Gerasimovun öldürülməsi xəbəri yayıldı - Təcili

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun dünən Krıma edilən hücum nəticəsində öldürülməsi barədə məlumat yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı xəbər verib. Ukraynanın “Cənub” könüllü ordusunun sözçüsü Sergey Bratçuk bildirib ki, Gerasimovla bağlı məlumat alıb: “Orada kimin hədəfə alına biləcəyi ilə bağlı bir çox versiyalar var, hətta Gerasimovun soyadını da eşitmişəm. Bu, yaxşı xəbər olardı, amma məncə, doğru olma ehtimalı azdır, lakin Rusiya ordusunun həmin komanda məntəqəsində bir neçə yüksək rütbəli zabit və ya generalın öldürülməsi faktı realdır”. Qeyd edək ki, V.Gerasimovun ölümü ilə bağlı məlumat təsdiqlənməyib. Ukrayna Təhlükəsizlik Xidməti isə Gerasimovun mümkün ölümü ilə bağlı məlumatı şərh edə bilməyəcəklərini bildirib.

Ukrayna ordusu Krıma PUA-larla zərbə endirib

Ukrayna ordusu ilhaq olunmuş Krım yarımadasına və Rusiyanın digər şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təkcə Krım səmasında Ukraynanın 36 PUA-sı vurulub. Yarımadaya hücum zamanı ölən və dağıntı olub-olmadığı açıqlanmayıb. Rusiyanın Belqorod vilayətində isə 10 PUA zərərsizləşdirilib. Hücum nəticəsində dağıntılar əmələ gəlib, avtomobillər zədələnib, azı 2 nəfər yaralanıb. Daha bir PUA isə Novorossiysk vilayətində vurulub.

Qasım Süleymaninin öldürülməsinin ildönümü yürüşündə partlayışda 103 nəfər ölüb, 211 nəfər yaralanıb - YENİLƏNİB-7

İranın Kirman şəhərində törədilən partlayışlar nəticəsində yaralananların sayı 211 nəfərə çatıb. APA xəbər verir ki, bu barədə Təsnim Agentliyi məlumat yayıb. *** 18.52 Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində yaralıların sayı 188-ə çatıb. APA xəbər verir ki, bu barədə Fars Agentliyi məlumat yayıb. Qeyd edilib ki, yaralıları daşımaq üçün Kermana təyyarə göndərilir. *** 18:11 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 103-ə çatıb. APA RİA "Novosti"yə istinadən xəbər verir ki, yaralı sayı 141 nəfərdir. *** 17:15 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 73-ə çatıb. APA Tasnim-ə istinadən xəbər verir ki, yaralı sayı 170-dən çoxdur. *** 17:01 İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 53-ə çatıb. APA Tasnim-ə istinadən xəbər verir ki, yaralı sayı 70-dan çoxdur. Ölən və yaralananlarının sayının artacağı ehtimal olunur. İran rəsmiləri hadisənin terror aktı olduğunu bəyan edib. *** 16:42 Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində qurbanların sayı 50-yə çatıb. APA RİA "Novosti"yə istindən xəbər verir ki, yerli hakimiyyət orqanları hadisəni terror aktı adlandırıblar. *** 16:28 Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində ən azı 20 nəfər ölüb, 15 nəfər yaralanıb. APA xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb. *** 16:13 Qasım Süleymaninin Kermandakı məqbərəsi yaxınlığında baş verən partlayış nəticəsində 15 nəfər yaralanıb. APA xəbər verir ki, bu barədə Kerman fövqəladə hallar rəisi bildirib. Kerman valiliyinin rəsmisi isə qeyd edib ki, hadisənin qaz partlayışı, yoxsa terror aktı olması hələ məlum deyil. Qeyd edək ki, bu gün Kerman şəhərində SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dördüncü ildönümündə dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib. *** 15:53 İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə partlayış baş verib. APA İran mediasına istinadən xəbər verir ki, partlayışın səbəbi hələlik məlum deyil. Qeyd edək ki, insanlar bu gün Süleymaninin ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülməsinin dördüncü ildönümünü qeyd etmək üçün toplaşıblar. “Tasnim”in məlumatına görə, isə hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları gəlib.

Şirvanda iki nəfər dəm qazından zəhərlənib

Şirvanda iki nəfər dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakinləri, 1982-ci il təvəllüdlü İlkin Ələsgər oğlu Ələkbərov və 1989-cu il təvəllüdlü Cəmilə Zakir qızı Dəmirova dəm qazından zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdiriliblər. Onlar süni tənəffüs aparatına qoşulublar.

“Müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi”

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda vəkil  Zaur Məmmədov özünü yandıraraq öldürüb.  Sozcu.az xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib. O bildirib ki, sonuncu dəfə Zaur Məmmədovla cümə günü “whatsApp”  vasitəsilə danışıblar: “Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10 000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyini dedi”.  Aşur Bədəlsoy bildirib ki, işin yiyəsinin də onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini deyib: “Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini olmasa özünü öldürəcəyini dedi. Zarafat etdiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı...” Qeyd edək ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

HƏMAS-la müharibə çox yaxında bitəcək - Sabiq israilli nazir AÇIQLADI

"Qəzza zolağında müharibə tezliklə, bu həftələrdə bitəcək". Bu sözləri əvvəllər İsrail hökumətində müxtəlif nazir postunu, o cümlədən 1999-2001-ci illərdə Ədliyyə naziri vəzifəsini tutmuş Yossi Beilin deyib. O, İspaniyanın “La Vanguardia” qəzetinə müsahibəsində bildirib ki, HƏMAS-ın kökünü kəsmək qeyri-mümkündür: “Ancaq birlikdə oturub razılığa gəlməyimiz də mümkün deyil. Onlar bizimlə danışmaq və ya regionda mövcudluğumuzu etiraf etmək istəmirlər. Görünür, yeganə çıxış yolu onlarla mübarizə aparmaqdır. Lakin müharibə əbədi davam edə bilməz. HƏMAS-ın qalıqları və ya başqa bir şeylə qarşılaşmaq üçün kiçik bir qüvvə qala bilər, amma bu, müharibə olmayacaq. Müharibə çox yaxında bitəcək".

Belqradda müxalifətçilər paytaxtın polis qərargahına doğru yürüşə başlayıblar - YENİLƏNİB

"Serbiya zorakılığa qarşı" müxalifət koalisiyasının 1,5 mindən çox tərəfdarı Belqradın mərkəzində avtomobillərin hərəkətini bağlayıb və paytaxtın polis idarəsinin binasına doğru hərəkət edib.  Sozcu.az TASS-a istinadən xəbər verir ki, polis etirazçıların hərəkət marşrutu boyunca bütün küçələri bağlayıb, ictimai nəqliyyat da dayandırılıb. Yürüş müxalifətin Respublika Seçki Komissiyasının binası yaxınlığında keçirilən mitinqi ilə başlayıb. İndi etirazçılar Serbiya parlamentinin üzvü Srdjan Milivojeviçin çağırışı ilə bir gün əvvəl Belqrad administrasiyası binası yaxınlığında iğtişaşlar zamanı saxlanılan müxalifət tərəfdarlarının "taleyini öyrənmək" niyyətindədirlər.  *** 22:52 "Serbiya zorakılığa qarşı" müxalifət koalisiyasını dəstəkləyən "Mübarizə" tələbə təşkilatının bir neçə yüz tərəfdarı Belqradın mərkəzində Respublika Seçki Komissiyasının yaxınlığında yerləşən Kralja Milana küçəsində nəqliyyatın hərəkətini bağlayıb. Sozcu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, etirazçılar binanın əsas girişinin yaxınlığında dayanıblar. Onlar tütəklərdən, nağaralardan istifadə edir, həmçinin meqafonlarla hökumət əleyhinə şüarlar səsləndirirlər. Eyni zamanda etirazçılar heç bir əşya atmır və binaya girməyə cəhd etmirlər. "Mübarizə" müxalifətin "Serbiya zorakılığa qarşı" koalisiyasını dəstəkləyir və Dövlət İdarəçilik Nazirliyindən dekabrın 17-də keçirilən parlament seçkiləri zamanı qanun pozuntularına görə seçki siyahılarının yenidən yoxlanılmasını tələb edir.  Bundan əvvəl tələbə təşkilatının fəalları Xarici İşlər Nazirliyinin binası yaxınlığında etiraz aksiyası təşkil edərək Serbiya Nazirlər Kabinetinin iqamətgahına doğru yürüş ediblər. 

Şuşa yolunda ağır qəza: ölən var

Şuşa yolunda ağır yol qəzası baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki,hadisə betonqarışdıran avtomobilin idaretməni itirməsi nəticəsində baş verib. Yol qəzası nəticəsində, Biləsuvar rayon sakinləri, sürücü Rahil Ağayev yaralanıb, Elçin Nəzərov isə ölüb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

"Rusiya məqsədlərinə nail ola bilmədi" - Stoltenberq

“Rusiya ciddi hərbi səylərə baxmayaraq, Ukraynada öz hərbi məqsədlərinə nail ola bilmir”. Sozcu.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq bildirib. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin əmri ilə başlayan işğalda məqsəd Ukraynanın NATO və Avropa İttifaqına inteqrasiyasının qarşısını almaq olub. O hesab edir ki, iki illik müharibədən sonra Ukrayna indi NATO və Aİ-yə həmişəkindən daha yaxındır. "Rusiya müharibəyə görə son dərəcə ağır bədəl ödəyir. Ölkə artıq yüzlərlə təyyarəsini, minlərlə tankını itirib, 300 mindən çox əsgər ölüb və ya yaralanıb. Bundan əlavə, müharibə nəticəsində inflyasiya artıb, həyat səviyyəsi aşağı düşüb. Əvvəlkindən daha çox təcrid olunub".  Stoltenberq hadisələrin inkişafını nəzərə alaraq müharibənin qısa vaxtda bitəcəyinə və martın 17-də keçiriləcək seçkidən sonra Putinin kursunu dəyişəcəyinə dair gözləntiyə də toxunub: “Bizdə Putinin öz məqsədlərini və siyasətini dəyişəcəyinə dair heç bir əlamət yoxdur. Daha çox ərazi işğal etməyə cəhd göstərməyə davam edəcək”. Onun fikrincə, bu o deməkdir ki, NATO və ona üzv olan 31 ölkə Ukraynanı qətiyyətlə dəstəkləməkdə davam etməlidir.

Paşinyandan Putinə SƏRT CAVAB: “Qırmızı xətti keçdi”

“2020-ci ilin noyabr və dekabr aylarında Rusiya prezidenti Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib”. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib. N.Paşinyan Putinin iddialarına cavab olaraq Moskva rəsmilərinin müharibədən sonra hər regiona səfərində sərhəddə gərginlik yaşandığını bildirib: “Vladimir Putinin Qarabağdan Rusiyanın deyil, Ermənistanın imtina etdiyinə dair bəyanatı 9 noyabr sənədi ilə ziddiyyət təşkil edir. Bizim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə ayrı, Rusiya ilə ayrı hüquqi bazamız var. 2021-ci ildə sərhəddə gərginlik yaşananda hər ikisinə müraciət etdik, lakin cavab almadıq. O zaman mən istefa verdim, parlament buraxıldı, seçki tarixi müəyyənləşdirildi. Həmin günlərdə Rusiyanın xarici işlər naziri Ermənistana səfər etdi, buradan Bakıya keçdi, daha sonra Moskvaya qayıtdı. Bir neçə gün sonra isə Zod istiqamətində gərginlik yaşandı. Çalışılırdı ki, İrəvan hakimiyyəti qarşıdurmaya fərqli reaksiya versin və təyin edilən seçkilər ləğv olunsun. Lakin bu istəkləri baş tutmadı. Onlar Ermənistan Respublikasının ləğvini istəyirdilər. Həmçinin daha sonra Qarabağda həyata keçirilən hərbi əməliyyatlara da rus sülhməramlıları reaksiya vermədi”. Nikol Paşinyan sonra bildirib: “2022-ci ilin oktyabrında biz Alma-Ata Bəyannaməsinə (1991-ci ildə qəbul edilib-red.) uyğun olaraq Azərbaycanla sülhə hazır olduğumuzu bildirdik. Bu, Ermənistan Respublikasının ərazi bütövlüyünü bir daha təsdiq etməyin yeganə yolu idi. KTMT deyirdi, müşahidəçilər gəlsin, biz qəbul edirdik, sonra rədd cavabı verilirdi. Ermənistan bu təşkilatın üzvüdür. Bizim ərazi bütövlüyümüz KTMT və Rusiya üçün qırmızı xətdir. Deyirik ki, bu xətt pozulub, deyirlər, yox, pozulmayıb. Bu kağız, bu qələm, çəkin o xətti,  görək haradan keçir. Cavab veririk ki, bizim fikrimizlə razı deyilsinizsə, siz çəkin, biz də haradan keçdiyini anlayaq. Deyirlər, yox, biz edə bilmərik. Bu o deməkdir ki, Ermənistanda onların heç bir qırmızı xətti yoxdur”.

Arif Hacılının oğlu azadlığa buraxıldı

Müsavat başqanı Arif Hacılının həbsdə olan oğlu azadlığa buraxılıb. Bu barədə Arif Hacılı özü sosial şəbəkədə məlumat verib. O bildirib ki, oğlu Orxan Hacılı bu gün azadlığa çıxıb.

Saxta tibbi sənədlər verən vəzifəlilər ifşa edildi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumdan daxil olmuş məlumat əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Aparılmış ilkin araşdırma zamanı 2023-cü ilin fevral-may aylarında qeyd olunan tibb müəssisəsinin vəzifəli şəxsləri tərəfindən Mərkəzə müraciət etmiş çoxsaylı sağlam vətəndaşın hematoloji müayinədən keçirilmədən adlarına qanın bədxassəli xəstəliyi ilə bağlı saxta diaqnozların rəsmiləşdirilməsinə, bu yolla da onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarına təqdim etmələri üçün əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlərlə təmin edilməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin və onların əlbir olduğu digər şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.