Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında yaşayan 40-a yaxın uşaq qızılcaya yoluxub. Bu barədə Sozcu.az-a Birliyin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib. O deyib ki, yoluxanlardan 15-i artıq sağalıb, digərləri müalicə üçün xəstəxanaya yerləşdirilib. "Uşaqlardan 40-a yaxını virusa yoluxub. Onlardan 15-ə yaxını artıq sağalıb. Uşaqlarımız hazırda 1 nömrəli Uşaq Yoluxucu Xəstəxanasında müalicə olunur. Yoluxan uşaqlar qızılcaya görə peyvənd olunmayıb. Baxımsız şəraitdən gəldiklərinə görə peyvəndlərlər bağlı məlumatımız olmur. Çünki sığınacaqda olan uşaqların əksəriyyəti sənədsizdir", - Rüfət Zəkizadə bildirib.
Bakıda 20 nömrəli məktəb-liseydə şagirdlərin kütləvi şəkildə qızılcaya yoluxması ilə bağlı iddialar yayılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilir. Məktəbdən bildirilib ki, 20 nömrəli məktəb-liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub. Qeyd olunub ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil: "Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb".
2023-cü ilin əvvəllərindən Avropa regionunda, həmçinin, qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxstan və Gürcüstanda qızılca xəstəliyinin alovlanmaları müşahidə olunur. Səhiyyə Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, bununla yanaşı, son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. “Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir. Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədi ilə ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar. Uşaqların vaksinasiyası üçün yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur”, – qeyd olunub.
“Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da kəskin respirator viruslara yoluxma saylarında artım müşahidə olunur. Buna həm payız-qış mövsümü, həm də koronavirus infeksiyasının hələ də davam etməsi, eləcə də qızılca xəstəliyinin yenidən alovlanması səbəb olub”. Bunu “Report”a açıqlamasında həkim-infeksionist Ləman Qalimova deyib. Onun sözlərinə görə, müraciətlər arasında respirator viruslar üstünlük təşkil edir: “Pasiyentlər həm qrip, həm pnevmoniyadan ağırlaşma ilə gəlir. Xatırladım ki, bu gün poliklinikaların hamısında qrip peyvəndi var. Nəzərinizə çatdırım ki, bütün yoluxuculuq qabiliyyəti yüksək olan xəstəliklərin qarşısının alınmasında peyvənd ən yaxşı çıxış yoludur”. Həkim-infeksionist vurğulayıb ki, bir xəstəliyin yayılması zamanı onun pandemiya və ya epidemiya halına çevrilməsini epidimoloqlar müəyyən edirlər: “Hazırda ölkədə yayılması davam edən qızılca xəstəliyinə hələ kütləvi yoluxmalar qeydə alınmayıb. Amma bilməliyik ki, qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90%-ni yoluxdura bilər. Peyvənd qızılca ilə əlaqəli ağırlaşmaların və ölümün qarşısını alır. Peyvəndlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər. Peyvəndlər təhlükəsizdir və müalicəsi olmayan bir çox xəstəliklərin profilaktikası peyvəndlərlə mümkündür”. L.Qalimova əlavə edib ki, immun sistemi zəif olan şəxslər yoluxucu xəstəliklərə tez yoluxurlar: “Yüksək risk qrupuna 5 yaşdan aşağı olan immuniteti zəif olan uşaqlar, onkoloji, revmotoloji xəstəliyi olanlar, kimya terapiya alanlar, immun sistemi pozitiv İİV xəstələri aiddir. Artıq ölkə üzrə qrip əleyhinə peyvəndləmə işlərinə də başlanılıb. Hazırda bütün səhiyyə qurumları xəstəliyin yayılmasının profilaktikası, erkən aşkarlanması, xəstələrin müşahidəsi, zəruri hallarda stasionar müalicə ilə təmin olunması istiqamətində sıx əməkdaşlıq edirlər”. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, bir çox ölkədə uşaqlar arasında naməlum tənəffüs yolu virusu sürətlə yayılır. Buna əsas kimi COVID-19 məhdudiyyətlərinin aradan qaldırılması, payız-qış mövsümünün başlaması, həmçinin qrip və digər virusların yayılması göstərilir. Xatırladaq ki, Azərbaycanda əhalinin qrip əleyhinə peyvəndlənməsi prosesi başlayıb. Eyni zamanda orta və yaşlı əhalinin qızılcaya qarşı da vaksinasiya olunması nəzərdə tutulur.
Hər il dekabrın 1-i Ümumdünya Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə Mübarizə Günü qeyd edilir. İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Həmin xəstəliklə əlaqədar tez-tez beynəlxalq səviyyədə genişmiqyaslı tədbirlər təşkil olunur. BMT-nin məlumatına görə, dünyada hər 4 dəqiqədə QİÇS-dən bir nəfər ölür. Hər həftə 4000 nəfər İİV-ə yoluxur və İİV-lə yaşayan 39 milyon insandan 9,2 milyonu müalicə ala bilmir. Məlumata görə, region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır. Ümumilikdə ölkəmizdə ilk dəfə sözügedən infeksiyaya yoluxma halı 1987-ci ildə aşkar edilib. Ötən 36 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 6357-si (69,3%) kişi, 2810-u (30,7%) qadınlardır. Bu ilin 11 ayı ərzində 792 nəfərdə İİV infeksiyası aşkarlanıb. Onların 761 nəfəri Azərbaycan vətəndaşıdır. Bu günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan İİV infeksiyasının və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. QİÇŞ-lə bağlı ən böyük problemlərdən biri bu xəstəliyə yoluxan insanların cəmiyyətdən təcrid edilməsidir. Səhiyyə Nazirliyinin həkim-eksperti Zakir Quliyev Modern.az-a açıqlamasında deyib ki, hazırkı dövrdə QİÇS o qədər də qorxulu xəstəlik deyil. "Bunun müalicə yolları var, sözügedən xəstəlikdən əziyyət çəkənləri digər insanlardan kənar tutmaq düzgün deyil. Günümüzdə bir çox dərman preparatları var ki, rahat şəkildə QİÇS-in müalicə edilməsində yardımçı olur. Bu infeksiyaya yoluxan insanları cəmiyyətdən xaric etmək doğru deyil. QİÇS qucaqlaşmaq, toxunmaq və s. yollarla yox, birbaşa qan vastiəsilə keçir", - o qeyd edib. Ekspert deyir ki, uşaq yaşlarından maarifləndirmə doğru qaydada aparılarsa, qorunmağın nə qədər önəmli olduğu deyilərsə, xəstəliyin qarşısını almaq bir o qədər mümkün olar. "Həmin infeksiyadan uzaq durmaq üçün narkotik vasitələrdən də qaçmaq mühümdür. Onu da qeyd edim ki, Azərbaycanda da sözügedən xəstəliyə qarşı ciddi mübarizə tədbirləri mütəmadi şəkildə görülür”.
Hazırda qızılcaya yoluxma ilə bağlı rəsmi saylara görə məktəblərdə qapanmağa getməyi planlaşdırmırıq. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, növbəti günlərdə təhlillərə əsasən, kütləvi yoluxma olsa, distant təhsilə keçmək barədə qərar verilə bilər: “Hazırda bütün məlumatlar toplanılır. Ayrı-ayrı məktəblərdən bu tipli məlumatlar daxil olur. Amma say təşvişə səbəb olacaq həddə deyil. Aidiyyəti qurumlarla birgə işləyirik. Mütəxəssislərin tövsiyəsi ilə kütləvi yoluxma olsa və təhlükəli hal qeydə alınsa, sinif və ya məktəb distant təhsilə keçid edə bilər”.
“Son günlər Bakı şəhərində və Abşeron yarımadasında havada dəm qazının miqdarının artmasının fəsadları özünü kəskin şəkildə göstərməkdədir. Əsasən də meteohəssas, qan təzyiqi, şəkər və endokrin xəstəliyinin digər formalarından şikayət edən insanlar bundan çox əziyyət çəkirlər”. Bu sözləri terapevt Abbas Bağırov Bizim.Media-ya açıqlamasında bildirib. Dəm qazının karbon qazına nisbətən bir neçə dəfə çox toksiki-zəhərli təsirə malik olduğunu söyləyən terapevt onun qan zülalları ilə birləşdiyini və bütün toxumalara daşındığını diqqətə çatdırıb: “Bununla da toxumaların mübadilə prosesini ciddi şəkildə pozur. Ağır dəm qazından zəhərlənmə halları bununla əlaqədardır. Buna görə də ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və digər rəsmi qurumlar əhali arasında təlimatlandırma və maarifləndirmə prosesinə başlamalı, bununla ciddi məşğul olmalıdır”. Onun sözlərinə görə, bu qazın miqdarı qanda artdıqda hüceyrələrdə kəskin hipoksiya, yəni oksigen çatışmazlığı yaradır: “Bunun fonunda da membranın keçiriciliyi dəyişir, tormozlanır, beyin qidalanması pozulur, hətta dəm qazından ağır zəhərlənmələrə səbəb olur və ölüm halları baş verir”. Müsahibimiz onu da əlavə edib ki, atmosferdə dəm qazının miqdarının artması insanlarda kütləvi şəkildə ümumi yorğunluğa səbəb olur: “Eyni zamanda, baş ağrıları, beyin yorğunluğu, ürək döyüntülərinin artması, ətrafa diqqətin pozulması kimi hallarla özünün göstərir. Əsasən də, meteohəssas və yaşlı insanlarda kəskin baş ağrıları, baş dönmələri və göz qaralmaları baş verir. Son günlərin praktiki göstəriciləri də bunu açıq şəkildə göstərir”. Həkim, dəm qazının atmosferdə artmasının başlıca səbəbini əhali sıxlığı ilə əlaqələndirib: “Son illər Bakı şəhərində və Abşeron yarımadasında da əhalinin çox sıx şəkildə yerləşməsi avtomobillərin sayının çoxluğu, sənaye müəssisələrinin fəaliyyəti nəticəsində dəm qazının miqdarı çoxalır. Digər tərəfdən isə atmosferdə zəhərlənmələr artıb. Ona görə ki, dünyada ağır müharibələr gedir. Bu zaman yaranan reaksiyalar atmosferdə birləşir və bütün dünyaya yayılır”. Qeyd edək ki, bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhərində dəm qazının normadan çox olduğunu açıqlayıb. Məlumata görə, gün ərzində Bakının havasında dəm qazının miqdarı normadan 1,2 dəfə yüksəkdir.
"Media nümayəndələrindən daxil çoxsaylı müraciətlərə cavab olaraq bildirmək istəyirik ki, hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Bir çoxunuza məlum olduğu kimi, ölkəmizdə qızılca xəstəliyinə son illər ərzində yoluxma nadir hallarda qeydə alınıb, hətta bəzi illərdə ümumiyyətlə, yoluxma olmayıb, ən yüksək yoluxma isə 2018-ci ildə qeydə alınıb. Bu da daha çox 40 yaşdan yuxarı əhali arasında müşahidə olunub və dövlət tərəfindən təqvimdən kənar peyvənd kampaniyalarına başlanılıb". Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, qızılca xəstəliyinə yoluxmaların bu tipli artımları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən proqnozlaşdırılmışdır. Belə ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVID-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar. "Hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir. Nəzərinizə çatdırmaq istəyirik ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir. Bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma sayları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur. Bir daha qeyd edirik ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlardır. Əlavə edək ki, qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib. Sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır", - qurumun məlumatında vurğulanıb.
Mingəçevirdə hepatitə yoluxan şagirdlərin son durumu açıqlanıb. TƏBİB-dən bildirilib ki, 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Qeyd olunub ki, onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib: "Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir. Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir". Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə sorğumuza cavab olaraq qeyd olunub ki, “Hepatit A” virusuna yoluxmuş şagirdin 1-i Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin 7ç sinif şagirdi M.Ə, 2-si Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin şagirdi (M.İ - 10a, E.A - 9d), digər 2-si isə işğaldan azad olunmuş rayonların yerlərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdləridir: "Mingəçevir şəhər Mərkəzi Xəstaxanasında verilən məlumata əsasən, hazırda uşaqlar Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə qaldırılıb və səhhətləri orta stabil olaraq qiymətləndirilir. Həmçinin şagirdlərin səhhəti və sağlamlıq durumu barədə mütəmadi olaraq maraqlanırıq. İdarə məsələ ilə bağlı şagirdlərin, eyni zamanda vətəndaşların gigiyena qaydalarına riayət etmələri və virusdan qorunmağa çağırır".
Bir neçə gün əvvəl loqopedlə bağlı sosial şəbəkələrdə yayılan video insanların qınağına səbəb olmuşdu. Videoda sözügedən şəxs uşaqla çox kobud davranaraq onu qorxutmuşdu. Bu hallarla bağlı bir neçə dəfə görüntülər gündəmə çevrilib. Bəs valideynlər uşaqlarına loqopedə etibar etməzdən öncə nələrə diqqət etməlidirlər? Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı bir sıra nüansları açıqlayıb. O qeyd edib ki, valideynlər loqopedlərin hər sözünə inanıb, bu cür davranışları normal qəbul etməməlidirlər: “Uşaqlarla bağlı peşələrdə xüsusilə psixoloji və stresə qarşı dayanıqlılıq çox vacibdir. Ümumiyyətlə insan faktoru olan sahələrdə bu cəhətlərin olması mütləqdir. Əgər loqoped peşəsində çalışmaq istəyirsənsə, bu işi sevməlisən. Sevməsən, burada çalışa bilmərsən. Hər şeydən öncə loqoped peşəsi çox böyük psixoloji səbr tələb edən sahədir. Çalışdığın peşəni sevsən, bu işin mütəxəssisi olursan. Mütəxəssis olduqda isə kimə necə davranmaq lazım olduğunu bilirsən”. Psixoloq bildirib ki, hər uşağın psixologiyası fərqlidir: “Loqoped uşaqlara eyni yanaşmamalıdır. Çünki onlar müxtəlif olduğu kimi, hər uşaq üçün nəzərdə tutulan terapiya üsulu da fərqlidir. Valideyn övladını kimə əmanət etdiyini bilməlidir. Valideynlərə başqa bir tövsiyəm isə ucuza qaçmamaqdır. Bunun da bir sıra səbəbləri var. Loqoped peşəsi öz üzərində işləməyi tələb edir. Həmin peşəyə yiyələnənlər çox sayda kurslara, təlimlərə qoşulur. Bunların hamısı maddiyatla birbaşa bağlıdır. Seansları ucuz olan dırnaqarası mütəxəsislərin isə uşaqlara faydası olmur. Bu artıq yaşanan neçənci hadisədir. Bütün vaxtını canlı yayım açmağa sərf edən şəxsin nə kimi faydası ola bilər? Bu müəssisələrdə kamera nəzarəti olmalıdır. Valideynlər övladlarını kameradan izləyib, loqoped deyə seçdikləri şəxsin uşağa necə davranmasına fikir verməlidirlər. Yoxsa təkcə qiymətin ucuz olmasına görə loqoped seçmək doğru deyil”. F.Mehmanqızı bu peşədə çalışanların dırnaqlarına diqqət yetirmək lazım olduğunu da vurğulayıb: “Loqopedlər ağız masajı edir. Bu səbəbdən onların əlləri təmiz və səliqəli olmalıdır. Həmin videoya diqqət yetirsəz, o qızın dırnaqlarının uzun olduğunu görə bilərsiniz. Dırnaqların uzun olması uşağın ağız nahiyəsi üçün olduqca təhlükəli haldı. Bu həm onu yaralayıb, incidə, həm də orqanizminə zərərli mikrobakteriyaların düşməsinə səbəb ola bilər”.
Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv olunub. Sozcu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi ilə bağlı Fərmanında əksini tapıb. Fərmanla səhiyyə nazirinin 3 müavini olacaq. Qeyd edək ki, Fərmana edilmiş dəyişiklikdən əvvəl səhiyyə nazirinin 4 müavini (birinci müavin və müavinlər) var idi.
Türkiyənin məşhur dietoloqu Melis Torluoğlu bədən şişkinliyini azaltmağın üsullarını izah edib. Sozcu.az xəbər verir ki, sağlam qidalanma üzrə mütəxəssis ilk növbədə suyun vacibliyini vurğulayıb. 1. 60 kq çəkidə olan bir fərd gündəlik ən az 60 * 30 = 1800 ml su qəbul etməlidir. Orta hesabla hər gün 2 litrə qədər su içmək vacibdir. 2. İçdiyiniz suyun qələvi olduğundan (ph> 7.0) əmin olun. Gündəlik qəbul etdiyiniz suyun içərisinə qələvi çubuq və ya limon əlavə edərək də qələviliyini təmin edin. 3. Gündəlik menyunuzd ispanaq, tərə, cəfəri, çuğundur yarpağı, brokoli, brüssel kələmi, pərpərən, qulançar kimi tünd yaşıl yarpaqlı tərəvəzlərə və mövsümündən asılı olaraq xiyara daha çox yer verməyə çalışın. 4. Kivi, ananas, zoğal və nar kimi qırmızı rəngli meyvələrdən tez-tez istifadə etməyə çalışın. 5. Duz əvəzinə ədviyyat istifadə edin. 6. Təzyiq probleminiz və ya kafenə qarşı həssaslığınız yoxdursa, hər gün 2-3 fincan yaşıl və ya ağ çay için. 7. Ödəm atıcı smuzilər hazırlayın. Nar şirəsi Nar şirəsi ödəmatıcı təsirə malikdir. Amma şəkər xəstələri nar suyu içməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidir. Ananas Ananas təbii detoks funskiyasını yerinə yetirən tropik meyvədir. Ananası dilimlərə bölərək və ya suyunu içərək şişkinliyin qarşını ala bilərsiniz. Yaşıl çay Bitki çayları arasında yaşıl çayın yeri ayrıdır. Lakin həddən artıq yaşıl çay qəbulu ziyandır. Əks təqdirdə ürək döyüntüləri sürətləndirə bilər. Qəhvə Qəhvənin faydaları yəqin ki, çox adam məlumatlıdır. Onun bir müsbət cəhəti də həzmə kömək etməsidir. Çobanyastığı çayı Dərman bitkisi olan çobanyastığı çayı həzm prosesini sürətləndirir, eyni zmaanda yuxusuzluğa və stressə qarşı effektivdir. Razyana çayı Bir stəkan qaynar suyun içərisinə bir az razyana əlavə etməklə dəmləyəcəyiniz çay həzmə kömək edir və şişkinliyi aradan götürür. Zəncəfil çayı Zəncəfil çayı mədənin ağırlığını aradan qaldırmaqla yanaşı, bir çox xəstəliyin dərmanıdır. Bu bitki, həmçinin, qadınlarda mensturasiya ağrılarını bir neçə dəqiqə ərzində aradan qaldırır. Qatıq Xüsusilə şam yeməyindən sonra qəbul edilən qatıq tərkibindəki aktiv bakteriyalar sayəsində mədə əzələlərini hərəkətə gətirir və həzm prosesini yüngülləşdirir. Ədviyyatlar Çox qəbul etməmək şərti ilə istifadə olunan ədviyyatlar həzmi asanlaşdırmaqla yanaşı, mədə turşuluğunu aradan qaldırır. (publika.az)