Sosial mediadan ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri öyrənirəm. Sozcu.az xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Dövlət başçısı çıxışında sosial medianın və KİV-in əhəmiyyətindən danışıb: “Media ilə təməslarımda həmişə deyirdim ki, siz mənim gündəlik işlərimdə yardımçı olursunuz. Çünki hər bir Prezidentin bir-birinə bənzər fəaliyyəti var. Xüsusilə Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir. Bölgələrə səfər edirəm, insanlarla görüşürəm. Təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələri, mənə məruzə edilməmiş bəzi hadisələri, istər bürokratik manelər və ya bilərəkdən mənə məruz edilməyən məsələlər olur. Nəvələrim hətta mənə müəyyən məlumatları verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər. Mən özüm də sosial medianı izləyirəm. O, mənə çox yardımçı olur. Müəyyən şeylər var ki, məni də qıcıqlandırır. Digər bizim həmvətənlərimiz kimi, ədalətsizlik, bürokratiya və pis idarəçilik və digər mənfi hallar, əlbəttə, məni də qıcıqlandırır. Mənim diqqətimdən müəyyən məsələlər yayına bilər. Həm sosial media, həm ənənəvi KİV mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və dərhal ona reaksiya verim. Bir çox hallarda sizə deyə bilərəm ki, müəyyən dövlət məmurlarına reaksiya verilib. Hətta bir ağacın kəsilməsini mediadan bilmişəm və bu, məmurlarda da intizam yaradır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidənqurulması ilə bağlı görüləcək işlərlə tanış olub, Daşaltı kəndində özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub, 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və Şuşa şəhər 960 şagird yerlik 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
"Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıq". Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. Onun sözlərinə görə, nazirlik Müsavata 30 gün vaxt verib. "Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkralanıb. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir. Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifafə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib, həll edəcəyik. Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq", - deyə Arif Hacılı qeyd edib.
İyulun 18-də Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqlə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə Azərbaycanı bir sıra əsassız iddialarla təqsirləndirərək bölgədə sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirib. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib. Ermənistan xarici işlər nazirinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə, 30 ilə yaxın müddətdə işğal altında saxladığı, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyi Qarabağda yaşayan ermənilərin “hüquq və təhlükəsizliyini” bəhanə gətirərək sülh prosesinə müxtəlif iddialarla maneçilik törətməsi Ermənistan rəsmilərinin əsl niyyətlərindən xəbər verir. “Qarabağ əhalisi” dedikdə yalnız erməni sakinlərin hüquqlarının nəzərdə tutulması və bu torpaqlardan qovulmuş azərbaycanlı sakinlərin “hüquq və təhlükəsizliyinin” gözardı edilməsi qəbuledilməzdir. Azərbaycan erməni sakinlərlə dialoq təşəbbüsü ilə çıxış edən tərəfdir və Azərbaycanın bu xoşniyyətli addımlarına qarşılıq verilməsi vacibdir. Bununla yanaşı, Ermənistan tərəfinə aydın olmalıdır ki, Azərbaycan ölkədə yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyini bərabər şəkildə təmin edir və edəcək. Bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının nümunəsidir. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, bununla yanaşı, məntəqəyə qarşı hərbi təxribat törədilməsi, qaçaqmalçılıq cəhdlərinin edilməsi Ermənistanın beynəlxalq norma və prinsiplərə riayət etmək niyyətinin olmadığının göstəricisidir. Qeyd edilənlərlə yanaşı, Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlamaqla bütün sərhədləri pozan, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmayan Ermənistan tərəfinin dövlət sərhədində aydınlıq əldə edilməsi şərtini irəli sürməsi və bunun danışıqlar prosesində əsas amil olduğunu bildirməsi heç bir sağlam məntiqə sığmır. Azərbaycanın şərq bölgələrindən Naxçıvana maneəsiz nəqliyyat yollarının açılışı üzrə öhdəliyinə son üç ilə yaxın dönəmdə riayət etməyən Ermənistanın indi də nəqliyyat infrastrukturlarının açılmasını müxtəlif bəhanələrlə yubatması və şərtləndirməsi, bu ölkənin 30 ilə yaxın müddətdə özünütəcrid siyasətinin heç bir xeyir gətirmədiyini hələ də anlamadığını nümayiş etdirir. Ermənistan bölgədə sülh, sabitlik və təhlükəsizlikdə maraqlıdırsa, riyakarlıq və saxta manipulyasiyalara son qoymalı və sülh prosesinin uğurla nəticələnməsi üçün beynəlxalq hüquqi öhdəliklərinə əməl etməlidir.
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb. Bundan başqa, dövlət başçısı yeni qanunun qüvvəyə minməni ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb. Fərmana əsasən, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 12-ci maddəsinin səkkizinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi nəzərdə tutulur. Sənədə görə, Nazirlər Kabineti İnzibati Xətalar Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən daha 29 vətəndaş cəmiyyəti təşkilatı Birləşmiş Millətlər Təşkilatına (BMT) və beynəlxalq ictimaiyyətə müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosisteminə regional və qlobal təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilməsi tələb olunur (sübutlar və əsaslandırılmış faktlar əlavə olunur): "Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemin deqradasiyası ilə nəticələnib və bu, yalnız Ermənistanın ətraf mühiti üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan həm regionda, həm də ondan kənarda icmaların sağlamlığına və rifahına təhlükə törədərək transsərhəd təsir göstərir. Ermənistanın dağ-mədən sənayesində qeyri-şəffaf və hesabatlılığı olmayan istismar fəaliyyətinin geniş təsir dairəsində davamlı inkişaf üçün yaranmış təhlükə insanlara və ətraf mühitə zərər verir. Sənaye müəssisələrinin yüksək zəhərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Bu ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturlarına təsir göstərir. Bu tullantıların Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün onun suyundan istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaradır. İçməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır ki, bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər. Bu vəziyyət həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yarada bilər. Hazırda Ermənistan Avropa İttifaqından Şərq Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üzrə “EU4Environment” proqramı çərçivəsində qrantlar alır. Biz Avropa İttifaqına müraciət edirik ki, bu maliyyə vəsaitindən regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlərin icrası üçün deyil, təyinatı üzrə istifadə olunması təmin edilsin. Ermənistan BMT-in bir sıra konvensiyalarının, o cümlədən “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının, “Su və sağlamlıq haqqında” protokolunun, o cümlədən, BMT-nin “Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət” haqqında Bazel Konvensiyasının, “Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair” Konvensiyanın, “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası” Konvensiyasının (Espoo Konvensiyasının) tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur. Biz bilirik ki, Birləşmiş Millətlər Təşkilatı və aşağıda adları sadalanan beynəlxalq, regional qurumlar ekoloji problemlərin həllində mühüm rol oynayır və Ermənistanın yaratdığı ekoloji problemlərin həllində dəstək göstərə bilərlər. Biz inanırıq ki, BMT və digər qurumlar ekoloji problemləri həll etmək üçün təsirə məruz qalan ölkələr arasında diplomatik danışıqları və dialoqları asanlaşdıra bilər. Onlar qarşılıqlı faydalı həllərin tapılmasında dialoqu və əməkdaşlığı inkişaf etdirmək üçün vasitəçi kimi çıxış edə, həmçinin beynəlxalq QHT-ləri və region ölkələrindən (Gürcüstan və Azərbaycan QHT-ləri də daxil olmaqla) vətəndaş cəmiyyəti nümayəndələrini cəlb edərək zərərin dərəcəsini və potensial həll yollarını anlamaq üçün ətraf mühitin qiymətləndirilməsini həyata keçirməklə, texniki ekspertiza təklif edə bilərlər. Biz bu təşkilatlara müraciət edirik ki, Ermənistanı mövcud ekoloji konvensiyalara əməl etməyə çağırsınlar. Biz onlardan Ermənistandakı sənaye müəssisələrinin fəaliyyətini izləməklə, beynəlxalq ekoloji normalara riayət olunmasını təmin etmələrini xahiş edirik". Müraciət aşağıdakı beynəlxalq qurumlara göndərilib: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) BMT-in Qadın Agentliyi Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin insan hüquqları və ətraf mühit üzrə xüsusi məruzəçisi BMT-nin zəhərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi BMT-nin iqlim dəyişikliyi kontekstində insan hüquqlarının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi Avropa Komissiyası Avropa Şurası Avropa Parlamenti Avropa Ətraf Mühit Agentliyi Avropa Şurası Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) Qlobal Ətraf Mühit Fondu (GEF) “Friends of Earth” təşkilatı İnsan Hüquqları Təşəbbüsü Birliyi (CHRI) “Greenpeace” təşkilatı. Sübutlar və faktlar: Ermənistan Qafan dağ-mədən kompleksinin fəaliyyəti nəticəsində yaranan, tərkibində ağır metallar olan mədən tullantılarının transsərhəd çayları olan Oxçuçay və Araz çaylarına axıdılmasına göz yumur. 270 milyon kvadratmetr ərazini əhatə edən və mədən tullantıları hovuzu kimi istifadə olunan Artsevanik su anbarı bütün region üçün ciddi təhlükə yaradır. Ermənistanın Qafan mədən kompleksi daxilində 4,6 milyon kvadratmetr ərazini əhatə edən Qutqum (Qeqanuş) mədən tullantıları yatağı region üçün ciddi təhlükə yaradır. Əkərək (Aqarak) Mis-Molibden kombinatının tərkibində ağır metallar olan mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayında çirklənmə problemini daha da artırır. İldə təxminən 10.000 unsiya qızılın emal edildiyi Göyçə (Sevan) Daşdəm Qızıl Mədənində davam edən əməliyyatlar davamlı çirklənməyə səbəb olub və zəhərli çirkab suları yaxınlıqdakı çayları, o cümlədən Bərgüşad (Vorotan) çayını çirkləndirib. Bərgüşad çayı da öz növbəsində transsərhəd Araz çayına tökülür. Ermənistanın Lori bölgəsində Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun hasil edir ki, bu da yaxınlıqdakı Tona (Debed) çayının çirklənməsinə səbəb olur. Tona çayı daha sonra Kür çayına tökülür. Axtala mədəni 2017-ci ildə Ermənistanın vətəndaş cəmiyyəti, ekoloji fəallarının təzyiqlərinə nəticəsində hökumət tərəfindən ekoloji narahatlıqlara görə bağlanıb, lakin təəssüf ki, o, 2020-ci ildə istismarı bərpa edilib. İldə təxminən 1,5 milyon ton filiz hasilatı ilə manqan filizi, manqan dioksidi və digər manqan məhsullarının istehsalına cavabdeh olan Qafan Manqan Zavodu Cənubi Qafqaz regionu üçün mühüm içməli su mənbəyi kimi istifadə olunan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir. Bu çirkləndiricilər müxtəlif sağlamlıq problemlərinə, o cümlədən tənəffüs problemləri, nevroloji xəstəliklər və xərçəngə səbəb olur. Mis, sink və qurğuşun istehsalı ilə məşğul olan Ellər (Qotayq) metallurgiya zavodu mühüm içməli su mənbəyi olan Arpaçayın mis, qurğuşun və kadmium kimi ağır metallarla çirkləndirilməsinə səbəb olur. Bu, ilk növbədə kükürd dioksidi, azot oksidləri və hissəciklərinin daxil olduğu havanın ciddi şəkildə çirklənməsi ilə insan sağlamlığına zərərli təsir göstərir. İldə təqribən 100 min ton mis emal edən Göyçə (Geqarkunik) Mis Əritmə Zavodu atmosferə əhəmiyyətli miqdarda kükürd qazı və digər çirkləndiricilər buraxır. Bu, havanın çirklənməsinə və turşulu yağışların yaranmasına səbəb olur. Ellər zavodu kimi Göyçə Mis Əritmə Zavodunun da tullantı suları əsas içməli su mənbəyi olan Arpaçaya axıdılır. Nəticədə, Arpaçayın daşıdığı çirkləndiricilər sonda Araz çayına çatır. Azərbaycan Respublikası ilə Ermənistanın sərhəddində - Arazdəyən (Yerasx) adlı ərazidə həyata keçirilən nəhəng metallurgiya zavodunun tikintisi dayandırılmalıdır. Bu zavodun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsiri böyük olacaqdır. İçməli su təchizatının bu cür çirklənməsi sərhədyanı ərazilərdə yoluxucu xəstəliklərin yayılma riskini artırır, həm Azərbaycana, həm də Ermənistana təsir edən əhəmiyyətli ictimai səhiyyə böhranı yarada bilər. Amuldağ (Amulsar) qızıl yatağında aparılan əməliyyatlar nəticəsində tərkibində ağır metallar olan mədən tullantıları Qafqaz dağlarında eroziya prosesini xeyli sürətləndirir. Yatağın tullantıları Bərgüşad (Vorotan) və Həkəri çayları vasitəsilə Araz çayına axıdılır. Yataq həm də Azərbaycan ərazisindən keçən Arpaçay və Bazarçay çayları arasındakı ərazidə yerləşir. Bu sənaye tullantıları son nəticədə Araz çayı ilə birləşən Kür çayı vasitəsilə Xəzər dənizi hövzəsi üçün ciddi təhlükə yaradır. Nəticədə təkcə Azərbaycana deyil, İrana və digər Xəzəryanı ölkələrə də böyük ekoloji ziyan vurur. Yuxarıda qeyd olunan sənaye müəssisələrinin çirkab suları suda yaşayan canlılar aləminə mənfi təsir göstərir, həm ekosistem, həm də insanlar üçün ciddi təhlükə yaradır. Ermənistanda dağ-mədən sənayesi ekoloji norma və standartların əksəriyyətini, habelə BMT Konvensiyalarını pozur, o cümlədən: 1. BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası - 17 mart 1992-ci ildə qəbul edilmiş Helsinki Konvensiyası ümumi su obyektlərin, beynəlxalq göllərin mühafizəsi və istifadəsinə yönəlmişdir. Konvensiya qəbul edir ki, insan fəaliyyəti nəticəsində transsərhəd sularda baş verən dəyişikliklər ətraf mühitə hər hansı əhəmiyyətli mənfi təsir etdiyi zaman tərəflər danışıqlar aparmalıdır. Bununla belə, Ermənistan transsərhəd su axarlarına ekoloji ziyan vurmaqla, bu Konvensiyanın qaydalarını və prinsiplərini pozur; 2. BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasının tərkib hissəsi olan “Su və sağlamlıq haqqında” protokol su ekosistemlərinin qorunmasına, su ilə əlaqəli xəstəliklərin qarşısının alınmasına, onlara nəzarət edilməsinə və təsirlərin azaldılmasına xüsusi diqqət yetirir. Konvensiyanın məqsədlərinə nail olmaq üçün protokolda iştirak edən tərəflər içməli suyun keyfiyyəti, axıdılma keyfiyyəti, su təchizatı və tullantı sularının təmizlənməsi sistemlərinin səmərəliliyi üçün milli və yerli hədəfləri müəyyən etməlidir. Protokolu imzalayan tərəf kimi Ermənistan transsərhəd su axarlarına və göllərə ziyan vuran mədən əməliyyatları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir; 3. BMT-nin Avropa İqtisadi Komissiyası təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət haqqında Bazel Konvensiyasının əsas məqsədi insan sağlamlığını və ətraf mühiti təhlükəli tullantıların mənfi təsirlərindən qorumaqdır. Konvensiyaya imza atan Ermənistan yuxarıda qeyd olunan dağ-mədən sənayesinin təhlükəli tullantıları ilə ətraf mühitə zərər vuraraq konvensiyanın tələblərinə əməl etmir; 4. Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair BMT Konvensiyası havanın çirklənməsi siyasətinin beynəlxalq koordinasiyasına dair çərçivə təmin edir. Konvensiyanın və onun protokollarının ratifikasiyası və həyata keçirilməsi bir çox tərəflər üçün sağlamlıq və ətraf mühitə təsirləri birtərəfli tədbirlərlə daha səmərəli şəkildə azaltmaq məqsədi daşıyır. Ermənistan indiyədək apardığı mədən sənayesi işləri ilə bağlı atmosferin uzunmüddətli çirkləndirilməsi ilə əlaqədar danışıqların aparılması üçün təşəbbüs göstərməmişdir; 5. BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası (Espo Konvensiyası) da Ermənistan tərəfindən pozulan sənədlərdən biridir. Espo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığını etiraf edir və bu məsələlərin transsərhəd bir neçə dövlətə təsir etdiyi halda, beynəlxalq danışıqların zəruriliyini vurğulayır. Azərbaycan tərəfinin qarşılıqlı razılaşması olmadan Ermənistan tərəfindən sərhəddə aparılan tikinti işləri transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci il Espo Konvensiyasının açıq şəkildə pozulmasıdır; 6. Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, xüsusən də “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz Su və Sanitariya” üzrə 6-cı, “Məsuliyyətli İstehsal və İstehlak” üzrə 12-ci, “İqlim dəyişikliyinin nəticələri ilə mübarizə” üzrə 13-cü və “Yer Ekosisteminin Mühafizəsi” mövzusunda 15-ci hədəflərin də əleyhinə çıxır; 7. BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri mədən sənayesi də daxil olmaqla biznesdə məsuliyyətli davranışı təşviq etmək üçün çərçivə müəyyən edir. Bu prinsiplər şirkətlərin insan hüquqlarını qorumaq, ətraf mühitə mənfi təsirlərin qarşısını almaq və təsirə məruz qalmış icmalarla şəffaf, inklüziv şəkildə ünsiyyət qurmaq ehtiyacını vurğulayır. Biz həmçinin şirkətləri yuxarıda qeyd olunan riskləri qəbul etməyə və ətraf mühitə böyük mənfi təsirləri olan dağ-mədən sənayesinə dəstəyini dayandırmağa çağırırıq; 8. Orhus Konvensiyası ətraf mühit məsələlərində informasiyaya çıxışın, ictimaiyyətin iştirakının və ədalətin təmin edilməsində mühüm rol oynayır. Bu Konvensiyanı imzalayan Ermənistan zərər çəkmiş regionun əhalisinin mədən fəaliyyəti, qərarların qəbulu proseslərində iştirakı və ətraf mühitə dəyən zərərin aradan qaldırılması yolları haqqında məlumat əldə etməsini təmin etməklə, öz öhdəliklərini yerinə yetirməlidir. Biz beynəlxalq norma və prinsiplərin pozulmasını nəzərə alaraq, BMT və digər beynəlxalq, regional təşkilatları Ermənistanın davam edən ekoloji pozuntularına son qoymağı təmin etməyə, yuxarıda sadalanan ekoloji fəlakətlərə adekvat reaksiya verməyə çağırırıq.
Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxsin ölmüş elan edilməsinə dair yeni prosedur müəyyənləşib. Sozcu.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib. Dəyişikliyə əsasən məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən 6 aydan tez olmayaraq ölmüş elan edə bilər. Qanunun indiyə qədərki variantında isə qeyd edilirdi ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı 2 il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.
Medianın İnkişafı Agentliyi "Gündəm Xəbər" qəzeti tərəfindən məhkəməyə verilib. Bu barədə Sozcu.az saytına "Gündəm Xəbər" qəzetinin təsisçisi Şirin Cəfəri məlumat verib. Şirin Cəfəri bildirib ki, bu gün saat 12:15-də Bakı İnzibati Məhkəməsində "Gündəm Xəbər'' qəzeti redaksiyası Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, cavabdeh Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə qarşı iddia tələbinin dəqiqləşdirilməsi və öhdəliyin götülməsi ilə bağlı növbəti məhkəmə proses keçrilib. Buna səbəb Gundemxeber.az" onlayn media redaksiyasının Media reyestrinə daxil edilməsindən qanunsuz imtina edilməsidir. Şirin Cəfəri bildirib ki, keçrilən məhkəmə prosesində iddia ərizəsi hakim Tural Məlikova təqdim olundu və icraata götürüldü. Növbəti məhkəmə prosesinin 31 avqust 2023-cü il tarixdə keçiriləcəyi elan olunub.
2023-cü ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli bildirib. O qeyd edib ki, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib. "Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar", - deyə deputat vurğulayıb. Onun sözlərinə görə, referendum konstitusion islahatlarla bağlı olacaq. Belə ki, referendumla icra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq: "Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Gördüyünüz kimi, bu təsisat indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə, yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır". Erkin Qədirli sosial şəbəkə hesabında yazıb ki, seçki sistemində önəmli dəyişikliyin olacağı - proporsional seçkinin bərpası gözlənilir. "1995-2002 illərdə proporsional seçki olub bizdə. Milli Məclisin 125 deputatının 25-i proporsional qaydada seçilirdi. 2002-də keçirilmiş referendumda onu ləğv etdilər. İndi yenidən qaytarılacağı söhbəti vardır", - o parlamentari əlavə edib. Deputatın sözlərinə görə, parlamentin ikiotaqlı ola biləcəyi istisna olunmur: "Əslində, güclü Prezident hakimiyyəti olan bir ölkədə birotaqlı parlament yetərli deyil, onun zəif olacağı öncədən bilinir. Bunun isə siyasi riskləri vardır. İkiotaqlı parlamentlərdə yuxarı otaq xalqın seçdiyi güclü aşağı otaqla xalqın seçdiyi Prezident arasında bir bufer (arakəsmə) rolunu oynayır. Bu yazını çox uzatmamaq üçün, bunun da izahını ayrıca bir yazıda vermək gərəkdir". Erkin Qədirli onu da qeyd edib ki, indiki konstitusiyaya görə Nazirlər Kabinetinin özünəməxsus heç bir səlahiyyəti yoxdur: "Konstitusiyada yazıldığı kimi, Nazirlər Kabineti Prezidentin yanında yüksək icra orqanıdır. Yəni, Nazirlər Kabinetinin bütün səlahiyyətləri, əslində, Prezidentidir. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir, ona görə də o, hökumət ola bilmir. Nazirlər Kabinetini saxlamaq niyyəti varsa, onu Prezidentdən ayırıb parlamentə tabe elətdirmək gərəkdir (Fransa örnəyi). Elə bir niyyət yoxdursa, onda onu ləğv etmək lazımdır (ABŞ örnəyi)".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəlib. Sozcu.az xəbər verir ki, dövlət başçısının Brüsseldə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə görüşü başlayıb. Qeyd edək ki, sabah Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.
İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə AB Şurasının Mətbuat xidməti məlumat yayıb. Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşü yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) planlaşdırılır. Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.
Milli Məclis Slovakiyada səfirlik açılmasını təsdiq edib. Sozcu.az xəbər verir ki, parlamentin növbədənkənkənar sessiyasını bu gün keçirilən “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb. Səfirliyin açılmasının iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcəyi qeyd edilib. Müakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib. Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin noyabr ayının 23-də qurulub. İndiyə qədər Azərbaycanın Avstriyadakı səfirliyi həmçinin Slovakiyada da fəaliyyət göstərir. Bundan başqa Slovakiayada Azərbaycanın Konsulluğu var.