Azərbaycanın quru sərhədləri açılır - TARİX AÇIQLANDI

Azərbaycanda karantin rejimi səbəbindən 4 ildir ki, bağlı qalan quru sərhədləri bir aylıq müddətinə açıla bilər.  Məlumata görə, hökumətin belə bir addım atması COP29-la əlaqəli olacaq. Yayılan xəbərlərdə deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hazırda bu məsələni müzakirə edir. Həmin müzakirələrdə bir aylıq quru sərhədlərin açılması müddəti xüsusi diqqət mərkəzindədir. Məlumatlara görə, əsasən avqust və ya sentyabr ayları üçün quru sərhədlərin açılması nəzərədə tutulur. Mənbələr oktyabrın 1-dən isə quru sərhədlərin birdəfəlik açılacağını qeyd ediblər. Məsələ ilə bağlı Referans.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması həm iqtisadi, həm imic, həm də təhlükəsizliklə bağlı dünyada söz-söhbətlər yaradaraq ölkəyə çox ciddi ziyan vurur: “Bu məsələ həqiqətən də sona çatdırılmalıdır. Dünyada pandemiya ilə bağlı quru sərhədlərini bağlı saxlayan ölkə qalmayıb. Bizdə quru sərhədlərin bağlı olması pandemiya ilə əlaqəlidir. Ona görə də düşünürəm ki, indidən hazırlıq işlərinin görülməsinə ehtiyac var ki, sentyabr-oktyabr aylarından bu məsələ öz həllini tapsın. Bu turizmin canlanmasına səbəb olacaq. Pandemiyadan əvvəl Azərbaycanda turizm baxımından rekord rəqəmlər qeydə alınmışdı. Sərhədyanı ticarətin canlanması üçün də quru sərhədlərin açılması çox vacibdir. Bu həm də ölkənin daxilində rahatlıq yaradacaq”. Ekspert bildirir ki, bəzi rəsmilərin açıqlamalarına görə, təhlükəsizlik məsələləri səbəbindən sərhədlərin bağlı qaldığı söylənilir və bu gərginlik yaradır: “İnsanlar düşünür ki, Azərbaycan nə təhlükələr var ki, quru sərhədləri bağlı saxlanılır? Azərbaycan elə bölgədə yerləşir ki, həmişə təhlükələr olacaq. Bu o demək deyil ki, quru sərhədlərini həmişə bağlı saxlamaq lazımdır. Azərbaycan ordusu, hüquq- mühafizə, xüsusi xidmət orqanları çox güclü olan ölkədir. Açıq sərhəd rejimində də Azərbaycan öz təhlükəsizliyini çox yüksək səviyyədə, tam təmin etməyə qadir ölkədir”. Ekspertin sözlərinə görə, bu baxımdan payız aylarından, elə sentyabrdan quru sərhədlərin açılması çox yaxşı olardı: “Həm də ona görə ki, Azərbaycan COP29-a ev sahibliyi edir. Çox sayda qonağın gəlməsi gözlənilir. Hətta, veloyürüş də təşkil olunacaq. Yüzlərlə velosipedçi başqa ölkələrdən quru sərhəd yolu ilə Azərbaycana gəlib COP29-a dəstək vermək istəyir”.  

Ukrayna Həştərxana hücum etdi: hava limanı bağlandı

Təyyarələrin Həştərxan hava limanına gəliş-gedişi PUA hücumu səbəbindən müvəqqəti olaraq məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” hava limanına istinadən məlumat yayıb. “Regionda hava məkanından istifadəyə qoyulan məhdudiyyətlərlə əlaqədar Həştərxan hava limanının cədvəlində dəyişikliklər baş verib. Sərnişinlər Həştərxan hava limanının internet saytından uçuş statusu ilə bağlı aktual məlumat əldə edə bilərlər”, - məlumatda bildirilib. Qeyd edək ki, Ukrayna bu gecə Rusiyanın 6 vilayətinə kütləvi hücum edib.

"Avtomobil bazarında ucuzlaşma müvəqqətidir, çünki..." - Açıqlama

"Hazırda avtomobil bazarında ucuzlaşma müşahidə olunur. Bu, qısamüddətli vəziyyətdir. Bazarda yeni avtomobillər çoxaldıqca, zamanla qiymətlər də stabilləşəcək”. Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. O qeyd edib ki, ucuzlaşmaya səbəb köhnə avtomobillərdir. Bu avtomobillərin çoxu taksi kimi istifadə olunurdu. Yeni qaydalara görə, köhnə avtomobillər artıq taksi xidməti göstərə bilmir. Ona görə də sahibkarlar avtomobillərini satmağı üstün tuturlar. Bu da istər-istəməz qiymətlərə öz təsirini göstərir: “Bir müddət sonra bazarda qiymətlər yenidən stabilləşəcək. Avtomobil gətirən sahibkar köhnə maşına tələbat olmadığını görüb daha onları gətirməyəcəklər. Artıq daha bahalı avtomobillər idxal ediləcək. Beləliklə, bazar stabilləşəcək. Gətirilən avtomobillərin dəyəri artacaq”.

Bakıda bu yolda hərəkət tam məhdudlaşacaq

Sabah saat 07:00-dan iyulun 7-si saat 22:00-a qədər Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

Keçmiş prezident Pezeşkiana səs verdi

İranın keçmiş islahatçı prezidenti Məhəmməd Xatəmi bu gün prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkiana səs verib. Sozcu.az xəbər verir ki, bu barədə Xatəmiyə yaxın sosial media kanalları məlumat yayıb. Xatəmi səsvermədən sonra ondan müsahibə götürmək istəyən İran televizyasının əməkdaşlarının suallarını cavablandırmaqdan imtina edib. Qeyd edək ki, İranda bu gün keçirilən növbədənkənar seçkilərin ikinci turunda azərbaycanlı Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.

Ermənistan ehtiyatda olan hərbçiləri toplayır

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Qeyd edilib ki, təlim avqustun 1-dən oktyabrın 25-dək keçiriləcək.

MİQ müsabiqəsinin test imtahanı mərhələsi başladı

İyulun 2-dən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, test imtahanları iyulun 2-10-da ölkə üzrə 39 imtahan mərkəzini əhatə edəcək. İmtahanların ilk gününə texnologiya fənni üzrə 2 564, təsviri incəsənət fənni üzrə 1 592 namizəd dəvət olunub. Test imtahanında hər namizədə ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim edilir. Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.

Şəmkirdə qəzalı vəziyyətdə olan elektrik dirəyi - fotolar

Fotolar Şəmkir rayon Düzqışlaq kənd sakini Məmmədov Vüqar Əli oğlu tərəfindən göndərilib. Fotolardan göründüyü kimi elektrik dirəyi qəzalı vəziyyətdədir. Hər an vətəndaşlara təhlükə yarada bilər. Şikayətçi bildirir ki, qəzalı vəziyyətlə bağlı Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Şəmkir Elektirik Şəbəkəsini məlumatlandırıb. Çox təəssüf ki, nə vəziyyətlə maraqlanan olub, nədə ki, qəzalı vəziyyətlə bağlı tədbir görən. Sözcü.az

Kreml başa düşür ki, NATO-ya hücum etsə... - Conson

Kreml başa düşür ki, Rusiya Şimali Atlantika Alyansına (NATO) üzv olan ölkələrə hücum etsə, müharibəni uduzacaq. Sozcu.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Conson "Bild" nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, hakimiyyətin Rusiya ilə qarşıdurma kursu götürməsinə baxmayaraq, ölkədə NATO-ya üzvlüklə bağlı ictimai dəstək hələ də çox yüksəkdir və demək olar ki, 70%-dir. “Əlbəttə, İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın davranışının nəticəsidir. Əgər Rusiyanın İsveç və Finlandiya ilə bağlı bir məqsədi var idisə, bu, bizim NATO-ya daxil olmağımıza mane olmaq idi”, - nazir qeyd edib.

Qaracəmirli parkı niyə qurudulur ? - Ceyhun Nəbi

Şəmkirin Qaracəmirli kəndində ağacları sırayla düzülmüş, çinar və şam ağaclarından ibarət bir park var. Parkda biraz restavrasiya işləri aparılsa kənd sakinlərinin istirahəti üçün ən önəmli yerə çevrilə bilər. Amma bu parkda ağaclar baxımsızlıqdanmı, diqqətsizlikdənmi, məsuliyyətsizlikdənmi sıradan çıxdığı, quruduğu və ya bilərəkdən qurudulduğu müşahidə olunur(park Bələdiyyə və İcra nümayəndəliyinin bir addımlığında yerləşir). Parkın üst hissəsində artezian mövcud olsada ağaclar çox təəssüf ki, sulanmır, onlara qulluq göstərilmir. Xüsusilə şam ağaclarının bir neçəsi quruyub və qurumaqdadır. Bildiyimiz kimi ucaboy çinarların, şam ağaclarının boyatması böyük zaman alır. Ona görə uzun zamana ucalmış bu ağaclara qulluq göstərilməlidir ki, qurumasın. Ceyhun Nəbi

Hacıqabulda evləri su basdı: insanlar təxliyə edildi - VİDEO

İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu səbəbdən bəzi ərazilərin subasmaya məruz qalıb. FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib.   Qeyd edilib ki, mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.

Rayonlarda leysan, Bakıda güclü külək... - Faktiki hava

Müşahidə olunan faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, iyunun 26-sı saat 17:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Hazırda Balakən, Binə, Quba, Qusar, Zaqatala, Qəbələ, Gəncə, Göygöl, Xocalı, Şuşa, Gədəbəy, Daşkəsən, Naftalan, Xaltan, Şəmkir, Yevlax, Lənkəran, Lerik, Astara Yardımlı, Qrız, Mingəçevir, Oğuzda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, Balakəndə 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə bəzi bölgələrdə küləyin maksimal sürəti 20 m/s təşkil edir.