Fətullah Gülən öldü - Yeniləndi

09:10 FETÖ terror təşkilatının lideri Fətullah Gülənin öldüyü iddia edilir. Sozcu.az xəbər verir ki, bu barədə “Herkül” saytı məlumat yayıb. Bildirilib ki, 83 yaşlı Fətullah Gülən müalicə aldığı xəstəxanada ölüb. *** Gülənin qohumu Əbusələmə Gülən məlumatı təsdiqləyib. Onun ABŞ-ın Pensilvaniya ştatında yerləşdirildiyi xəstəxanada öldüyü bildirilib.

Sandu Moldova prezident seçkilərində liderdir - Təcili

Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində 33% nəticə ilə liderdir. Sozcu.az xəbər verir ki, bununla bağlı ilkin nəticələr Moldova Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 14%-nin sayılmasından sonra dərc edilib. Onu 30 faiz səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir. “Bizim partiya”nın lideri Renato Usatıy isə 15% səslə üçüncü yerdədir. Nəticələrdə dördüncü yeri Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah (5%) tutur. Onun ardınca keçmiş prokuror Viktoriya Furtuna (5%), keçmiş baş nazir, “Moldovanın Gələcəyi” partiyasının rəhbəri Vasili Tarlev (3%) və keçmiş baş nazir İon Çiku (2%) gəlir. Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun ilk iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.

Harris İsrailin soyqırım törətdiyini təsdiqlədi – Sensasiya

ABŞ vitse-prezidenti və prezidentliyinə namizəd Kamala Harris Milvaukidə keçirilən bir müzakirədə İsrailin soyqırım törətdiyini “gerçək” adlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazıb. Bildirilib ki, görüşdən yayılan videoda Viksonsin-Milvauki Universitetindəki bir qrup tələbə ilə görüşü zamanı bir tələbə Qazzadakı soyqırım haqqında sualla Harrisin sözünü kəsdiyi görünür. “Sizin danışmaq hüququnuza hörmət edirəm. Nədən danışdığınızı bilirəm. Mən atəşkəs istəyirəm. Müharibənin sona çatmasını istəyirəm”, - deyə Harris bildirib. Daha sonra tələbə Harrisə doğru yaxınlaşaraq, “Soyqırım, elədirmi? Siz soyqırıma milyardlarla dollar xərclədiniz”, - deyə davam edib. Bu zaman təhlükəsizlik qüvvələri tələbəni zaldan çıxarmağa çalışıb. Harris isə “Dinləyin, onun danışdığı şey gerçəkdir. Bu gerçəkdir. Bu gün müzakirə etmək üçün gəldiyim mövzu deyil, amma bu gerçəkdir və onun səsini hörmət edirəm”, - deyə vurğulayıb. ABŞ-ın sabiq səfiri Devid Fridman “Nyu York Post”a bildirib ki, Harris “İsrailin soyqırım törətdiyi” ilə bağlı yalan ittihamı ictimai şəkildə təsdiqlədi.

Berlində Fələstinə dəstək aksiyası: 12 polis yaralandı

Almaniyanın paytaxtı Berlində Fələstini dəstəkləyən nümayişlər zamanı 12 polis əməkdaşı yaralanıb. Sozcu.az TASS-a istinadən xəbər verir ki, etiraz aksiyaları zamanı polis əməkdaşlarına hücuma və onlara müqavimətə görə 57 nəfər müvəqqəti saxlanılıb. Bundan əlavə, bəzi iştirakçılar üzlərini bağlayaraq qadağan olunmuş şüarlar səsləndiriblər. Asayişi 520 polis əməkdaşı təmin edib.

970-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 970-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 678 520 hərbçi, 9 047 ədəd tank, 18 111 ədəd zirehli döyüş maşını, 19 565 ədəd artilleriya sistemi, 1 232 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 978 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 26 987 ədəd avtomobil texnikası, 17 287 ədəd PUA, 2 624 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 476 xüsusi avadanlıq itirib.

ABŞ Rusiyaya hərbi güc tətbiq etməyə hazırdır - Panetta

NATO müttəfiqini qorumaq zərurəti yaranarsa, ABŞ Rusiyaya qarşı hərbi güc tətbiq etməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş müdafiə naziri (2011-2013) Leon Panetta deyib. Onun sözlərinə görə, Vladimir Putinin anladığı yeganə dil gücdür. Ona görə də Moskva ilə danışıqlar aparmaq üçün güc tətbiq etmək lazımdır: "Ona başa salmalıyıq ki, biz heç bir halda Rusiyanın Ukraynada uğur qazanmasına imkan verməyəcəyik. Bu, Kiyevi qabaqcıl silahlarla təmin etmək, Rusiyadakı hədəfləri vurmaq imkanı - dronları və raketləri Ukrayna torpaqlarına hücum etməmişdən əvvəl məhv etmək deməkdir. Onlar Ukraynaya İsrailin istifadə etdiyi Dəmir Qübbənin ekvivalentini verməlidirlər".

Yeni saziş: Almaniya Ukraynanın müdafiəsini gücləndirir

Ukrayna və Almaniya Ukraynanın hava hücumundan müdafiəsini dərhal gücləndirmək barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Feysbuk səhifəsində məlumat yayıb. Müvafiq sənədi Ukraynanın müdafiə naziri Rüstəm Umerov və almaniyalı həmkarı Boris Pistorius G7 ölkələrinin müdafiə nazirlərinin görüşündə imzalayıblar. Umerov bildirib ki, bu sazişə Belçika, Norveç, Hollandiya və Danimarka da qoşulacaq.

Bakıda qatar adam vurdu

Bakı-Sumqayıt qatarı adam vurub.  "Yeni Sabah"ın əldə etdiyi məlumata görə, bu gün saat 19 radələrində Bakı- Sumqayıt qatarı adam vurub. Sərnişinlərin bildirdiyinə görə, saat 18:25-də qrafiki üzrə hərəkət olan qatar Xırdalan stansiyasından çıxdıqdan sonra qəfil dayanıb. Maşinist və polis ərazidə müşahidə aparıb. Hərəkət yalnız 20 dəqiqə sonra bərpa olunub.   socar vakansiya Hadisə ilə bağlı hələlik Azərbaycan Dəmiryolları QSC-dən hər hansı bir açıqlama verilməyib.

Aeroporta getmək istəyənlər bu yollardan istifadə etsin!

Oktyabrın 19-u və 19-dan 20-sinə keçən gecə saat 02.30-dan 05.30-dək COP29 tədbirinə hazırlıq məqsədi ilə Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Sozcu.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. "Heydər Əliyev Beynəlxalq Aeroportuna gedəcək vətəndaşlardan 8 Noyabr prospekti və Zığ Şosesi, həmçinin Novxanı, Zuğulba, Mərdəkan yolundan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd edilib.

Ukrayna NATO-nun 33-cü üzvü olacaq - Rutte

Ukrayna gələcəkdə NATO-ya 33-cü və ya 34-cü üzv kimi qoşulacaq. Sozcu.az xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib. “Hazırda Ukrayna 33-cü üzv kimi görünür. Amma bəlkə də qarşılarına başqa biri çıxacaq. Lakin Ukrayna gələcəkdə NATO üzvü olacaq. Vaşinqtonda belə qərar verdik”, - Rutte bildirib.

Mübariz İbrahimovun atasının ölüm səbəbi açıqlandı - Rəsmi

Milli Qəhrəman Mübariz İbrahimovun atasına dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Bu barədə Sozcu.az-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq onun ölüm faktı qeydə alınıb: "Oktyabrın 16-sı saat 09:00-da Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiya tədbirləri həyata keçirilib. Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb".

İranda 48 nəfər saxta spirtdən ölüb - Yüzlərlə zəhərlənən var

İranda 48 nəfər tərkibində metil spirti olan saxta spirtdən zəhərlənərək ölüb. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İranın Mazanderan, Gilyan, Həmədan və Zəncan əyalətlərində baş verib. Yüzlərlə insan ağır zəhərlənmə ilə xəstəxanalara yerləşdirilib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Mazanderanda 21, Gilyanda 15, Həmədanda 11 və Zəncanda 1 nəfər ölüb. Zərərçəkənlərdən bəziləri görmə qabiliyyətini itirib. Yerli hakimiyyət orqanları saxta spirt istehsalı və satışı ilə məşğul olan bir neçə nəfəri saxlayıb. Görülən tədbirlərə baxmayaraq, faciənin miqyası çox böyük olub.