Elvin Mahmudzadə azadlığa buraxıldı

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə azadlığa buraxılıb. Qafqazinfo xəbər verir ki, o, zərərçəkmiş şəxslərə dəymiş 72 min manat məbləğində ziyanı tam ödəyib, barışıq əldə olunub. Qeyd edək ki, E. Mahmudzadə qazilər üçün ayrılmış 72 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi. Ötən ay birlik sədrinə qarşı qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Kəmaləddin Heydərov bu şəxsə yeni vəzifə verdi

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə yeni rəis müavini təyin edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, daxili xidmət mayoru Bağırov Orxan Etibar oğlu FHN-in Muğan Regional Mərkəzinə rəis təyin edilib. Bu vəzifəyə qədər Orxan Bağırov Bakı Regional Mərkəzində şöbə rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, uzun illər sözügedən mərkəzin rəhbəri Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğlu, polkovnik Mehman Axundov olub. Mehman Axundov bu ilin yanvar ayında öz istəyi ilə təqaüdə göndərilib, yerinə Vüqar Qüdrət oğlu Ağayev təyin edilib. Onun rəis olduğu dövür ərzində mərkəzdə rəis müavini vəzifəsi boş qalıb.

Özbəkistan Prezidenti avqustda Azərbaycana səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustda Azərbaycana səfəri gözlənilir. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masada BMTM-nin rəhbəri Fərid Şəfiyev deyib. F.Şəfiyev Özbəkistana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib: “Azərbaycan işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində Özbəkistanın dəstəyini hiss edir”. Ş.Mirziyoyevin səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılışının olacağı gözlənilir.

Müsavat siyasi məhbusların azad edilməsini tələb etdi- Divanın gündəliyi

Avqustun 7-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib, müvafiq tapşırıqlar verilib. Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.  Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi olaraq tanıdıqdan sonra Rusiya Xarici İşlər Nazirliyinin bu mövzuda rəsmi Yerevana münasibətdə təhrikedici açıqlamaları pislənilib.  Azərbaycanda siyasi məhbusların sayının getdikcə artmasından narahatlıq ifadə edilib, onların azad edilməsi bir daha tələb olunub.  Ukraynada gedən müharibə ilə bağlı Türkiyənin vasitəçilik missiyası və digər proseslərlə bağlı fikir mübadiləsi aparılıb.  Sonda cari məsələlər müzakirə olunub.

Hakan Fidan Ermənistanla normallaşma prosesindən DANIŞDI

Cənubi Qafqazda normallaşma prosesi sürətlənib. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nın açılış mərasimində deyib. “Cənubi Qafqazda sabitlik, rifah və təhlükəsizliyin təminatı üçün Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılma prosesinin paralel olaraq irəliləməsi vacibdir”, - nazir bildirib. Onun sözlərinə görə, regionda sabitliyin təmin olunmasında koordinasiyalı fəaliyyət önəmlidir.  “Cənubi Qafqazda sabitliyin formalaşması üçün çalışırıq” - XİN başçısı əlavə edib.

“Azalternativenerji” ləğv edilib

Prezident İlham Əliyev Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində olan “Azalternativenerji” MMC-nin ləğvi, bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə özəl sektorun cəlb edilməsi və “Alternativ və bərpa olunan enerji sahəsində əlavə tədbirlər haqqında” 1 fevral 2013-cü il tarixli fərmanında dəyişiklik edib. Sozcu.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, “Azalternativenerji”nin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorlarla hesablaşmalar aparılmaqla ləğv edilməsi prosesi başa çatdıqdan sonra, qalan əmlak özəlləşdirməyə açıq elan ediləcək. Bunun üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, dövlət başçısının 10 avqust 2000-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “ADövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq İqtisadiyyat Nazirliyi qəbul edəcək. Özəlləşdirmədə yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə veriləcək.

Prezident yeni icra başçısı təyn etdi

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Müsavatın yeni başqanı kim olacaq? - Qurultaya hazırlıq başladı

Müsavat Partiyasının Qurultayı yaxın zamanlarda keçiriləcək. Partiyanın Nizamnaməsinə uyğun olaraq növbəti qurultay keçirilməlidir.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. G. Aslanlı bildirib ki, partiyanın ötən məclisində Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və rayon təşkilatlarının nümayəndəlikləri seçildikdən sonra Qurultayın vaxtı haqqında Müsavat Partiyanın Məclisi, yaxud Divanı qərar verə bilər. Müsavat funksioneri partiyanın hazırkı başqanı Arif Hacılının növbəti qurultayda yenidən başqanlığa namizədliyini irəli sürmək hüququnun olmadığını qeyd edib: “Nizamnaməyə uyğun olaraq Arif Hacılı artıq üçüncü dəfə namizədliyini irəli sürə bilməz. Amma kimlərin namizəd ola biləcəyi haqqında indidən fikri söyləmək xeyli çətindir, lakin Arif Hacılıdan başqa Müsavat Partiyasının istənilən üzvünün yeni qurultayda öz namizədliyini irəli sürmək hüququ var”.  G. Aslanlı İsa Qəmbərin yenidən Müsavat başqanlığına namizəd olacağı haqda xəbərləri şərh edərək bildirib ki, kimin namizəd olacağını indidən söyləmək mümkün deyil: “Rayon təşkilatlarında yığıncaqlar keçirildikdən sonra qurultay olacaq. Partiya üzvlərinə vaxt verilir ki, onlar öz namizədlərini irəli sürə bilsinlər. Onda artıq kimlərin namizəd olacağını deyə bilərik”. Xatırladaq ki, mediada gedən məlumatlara görə, 28 sentyabr 2014-cü ildən partiyaya rəhbərlik edən Arif Hacılının sədr vəzifəsindən getməsindən sonra Müsavatın başına yenidən İsa Qəmbərin keçəcəyi iddia olunur. Müsavat liderinin aktiv siyasətə qayıdacağı ilə bağlı son zamanlar bir sıra siqnallar da partiya rəsmiləri tərəfindən verilib.

Blinkenin müşaviri Azərbaycana NİYƏ GƏLİR...

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Vaşinqtonun sülh prosesinə dəstəyini, davamlı sülhə nail olmağın yollarını müzakirə etmək üçün bu həftə regiona səfər edəcək. Bunu Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfirlikdən bildirilib ki, L.Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır. “Hər iki ölkənin rəsmiləri ilə görüş olacaq. Görüşlərdə Qarabağ əhalisi üçün humanitar şərait, hüquq və təhlükəsizlik məsələlərini müzakirə ediləcək. Biz ardıcıl olaraq qeyd etmişik ki, regionda sülh bu müdafiələri əhatə etməlidir. Bir daha bildiririk ki, Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq”, - məlumatda qeyd olunub. Xatırladaq ki, L.Bono sonuncu dəfə regionda may ayında olub. O, Bakıda və İrəvanda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair müzakirələr aparıb.

Bunun yaxın aylarda baş verəcəyinə ümidvaram

Laçın-Xankəndi yolundakı vəziyyət biz aprel ayının 23-də sərhəd-buraxılış məntəqəsi yaradanda yerində dəyişdi. O vaxta kimi bizim sülh razılaşmasına gəlmək üçün iki il yarım vaxtımız var idi. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib. Yeganə əngəlin Ermənistanın rəsmi surətdə Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanımaq istəməməsi olduğunu qeyd edən dövlət başçısı bildirib: “Bəli, onlar bunu bəyanatlarla, şifahi bəyanatlarla edirdilər. Bu da mövqeyin ifadə edilməsinin bir yolu idi, lakin onlar sənədə imza atmalı idilər. Odur ki, mən bu iki məsələnin bir-biri ilə bağlı olduğunu düşünmürəm. Çünki Ermənistanla aparılan sülh danışıqlarının uğurlu bir ssenari ilə yekunlaşacağına ümid edirəm və bunun yaxın aylarda baş verəcəyinə ümidvaram”.

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verdi

İyulun 23-də saxlanılan Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb. Sozcu.az xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin verdiyi vəsatət təmin olunmayıb. Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsində Qubad İbadoğlu barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və o, təqsirləndirilən şəxs qismində cəlb edilib.

Sürət Hüseynovun ölüm xəbəri yayıldı

AXC-Müsavat hakimiyyətinin devrilməsinin səbəbkarlarından biri olan "qiyamçı polkovnik"   Sürət Hüseynovun vəfat etməsi bağlı məlumat daxil olub.  Sozcu.az saytına daxil olan məlumata görə, bu gecə Sürət Hüseynov kəskin miyakard xəstəliyindən dünyasını dəyişib.