Prezident Qazaxıstanın baş nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bayramovla Mirzoyan görüşəcək – Paşinyan tarixi açıqladı

Gələn həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, görüş ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək.

Bayramov Londonda Britaniya səfiri ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramovu mühüm səfər çərçivəsində Londonda görməkdən məmnunam. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Tvitter hesabında bildirib. “Strateji dialoqumuz Böyük Britaniya-Azərbaycan münasibətlərini dərinləşdirir və diqqətimizi gələcək əməkdaşlığa yönəldir. Biz ölkələrimiz üçün əsas təhdidlər və onlarla mübarizə yolları barədə danışdıq”, - deyə diplomat qeyd edib.

Nikol: Bir də xəbər tutduq ki, Azərbaycan müdafiəni yardı

Şuşa ciddi əhəmiyyət kəsb edirdi və Şuşanın müdafiəsinin möhkəmləndirilməsi, təşkili ilə bağlı idi. Sonda lazım olan hər şeyin görüldüyü bildirildi. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı parlamentdə çıxışı zamanı deyib. “Həmin hazırlıq işlərindən qısa müddət sonra xəbər gəldi ki, bir qrup azərbaycanlı hərbçi Zarıslı kəndi ərazisində müdafiəmizi yararaq, Laçın-Xankəndi yolunu kəsib. Yəni faktiki olaraq Şuşa yolu bağlandı. Bu xəbəri mənə Qarabağın “prezidenti” çatdırdı, lakin Silahlı Qüvvələrin Baş Qərargahı bu məlumatı təsdiqləmədi. Yeri gəlmişkən, bu, müharibə illərində təxminən on dəfə təkrarlanan vəziyyət idi, Arutyunyan (Qarabağdakı separatçı-terrorçuların lideri – red.) xəbər verəndə baş katib xəbəri təsdiqləmədi, hətta təkzib etdi və bir müddət sonra etiraf etməli oldu ki, Arutyunyan düz deyirdi. Mahiyyət etibarı ilə Şuşanın tənəzzülü də bu andan başladı”, - o bildirib.

Prezident İsmayıl Hüseynova yüksək vəzifə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini general-leytenant İsmayıl Hüseynov vəzifəsindən azad edilib. Sozcu.az Unikal-a istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin birinci müavini vəzifəsinə gətirilib.

Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasına yollanacaq

Milli Məclisin deputatları - Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 18-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər. MM-dən Sozcu.az-a verilən xəbərə görə, AŞPA-nın yay sessiyasında Türkiyədə parlament və prezident seçkilərinin müşahidəsinin nəticələri, transmilli repressiyanın qanunun aliliyinə və insan hüquqlarına təhdidi, səhiyyədə sağlamlığa vahid yanaşma, miqrantların və qaçqınların sosial inteqrasiyası, rəqəmsal texnologiyalara bərabər çıxışın təşviqi və digər məsələlərə baxılacaq. Tədbirdə Böyük Britaniyanın insan hüquqları qanunvericiliyində islahatlar, Ukraynada vəziyyət, regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Yığıncaqda, habelə Avropa Şurasının 2024-2027-ci illər üçün büdcəsi və prioritetləri, Avropa Şurası Parlament Assambleyasının 2024-2025-ci illər üçün xərcləri barədə məruzələr, qurumun Büro və Daimi Komitəsinin fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək. Səfər iyunun 25-də başa çatacaq.

Ərəstun Oruclu: “ABŞ səfirliyinin xəbərdarlığı müharibə təhlükəsi ilə bağlıdır“

ABŞ-ın İrəvandakı səfirliyi Ermənistandakı Amerika vətəndaşlarına xəbərdarlıq edərək, bu ölkənin sərhədyanı rayonlarına, eləcə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfər etməməyə çağırıb.  Qeyd edək ki, ABŞ 44 günlük müharibədən az əvvəl də belə bir xəbərdarlıq etmişdi.  Bəs, bu xəbərdarlığın arxasında nə gizlənir? Məsələyə münasibət bildirən “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Demokrat.az-a açıqlamasında son günlər Azərbaycan-Ermənistan sərhəddində, Qarabağın dağlıq hissəsində, rus sülhməramlılarının nəzarətində olan ərazilərdə gərginlik müşahidə edildiyini bildirib.  O, deyib ki, bu baxımdan ABŞ-ın İrəvandakı səfirliyinin öz ölkəsindəki vətəndaşlarına belə bir xəbərdarlıq etməsi normal parktikadır: “Ermənistanda bunu az qala anti-Ermənistan bəyanatı kimi səsləndirirlər. Azərbaycanda isə bunu ölkəmizin diplomatik qələbəsi kimi təqdim etməyə çalışanlar var. Əslində, bu adi praktikadır.  Düzdür, bizim üçün burada həyəcan yaradan məqamlar var. Çox güman ki, amerikalılar belə bir açıqlamanı yaymaqla Azərbaycanla Ermənistan arasında müharibə təhlükəsinin olacağını nəzərdə tutur. Bu, hər iki tərəf üçün neqativ haldır. Çünki ilk növbədə bu, sülh prosesinə mane olacaq.  Ümumiyyətlə, hərbi qarşıdurma və müharibə başlayarsa, bu, bölgənin gələcəyini şübhə altına qoya bilər. Çünki bunun nəticəsində birmənalı şəkildə böyük güclərin bura müdaxilə imkanı ola bilər”. 

Paşinyan: “Yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək”

“Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək”. Sozcu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Nazirlər Kabinetinin iclasında bildirib.

Milli Məclisin iclası başladı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb. Sozcu.az xəbər verir ki, Sahibə Qafarovanın sədrli ilə keçirilən iclasın gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 4. “Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin 2022-ci il 9 dekabr tarixli 688-VIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi 5. “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında qanun layihəsi 6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) 7. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 8. “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 9. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 10. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 11. “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 12. “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 13. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

Prezident: Ermənistan rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!

Bu gün mən cənab Baş nazirə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində hazırda gedən danışıqlarla bağlı məlumat verdim. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib. “Bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!”, - dövlət başçısı əlavə edib.

İlham Əliyevlə Şahbaz Şərifin geniş tərkibdə görüşü başladı

İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin geniş tərkibdə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

"Laçın" postunda erməni təxribatı: XİN-dən reaksiya

15 iyun tarixində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş Ermənistan silahlı qüvvələrinin Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribatını qətiyyətlə pisləyirik. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır. Buraxılış məntəqəsindən erməni sakinlərin heç bir çətinlik olmadan sərbəst hərəkətini həzm edə bilməyən Ermənistanın bu hərbi təxribatı Ermənistanın Azərbaycanla münasibətlər qurmaqda və sülh prosesində maraqlı olmadığının bariz nümunəsidir. Ermənistanın bu kimi hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq və Ermənistan tərəfinin Azərbaycanın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına mane olmaq istiqamətində cəhdləri uğursuz olacaqdır. Beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkindirməyə çağırırıq.