Qarabağ erməniləri Azərbaycan hakimiyyətindən dəstək alacaqlar - Rəsmi Bakı

“Azərbaycan Qarabağ bölgəsinin erməni əhalisinə dəstək verəcək”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "Al-Jazeera" telekanalına müsahibəsində deyib. O qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan ordusunun mövqelərinin sistematik atəşə tutulmasının artması, ərazilərimizin minalanmasının davam etdirilməsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda yaradılmış separatçı və marionet rejimin nümayəndələrinə qarşı lokal antiterror tədbirlərinə səbəb olub. A.Hacızadənin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan özü bəyan edib ki, bu antiterror tədbirləri zamanı Azərbaycan Qarabağdakı erməni sakinlərə zərər verməyib: "Qarabağ bölgəsi həmişə Azərbaycanın ayrılmaz hissəsi olub. Azərbaycanın bütün etnik azlıqları ölkəmizdə həmişə mehriban şəraitdə yaşayıblar. Azərbaycan çoxmillətli ölkədir, tarix boyu ermənilərlə azərbaycanlılar həmişə birgə yaşayıblar. Ölkəmiz Qarabağ ermənilərinin reinteqrasiyasının həyata keçirilməsini təmin edəcək”.

Bəzi erməni qruplar təslim olmayacağını deyir - Hacıyev

Bakı silahlarını təhvil verən Qarabağ sakinləri üçün amnistiya imkanlarını nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Röyters”ə açıqlamasında deyib. “Keçmiş döyüşçülərə münasibətdə belə, əgər onları bu şəkildə təsnif etmək olarsa, biz amnistiya ehtimalını nəzərdən keçiririk. Bakı silahlarını təhvil verən “Qarabağ silahlı birləşmələri”nin üzvlərinə ölkəni tərk etməyə icazə verəcək. Hazırda isə biz görürük ki, bəzi ayrı-ayrı qruplar və zabitlər bizim şərtlərimizi qəbul etməyəcəkləri və müqavimət göstərməkdə davam edəcəkləri barədə açıq bəyanatlar verirlər”, - Hacıyev bildirib.

Ararat Mirzoyan: Qarabağın bütün ərazisi atəşə tutulub

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı müzakirələr davam edir. Sozcu.az xəbər verir ki, müzakirələrdə çıxış edən Ermənistan XİN rəhbəri Ararat Mirzoyan deyib: “Qarabağın bütün ərazisi qadağan olunmuş kasetli sursatlar da daxil olmaqla, ayrı-seçkilik olmadan atəşə tutulub”. Ararat Mirzoyan bildirib ki, bu, Qarabağda etnik təmizləmə aparmaq niyyəti diktə edir. Bu genişmiqyaslı hərbi əməliyyatın nəticəsi bunu nümayiş etdirir: əhali rabitənin olmaması səbəbindən məlumat vermək imkanından məhrumdur, Azərbaycan qoşunları Qarabağda əsas marşrutlara nəzarət edir. 

Heç bir dövlət belə hərbi mövcudluğu qəbul edə bilməz

Antiterror tədbirləri Ermənistanın üçtərəfli Bəyanata əsasən, Azərbaycan əleyhinə bütün hərbi fəaliyyətlərin dayandırılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən qüvvələrini çıxarmaq barədə götürdüyü öhdəliklərin əksinə olaraq saxladığı silahlı hərbiləşmənin miqyasını nümayiş etdirib. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışında deyib. Sadəcə 24 saat ərzində qanunsuz birliklərin 90-dan artıq postunun ələ keçirildiyini, 20 döyüş maşını, 40 artilleriya qurğusu, 30 minaatan, 6 elektromaqnetik döyüş sistemləri və 2 hava hücumundan müdafiə sisteminin zərərsizləşdirildiyini bildirən nazir deyib: “Heç bir suveren dövlət öz ərazisində belə qanunsuz hərbi mövcudluğu qəbul edə bilməz. Azərbaycan da bunu edə bilməz. Azərbaycan özünün bütün sakinlərinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə beynəlxalq hüquq və öz Konstitusiyasından irəli gələn hüquqlarına tamamilə uyğun hərəkət etmişdir. Beləliklə, Ermənistanın Azərbaycanın suveren ərazisində qüvvədən qanunsuz istifadə etməklə yeni status-kvo yaratmaq və “təmas xətti məntiqi”nə əsaslanaraq boz zonanı saxlamaqla bağlı sistematik cəhdləri dəf edilmişdir”.

Yevlaxda görüş başladı - Foto

10:23 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir. Sozcu.az xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər. Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər. Rusiya sülhməramlı kontingentinin nümyayəndəsi iştirakçı kimi görüşə qatılıb.

Ərdoğan İlham Əliyevə zəng etdi

Sentyabrın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, telefon söhbəti zamanı lokal xarakterli antiterror tədbirlərinin başa çatması və Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələrin silahı yerə qoymaları və tərk-silah olmaları barədə fikir mübadiləsi aparılıb. Dövlət başçıları Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduqlarını vurğulayıblar. Azərbaycan və Türkiyə prezidentləri qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən gələcək təmaslar və strateji müttəfiqlik əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

PA: Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sabah Yevlaxda görüş keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası açıqlama yayıb.

İlham Əliyev: "Separatçılar silahı yerə qoyduğu halda antiterror tədbirləri dayandırılacaq"

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib. Amerikalı diplomat yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Vaşinqton tərəfindən dəstəkləndiyini bildirib.

Azərbaycan Qarabağ ermənilərini girov saxlayan xuntadan azad etmək niyyətindədir - Hikmət Hacıyev

Azərbaycanın niyyəti Qarabağın erməni sakinlərini girov olduqları xunta və marionet rejimdən azad etməkdir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibəsində söyləyib. “Azərbaycanın məqsədi hərbi infrastrukturun tərksilah edilməsi, eləcə də Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni siyasi sistemin ləğv edilməsidir. Bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi, iqtisadi və sosial həyatına sülh yolu ilə reinteqrasiyasına daha çox imkan verəcəkdir”, - Hacıyev bildirib. Azərbaycan Prezidentinin köməkçisi təəssüflə qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata baxmayaraq, erməni qüvvələri ölkənin suveren ərazilərində qalmaqda davam edir: “Onlar Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqda davam edirlər. Azərbaycan birbaşa dialoq aparmaq üçün Qarabağ ermənilərinin nümayəndəsini Bakıya və digər bölgələrə dəvət edib. Lakin onlar “boz zona” statusunu saxlamaqda davam edirlər ki, bu da Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqdır”. O həmçinin qeyd edib ki, erməni qüvvələri Azərbaycan ərazisinə də milyonlarla mina qoyub və minalamaqla dinc əhaliyə qarşı təxribat törətməkdə davam edir. Belə bir təxribat nəticəsində mülki şəxslər və polis əməkdaşları da daxil olmaqla altı nəfər həlak olub. Bununla əlaqədar olaraq, Azərbaycan Qarabağ bölgəsində qanunsuz hərbi strukturların zərərsizləşdirilməsi üçün lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Onun sözlərinə görə, Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi məsələsi də var. “Azərbaycan heç bir halda mülki əhalini hədəfə almır.Yüksəkdəqiqlikli silahlardan istifadə etməklə həyata keçirilən tədbirlər çərçivəsində erməni qüvvələrinin birləşmələrinin mövqeləri, onların uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi obyektləri sıradan çıxarılıb”. Hacıyev vurğulayıb ki, terrorçular Qarabağda dinc əhalidən qalxan kimi istifadə edir və mülki obyektlərin yanında bilərəkdən hərbi obyektlər quraşdırırlar. “Buna görə də biz yerlərdəki mülki əhalini hərbi obyektlərdən uzaq durmağa və erməni qüvvələrinin birləşmələrinə dəstək verməməyə çağırdıq”, - o əlavə edib.

Qanunsuz rejim özünü buraxmalıdır - Administrasiya

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Sozcu.az xəbər verir ki, bu barədə administrasiyanın məlumatında deyilir. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək.

Paşinyan Blinkenlə Qarabağdakı durumu müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, onlar Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Antiterror tədbirlərinin məqsədi... - Hikmət Hacıyev

Bölgədə aparılan antiterror tədbirləri lokal xarakter daşıyır. Məqsəd qanunsuz erməni silahlı birləşmələrinin zərərsizləşdirilməsidir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT Haber"ə açıqlamasında bildirib. "Azərbaycan heç bir zaman Qarabağda yaşayan mülki əhaliyə qarşı bir hərəkət etmir. Onları bu qanunsuz xuntandan xilas etmək məqsədini qarşımıza qoymuşuq", - deyə H.Hacıyev əlavə edib. Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.