Prezident: Qarabağda yaşayan erməni sakinlərin hüquqları təmin ediləcək

Qarabağda yaşayan erməni sakinlərin hüquqları təmin ediləcək. Bu barədə Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin də hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək. Prezident qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.

Hikmət Hacıyev: "Qarabağın erməni sakinlərinə bundan sonra da ərzaq yardımı göstəriləcək"

Azərbaycanın Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin yaşadıqları məntəqələrə bu günədək humanitar yardımlar çatdırılıb, bundan sonra da çatdırılacaq. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” platformasındakı paylaşımında qeyd edib.

"Açıq şəkildə bəyan etmişik ki, sülh razılaşması əldə oluna bilər" - ABŞ

Azərbaycan və Ermənistanın uzunmüddətli sülh razılaşması əldə etməsi önəmlidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. "Açıq şəkildə bəyan etmişik ki, sülh razılaşması əldə oluna bilər", - Miller vurğulayıb. O bildirib ki, hər iki ölkə aralarındakı boşluğu ortadan qaldırmalıdır.

Şahin Mustafayev Xankəndiyə gedir

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.  Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında bildirilib.  Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi altında İşçi qrup yaradılıb.  İşçi qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının çərçivəsində fəaliyyət göstərir. İşçi qrupun tərkibinə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Daxili İşlər, Səhiyyə, Elm və Təhsil nazirlikləri, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İstehsalat Birliyi, Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumlar daxildir. 

PA Xocalı görüşü ilə bağlı məlumat yaydı

2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb. Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub. Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov bundan sonrakı mərhələdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməniəsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib. Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla, ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub. Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətləri Azərbaycan və erməniəsilli tibb heyəti tərəfindən birgə təşkil edilsin. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklif edilib. Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub. Bununla yanaşı, görüşdə Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb. Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib. Görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

5 gün əvvəl Qarabağda suverenliyimizi tam bərpa etdik

Beş gün bundan əvvəl Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib. Dövlət başçısı bildirib ki, qanunsuz erməni hərbi birləşmələri təslim olub və şərtləri qəbul edib: “Onlara humanitar yardımlar, o cümlədən ərzaq məhsulları, dərmanlar göndərildi”. Prezident qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdırlar.

İlham Əliyevlə Paşinyan bu tarixdə görüşəcək

Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb. Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyan 5 oktyabrda Qranada şəhərində mümkün görüşdə hər hansı sənədin imzalanmayacağını bildirmişdi.

Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə sabah Naxçıvana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Prezidentlər arasında təkbətək və geniş tərkibli görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlər zamanı regional və beynəlxalq məsələlərin, ikitərəfli münasibətlərin mövcud vəziyyəti, Qarabağdakı proseslər müzakirə ediləcək.

Bayramov Quterreşlə görüşdü - XİN

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb. Xarici İşlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, görüşdə, Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bölgədə cari vəziyyət müzakirə olunub. C.Bayramov, ölkəmizin BMT-yə üzv olmasından bəri Təşkilat, o cümlədən onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini, BMT-nin ölkəmizdəki fəaliyyətinin əhəmiyyətli olduğu bildirilib. Bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə məlumat verən nazir Ceyhun Bayramov, eyni zamanda, ötən günlərdə ölkəmiz tərəfindən ərazilərimizdə hələ işğal dövründə BMT TŞ-nin 4 qətnaməsinə zidd olaraq qeyri-qanuni mövcudluğunu davam etdirən, post-münaqişə dövründə Ermənistan tərəfindən saxlanan erməni silahlı qüvvələrinin varlığına son qoyulması ilə nəticələnən lokal antiterror tədbirləri barədə məlumat verib. Sözügedən tədbirlərin 30 illik işğalın qalıqlarının aradan qaldırılması, o cümlədən bölgədə sülh və stabilliyə qarşı davamlı təxribatlar törədən qanunsuz silahlı qüvvələrin çıxarılması baxımından sülh prosesinə, o cümlədən Qarabağ bölgəsindəki yerli erməni sakinlərin reinteqrasiyasına töhfə verəcəyi əminliklə vurğulanıb. Bu xüsusda, artıq ötən günlərdə Yevlax şəhərində Azərbaycan Hökuməti ilə erməni sakinlərin nümayəndəsi arasında görüşün baş tutması, habelə bu görüşün nəticələrinə uyğun olaraq sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində tərəfimizdən addımların atıldığı, humanirar yardımların göstərildiyi bildirilib. C.Bayramov BMT baş katibinə hal-hazırda həyata keçirilən erməni silahlı qüvvələrinin tərksilahı prosesi barədə məlumat verib, son üç gün ərzində müsadirə edilmiş hərbi texnikanın və silah-sursatın şəkillərini baş katibə təqdim edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı: Silah və sursatın yığılması prosesinə başlanılıb

Yerlərdə artıq silah və sursatın yığılması prosesinə başlanılıb. Bunu Prezident İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbulu zamanı deyib. Dövlət başçısı orada çox böyük həcmdə silah-sursat anbarlarının müəyyən edildiyini bildirib.

İlham Əliyev Toivo Klaarı qəbul etdi

17:46 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Sozcu.az xəbər verir ki, görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Toivo Klaar dövlətimizin başçısının Azərbaycan xalqına 20 sentyabr tarixli müraciəti, həmin müraciətdə Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə əlaqədar səsləndirdiyi fikirləri və Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilmiş görüşü müsbət qiymətləndirdiyini bildirib. Dövlətimizin başçısı öz növbəsində Azərbaycan xalqına 20 sentyabr tarixli müraciətində Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə bağlı söylədiyi fikirlərə toxundu, onların bütün hüquqlarının - təhsil, mədəniyyət, din, bələdiyyə, seçki və digər hüquqlarının təmin olunacağını bildirib. Prezident İlham Əliyev Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə İşçi qrupun yaradıldığını, bu İşçi qrupun əsas funksiyalarının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli olduğunu, Yevlaxda keçirilmiş görüşdə reinteqrasiya məsələləri üzrə Azərbaycanın planlarının təqdim edildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı, həmçinin yerlərdə artıq silah və sursatın yığılması prosesinə başlanıldığını, orada çox böyük həcmdə silah-sursat anbarlarının müəyyən edildiyini bildirib. Prezident İlham Əliyev hazırda Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanların yarandığını qeyd edib. Görüşdə, eyni zamanda, dövlətimizin həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verilib, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi sorğulara Azərbaycan tərəfindən müsbət cavab verildiyi və dəstək göstərildiyi vurğulanıb.

Ceyhun Bayramov: “Qarşıdakı müddət Ermənistanın keçmiş səhvlərindən nəticə çıxarıb-çıxarmadığını göstərəcək”

“Qarşıdakı müddət Ermənistanın keçmiş səhvlərindən nə qədər nəticə çıxarıb-çıxarmadığını göstərəcək”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Report”un ABŞ bürosuna müsahibəsində bildirib. “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi ilə bağlı onu deyə bilərəm ki, rəsmi İrəvanın atdığı qeyri-konstruktiv addımlara rəğmən Azərbaycan dövləti sülh gündəliyinə sadiqdir, Azərbaycan dövlətinin atdığı addımlar Ermənistandan fərqli olaraq ardıcıldır, sistemlidir, məntiqlidir və onlar beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır”, - deyə nazir vurğulayıb. C.Bayramov Ermənistanı Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağa, Azərbaycanın ərazi bütövlüyünü bilavasitə və dolayısı ilə sual altında qoymaq və digər zərərli yanaşmalardan əl çəkməyə çağırıb: “Əgər belə olarsa, hesab edirəm ki, kifayət qədər məntiqli, uzun olmayan bir zamanda sülh müqaviləsini prinsip etibarı ilə razılaşdırmaq mümkündür. Ancaq yenə də vurğulamaq istərdim ki, bu elə bir məsələdir ki, burada bir tərəfin deyil, iki tərəfin də, yəni Ermənistan tərəfinin də sülh prosesinə yanaşması kifayət qədər önəmlidir”. Qeyd edək ki, Azərbaycanın XİN başçısı hazırda BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksəksəviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorkda səfərdədir.