İrəvanla Bakı arasında danışıqlar bu ayda keçirilək

Ermənistan-Azərbaycan danışıqlarının növbəti raundu sentyabrda baş tutacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan deyib. “Ermənistan bu prosesə sadiq qalaraq sülh prosesindən çıxmayıb və çəkilmək niyyətində deyil. Biz öz tərəfimizdən sülh sazişi üzərində işləməyə davam edirik”, - Marukyan bildirib.

Daha bir nazir müavini İŞDƏN ÇIXARILDI

Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov işdən azad olunub. Sozcu.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci müavini Azər Zeynalov Sərəncam imzalayıb. A.Zeynalovun digər sərəncamı ilə Həsən İbrahim oğlu Seyidov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilib. O, eyni zamanda nazirin vəzifələrini də müvəqqəti icra edəcək.

Rəsmi Bakı bəyanat yaydı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb. Sozcu.az bəyanatın mətnini təqdim edir: "Bu gün, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir. 2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir. Bununla yanaşı, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir. Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir. Məlum olduğu kimi, son üç il ərzində Ermənistanın Laçın yolundan geniş miqyasda sui-istifadə etməsi halları Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legitim və hüquqi tədbirlər görməsini zəruri edib. Ermənistanın bu səyləri "blokada" kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd edib. Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən, Ermənistan bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün “Ağdam-Xankəndi” yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib. Bu yaxınlarda, bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra nəhayət Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilmişdi. Birinci məsələ üzrə, yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə humanitar yüklərin çatdırılmasına şərait yaratmaq üçün Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş beton və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca, 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin intensivləşməsi baş tutmalı idi. Rusiya sülhməramlı kontingenti və BQXK daxil olmaqla bütün tərəflər bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idilər. İkinci məsələ üzrə isə, Yevlaxda Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu. Lakin, 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılıqdan son anda boyun qaçırdı. Başqa sözlə, Ermənistanın bütövlükdə beynəlxalq ictimaiyyət və xüsusilə BMT Təhlükəsizlik Şurasından tələb etdiklərinə, bir neçə gün əvvəl tərəfdaşların, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin dəstəyi nəticəsində həqiqətən nail olmaq mümkün idi. Bu, yalnız Ermənistanın özünün imtina etməsi səbəbindən baş vermədi. Əgər Ermənistan və onun tabeliyindəki qondarma “qurum” razılaşmaya əməl etsəydi, məsələ avqustun əvvəlində, Qarabağ bölgəsinin sakinlərinə humanitar yüklərin çatdırılması, habelə insanların, malların və nəqliyyat vasitələrinin keçməsi üçün marşrutların asanlaşdırılması ilə bağlı məqbul çərçivənin təmin edilməsi ilə həll olunardı. Bu səbəbdən, Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə bu vəziyyətdən çıxış yolları axtarmaq üçün apardığı intensiv qarşılıqlı fəaliyyətinə baxmayaraq, Ermənistan bu diplomatik səylərə qəsdən mane olması heç bir şübhə doğurmamalıdır. Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti bu kampaniyanın bir hissəsidir və bu baxımdan, iştirak edən tərəflərin, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin səylərinə ciddi zərbə vurur. Bu gedişatla yanaşı, son həftələrdə, beynəlxalq hüququn, habelə Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusu olan, Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib. Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Son həftələrdə "Azərbaycan Hava Yolları"nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkildə artırılması ilə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub. Yuxarıda qeyd olunanlar, 30 ilə yaxın müddət ərzində, 2020-ci ilin sentyabrınadək Ermənistana xas olan, danışıqların imitasiyası, son dəqiqələrdə əvvəlki öhdəliklərdən yayınmaq və konkret qərarlar qəbul etməkdən boyun qaçırmaq üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətməyi ehtiva edən təcrübəni xatırladır. Eyni zamanda, Ermənistanın bu cür hərəkətləri onu göstərir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymayıb və onun Azərbaycanın ərazi bütövlüyünü şifahi olaraq tanıması onun yerdəki əməllərindən fərqlənir. 2020-ci ildə baş vermiş müharibədən sonra Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib. Digər istiqamətdə isə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında və Azərbaycanın iştirak etdiyi bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya siyasətini aparır. Eyni zamanda, Azərbaycan bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə, öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır. Bu kritik mərhələdə, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması və yerli erməni əsilli sakinlərin Azərbaycanın siyasi, hüquqi və sosial-iqtisadi çərçivəsinə reinteqrasiyası prosesinin qarşısında duran çətinlikləri aradan qaldırmaq üçün mövcud risklərin aydın şəkildə dərk edilməsi və beynəlxalq ictimaiyyətin Ermənistanın təxribatlarına adekvat reaksiyası həmişəkindən daha önəmlidir. Bölgədə davamlı sülhün bərqərar olması üçün yaranmış tarixi imkanın əldən verilməməsini təmin etmək vacibdir".

Ermənilər son anda razılaşmanı pozdu - XİN

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiyanın “Kommersant” qəzetində dərc edilmiş məqalədə əksini tapmış fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, son günlər ərzində beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağdam-Xankəndi yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi: "Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı. Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub". "Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadıqlarını bir daha nümayiş etdirib. Bununla yanaşı, qeyd edilən addımlar humanitar əsasda iddiaların əsassız olduğunu bir daha sübut edərək bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir", - deyə A.Hacızadə vurğulayıb.

Elvin Mahmudzadə azadlığa buraxıldı

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə azadlığa buraxılıb. Qafqazinfo xəbər verir ki, o, zərərçəkmiş şəxslərə dəymiş 72 min manat məbləğində ziyanı tam ödəyib, barışıq əldə olunub. Qeyd edək ki, E. Mahmudzadə qazilər üçün ayrılmış 72 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi. Ötən ay birlik sədrinə qarşı qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Kəmaləddin Heydərov bu şəxsə yeni vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə yeni rəis müavini təyin edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, daxili xidmət mayoru Bağırov Orxan Etibar oğlu FHN-in Muğan Regional Mərkəzinə rəis təyin edilib. Bu vəzifəyə qədər Orxan Bağırov Bakı Regional Mərkəzində şöbə rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, uzun illər sözügedən mərkəzin rəhbəri Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğlu, polkovnik Mehman Axundov olub. Mehman Axundov bu ilin yanvar ayında öz istəyi ilə təqaüdə göndərilib, yerinə Vüqar Qüdrət oğlu Ağayev təyin edilib. Onun rəis olduğu dövür ərzində mərkəzdə rəis müavini vəzifəsi boş qalıb.

Özbəkistan Prezidenti avqustda Azərbaycana səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustda Azərbaycana səfəri gözlənilir. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masada BMTM-nin rəhbəri Fərid Şəfiyev deyib. F.Şəfiyev Özbəkistana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib: “Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində Özbəkistanın dəstəyini hiss edir”. Ş.Mirziyoyevin səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılışının olacağı gözlənilir.

Müsavat siyasi məhbusların azad edilməsini tələb etdi- Divanın gündəliyi

Avqustun 7-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib, müvafiq tapşırıqlar verilib. Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.  Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi olaraq tanıdıqdan sonra Rusiya Xarici İşlər Nazirliyinin bu mövzuda rəsmi Yerevana münasibətdə təhrikedici açıqlamaları pislənilib.  Azərbaycanda siyasi məhbusların sayının getdikcə artmasından narahatlıq ifadə edilib, onların azad edilməsi bir daha tələb olunub.  Ukraynada gedən müharibə ilə bağlı Türkiyənin vasitəçilik missiyası və digər proseslərlə bağlı fikir mübadiləsi aparılıb.  Sonda cari məsələlər müzakirə olunub.

Hakan Fidan Ermənistanla normallaşma prosesindən DANIŞDI

Cənubi Qafqazda normallaşma prosesi sürətlənib. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nın açılış mərasimində deyib. “Cənubi Qafqazda sabitlik, rifah və təhlükəsizliyin təminatı üçün Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılma prosesinin paralel olaraq irəliləməsi vacibdir”, - nazir bildirib. Onun sözlərinə görə, regionda sabitliyin təmin olunmasında koordinasiyalı fəaliyyət önəmlidir.  “Cənubi Qafqazda sabitliyin formalaşması üçün çalışırıq” - XİN başçısı əlavə edib.

“Azalternativenerji” ləğv edilib

Prezident İlham Əliyev Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” MMC-nin ləğvi, bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə özəl sektorun cəlb edilməsi və “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” 1 fevral 2013-cü il tarixli fərmanında dəyişiklik edib. Sozcu.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, “Azalternativenerji”nin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorlarla hesablaşmalar aparılmaqla ləğv edilməsi prosesi başa çatdıqdan sonra, qalan əmlak özəlləşdirməyə açıq elan ediləcək. Bunun üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, dövlət başçısının 10 avqust 2000-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “ADövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq İqtisadiyyat Nazirliyi qəbul edəcək. Özəlləşdirmədə yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə veriləcək.

Prezident yeni icra başçısı təyn etdi

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Müsavatın yeni başqanı kim olacaq? - Qurultaya hazırlıq başladı

Müsavat Partiyasının Qurultayı yaxın zamanlarda keçiriləcək. Partiyanın Nizamnaməsinə uyğun olaraq növbəti qurultay keçirilməlidir.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. G. Aslanlı bildirib ki, partiyanın ötən məclisində Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və rayon təşkilatlarının nümayəndəlikləri seçildikdən sonra Qurultayın vaxtı haqqında Müsavat Partiyanın Məclisi, yaxud Divanı qərar verə bilər. Müsavat funksioneri partiyanın hazırkı başqanı Arif Hacılının növbəti qurultayda yenidən başqanlığa namizədliyini irəli sürmək hüququnun olmadığını qeyd edib: “Nizamnaməyə uyğun olaraq Arif Hacılı artıq üçüncü dəfə namizədliyini irəli sürə bilməz. Amma kimlərin namizəd ola biləcəyi haqqında indidən fikri söyləmək xeyli çətindir, lakin Arif Hacılıdan başqa Müsavat Partiyasının istənilən üzvünün yeni qurultayda öz namizədliyini irəli sürmək hüququ var”.  G. Aslanlı İsa Qəmbərin yenidən Müsavat başqanlığına namizəd olacağı haqda xəbərləri şərh edərək bildirib ki, kimin namizəd olacağını indidən söyləmək mümkün deyil: “Rayon təşkilatlarında yığıncaqlar keçirildikdən sonra qurultay olacaq. Partiya üzvlərinə vaxt verilir ki, onlar öz namizədlərini irəli sürə bilsinlər. Onda artıq kimlərin namizəd olacağını deyə bilərik”. Xatırladaq ki, mediada gedən məlumatlara görə, 28 sentyabr 2014-cü ildən partiyaya rəhbərlik edən Arif Hacılının sədr vəzifəsindən getməsindən sonra Müsavatın başına yenidən İsa Qəmbərin keçəcəyi iddia olunur. Müsavat liderinin aktiv siyasətə qayıdacağı ilə bağlı son zamanlar bir sıra siqnallar da partiya rəsmiləri tərəfindən verilib.