Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxmaq niyyətindədir. Sozcu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CBC Nyus”a müsahibəsində deyib. O bildirib ki, Azərbaycan Qarabağın erməni sakinlərinin ərazidə qalmağını istəyir: "Azərbaycanın onları təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək istiqamətində hərtərəfli planı var. Ancaq istəyəcəkləri təqdirdə ərazini tərk etməkdə də sərbəstdirlər. Azərbaycanın Qarabağdakı erməni sakinləri oranı tərk etməyə məcbur etmək kimi bir planı olmayıb və hazırda da yoxdur. Əksinə, Azərbaycan Qarabağda qaldıqları təqdirdə onların təhlükəsizliyə tam zəmanət verdiyini bildirib. Biz onların qalmağını istərdik. Azərbaycan onlara təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışlara davam edir. Amma biz ermənilərin hərəkət sərbəstliyini də dayandıra bilmərik. Bu, ərazidəki hər kəsin suveren və şəxsi seçimidir”. H.Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın qondarma məsələ ilə bağlı bəyanatını şərh edərkən “etnik təmizləmə” ifadəsi istifadə etməsi ittihamını “təhqir” adlandırıb: “Təəssüf ki, dezinformasiya elementlərinin çox olduğunu görürük. Azərbaycan heç vaxt etnik təmizləmə həyata keçirməyib və keçirməz, ərazidə mülki insanlara qarşı güc tətbiq etmək kimi bir vəziyyət yoxdur”. Prezidentin höməkçisi bildirib ki, Azərbaycan hökuməti avtomobili olmayan erməni sakinlərin kömək istəməsindən sonra Xankəndiyə avtobuslar göndərib: “Lakin insanlar avtobuslara minməyə məcbur edilmirlər. Azərbaycan əlindən gələni edəcək və elə bir yol təşkil edəcək ki, mülki insanlar təhlükəsiz şəkildə seçdikləri istiqamətə gedə bilsinlər”. H.Hacıyev vurğulayıb ki, Azərbaycan bir neçə gün ərzində BMT-nin beynəlxalq ekspert qrupunu mediaya çıxış potensialı ilə birlikdə əraziyə buraxmaq niyyətindədir.
12:53 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda olub. Dövlətimizin başçısı Alıbəyli kəndinin təməlini qoyub. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Alıbəyli kəndi barədə məlumat verdi. Alıbəyli kəndi Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilir. Kəndin mövcud məskunlaşma ərazisi 103,5 hektar sahəni əhatə edir. Layihələndirilən ərazinin sahəsi isə 170,3 hektardır. Bildirildi ki, Alıbəyli kəndində 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır. Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq. Qeyd olundu ki, Alıbəyli kəndində əhali üçün tələbata uyğun ümumilikdə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası inşa olunacaq. Üçmərtəbəli məktəbin ərazisində həm şagirdlər, həm də əhali üçün qaçış zolağı olan geniş idman meydançasının yaradılması nəzərdə tutulur. Kənddə məskunlaşacaq əhali üçün ümumilikdə 160 yerlik iki uşaq bağçası da inşa olunacaq. Əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdirilib. Sonra Alıbəyli kəndinin inkişaf planı barədə videoçarx nümayiş etdirildi. Prezident İlham Əliyev Alıbəyli kəndinin təməlini qoydu. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib. Dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verilib. Bildirildi ki, ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur. Məlumat verilib ki, Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib. Kompleksin tikintisinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq olunub. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının da fəal iştirakı ilə tikinti işləri yüksək keyfiyyətdə və standartlara uyğun şəkildə aparılıb. Kompleksin ərazisində yaşıllıq zonaları, yerüstü parklanma sahəsi mövcuddur. Mərkəzin binasının dam hissəsində günəş panelləri yerləşdirilib. Gələcəkdə bu mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib. “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə yeni “yaşıl enerji” potensialının yaradılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2022-ci ilin payız aylarında “AzərEnerji” ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan su elektrik stansiyaları (SES) silsiləsinin tikintisinə başlanılıb. Artıq “Sarıqışlaq”, “Şayıflı” və “Zəngilan” SES-lərdə işlər yekunlaşmaqdadır, “Cahangirbəyli” SES-də isə işlər tamamlanıb. Bildirildi ki, “Cahangirbəyli” SES üçün tikilən maşın zalında 5,25 meqavat gücündə Avropa istehsalı olan yaşıl sertifikatlı frensis tipli iki eko-turbin, generatorlar, məsafədən idarəedilən rəqəmsal avadanlıqlar quraşdırılıb. Stansiyada il ərzində 30 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək. Prezident İlham Əliyevin cari ilin mayında tikintisinə baxış keçirdiyi bu 4 stansiyadan ibarət 42 meqavatlıq “Zəngilan” Su Elektrik Stansiyalar Silsiləsi işğaldan azad edilən ərazilərdə tamamilə yeni inşa edilən ilk ən böyük enerji istehsalı layihəsidir. Bu layihə rekord müddətdə - cəmi bir ilə ərsəyə gəlib. İndiyədək nə Azərbaycanda, nə də digər yerlərdə bu sayda, bu gücdə və bu müddətdə SES-lərin tikilməsi faktına rast gəlinməyib. Bu dörd stansiyanı su ilə təmin etmək üçün “AzərEnerji” tərəfindən dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Eni 450, uzunluğu 250 metr olan qurğunun su tutumu 400-450 min kubmetrə bərabərdir. Bu qurğunun yaradılması enerji istehsalından əlavə, kənd təsərrüfatı və ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Baş suqəbuledicinin tikilməsi 30 il müddətində çirklənən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə də yardım edəcək. Baş suqəbuledicidən çayın suyunun 35 faizi məcrasında saxlanılmaqla 23 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib. Borudan çıxan su təkrar çaya buraxılır. “Cahangirbəyli” SES-in ətrafında 8 mindən çox ağac əkilib. Dövlətimizin başçısı “Cahangirbəyli” Su Elektrik Stansiyasını işə saldı. Qeyd edək ki, Oxçuçay üzərindəki SES-lərin tikilməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinin təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının, media və qeyri-hökumət təşkilatlarının iştirakı ilə açıq ictimai dinləmələr keçirilib və layihəyə yüksək qiymət verilib. İşğaldan azad edilən ərazilərdə bolsulu çaylar üzərində “AzərEnerji” tərəfindən tikilən və gələcəkdə inşa olunacaq 370 meqavat gücündə SES-lər say və güc baxımından ölkənin digər yerlərində fəaliyyət göstərən azsulu çayların üzərində yerləşən 1060 meqavat gücündə böyük SES-lərdən üç dəfə az olmasına baxmayaraq, daha çox enerji istehsal edəcək. Çünki əsasən Azərbaycan ərazisində formalaşan bolsulu və iti axan dağ çayları üzərində tikilən yeni stansiyalar ölkənin digər yerlərindəki stansiyalardan fərqli olaraq, suyun azalan vaxtı da məhsuldar işləyir. Belə ki, avqust-sentyabr aylarında istehsal həcmi 25-30 faizə düşsə də, aprel-may aylarında 80 faizdən yuxarı olur və ilin bütün fəsillərində orta hesabla 40-42 faiz güclə çalışır. Digər yerlərdə isə bu göstərici 10-12 faizdir. Beləliklə, işğaldan azad edilən ərazilərdə tam yeni tikilən 4 stansiyadan ibarət “Zəngilan” su elektrik stansiyaları silsiləsində il ərzində 130 milyon kilovat-saatdan artıq “yaşıl enerji” istehsal ediləcək. Bu da alternativ enerji mənbələrinə keçiddə çox böyük rol oynamaqla, Prezident İlham Əliyevin regionu “Yaşıl enerji” zonasına çevirməklə bağlı tapşırığının icrasına mühüm töhfədir. Silsilə SES layihəsi regionun enerji və iqtisadi inkişafına töhfə verməklə bərabər, əhalinin məşğulluğu baxımından da əhəmiyyətlidir. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda Zəngilan kəndinin təməlini qoyub. Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi. Bildirildi ki, Zəngilan kənd inzibati ərazisinə daxil olan bu kənd şəhər mərkəzindən 3,1 kilometr məsafədə, Oxçu çayın sahilində, Zəngilan-Mincivan yolunun üzərində düzənlik ərazidə yerləşir. Baş plana əsasən, Zəngilan kəndi İçəri Müşlan və Məlikli kəndləri ilə birlikdə layihələndirilib. Kəndin layihələndirilən ümumi ərazi 111,3 hektardır. Zəngilan kəndində 1631 sakin üçün 306 fərdi evin və 102 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin tikilməsi nəzərdə tutulur. Birinci mərhələdə Zəngilan kəndinə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı və qonaq evinin tikintisi planlaşdırılıb. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Bu kənddə də əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdiriləcək. Zəngilan kəndində 294 şagird yerlik tam orta məktəb, 60 və 40 yerlik iki uşaq bağçası da inşa olunacaq. Dövlətimizin başçısı kəndin inkişaf planından bəhs edən videoçarxa baxdı. Prezident İlham Əliyev Zəngilan kəndinin təməlini qoydu. *** Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub. Sonra dövlət başçısı Zəngilan şəhərində üçüncü, dördüncü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub.
“Hazırda bölgədəki bütün proseslər Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarının nəzarəti altındadır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib. Müsahibimiz qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanın ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən həbs edilməsindən sonra digər separatçı xunta üzvlərinin həbsi ilə bağlı sosial şəbəkələrdə və ictimaiyyətdə yaranan tələb və fikirlərə münasibət bildirib. Xatırladaq ki, Ermənistanın “Hraparak” nəşri bugünkü məqaləsində tanınmamış “DQR” “rəhbərləri”nin hazırda Xankəndidə olduğunu yazmışdı. Məlumata görə, qondarma rejimin sabiq “prezident”ləri Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, habelə “dövlət məmurları” və “hərbçilər” Xankəndidə qalmaqda davam edir. Öz növbəsində, E. Məmmədov söyləyib ki, Azərbaycan polisi artıq Xankəndi və ətraf ərazilərdədir: “Həmçinin DTX öz üzərinə düşən işləri bu sahədə yüksək səviyyədə yerinə yetirir. Buna görə də qətiyyən narahatlıq keçirməyə dəyməz ki, kimsə cəzadan yayınacaq. Ermənilər bir az həlləm-qəlləm millət olduqları üçün ola bilər ki, bir neçə pasportları olsun, yaxud görkəmlərini dəyişib cürbəcür imiclərə girə bilərlər. Bəlkə də başqa sənədlər altında sıravi ermənilərə qoşulub sərhədi keçə bilərlər”. Millət vəkili hesab edir ki, bunlar olmayacaq: “Bunların könüllü təslim olanları da var. Kim lazımdırsa, bu illər ərzində Azərbaycan dövlətinə və xalqına qarşı kim cinayət törədibsə, hamısı həbs olunub cəzasını alacaq. Separatçılarla bağlı bir sıra xarici dövlətlərdə və Ermənistanda narahatlıq keçirənlər var. Ancaq o, cinayət törədibsə, mütləq cəzasını alacaq”. “Mütləq şəkildə başda Araik Arutyunyan olmaqla, onun kimiləri və ondan əvvəl olanların hamısı həbs olunacaq. 1988-ci ildən bu günə qədər kimlər ki, Azərbaycan dövlətinə qarşı qiyam qaldırıb, cinayətlər törədibsə, insanlarımıza qarşı soyqırımı edib onları qətlə yetiribsə, hamısının haqqında hüquq-mühafizə orqanlarında kifayət qədər məlumatlar var. Qısacası, hamısı öz cəzasına çatacaq”, - fikirlərini yekunlaşdırıb.
Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcək. Yenisabah.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey lavrovla telefon danışığı zamanı bildirib. Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini diqqətə çatdırıb. Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni silahlı qüvvələrinin tərksilahı, habelə Azərbaycan ərazilərindən çıxarılması işinin həyata keçirildiyi, bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin irəliləməsində maraqlı olduğu vurğulanıb.
Qarabağda yaşayan erməni sakinlərin hüquqları təmin ediləcək. Bu barədə Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin də hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək. Prezident qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.
Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin yaşadıqları məntəqələrə bu günədək humanitar yardımlar çatdırılıb, bundan sonra da çatdırılacaq. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” platformasındakı paylaşımında qeyd edib.
Azərbaycan və Ermənistanın uzunmüddətli sülh razılaşması əldə etməsi önəmlidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. "Açıq şəkildə bəyan etmişik ki, sülh razılaşması əldə oluna bilər", - Miller vurğulayıb. O bildirib ki, hər iki ölkə aralarındakı boşluğu ortadan qaldırmalıdır.
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında bildirilib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb. İşçi qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir. İşçi qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir.
2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb. Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub. Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov bundan sonrakı mərhələdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməniəsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla, ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətləri Azərbaycan və erməniəsilli tibb heyəti tərəfindən birgə təşkil edilsin. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklif edilib. Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub. Bununla yanaşı, görüşdə Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb. Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib. Görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.
Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib. Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələri təslim olub və şərtləri qəbul edib: “Onlara humanitar yardımlar, o cümlədən ərzaq məhsulları, dərmanlar göndərildi”. Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar.
Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb. Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan 5 oktyabrda Qranada şəhərində mümkün görüşdə hər hansı sənədin imzalanmayacağını bildirmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə sabah Naxçıvana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Prezidentlər arasında təkbətək və geniş tərkibli görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlər zamanı regional və beynəlxalq məsələlərin, ikitərəfli münasibətlərin mövcud vəziyyəti, Qarabağdakı proseslər müzakirə ediləcək.