbər verir ki, bu barədə hökumətin bu gün keçirilən iclasında qərar qəbul olunub. Təlim-məşq toplanışında 2431 sıravi və kiçik rütbəli zabit, 124 rütbəli zabit, 160 çavuş iştirak edəcək. Təlimlər mayın 1-dən iyulun 7-dək keçiriləcək.

Paşinyan sərhəddəki VƏZİYYƏT BARƏDƏ: "Razılıq əldə olunub"

Paşinyan Azərbaycanla sərhəddəki vəziyyətin xeyli yaxşılaşdığını bildirib. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 6-da hökumətin iclasında deyib. “Sərhədin mühafizəsi prosesinin dərhal başlanması zamanı xəritələrdə uyğunsuzluqların olduğu müəyyən edilib. Bu məlumatı Ermənistan Təhlükəsizlik Xidməti verib. Məlumata görə, buna görə problemlər yaranıb. Müəyyən ərazilərdə Azərbaycan tərəfi Ermənistan sərhədlərinin 100-300 metr dərinliyində qoşun yeridib və mühəndis işləri aparıb. Bundan sonra hər iki tərəfin kartoqraflarının vəziyyəti aydınlaşdıracağına dair razılıq əldə olunub. Xüsusən, 12 km-dən 7 km-də mövqelər dəqiqləşdirilib, 5 km-də işlər davam etdirilir. Ümid edirəm ki, dispozisiyaların dəqiqləşdirilməsi işi konstruktiv şəraitdə aparılacaq. Ən azından bizim münasibətimiz belədir”, – Paşinyan deyib.