Ordumuz antiterror əməliyyatına başladı - Təcili

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilmişdir. Sentybarın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan etmişdir ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.

Rusiyanın itkiləri 273 mini ötdü

Ukrayna müharibənin 573-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 273 460 hərbçi, 4628 ədəd tank, 8851 ədəd zirehli döyüş maşını, 6062 ədəd artilleriya sistemi, 778 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 526 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8601 ədəd avtomobil texnikası, 4784 ədəd PUA, 1479 qanadlı raket, 20 gəmi/qayıq, 1 sualtı qayıq, 903 xüsusi avadanlıq itirib.

İtkin düşmüş Azərbaycan Milli Qəhrəmanı, Polkovnik-leytenant Riad Əhmədovun nəşinin qalıqları tapılıb

Azərbaycan Milli Qəhrəmanı, 1992-ci ilin yanvar ayında Daşaltı kəndində itkin düşmüş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini, şəhid Polkovnik leytenant Riad Əhmədov və digər bir neçə hərbiçimizin nəşinin qalıqları tapılıb.   Riad Fikrət oğlu Əhmədov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Sözcü.az

Ağdam istiqmətində nə baş verir? - Ordumuz hərəkətə keçdi

Sentyabrın 17-si saat 17:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Səngər qazmaq istəyən ermənilərin qarşısı alındı

Saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Ukrayna ordusu Rusiyanın hərbi bazasını vurdu

Ukraynalı hərbçilər Zaporojye vilayətinin Tokmak şəhərində Rusiyanın hərbi texnika bazasını məhv ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Melitopol meri İvan Fedorov Teleqram kanalında məlumat verib. O, rus işğalçıların və onların texnikasının yerləşdiyi yerə öldürücü zərbə endirildiyini bildirib.

Rusların bir briqadası tamamilə məhv edildi

Rusiyanın Andreyevkadakı 72-ci əlahiddə motoatıcı briqadası mühasirəyə alınaraq məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun 3-cü hücum briqadası məlumat yayıb. Məlumata görə, iki gün davam edən əməliyyat nəticəsində Ukrayna ordusu briqadanın kəşfiyyat rəisini, 3 tabor komandirini, komandirləri ilə birlikdə 72-ci briqadanın bütün heyətini və böyük sayda texnikasını məhv edib. Briqadadan bildirilib ki, Andreyevkanın azad edilməsi Baxmutun sağ cinahından hücum üçün açar olacaq.

Yoxdan dövlət quranların, bayraq ucaldanların imzasını onlar öz qanları ilə təsdiq etdilər

BAKININ AZAD EDİLMƏSİNİN 105-Cİ İLİ Bakının azad edilməsi yolunda şəhid olmuş Qafqaz İslam Ordusu əsgərlərini və bu ordunun tərkibində döyüşlərə qatılaraq şəhid olmuş Azərbaycan əsgərlərini sayğı ilə anırıq ! 105 il öncə onların ortaya qoyduğu döyüş rəşadəti varlığımızın əsası oldu.  Yoxdan dövlət quranların, bayraq ucaldanların imzasını onlar öz qanları ilə təsdiq etdilər. Bəli biz müstəqil yaşamağa, istiqlaliyyətə layiqik. Dövlət olaraq var olduğumuzu, lazım gəldikdə onun uğrunda son damla qanımıza qədər döyüşməyi, şərəfli və ləyaqətli bir yaşama layiq olduğumuzu təsdiq etmiş o mübarək şəhidlərə, döyüşçülərə, onların komandalarına o qədər minnətdarıq ki, Azərbaycan insanı özünün var olduğunu hiss etdikcə onlar yaddaşımızda baki qalacaqlar ! Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi 

Rusiyanın itkiləri 270 mini ötdü

Ukrayna müharibənin 567-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 270 350 hərbçi, 4584 ədəd tank, 8792 ədəd zirehli döyüş maşını, 5902 ədəd artilleriya sistemi, 766 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 517 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8444 ədəd avtomobil texnikası, 4650 ədəd PUA, 1455 qanadlı raket, 19 gəmi/qayıq, 884 xüsusi avadanlıq itirib.

Müstəqil Həmkarlar Birliyinə (MHB) təzyiqlər başlandığı bildirilir

Müstəqil Həmkarlar Birliyinə (MHB) təzyiqlər başlandığı bildirilir. Bununla bağlı MHB İdarə Heyətinin üzvü Xəzər Teyyublu öz sosial şəbəkə profilində paylaşım edib. Paylaşımda qeyd olunur ki,  Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi, Qarabağ əlili Əhməd Rəhmanovu işlədiyi Azəriqaz İstehsalat Birliyində fəhləlikdən, işindən çıxartdılar.  Fikir verin, Azəriqaz rəhbərliyi işçilərin hüquqlarını qorumalı olan Həmkarlar İttifaqının fədakar bir üzvünə, sosial haqqlar ugrunda mübarizə aparan bir insana qarşı kobud addıma yol verir. Müstəqil Həmkarlar Birliyi olaraq Əhməd Rəhmanova qarşı bu kobudluğu aradan qaldırmaq üçün Azəriqazı öz işçisinin sosial qayğısına qalmağa, işinə qaytarmağa və Həmkarlar Konfederasiyasını zəhmətkeşlərin müdafiəsinə çağırırıq ! Sözcü.az

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sentyabrın 12-si saat 09:45-dən 10:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.

Ordumuzun mövqeləri yenə atəşə tutuldu - Rəsmi

Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və İmirli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng, Göyəli və Qaravəllər yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.