Əliyev və Paşinyan Brüsseldə görüşəcək - Mişel

Azərbaycan və Ermənistan liderləri oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bunu AB Şurasının rəhbəri Şarl Mişel deyib.

Aİ Şurası sədri Azərbaycan və Ermənistan liderlərini Brüsselə dəvət etdi - İDDİA

Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı oktyabrın sonunda Brüsselə görüşə dəvət edib. Diplomatik mənbələrdən verilən məlumata görə, görüş oktyabrın son həftəsində baş tuta bilər. Mənbə: TASS

Azərbaycan XİN Fransanı saxtakarlıqda ittiham etdi

"Neokolonializmi hələ də davam etdirən, müstəmləkə siyasəti çərçivəsində insan haqlarına heç bir önəm verməyən ölkələrdən biri kimi Fransanın bu gün özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verməsi riyakarlıqdır". Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) BMT-nin 4-cü Komitəsinin (Xüsusi Siyasi və Dekolonizasiya Komitəsi) iclasında Fransanın müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun idarə heyəti üzvünün çıxışına dair şərhində yer alıb. Fransanın heç bir əsası olmayan iddiaları, neokolonist həvəsləri, müstəmləkəçilik arzuları ilə yaşamaqda davam etməsi iflasa məhkumdur. "Bu gün Fransanın öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə məsuliyyət daşımaq və tarixdən dərs çıxarmaq əvəzinə Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək geosiyasi rəqabət və özünün “Orientalizmə” söykənən müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda neo-kolonialist mənfur təcrübəsini tətbiq etməyə çalışması eyni dərəcədə təhlükəli və qəbuledilməzdir", - deyə məlumatda qeyd edilib.

ABŞ da təsdiqlədi: Türkiyədə gizli Qarabağ görüşü...

Dövlət Departamenti Azərbaycanın Qarabağda antiterror tədbirlərindən 2 gün əvvəl ABŞ, AB və Rusiya diplomatlarının Türkiyədə görüşməsi barədə mətbuatda dərc olunan məlumatı təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Departamentindən “Amerikanın səsi”nə verilən açıqlamada bildirilib. “Sentyabrın 17-də İstanbulda keçirilən görüşün məqsədi Qarabağda aktual humanitar ehtiyacların həlli olub. ABŞ mövcud vəziyyətə dərindən qarışmaqda davam edir və tərəflərə Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə kömək etmək öhdəliyi götürür”, - məlumatda qeyd olunub. Xatırladaq ki, “Politiko” nəşri İstanbulda 17 sentyabrda ABŞ, AB və Rusiyanın Qarabağla bağlı gizli görüş keçirdiyi haqda məlumat yaymışdı.

İlham Əliyev görüşdən niyə imtina etdi? - Şok təfərrüat

Xəbər verdiyimiz kimi, Azərbaycan lideri İlham Əliyev İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin növbəti iclasına qatılmaqdan imtina edib. Sozcu.az xəbər verir ki, Qranadada Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolt və AB Şurası Prezidenti Şarl Mişellə görüş gözlənilirdi. Hələ ötən gün AB-dən verilən açıqlamada görüşün dəqiqləşmədiyi, Şarl Mişelin tərəflərlə görüşün təşkili üçün danışıqları davam etdirdiyi, nəticənin bu gün bəlli olacağı açıqlanmışdı. Bu gün isə Prezident İlham Əliyevin görüşdən imtina etdiyi üzə çıxdı. Görüşdən imtinanın səbəbi nədir? Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, xüsusilə Fransa və Almaniya buna qarşı olub və onların israrı qəbul edilib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) antiazərbaycan ab-havası formalaşdığı şübhəsizdir. Xüsusilə Fransa və Almaniyanın Azərbaycana qarşı tutduğu son mövqe, o cümlədən Fransa XİN başçısının hazırda İrəvanda səfərdə olması və ölkəmizə qarşı ədalətsiz, regionda münasibətləri gərginləşdirməyə xidmət edən açıqlamaları görüşü mümkünsüz edib. Fransa XİN başçısının Ermənistanla hərbi əməkdaşlığın genişləndirilməsi, silah-sursat veriləcəyi haqda bəyanatı, AB Şurasının Prezidenti Şarl Mişelin belə dünən Azərbaycanı ittiham edən açıqlaması görüşün müqəddəratına təsir edib. Qeyd edək ki, Azərbaycan regiona müzakirələrdə region ölkələrinin, xüsusilə Türkiyənin iştirakında israrlıdır. Azərbaycanın bu mövqeyi region ölkələrinin maraqlarına tam cavab verir. çünki qeyri-region ölkələrinin bölgəyə hərbi-siyasi yerləşmə cəhdlərini artırması Cənubi Qafqazda münasibətləri gərginləşdirməklə yanaşı, destabilizasiya yaradır. Xatırladaq ki, Azərbaycan 2020-ci ilin 10 noyabr qələbəsindən sonra regional məsələlərin həlli üçün “3+3” formatını təklif edib. Hazırda İran da qəti şəkildə bu formatın tərəfdarı olduğunu Ermənistana bəyan edib. Təsadüfi deyil ki, İranda səfərdə olan Ermənistan TŞ katibi Armen Qriqoryana qeyri-region ölkələrinin regiona müdaxiləsinin yolverilməzliyi barədə xəbərdarlıq edilib və “3+3” formatlı platformanın vacibliyi vurğulanıb.axar

İlham Əliyev Qranada görüşündən imtina etdi

Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır.

Bakı Qalstyana vəzifə verib?

Azərbaycanın Sərkis Qalstyanı Xankəndidə patrul zabiti təyin etməsi barədə dünən yayılan məlumat doğru deyil. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Nəşr bildirib ki, Qalstyan qondarma “parlament”in deputatı David Qalstyanın əmisidir və separatçıların “təhsil nazirliyi”ndə işləyib. Araik Arutyunyanının “seçkiqabağı kampaniyası” zamanı Şuşa və Kərkicahandakı “qərargahlar”da “məsul” şəxs olub. Separatçıların keçmiş “prezident”i Bako Saakyanın onun “xaç atası” olduğu bildirilir. Saytın mənbələri bildirib ki, Qalstyan sentyabrın 28-də Samvel Şahramanyanın “əmri” ilə “prezident administrasiyası” rəhbərinin müavini təyin olunub. Qondarma “arsax”ın özünü buraxmasından sonra isə Qalstyan oradakı ən yüksək statuslu “məmur” olub. Qohumlarına bildirib ki, Azərbaycan hökuməti ona heç nə tapşırmayıb, o, sadəcə qondarma qurum özünü buraxana qədər “aparat rəhbərinin müavini” vəzifələrini icra edir.

Əliyevlə Paşinyanın görüşü dəqiq deyil, Mişel çalışır

Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında hələ də görüş təşkil etməyə çalışır. Sozcu.az xəbər verir ki, bu barədə AB-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib. “İndi görüş haqqında danışmaq tezdir. Sabah axşama qədər aydın olacaq”, - diplomat jurnalistlərin sualına cavabında deyib. Diplomatın sözlərinə görə, AB Bakı-İrəvan münasibətlərinin normallaşmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa Şurasının iştirakı ilə “2+3” formatında görüş təşkil etmək istəyir.

“Artıq heç bir sülhməramlı missiyasına ehtiyac yoxdur”

"Sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını bəyan etdi. Bundan əvvəl isə separatçı qurum silahları və hərbi texnikanı Azərbaycana təhvil verməyə başlamışdı və ardınca xunta rejiminin liderləri həbs olunaraq Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilib. Siyasi təhlilçilər “DQR”in süqutunu Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi qiymətləndirirlər və Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri qapandığını bildirir." Sozcu.az xəbər verir ki, bu sözləri musavat.com-a Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O bildirib ki, “DQR”-in özünü buraxmasını münaqişənin bitməsi kimi dəyərləndirmək olar: “Ancaq Rusiya sülhməramlılarının hələ bölgədə olması sonrakı proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmağa imkan vermir. Rusiya sülhməramlılarının mandadı 2025-ci ildə bitir. Mandatın taleyi ilə bağlı hələ ki, nə Rusiya, nə də Azərbaycan rəsmiləri öz mövqeyini açıqlayıb. Yalnız Türkiyə lideri Rəcəb Təyyub Ərdoğan bununla bağlı qəti mövqe ortaya qoyub və güman edilir ki, rəsmi Bakının da istəyi bu yöndədir”. S.Əsədli bölgədə rus sülhməramlılarının varlığının proseslərə müsbət təsir göstərmədiyinin şahidi olduğumuza da diqqət çəkib: “10 noyabr sazişindən keçən 3 il ərzində erməni separatçılarının bütün hərbi təxribatlarının, terror aktlarının arxasında məhz rus sülhməramlıları dururdu. Bu müddətdə Azərbaycan səbir və təmkin nümayiş etdirdi, lakin ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməzdi. Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri aktivləşib, Azərbaycan hərbçilərinə, hətta sivil insanlara qarşı terror aktı həyata keçirirdi. Bir sutkadan daha az bir zaman kəsiyində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları dövlətimizin qətiyyətinin göstəricisi idi. İndi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi həyata keçirilir. Bir sözlə, separatçıların mövcud olduğu boz zonada Azərbaycanın konstitusion quruluşunu bərpa etmək üçün tədbirlərə start verildi. Azərbaycan vətəndaşlığımızı qəbul edən erməni kökənli şəxslərin də təhlükəsizliyini təmin etmək gücündədir. Antiterror tədbirləri zamanı mülki vətəndaşların zərər görməməsi və Qarabağı tərk edən ermənilərə münasibətdə hər kəs bunun şahidi olub. Belə olan halda hansısa sülhməramlı missiyasına ehtiyac qalmır”.

BMT qətnamələrinin icrasını belə təmin etdik

Üç il əvvəl biz əsas hədəfimizə nail olduq, 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğalın, etnik təmizləmənin qurbanı olmuşuq. Bu, bizim xalqımız üçün böyük faciə idi və böyük humanitar fəlakət idi. Biz uzun illər ərzində çalışırdıq ki, münaqişəni dinc yolla həll edək və işğala dinc yolla son qoyaq. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında söyləyib. 28 il ərzində danışıqlar prosesinə güclü sadiqliyimizi nümayiş etdirdiyimizi, lakin üç il əvvəl BMT-nin Nizamnaməsinə uyun olaraq özünümüdafiə hüququndan istifadə etdiyimizi vurğulayan dövlətimizin başçısı bildirib: “Biz 3 il bundan əvvəl ərazilərimizi işğaldan azad etdik, işğala son qoyduq. Ötən ay isə bütün ölkə ərazisində suverenliyimizi tam bərpa etdik”. Prezident İlham Əliyev təəssüflə vurğulayıb ki, münaqişəyə son qoymalı olan o beynəlxalq təşkilatlar bu istiqamətdə heç bir nəticə əldə etmədilər. “BMT-nin dörd qətnaməsi Ermənistan qonşularının ərazimizdən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin bu qətnamələr 27 il kağız üzərində qaldı. Biz şəhidlər verərək bu qətnamələrin icrasını təmin etdik”, - deyə dövlətimizin başçısı bildirib.

Xankəndidə bu Nazirliyin və Xidmətin əməkdaşları işə başladı - RƏSMİ

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin (DMX), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası məlumat yayıb. Bildirilib ki, DMX əməkdaşları Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatına dair müraciətlərinin yerində qəbul edilməsi və bununla əlaqədar maarifləndirmə tədbirlərinin yerində təşkili, ƏƏSMN əməkdaşları isə sakinlərin sosial-humanitar ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı fəaliyyət göstərirlər. Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu DMX-nın əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş “polis” binasında aparılır. Həmçinin ilkin qeydiyyata dair müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi DMX tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal (reintegration.gov.az) vasitəsilə elektron həyata keçirilir. Dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında səmərəliliyin artırılmasına imkan yaradacaq.

BMT-nin missiyası Qarabağa gəlib

BMT-nin missiyası Qarabağa gəlib. Sozcu.az xəbər verir ki, missiyanın üzvləri səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə təşkilatın müxtəlif qurumlarının nümayəndələri daxildir. Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.